Tut arağı, donuz kababı və Aşotun məktubu - Aqil Abbasın yeni povesti (SON)

AQİL ABBAS
17945 | 2024-04-08 19:17

Gənclik dostum Fərhada ithaf edirəm

 

(Əvvəli ötən sayımızda)

 

- Boş sözdü, heç bir kəndi də qaytarıb verən deyilik. Ala bilirlər gəlib alsınlar. Onlardan torpaq alan olar? Görmürsüz hamısı burda kefdədi. Özləriylə çalıb-oxuyan da gətirirlər. Kafelərin hamısındakı musiqiçilər qarabağlıdı.

Mübahisənin bu yerində Aşot da girdi içəri.

Ermənilərdən biri yavaşca dedi:

- Söhbəti dəyişin. Bu oğraş onların şpionudu. Görmürsüz bütün günü onlarla yeyib-içir.

Aşot bir parç pivəni götürüb gəldi qoşuldu onlara:

- Ə, torpağını qoyub qaçanlar, yenə nə xosunlaşırsız?

- Sən də torpağını qoyub qaçmısan də.

- Mən iki balamı müharibədə itirib gəlmişəm, amma siz döyüşə bilən oğlannarınızı da götürüb qaçmısınız.

- Ona görə oğlanlarını öldürənlərlə yeyib-içirsən?

- Mənim oğlanlarımı Köçəryan öldürüb, Sərkisyan öldürüb bu mənasız  müharibədə. Onların da oğlanları xaricdə oxuyur, qızlarla kef edir.

Bayaqkı erməni:

- Aşot, sən doğrudan türklərin  şpionusan?

- Şpion sənin nəslindi.

İstədi ki, əlindəki parçı vursun  həmin erməniyə, girdilər araya.

- Ə, bəsdi, susun. Pivənizi için. Aşot düz deyir də.

Aşot dilxor olub pivəxanadan çıxdı. Bağın aşağısına çatanda gözlərinə inanmadı, Lyoniklə rastlaşdı. Həminki Lyonik idi - dazbaş, arıq. Vaxtilə Lyoniklə fəxr edərdi ki,  "Qarabağ" komandasında yaxşı bir erməni futbolçu var. Hər oyun günü kənddən durub gəlirdi İmarətə. Təkcə "Qarabağ"ın azarkeşi olduğuna görə yox, həm də Lyonikə görə. Faxı ilə də İmarətdə tanış olmuşdu, elə ki topa güclü zərbə vururdular, top stadionun hasarını da aşıb düşürdü qonşu həyətlərə. Ən çox da Faxıgilin həyətinə. Hamı qaçırdı topu gətirməyə, amma heç kəs topu Faxıdan  ala bilməzdi. O da bir-iki dəfə istəmişdi topu alsın, Faxı təpəsinə bir qapaz salmışdı ki, ə, dığa, top sizin həyətə düşməyib, bizimkinə düşüb. Sonra da yavaş-yavaş mehribanlaşdılar.

İndi fanatı olduğu Lyonik durmuşdu otelin qabağında, yanında bir xanım və bir cavan oğlan. Xanımı da tanıdı - Ayrika idi. Dəyişsə də, yaşı ötsə də, gözləri öz gözəlliyini itirməmişdi.

Yaxınlaşdı onlara və azərbaycanca dedi:

- Salam, Lyonik.

Lyonik qarşısındakı adamın onu tanıdığına, özü də azərbaycanca salam verməyinə çaşdı. Və o da azərbaycanca qayıtdı ki:

- Salam. Bağışla ey, qardaş, tanımadım.

- Ağdamlıyam. O qədər stadionda sənə balet eləmişəm.

- Azərbaycanlısan?

- Yox əşi, erməniyəm. Mardakertdənəm.

Erməniyəm deyəndən sonra Lyonikin kefi bir az açıldı və Aşotu ailəsi ilə tanış elədi:

- Tanış ol, bu mənim arvadım Ariqadı, bu da oğlum Azad. Atamın adını qoymuşam.

