AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
Əlbəttə, elə bir ölkə, elə bir məmləkət tapmaq olmaz ki, onun gəncləri bacarıqlı, savadlı, istedadlı və vətənpərvər olmasın. Buna heç bir sözümüz yoxdur. Sözümüz onadır ki, bu gün Azərbaycan gəncliyi bəlkə də dünyanın ən güclü, ən istedadlı və ən vətənpərvər gəncləridir. Bunu heç də elə-belə havadan demirik, konkret faktlara, hadisələrə söykənərək fikrimizi səsləndiririk. Ən azından ona görə ki, bizim son 30 ildəki gəncliyimiz çox çətin, ağır və əzablı bir yol keçib.
Bir milyondan çox qaçqın və məcburi köçkünlərin arasında təbii ki, xeyli sayda gənclərimiz də olub. O gənclərin uşaqlığı, yeniyetməliyi, bayaq dediyimiz kimi elə də rahat, qayğısız olmayıb. İndi siz təsəvvür edin, həmin gənclər müxtəlif rayonlara səpələniblər, ailələrini və özlərini dolandırmaq üçün hər cür əziyyətə və məşəqqətə qatlaşıblar. İş yox, güc yox, ev-eşik yox. Təbii ki, belə bir məqamda gənclik həm düz yol tutmalıdır, həm oxumalıdır, həm də işləməlidir. Bunun üçün təkcə istedad və işgüzarlıq bəs eləmir. Bunun üçün həmin insanda bir səbir, təmkin, daxili güc və ən nəhayət, ilahi bir qüvvə lazımdır.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə xalqın istəyi ilə hakimiyyətə gələndən sonra Azərbaycan gəncliyinə, onların zəhmətkeşliyinə və eləcə də mübarizəsinə çox böyük qiymətlər verdi. Dəfələrlə məcburi köçkün və qaçqınlarla, eləcə də gənclərlə görüşündə onlara güvəndiyini və böyük ümid bəslədiyini səsləndirdi. Aydındır ki, bu fikirlərin Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilməsi hər bir gəncin ürəyində həyat eşqini, mübarizə və yaşamaq ümidini bir qədər də şölələndirdi. Çünki heç kimə sirr deyil ki, ölkəmizin ən çətin vəziyyətində nəinki yaşlı nəsil, hətta gənclərimiz belə sıxıntılar içində yaşayır, bəzən ümidsizliyə qapılır və sabaha inamları azalırdı. Amma Ümummilli Lider Heydər Əliyevin bu yanaşmasından və onlara böyük ümid bəsləməsindən sonra heç şübhəsiz, gənclərimiz bir qədər də enerji topladılar, gücləndilər və özlərini hər şeyə tam hazır hiss etdilər.
Ev də olar, maşın da almaq mümkündür, amma itirilmiş gəncliyi heç vaxt geri qaytarmaq mümkün deyil. Ona görə mümkün deyil ki, hər il, hər ay, hər gün insan ömründən bir yarpaq aparır. Amma Azərbaycan gəncliyi həmişə babalarının, atalarının getdiyi mərdlik yolundan, qəhrəmanlıqdan və döyüşkənlikdən çox şey öyrəndi. Onlar Şah İsmayıl Xətaini, Babəki, Koroğlunu, Qaçaq Nəbini, Mehdi Hüseynzadəni və ən nəhayət, Birinci Qarabağ savaşının qəhrəmanlarının həyat yolunu öyrəndilər və onlara oxşamaq istədilər, onlara bənzəməyə çalışdılar.
