Xan əminin ruhu bu dəqiqə Şuşada qartal kimi süzür ey. Baxır ey Şuşaya, yanan tonqalları görür. Şuşanın başında dağılmış dumanı görür. «Qırmızı koftalı, yaşıl tumanlı» bayrağımızı görür və…
… Və o bayrağı Şuşada ucaldan Ali Baş Komandan İlham Əliyevi görür, ailəsini görür. Şuşanın başındakı dumanları dağıdan əsgərlərimizi görür.
Bir sözlə, Xan əmi azad Şuşanı görür.
İlaxır çərşənbə. Millətimiz üçün ən müqəddəs, ən sevimli və bir il boyu arzuladığı bir gün. Bu dəfə ilaxır çərşənbənin tonqalı daha gur yanırdı. Bu dəfə ilaxır çərşənbə tonqalının başına bütün millət halay çəkmişdi.
Və bu ilaxır çərşənbədə Möhtərəm Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım övladları Leyla xanımla birlikdə Şuşadaydı. Və bütün dünyanın diqqət mərkəzindəydilər. Əvvəlcə Xocavəndin Hadrut qəsəbəsində Möhtərəm Prezident Azərbaycan bayrağını qaldırmışdı. Hadrutdan Şuşaya çəkiləcək yolun təməlini qoymuşdu, Tuğ kəndində olmuşdu. Ordan da bu qarlı-dumanlı havada ailəsi ilə birlikdə Şuşaya qalxmışdı.
Və Şuşada bir daha bütün dünyaya, eləcə də ermənilərin havadarlarına, onlara arxa duranlara, gizli silah satanlara qətiyyətlə öz mesajlarını verdi.
30 ildi azərbaycanlıların müqəddəs tarixi və dini abidələrini, eləcə də xaçpərəst albanların məbəd və kilsələrini dağıdan ermənilərin bu vandal hərəkətlərinə göz yumanlara idi bu mesaj.
Dünya dövlətlərinin yaratdığı İŞİD deyilən bir terror ordusu Suriyada tarixi abidələri dağıdanda (məsələn, Palmirada) bütün xarici mətbuat, bütün ABŞ və Avropa bar-bar bağırırdılar ki, bu, insanlığa sığışmır. Amma Ermənistanın işğal elədiyi ərazilərdə dağıdılan tarixi və dini abidələrlə bağlı lal və kor olmuşdular.
Möhtərəm Prezidentin Zəfər qələbəsi artıq onların dillərini də açıb, gözlərini də, amma hələ ki, tam yox.
Ali Baş Komandan Şuşanın bünövrəsini qoyan xanlar xanı Pənah xanın sarayında da oldu. Təbii ki, erməni vandalları 270 yaşı olan bu sarayı da darmadağın edib. (Faşistlər Lev Tolstoyun evini dağıtmamışdılar). Amma Ali Baş Komandanın sərəncamı ilə bu saray da əvvəlki görkəminə qaytarılacaq. Pənah xanın ruhu sevinəcək, bu sarayda doğulan İbrahim xanın, Mehralı xanın ruhu sevinəcək.
Görkəmli dövlət xadimi və şair Vaqifin məqbərəsində oldu, bərpa işləri ilə tanış oldu. Yenidən Cıdır düzündə oldu.
Bilirsiniz, Şuşaya getmək olar. Ali Baş Komandan yanvarda da Şuşada olmuşdu.
Amma bu səfər tamamilə fərqlidi. Bu səfər hamının öz evində qeyd elədiyi ilaxır çərşənbəyə düşürdü.
Ali Baş Komandan da ailəsi ilə birlikdə İlaxır çərşənbəni Şuşada qeyd eləməklə bütün dünyaya mesaj verdi ki, mənim evim dünyanın mədəniyyət paytaxtı Şuşadır.