Lyonikin oğlu ona yox, Ararata bənzəyirdi.

Aşot özünü elə göstərdi ki, sanki Ayrikanı tanımır. Amma Ayrika  gülümsədi və dedi:

- Mən səni tanıdım, adın Aşotdu. Bir səfeh də dostun vardı ey, gərək ki, adı da Faxıydı. Onun Moskviçiylə hərdən muzşkolaya da gəlirdiniz. Dostun durur, müharibədə ölüb-eləməyib?

Aşot:

- Xəbərim yoxdu, doxsan birinci ildən sonra görməmişəm.

Lyonik:

- Aşot, mən burda futbol  komandasının məşqçisiyəm, lazım olsa gələrsən, nə kömək lazımdı edərəm.

Aşot:

- Yox, sağ ol, heç nəyə ehtiyacım yoxdu, amma olar hamımız bir yerdə bir şəkil çəkdirək?

Lyonik:

- Niyə olmur?

Küçədən keçənlərdən birindən xahiş elədilər ki, onların şəklini  çəksin. Aşotun telefonuyla şəkil çəkdirdilər, sonra da Lyonik öz nömrəsini verdi ki, mənə də atarsan.

lll

Faxı:

- Mama, nənəyin saa verdiyi cehiz xalça vardı ey, üstünə də babamın şəklini vurmuşdun...

- Hə?!

- Onu Aşotun evində gördüm, asmışdı divardan.

- Uyy oğraş, deməli, gəlif bizim evi o daşıyıf? Bə niyə gətirmədin?

- Gətirə bilmədim. Əlim gəlmədi, üstündə Aşotun müharibədə ölmüş oğlannarının qara lentlə şəkli  asılmışdı.

Anası əsəbi halda:

- Cəhənnəmə asılsın. Bu dəfə gedəndə götür gəl. O xalçanın  bəlkə yüz yaşı var. Bir dəfə  papayın Bakıdan bir alim dostu  gəlmişdi, xalçaya baxanda ağzı açıx qalmışdı. Deyirdi ki, bunnar naxış deyil ey, kim toxuyufsa, bütün  arzularını köçürüf bura.

- Mama, gətirə bilmeyjəm. Nə vaxt Aşot qayıdıf gələr, özü söküf gətirər.

- Ə, boş-boş danışma, Aşot elə pox yimiyif ki, bir də geri qayıda.

lll

- Sən ağdamlıları yaxşı tanıyırsan?

- Cavanları deyə bilmərəm, amma yaşıdlarımı, məndən yaşlı olanları  gözəl tanıyıram.

- Onda Faxını da tanıyırsan dana?

- Hansı Faxını?

- Aqropromda aqronom işliyirdi, yaxşı da tar çalırdı.

Ağsaçlı güldü:

- Hə, yaxşı tanıyıram, anası da mənim müəlliməm olub. Özü də Ariqadan ötəri dəli-divanə idi. Bir-iki dəfə də Ariqanın dalınca mən də getmişdim, eşidib gəlmişdi üstümə. Amma dava eləmədi, həm anasından qorxdu, həm də salam-sabahımız vardı.

Erməni Gəncə konyakından bir əlli də vurdu:

- Neçə ildi onu axtarıram, tapa bilmirəm. Sən tapa bilərsən?

- Vallah, nə bilim. Hərə bir tərəfə dağılıb. Neynirsən ki?

Erməni cibindən bir məktub  çıxartdı:

- Neçə ildi ona bir məktuf yazmışam, bir adam tapıf göndərə  bilmirəm. Sən bu məktufu ona çatdırsan, elə bil mənə dünya  bağışlamısan.

Ağsaçlı kinayə ilə dedi:

- Bütün dünya sizin deyil ki?!

- Yox, mənim dünyam bir əl arabasıdı, bir də urusun həyətindən aldığım daxma. Bir arvadım da vardı, müharibədə ölən uşaxların dərdinə dözə bilmiyif özün asdı.  Heş basdırmağa yer də tapmırdım. Sağ olsun Pitiqorskidəki ermənilər, yer tafdılar, basdırdıx.