Hər bir gəncin tərbiyəsi öncəsi evdə, bağçada və məktəbdə qoyulur. Və sonradan cəmiyyətdə o, daha da formalaşır, yetkinləşir və kamilləşir. Çox sevindirici haldır ki, Azərbaycan gəncliyi son 35 ildə çox böyük bir məktəb keçib, dərs alıb. Onlar həm elm sahəsində, həm mədəniyyət sahəsində, həm də idman sahəsində demək olar ki, Azərbaycanın başını həmişə uca ediblər. Bizim gənclərimiz bəlkə də dünyanın, bayaq dediyimiz kimi, ən zəhmətkeş, ən istedadlı gəncləridir. Onlar tək qəhrəmanlarımızın yolları ilə getməklə kifayətlənmədilər, onlar həm də dünyada baş verən prosesləri, siyasi və iqtisadi təlatümləri və ən nəhayət, ən çətin məqamları belə izlədilər, gördülər və yaşadılar. Daha doğrusu, dünyanın imtahanından da bir şey öyrənməyi bacardılar. Onların ən böyük qəhrəmanlığı Vətənimizi, torpağımızı sevmələridir.
Bu gənclər elə-belə yetişmədilər, bu gənclər zamanın məngənəsində, çətinliyində sıxıldılar, yıxıldılar, amma yenə özlərində güc-qüvvə toplayıb ayağa qalxdılar. Düzdür, birinci onları ayağa qaldıran Allah oldu, ikincisi isə ürəklərində və qəlblərində gəzdirdikləri Vətən eşqi. Dünyada vətən eşqindən güclü, qüvvətli heç bir silah ola bilməz. Əgər vətəni sevirsənsə, deməli, onun hər qarış torpağı uğrunda döyüşəcəksən, vuruşacaqsan və axırda da qalib olacaqsan.
Biz Azərbaycan gəncliyinin ən böyük möcüzəsini İkinci Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində gördük. Heç də təsadüfi deyil ki, bu 44 günlük müharibədə bu sətirlərin müəllifi də Qarabağda – Füzulidə, Cəbrayılda, Qubadlıda olmuş və orda döyüşən gənc əsgərlərimizlə söhbətlər etmiş, müsahibələr almış və operativ yazılar hazırlayaraq qəzetimizdə çap etdirmişdi. Mən həmin uşaqların, həmin gənclərin çöhrəsini görəndə düşündüm ki, mütləq bu gənclər torpaqlarımızın hamısını azad edəcək. Çünki onlarla söhbətlərim zamanı bir gənc belə demədi ki, mən döyüşdən, müharibədən, ölümdən qorxuram.
Şəmkirdən Cəbrayıla döyüşə gəlmiş Namiq Həsənov dedi ki, müəllim, tək mən yox ey, bizim uşaqların hamısı bura ölməyə yox, düşməni öldürməyə gəlib. Biz döyüşə girəndə elə bil ki, toya gedirik. Çünki bu yerlərdə bir vaxtlar gələcək toy olacaq, şəhid olanlarımızı xatırlayacaq, qazilərimizə və qaliblərimizə dualar edəcəklər. Amma biz qalib gələcəyik. Həmin oğlanın çöhrəsində mən ancaq mərdlik, döyüşkənlik və mübarizlik gördüm. Artıq Cəbrayılın və Füzulinin onlarla kəndini bu gənclər azad etmişdilər. Döyüşlərin birində də yaralı əsgərlərin bir neçəsini çiyninə alıb bu gənc döyüş mövqeyindən çıxarmışdı. Dördüncü gənci çıxaranda şəhid olmuşdu. Amma ömrüm boyu o gəncin çöhrəsindəki təbəssümü, sevinci və qalibiyyət nişanını heç vaxt unutmayacağam.
Bax, Azərbaycan gəncliyi budur. Torpağımızın bir qarışını belə düşmənə vermədi.
Bir dəfə Füzulidə olanda rayon təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədovaya dedim ki, siz gənclərlə tez-tez vətənpərvərlik mövzusunda söhbətlər aparın. Ramella xanım dedi ki, müəllim, hər səhər dərs başlayanda biz Azərbaycanın müstəqilliyi yolunda döyüşüb qalib gələn şəhidlərimizi, qazilərimizi və qaliblərimizi gənclərimizə sevdiririk. Elə bir gün olmaz ki, onlar barəsində məktəblərdə söhbətlər aparılmasın. Bax bu söhbətin bəhrəsidir ki, Azərbaycan gəncliyi İkinci Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində qızıl tarix yazdı və bu tarixə öz imzalarını atdı.
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52


Bakı -°C

