Oxuyuram ki, belə bir məsələ qaldırıblar, Şuşa türməsi sökülsün. Çox haqlı olaraq deputat Elman Məmmədov buna öz etirazını bildirib və bununla bağlı müəyyən açıqlamalar da verib.
Çox adam Şuşa türməsinin tarixini bilmir. Xan qızı Natəvan Şuşaya saxsı borularda su çəkdirmişdi. Bəzən bu su xətti elə yerdən keçirdi ki, qayalıq idi, yarmaq çətin idi, onda Xan qızı hər metrəyə bir onluq qızıl qoyardı ki, su çəkənlərə mükafat üçün. Beləliklə, Xan qızı Şuşaya su çəkdirdi. Özü də hardan? Kirsdən. Amma bu su Şuşa camaatına çatmırdı. Onda ikinci su xəttini çəkdirməyə başladı. Amma axıra yaxın qardaşı Abbas Xan qızının var-dövlətini oğurlayıb qaçdı və iş yarımçıq qaldı.
Abbas Xan qızının ögey qardaşı idi, ata bir, ana ayrı. Əslində qardaşlar anadan bir doğulanlardı. Nə isə, bu ayrı söhbətin mövzusudu.
Sonra başqa əməllərinə görə də Xan qızının qardaşını həbs edirlər və Sibirə sürgün etmək istəyirlər. Onda Xan qızı Nikolay padşaha müraciət edir ki, izn ver Şuşada bir türmə tikim və qardaşım da cəzasını orda çəksin. İcazə verilir və Xan qızı Şuşada bu gün məşhur olan həmin türməni tikir.
Mən «Dolu» romanında da bu məsələyə toxunmuşam. Xan qızının qardaşı da həmin türmədə 15 nömrəli kamerada yatır ki, bu da sonradan burjuy kamerası sayılırdı, gəbəli-xalılı bir kamera idi.
Bu türmədə yatan bizim ağdamlılar birdən kiməsə şeşələnəndə deyirdilər ki, sən mənlə danışa bilməzsən, mən 15 nömrəli kamerada yatmışam.
Sözgəlişi. Mənim Dəvəçi dayım da (Hafiz Rüstəmov) Sovet hökuməti vaxtı əsgərliyə getməkdən rəsmi boyun qaçırtdığına görə 3 il iş almışdı və Ağdamın məşhur zərgəri Zərgər Mamedlə 2 il o kamerada yatmışdı. Və o kamerada yatdığına görə Ağdamda hörmət sahibi idi.
İndi Şuşa türməsi bir tarixdir və tarixi abidədir. Özü də bir az zindan formasındadır. Və bu türmə bəlkə minlərlə azərbaycanlını Sibir türmələrində çürüməkdən xilas edib. Həm inqilabdan əvvəl, həm də Sovet hökuməti vaxtı.
28 ildə bu türmədə əsasən ermənilər bizim əsirləri saxlayıblar. Nə işgəncələr veriblər – bir Allah bilir, bir türmənin divarları. Təbii ki, bir də işgəncə verənlər.
Elman Məmmədov bu məsələyə daha düzgün yanaşıb. Düzdür, o deyir ki, türmə saxlanılsın və orda indən belə erməni quldurları – bizə silah qaldıranlar və işgəncə verənlər saxlanılsın.
Mənim fikrimcə isə, bu türməni muzey eləmək olar. Və 30 ildə ermənilərin bizim başımıza açdığı vəhşiliklər bu muzeydə nümayiş etdirilə bilər. Şuşa onsuz da tezliklə dünyanın turizm mərkəzlərindən birinə çevriləcək. Qoy dünyanın hər yerindən gələn turistlər o muzeylə və ermənilərin bizim başımıza açdığı vəhşiliklərlə tanış olsunlar.
Heç vaxt yadımdan çıxmaz. Bir dəfə mən də uşaq idim, dayımla görüşə getmişdik. Amma atam nə qədər pul təklif eləsə də görüşə icazə verilmədi, səbəbini bilmirəm.
Amma türmənin rəisi atama dedi ki, Ərimgəldidən keçəndən sonra Tar fabrikinə çatmamış filan saatda türməyə baxın. Dəvəçi türmənin pəncərəsindən sizə ağ dəsmalla əl edəcək. Deyilən yerdə gəlib durduq, deyilən vaxt deyilən pəncərədən ağ dəsmalı yelləməyə başladı.
Və Şuşa türməsi mənim xatirəmdə belə qalıb. Və hər dəfə Şuşadan qayıdanda həmin yerdə dayanıb türməyə baxardım. Deyirdim bəlkə kimsə dəsmal salladı.
Şuşada olanda türməyə getmədim. İstəmədim o gözəl əhval-ruhiyyəni türmə ab-havası ilə korlayım.
Və inanıram ki, belə bir tarixi binanı sökməzlər və bir gün oranı muzeyə çevirərlər.