Ağsaçlı:

- Ə, nemes, o nə məktubdu elə?

Aşot məktubu uzatdı Ağsaçlıya. Ağsaçlı məktubu aldı. "Komu" sözünün qabağına yazılmışdı: "Ağdamlı dostum Faxıya". Məktubun aşağısında da özünün  ünvanı yazılmışdı və bir dənə də telefon nömrəsi. Ağsaçlı məktubu  qoydu cibinə:

- Söz vermirəm, amma çalışıb  tapacam. Olar oxuyum?

- İstəsən oxuya bilərsən, elə bir şey yoxdu içində. Amma konverti  aşmasan, daha xoş olar.

lll

Günorta əsgərlər Süsən arvada yemək gətirəndə gördülər doqqazın ağzına xeyli donuz yığışıb  fınxırırlar. Donuzları qovub girdilər həyətə. Gördükləri mənzərə onları sarsıtdı. Süsən arvad həyətin ortasında yıxılıb qalmışdı. Əlindəki  çaydanın suyu da dağılmışdı.  Yaxınlaşdılar, Süsən arvad ölmüşdü. 

Tez Komandirə telefonla məlumat verdilər, Komandir də gəldi, Süsən arvadın öldüyünü yəqin edəndən sonra Faxıya zəng elədi:

- Bağışlayın, Fərhad müəllimdi?

- Bəli, eşidirəm.

- Sizi narahat edən Komandirdi. Məndən xahiş etmişdiniz ki, Süsən  arvada bir şey olsa sizə xəbər verim. Arvad ölüb. Yaxşı ki, əsgərlərimiz  tez xəbər tutub, yoxsa donuzlar  basıb yeyəcəkdi.

Faxı bərk dilxor oldu.

Dedi:

- Xəbər verdiyinizə görə sağ ol, Komandir. Xahiş edirəm, məni gözdüyün. Bir saata, saat yarıma gəlirəm.

Qalxıb çıxmaq istəyəndə anası soruşdu:

- Noluf, a bala?

- Aşotun anası ölüf.

- Cərə ölüf, cəhənnəmə ölüf. Saa nə? Hara gedirsən?

- Gedirəm basdırmağa.

Anası bərk əsəbləşdi:

- Dədən sağ olsaydı, onu da aparardın qəbrin qazardı. Sonra da bir ehsan verərdi o qancığa.

- Yaxşı da, ay ana, saallah belə danışma, günahdı.Nənəm öləndə Aşotun anası boynunu qucaqlyıf hönkür-hönkür ağlayıb ağı dediyi, şaxsey təpməyi yadından çıxıf? Aşot da yasa iki erkək gətirmişdi. nənəmin də tabutuna girmişdi.

Anası day bir söz demədi, amma qapıdan çıxanda arxadan  səsləndi:

- Xalçasız gəlsən, səni evə buraxmeyjam.

Əsgərlər Süsən arvadı uzatmışdılar həyətdəki masanın üstünə, altına da bir yüngül yay yorğanı sərmişdilər, üstünə də mələfə çəkmişdilər. Faxı əsgərlərin köməyi ilə həyətdəki taxtalardan alayarımçıq bir tabut düzəltdi, sonra da arvadı altına sərilmiş yorğana büküb qoydular  tabutun içinə. Tabutu qaldırdılar  çiyinlərinə və həyətdən çıxdılar. Əsgərlərdən biri mızıldandı:

- Elə bir haxçıx basdırmağımız qalmışdı.

Komandir əsəbləşdi:

- Boş-boş danışma.

