adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2026 19:45
58
SİYASƏT
A- A+

 “Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın qiymətli əmanəti kimi qoruyub saxlamalıyıq"

“Bu gün müzakirə olunan qanun layihələri sırasında Azərbaycan ilə Özbəkistanın qardaşlığının, tərəfdaşlığının dərinləşdirilməsinə xidmət edən çox mühüm sənədlər yer alır. Müasir dünyada geosiyasi gərginliklərin, yeni çağırışların və beynəlxalq sistemin dəyişilməsi fonunda tarixi bağları, ortaq dəyərləri, qarşılıqlı etimadı qorumaq vacib əhəmiyyət kəsb edir”.

Bu sözləri Adalet.az-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib. Azərbaycan-Özbəkistan münasibətlərinin çoxəsrlik tarixinə diqqət çəkən millət vəkili bildirib: “Orta əsrlərdə böyük Əlişir Nəvainin dahi Nizami Gəncəvi irsinə bağlılığı, ötən yüzillikdə məşhur şairlərimiz Mirvarid Dilbazi ilə Zülfiyyənin səmimi dostluğu, repressiya dönəminin qurbanları olmuş görkəmli yazıçılarımız Hüseyn Cavid və Əbdürrauf Fitrət yaradıcılığı arasındakı mənəvi yaxınlıq xalqlarımızın müxtəlif dövrlərdəki əlaqələrini nümayiş etdirir. Ona görə də keçmişimizə hörmətlə yanaşdığımız kimi, Azərbaycan-Özbəkistan qardaşlığını da əcdadlarımızın qiymətli əmanəti kimi qoruyub saxlamalıyıq”.

Günay Əfəndiyeva etibarlılıq, güvən, mövqeyində qətiyyətliliyi Azərbaycanın xarici siyasətinin ana xəttini təşkil edən başlıca dəyərlər kimi qiymətləndirərək, vurğulayıb: “Bu prinsiplər ilə əsrlərin sınaqlarına qalib gələn münasibətlərimiz müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin birgə siyasi iradəsi nəticəsində üst səviyyəyə çıxarılmışdır. Azərbaycan Prezidentinin cari ilin avqustun 23-də Daşkənddə Özbəkistan Prezidenti ilə imzaladığı “Əbədi dostluq haqqında Müqavilə” tarixi-mədəni yaddaşımızda yaşatdığımızqardaşlıq duyğularını dövlətlərarası miqyasda güclü şəkildə əks etdirir”.

Deputat bildirib ki, ölkələrimizin parlamentlərinin mövcud dostluq əlaqələri uğurla davam etdirilir. Bu konteksdəkeçən il Xivə şəhərində gerçəkləşdirilən Birinci Özbəkistan–Azərbaycan Parlamentlərarası Forumu yeni bir ənənənin əsasını qoyaraq qanunverici orqanlarımız arasında əməkdaşlıq ruhunu daha da qüvvətləndirir. Ötən günlərdə, hörmətli həmkarlarımla birlikdə Daşkənddə cənab Şavkat Mirziyoyevintəşəbbüsü ilə yaradılmış İslam Sivilizasiyası Mərkəzinin Beynəlxalq Muğam Mərkəzindəkeçirilən təqdimat mərasimində iştirak etdik. Şübhəsiz, bu cür tədbirlərlə Azərbaycan və özbək xalqlarının mədəni-mənəvi köklərinin birləşdirici gücü bir daha nümayiş olunur.

Günay Əfəndiyeva bildirib ki, iclasda müzakirə olunan növbəti qanun layihəsi - hökumətlərimiz arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi insan amilini ön plana çəkərək, iki dövlətin humanitar tərəfdaşlığının inkişafına yönəlir.   O, Sənədin ölkələrimizin sosial müdafiə sahəsində əlaqələrimizin genişlənməsinə, vətəndaşların əmək fəaliyyəti dövründə qazandıqları pensiya hüquqlarının qorunmasına və təminatlarının davamlılığına xidmət etdiyinə diqqət çəkərək, vurğulayıb: “Çünki, insanların illərlə çəkdikləri zəhmətin, qazandıqları əmək stajının və pensiya hüquqlarının nəzərə alınması vacibdir. İnanıram ki, Azərbaycan ilə Özbəkistanın həyatın bütün istiqamətlərini əhatə edən iş birliyiqardaşlıq münasibətlərimizin daha da yüksək mərtəbələrə çatdırılmasını təmin edəcək”.