adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

İRAN, BİR AZ KƏNDİNƏ GƏL - Aqil ABBAS yazır

AQİL ABBAS
730 | 2024-04-16 09:00

İran qüdrətli dövlətdir, 90 milyona yaxın da əhalisi var və onların hamısı da bir bayraq altında birləşib. Təxminən nə vaxtsa  230 milyonluq Sovet xalqı necə bir bayraq  altında, bir ideologiyada  birləşmişdisə, indi İranda da elədir. Az-çox fərq var. O vaxt Sovet İttifaqında  Stalin vardı, indi İranda Xameneidir.  Və Stalin Xameneidən çox-çox güclü fiqurdur. Sovet  xalqlarını kommunist  ideologiyası  birləşdirmişdi, bu gün İranı İslam ideologiyası, daha dəqiq desək, şiə ideologiyası  birləşdirir. 

Və sonra  məlum oldu ki, kommunist ideologiyası saxta, Avropanın   Leninə sırıdığı saxta bir ideologiyadır, axırda  puç oldu. 

Və əslində şiə ideologiyası da Avropanın İrana sırıdığı  saxta bir ideologiyadır, yəni İran əsl şiə dövləti deyil. İran şiə  dövləti  olsaydı Ermənistanla və ermənilərlə  bir ittifaqda olmazdı. Və əhalisinin 80 faizindən çoxu şiə olan Azərbaycana qarşı  düşmənçilik  eləməzdi. Daha dəqiq desək, məscidlərimizdə donuz saxlayan Ermənistana və ermənilərə bütün gücü ilə dəstək verməzdi. 

Nə isə, özləri bilər, ermənilər bilər. Bu bizi çox ilgiləndirməz. İran bilər, Ermənistan  bilər. 

Amma nə olur-olsun biz İranın dağılmasını, məhv olmasını istəmirik. Bu heç də şiəliyə görə deyil. Birinci, müsəlman dövlətidir, ikinci, bu ölkədə  40 milyon  azərbaycanlı yaşayır, üçüncü də qapıbir qonşumuzdu. 

İndi İran ideoloji cəhətdən İsraildən güclü dövlətdir. Eləcə də hərbi və iqtisadi cəhətdən.  Sadəcə olaraq, əgər müharibə olarsa dünyanın özündənrazı dövlətləri  İsrailin  tərəfində dayanacaq və İran təklənəcək. 

Amma heç bir azərbaycanlı istəməz ki, İranda müharibə olsun. Birincisi, yuxarıda dediyim  kimi, İranda  40 milyon azərbaycanlı müharibədən zərər çəkəcək, həm də bir müsəlman  təəssübkeşliyi. Hərçənd ki İranda  müsəlman  təəssübkeşliyi yoxdur, olsaydı həmişə  Ermənistanın yanında yer almazdı.

İran qonşu dövlətlərə xəbərdarlıq edib ki, hansı İsrail təyyarələri üçün öz hava məkanını açsa həmin dövlət onun düşmənidir və həmin dövləti bombalayacaq. 

Yaxşı, bunu deyən İran necə olur ki, ABŞ və NATO ölkələrinə  qapısını açan  Ermənistanla dostluq edir? Əgər Ermənistanda  ABŞ-ın başçılığı ilə NATO dövlətlərinin bazaları açılarsa ordan İranı  bombalamaq, məhv etmək üçün daha hansısa  başqa ölkədən icazə almaq lazım deyil  və Ermənistandan İran şəhərlərini sapandla da vurmaq olar. 

Təbii ki, biz istəmərik ki, qonşumuza od düşsün. Qonşuya od düşərsə o odun  istisi bizi də vurar. Ən azı bir milyon azərbaycanlı canını qurtarmaq üçün  Arazı  keçmək  məcburiyyətində qalar. Təbii ki, bu da özünün  bir milyon   məcburi  köçkünü olan ölkəmizi  çətin  vəziyyətə  salar. Həm də biz müsəlman dövlətiyik, istəmərik ki, bir müsəlman dövlətinin  əhalisi qırılsın və işgəncələrə məruz qalsın. Hərçənd ki İran  son 30 ildən sonra bizim, yəni bir  müsəlman  dövlətinin  yanında deyil, ermənilərin  yanında oldu və indi də ermənilərin yanındadı. 

İranın ali rəhbər mollaları əmmamələrini qabaqlarına  qoyub yaxşı-yaxşı fikirləşməlidir ki, kim onun  dostu, kim onun  düşmənidir. 

Ermənistan qapılarını ABŞ və NATO-nun üzünə açıb, amma Azərbaycan  və onun Möhtərəm Prezidenti Amerika və NATO-ya icazə vermədi ki, sən mənim ərazimdən istifadə edib İrana qarşı heç bir  hərəkət edə bilməzsən. Ona görə ki, İran həm qapıbir qonşumdur, həm də müsəlman dövlətidir. 

TƏQVİM / ARXİV