Yendilər kilsənin altındakı qəbiristanlığa. Faxı Aşotun  oğullarının qara lent bağlanmış qəbirlərini tapdı. Qəbirlərin üstünə iki dənə də dəmir çələng qoyulmuşdu. Çələngləri o qədər  gün vurmuşdu ki, çələnglik heç nə  qalmamışdı, dəmir yığnağı idi. Onların yanında bir qəbir qazdılar, tabutu da yendirdilər qəbirə, üstünü  torpaqladılar, taxtadan da bir başdaşı qoydular. Faxı da başdaşına  yazdı ki, "Aşotun anası".

Bayaq mızıldanan əsgər bu dəfə dedi:

- Bircə qaldı üstündə Fatihə oxumağımız.

Əsgərlərin dodağı qaçdı. Amma bu dəfə Komandir heç kəsi danlamadı, çünki elə özünün də dodağı  qaçmışdı.

Əsgərlərdən biri:

- Komandir, bunlar ölü yerində araq da verirlər. Araq olmayacaq?

Komandir:

- Ə, səsini kəs.

Faxı əsgərlərə təşəkkür elədi, sonra oturdu maşına, sürdü yenə Kəngərlidəki restorana. Ermənilər gəlib bu kənddə yaşadıqlarından heç bir evi uçurmamışdılar. Hələ üç-dörd dənə də təzə ev tikmişdilər. Böyük bir nar bağı salmışdılar, bir az da üzüm əkmişdilər.

Restoranda adam çox idi. Həyətdə  bir yerdə oturdu, ofisiantı çağırdı ki, ordan bir az pendir-çörək, bir dənə də baş soğan əz gətir, bir dənə də araq.

Bir az aralıdakı stolların birində  yeddi-səkkiz MAXE yığılmışdı bir nəfərin başına, yeyib-içirdilər. Nə isə bir sağlıq deyəndə qalxdılar  ayağa. Və Faxı indi gördü kimin başına yığışıblar və onu ağ saçlarından tanıdı.

Ağdamın Ağdam vaxtı  münasibətləri olmuşdu. İşğaldan sonra bir-iki yas yerində görüşmüşdülər, bir dəfə də toyda. Ondan sonra onu yalnız televizorda görmüşdü. Eşitmişdi ki, Quzanlıdakı qonşu qaçqın qəsəbəsinə tez-tez gəlir, gələndə də domino oynamağı xoşlayır, hamı da yığışır başına. O da istəmişdi getsin görüşsün, sonra fikrindən vaz keçmişdi. Yəqin indi dəyişib, həminki adam deyil. Şan-şöhrət, vəzifə adamı dəyişdirir axı.  MAXE-lər oturanda ağsaçlı hələ  ayaq üstə idi, deyəsən, yeni bir sağlıq deyirdi, birdən gözü Faxını aldı. Durub gəldi Faxının stoluna  tərəf. Faxı da qalxdı ayağa. Görüşdülər. Faxını bağrına basdı:

- Qaqa, sən Faxı deyilsən? Məni tanımadın?

- Niyə tanımadım, səni kim tanımır ki?

- Bəs niyə tək oturmusan, gəlib  bizlə oturardın.

- Bir az dilxor idim, ona görə. 

Ağsaçlı oturdu, ofisianta da işarə elədi ki, bir bakal da ona gətirsinlər. Faxı ona da araq süzdü.

Ağsaçlı bakalı qaldırdı:

- İçək bunu uzun illərdən sonra  görüşməyimizin sağlığına.

İçdilər.

Ağsaçlı:

- Bilirsən, Faxı, dörd-beş ildi səni axtarıram tapa bilmirəm.

- Xeyirdimi?

- Şərə lənət. Uzun söhbətdi.

Faxı gülümsədi:

- Vaxtımız da var, arağımız da.

- Sənin Aşot adlı erməni dostun olub?

Faxı bir anlıq çaşdı:

- Hə. Nədi ki? Özü də indicə anasını basdırıf gəlirəm. Dəyyus qaçanda  anasını qoyuf qaçıf. Sən onu hardan tanıyırsan?

- Dörd-beş il bundan qabaq Kislovodskidə tanış olmuşdum. Vağzalda yük daşıyırdı. Biləndə ağdamlıyam, səni də tanıyıram əl çəkmədi, axşam bir qismət də çörək yedik. Elə heyy səndən danışdı. 

- Xalçamızı oğurladığından da danışdı, yoxsa yox?

- Yox, ondan danışmadı, Ariqanı  qaçırmax istədiyinizdən danışdı. Araratı döyməy istədiyinizdən  danışdı. Neçə iliymiş Kislovodskiyə gələn bütün azərbaycanlılardan səni soruşurmuş. Mənə bir Göygöl konyakı da gətirmişdi ki, hərdən gəncəli dostları göndərir. Sonra da mənə bir məytub verdi ki, saa  çatdırım. Mən də axtardım səni  tapa bilmədim. Neçə ildi məytubu maşınımın saxlancında gəzdirirəm.

Sonra sürücüsünü çağırdı:

- Ə, get maşının bardaçokunda bir məytub var, gətir bura.

Sürücü tez qaçıb məktubu gətirib verdi Ağsaçlıya. O da məktubu  uzatdı Faxıya.

Faxı məktubu aldı, üstünə yazılmışdı ki, "Ağdamlı dostum Faxıya". Altında da Aşotun  Kislovodskidəki ünvanı və telefon nömrəsi.

Faxı soruşdu:

- Burda nə yazılıf ki?

- Aşmamışam. Məndən xahiş elədi ki, oxuma.

- Necə səbrin çatıf ki, indiyədək bu  konverti aşmamısan? Özü də sənin kimi hövsələsiz adam.

- Nə bilim, sənin xətrinə  aşmamışam.

Faxı məktubu qoydu qoltuq cibinə. Sonra bir yüz də vurdular, yenidən Ayrika düşdü yadlarına.

Ağsaçlı:

- Faxı, yadındadı Ariqaya görə üstümə gəlmişdin? Nuruş qoymadı, yoxsa dalaşacaxdıx. Nuruş dedim, yadıma Nuruş düşdü. Sənin ən əziz dostun idi. O haralardadı?

Faxı:

- Fredin dəsdəsində vuruşurdum, Şellidə ağır yaralandım. Hələ də bədənimdə qəlpələr var, soyux olanda gizildiyir. Ağır işlərdə işdiyə bilmirəm. Nuruşnan danışıf bir az torpağ götürüf fermer təsərrüfatı yaratmışdıx, o qədər müşdərisi  çıxdı ki, axırda qoyuf qaçdıx. O da getdi Bakıya, maşın alveri edir, Almaniyadan nemes maşınnarı gətirir. Bu maşını da maa o bağışdıyıf.

Ağsaçlı:

- Sağ olsun, yaxşı oğlanıydı. Bəs Ariqa nejə oldu?

Faxı:

- Faxıya yox, futbolçu Lyonikə ərə getdi. 

Ağsaçlı:

- Bəxtin gətirif də, yoxsa dost-tanış yanında biyabır olajaydın.

Faxı güldü:

- Sən öl, bunu hərdən mən də fikirləşirəm, yaxşı ki Ariqa məni bəyənmədi. Yoxsa indi başımı qaldırıf camaatın üzünə baxa bilməzdim.

- Elə demə, Ariqanı alsaydın, indi bəlkə böyük vəzifədə çalışırdın. Bilirsən, Bakıda arvadı erməni olanlara necə vəzifə verirlər?

- Tüpürüm elə vəzifəyə də, elə kişiliyə də.

Ağsaçlı:

- Yaxşı, de görüm oğuldan-uşaxdan nəyin var?

- İki oğlum var. Böyüyü hərbçidi, mayordu, bu dəyqə Laçında postda dayanıf. Evləndirmişəm, elə Nuruşun qızını almışam. Bir dənə də Məhəmməd adında nəvəm var, elə bizdə qalır. İsdiyirdim balaca oğlum da hərbiyə getsin, sonra fikirləşdim ki, day müharibə bitif. Onu da Nuruş aparıf yanına, sağ olsun, babat dolandırır. Bəs səyin nəyin var?

- Mənim də iki oğlum, dörd nəvəm var. Elə hamımız bir yerdə yaşayırıx.

Faxı:

- Allah hamısın salamat eləsin.

- Səninkiləri də.

 Ağsaçlı ofisiantı çağırdı:

- O maxelərin də, bu stolun da hesabını gəl mənə de.

Faxı:

- Yox, sən öl, qoymaram, sən qonaxsan.

- Qaqa, mən nə vaxtdan Ağdamda qonax oldum? Özü də hesab verəndə ürəyim açılır. Maşın sürə  biləjəysən?

- Nə içmişəm ki?

- Gəl belə danışaq. Sənin maşınını şofer sürsün, mən də öz maşınımla, sən də otur yanımda söhbət eliyə-eliyə gedək.

Faxı razılaşmadı:

- Yox, maşını özüm sürəjəm. Qayi saxlasa, sən yanımdasan da. Özü də  gedəjiyik bizə, çay işməyə. Mamam səni görsə sevinər. Sənin Ağdamda oynadığın var ey, onu köçürmüşəm  telefona, hərdən baxıb ağlıyır.

Ağsaçlı hesabı ödəyəndən sonra yenidən MAXElərlə öpüşüb-görüşdü, MAXElərin xahişiylə onlarla şəkil çəkdirdi, sonra da əyləşib maşına restorandan çıxdılar.

Ağsaçlı:

- İndi sür şəhərə, gəzək, bir az ürəyimiz açılsın.

- Nəyə baxıf ürəyin açılajax?

- Yeni tikilən şəhərə.

Faxı maşını şəhərdən sürdü.

Ağsaçlı:

- Bax, bu sənin oxuduğun bir nömrəlidi. Gör nə gözəl tikiflər? Deyir bu yaxınlarda bizim iki nömrəlini də tikəjəhlər. Bu da konqres mərkəzidi. Yanındakı da oteldi. Əvvəllər belə otelimiz oluf? İndi Ağdam təhcə dünyanın Ən Varlı Şəhəri yox, həm də Dünyanın Ən Gözəl Şəhəri olajax.

Faxı:

- Dosdum, bilirsən Ağdam nə vaxt Ağdam olajax?

- De bilim.

- Nə vaxt Kinonun qabağında uşaxlar qız üstə dalaşajax, nə vaxt bir-birinə bıçax çəkəjəy, bax, onda. Bizim də yaşımız keçir, o günü görmüyəjiyih.

- O günə nə qalıf, on il. İnşallah, görərik. Biz görməsək də, balalarımız, nəvələrimiz görər.

lll

Anası həyətdə paltar sərirdi. Faxı qonağı ilə darvazadan girən kimi   anasının ilk sözü bu oldu:

- Gətirdin?!.

Sonra diqqətlə qonağa baxıb sözünün dalını gətirmədi. İrəli yeriyib qonağı basdı bağrına, Ağsaçlı da müəllimənin əllərindən öpdü.

Faxının anası:

- Boyy, sənin ağ saçlarına qurban olum, boyuna qurban olum.

Faxı gülümsədi:

- Mama, onun boyu var ki, boyuna  qurvan olasan? Bu fasıxın boyunun yarısı yerin altındadı.

- Sarsaq, sarsaq danışma. Nə olub onun boynuna? Özü də səninlə söhbətim hələ sonradı. Gəl, ay bala, gəl. Həyətdə oturursuz, yoxsa içəri keçirsiz?

Ağsaçlı:

- Elə həyətdə oturarıx.

- Siz oturun, mən də əlimi yuyum, yaxşı çığırtmamız var.

Ağsaçlı:

- Sağ ol, müəllimə, bir az bundan əvvəl yemişik. Gəlmişik bir stəkan çay içəh. Gəlmişəm əllərindən  öpüm. Mənə yazı yazmağı öyrədən əllərini.

- Ay bala, bəs neçə iliydi müəllimini axtarmırdın, görəsən ölüb, qalıb?

Ağsaçlı bu sözlərdən utandı:

- Bağışla, məllimə, zaman pis zamanıydı. Qohum-əqrəba, nəslin, dost-tanış hamısı çöllərdəydi, bilmirdim kimin arxasınca gedim. Kişi nətərdi?

Faxının anası əlindəki çayniki qoydu stola və dedi:

- Ay oğul, indiyə kişi qalar? Dörd-beş il bundan əvvəl kişilərin əksəriyyəti kimi şəhərə boylana-boylana ürəyi partlayıb öldü.

- Allah rəhmət eləsin.

- Allah sənin də ölənlərinə rəhmət eləsin. Dədən durur?

- Yox, məllimə, o da dözmədi,  onun da ürəyi partdadı.

- Yaxşı ki hər şey yaxşı qurtardı. Yoxsa elə hamımızın ürəyi  partlayacaqdı. Sən o dağılmış Ağdamda qol götürüb oynayanda Faxı ilə televizordə baxırdıq. Hönkür-hönkür ağladıq. Səhərisi  bütün qəsəbə mənə göz aydınlığı verirdi ki, gördün şagirdiyin oynamağını. Bir-iki kitabını tapıb oxumuşam, özlərini də qoymuşam servantın üstünə. Təzə kitabların çıxıb?

- Bəli, müəllimə. 

- Mənə da gətirərsən.

- Maşında var, duranda verərəm.

Faxı:

- Mama, məytəvdə az sorğu-suala tutmusan, qoy çayını işsin dana.

Çaylarını içib qurtardılar. Xeylaq məktəbdən, müəllimlərdən, sinif yoldaşlarından danışdılar. O sinif yoldaşlarından ki, çoxu müharibədə şəhid olmuşdu.

Ağsaçlı durdu getməyə. Əvvəl maşından təzə kitablarından gətirib verdi müəlliməyə, o da kitabları öpdü, sonra yenidən Ağsaçlını  qucaqladı:

- Ay oğul, hərdən bizə də gəl. Sənə bir yaxşı aş dəmliyəcəm.

- Allah qoysa gələrəm, day evin yerini tanıdım.

Sonra yenə müəllimənin əlindən öpdü və əyləşdi maşına. Müəllimə də maşının ardınca bir parç su atdı. Və həyətə girən kimi yapışdı Faxının yaxasından.

- Gətirdin?!

- Mama, vallah, dosdumla rastdaşdım. Söz verirəm, gələn dəfə gətirəjəm.

lll  

Ağsaçlı gecə qəribə yuxula

r gördü. Yenə həmişə olduğu kimi Dünyanın Ən Varlı Şəhərinin varlı vaxtlarını gördü. Məktəblərini gördü, sinif yoldaşlarını gördü, müəllimlərini gördü, kəndlərini gördü. Dünyanın ən gözəl vaxtlarıydı. Qız üstə Kino Fazilin kinoteatrının qarşısında dalaşdığını və hətta döyüldüyünü gördü.

Çox şirin bir yuxu idi. Kaş elə həyat da belə bir şirin yuxu kimi olaydı.

lll

Faxı hamı yatandan sonra məktubu açdı. Çox qısa yazılmışdı:

"Salam, qardaş. Məni bağışla, bizimkiləri demirəm ey, məni bağışla. Bizimkiləri heç Allah da bağışlamaz. Bağışla ki, evini qoruya bilmədim. Amma nənənin toxuduğu  cehizlik xalçanı, bir də televizorunuzu götürüb apardım. Oğurlamadım ey, götürdüm ki, namərdlərə qismət olmasın. Allah qoysa müharibədən sonra xalçanı öz əlimlə gətirib evinizdən asacam. Doğulanda qurban kəsdiyin oğlum Lələtəpədə balaca qardaşıyla bir yerdə həlak oldu. Ondan sonra day kənddə qala bilmədim, arvadı da götürüb gəldim Kislovodskiyə. Bütün həyatımız məhv oldu. Susanna da uşaqların ölümünə dözmədi, bir gün gəldim ki, özünü asıb. Beləcə tək qaldım. İndi burda vağzalda yük daşıyıram. Özü də sizinkilərin yükünü. Bilmirəm indi bu məktub sənə çatacaq, yoxsa yox. Çatajağına inanıram. Sənə yalvarıram, məni bağışla. Bilirəm, sizə güllə atan oğlanlarıma görə məni bağışlamayacaqsan, amma yenə yazıram. Kislovodskiyə yolun  düşsə, məni tap, ya da heç olmasa  zəng elə, səsini eşidim. Məni bağışla. Mamed əmi də, Ziba xala da məni bağışlasın. Sizin Allahınız hamını bağışlayır, amma bilmirəm məni bağışlayar, yoxsa yox. Burda  Ayrikayla Lyoniki də gördüm. Ararata da oxşayan qəşəng bir oğlanları var. Ayrika səni soruşdu, dedi müharibədə ölüb-eləməyib. Mən də dedim bilmirəm. Bir şəkil də çəkdirdik, onu da sənə göndərirəm. Allah eləsin sağ olasan və bu məktubu da alasan. Öpürəm səni. Qardaşın Aşot".

Faxı məktubu açanda yerə düşmüş şəkli qaldırdı və baxdı. Və ona elə gəldi ki, Ayrika elə əvvəlki kimi gözəldi. İstədi şəkli öpsün, amma Lyonika görə öpmədi. Sonra yenə başladı məktubu oxumağa. Bir dəfə oxudu, iki dəfə oxudu, kövrəldi. Üçüncü dəfə oxumadı, hiss etdi ki, onu ağlamaq tutur. Amma yenə özünü saxlaya bilmədi, yorğanı başına çəkib ağladı. Heç vaxt Aşotu bağışlaya bilməyəcəyinə görə ağladı. Gördü bərk darıxır. Həmişə darıxanda nəvəsini yanına çağırıb qucağında yatırdırdı. İndi də nəvəsini çağırdı:

- Məmməd, ay Məmməd.

Nəvəsi:

- Nədi, ay baba.

- Dur gəl yanıma.

Nəvəsinin də babasıyla yatmaqdan xoşu gəlirdi. Durub gəldi girdi babasının qoynuna. Faxı da uşaq vaxtı atasıyla yatmaqdan xoşlanırdı.  Atası da bir dəfə demişdi ki:

- Ay bala, qoyassan halal arvadımla bir dəfə yatım?

Anası da qayıtmışdı ki:

- Ay kişi, uşağın üzünün suyunu tökmə.

Faxı nəvəsini bərk-bərk basdı bağrına.

Nəvəsi:

- Baba, ağlıyırsan?

- Yox, ay kişiqırığı, yat.

Və Faxı heç vaxt Aşota zəng eləmədi, daha doğrusu, eləyə bilmədi. Heç məktub da yazmadı. Çünki səhər duranda gördü ki, xanımı Aşotun məktubunu da, göndərdiyi şəkli də cırıq-cırıq edib. Nə qədər çalışdı ki, parçalanmış məktubla şəkli bir təhər bərpa eləsin, alınmadı. Bərk dilxor oldu. Qəlpələr yenə bədənini gizildətdi.

Günorta Ağsaçlı telefon açdı:

- Hər vaxtın xeyir, Faxı. Nejəsən? Aşota zəng elədin?

- Yox. Arvad məytuvu da, şəkili də cırıx-cırıx eliyif.

Ağsaçlı:

- Mən zəng eləmişdim, deyəm ki, məytuvunu  çatdırdım. Mən də danışa bilmədim. Telefonu götürən adam dedi ki, Aşot səhər-səhər vağzalda kiminsə yükünü  daşıyanda ürəyi partdıyıf ölüf. Bir söznən, canı qaşqınçılıxdan qurtarıf.

Faxının bədənindəki qəlpələr yenə onu gizildətdi.

SON

TƏQVİM / ARXİV