70-ci illərdə tələbə yoldaşım, türkoloq Ramiz Əsgər mənə bir kitab bağışlamışdı: Doğan Avçıoğlunun «Milli qurtuluş tariximiz».
Çox qəribəydi ki, kitab 70-ci illərdən əvvəl çıxmağına baxmayaraq, 95-ci ilə qədər Türkiyədə baş verə biləcək hadisələri də əhatə edirdi. Və onların 80 faizi də düz çıxdı. Kitab 21 cilddən ibarətdi. Ramiz mənə 4 cildini – 1,2,3 və 4-cü cildini bağışlamışdı. Həmin kitablar bütün kitabxanamla birlikdə Ağdamda yandı. Türkiyəyə yollar açılandan sonra Doğan Avçıoğlunun bu 21 cildlik əsərini nə qədər axtardım və indi də axtarıram tapa bilmədim və tapa bilmirəm. Deyirlər ki, o, çox əski kitabdır, satışdan tapa bilməzsiz, kimlərinsə kitabxanasında ola bilər. Qardaşlarım professor Seyfəddin Altaylı ilə Yaqub Öməroğlu da bu işdə mənə kömək edə bilmədilər.
Nə isə… Gələk mətləbə.
Kitabın 3-cü cildi belə adlanırdı: «Milli qurtuluş savaşımızda erməni və Rum sorumu». Və Doğan Avçıoğlu ermənilərin və rumların (yəni yunanların) Türkiyədə törətdikləri cinayətləri, soyqırımı dəqiq faktlarla göstərib.
Bizim söhbətimiz bu deyil.
Kitabda çox maraqlı bir məhkəmənin stenoqramı da dərc edilmişdi. Deməli, biləsiniz ki, 1923-cü ildən sonra Türkiyədə çox qəribə hadisələr baş verib. Ermənilərin bu ölkədə törətdikləri qətliamlara qarşı mübarizə aparan bir çox şəxslər cinayətdə ittiham olunaraq həbs edilmişdilər, onların bir çoxunu güllələdilər, bir çoxlarını uzunmüddətli həbsxanalara doldurdular, bəzilərini də adalara sürgün etdilər.
Və onlardan biri də Diyarbəkir valisi Rəşid paşaydı.
Rəşid paşa Parisdə oxumuşdu, doktor idi və Diyarbəkirdə öz vəsaiti hesabına xəstəxanalar tikdirmişdi və bu xəstəxanalar əhaliyə pulsuz xidmət göstərirdi.
Rəşid paşanı da həbs etmişdilər erməni məsələsinə görə. Çox təəssüf ki, kitab əlimdə olmadığına görə, stenoqramı olduğu kimi yaza bilmirəm. Amma yaddaşımda olanları qeyd edirəm.
Hakim:
- Siz doktorsunuz, öz hesabınıza şəfaxanalar açmısınız və həmin şəfaxanalarda insanları parasız müalicə edirsiniz. Bəs, necə oldu ki, sizin kimi humanist bir adam sürü-sürü erməninin qırımına yol verdiniz?
Rəşid paşa:
- Əvət, mən doktoram, amma öncə türkəm. Ermənilərin törətdikləri insanlıq dışı vəhşiliklərə göz yuma bilməzdim.
Hakim:
- Siz necə ağır cinayət törətdiyinizi etiraf edirsinizmi?
Rəşid paşa:
- Bəs, siz necə, ermənilərin törətdikləri qətliamlardan xəbəriniz varmı? Özü də təkcə Türkiyədə yox, Qarabağda, Şuşada bizim ana-bacılarımızın kürəklərində samovar qaynatdıqlarından bilginiz varmı? Qarabağda mənim ana-bacılarımın kürəklərində samovar qaynadırlar, mən də istəyirsiz seyr edərdim?!
Qısası, məhkəmə Rəşid paşa haqqında ölüm hökmü çıxarır: güllələnsin!
Həmin gecə Rəşid paşa həbsxanadan qaçır, gəlir evinə, belə bir məktub yazır. Və… «Mənim güllələnməm Türkiyə Cümhuriyyətinə lazımdırsa, mən cümhuriyyətin qanunlarından qaçmaram və güllələnməyə razıyam. Amma mən istəmədim ki, məni sizlər güllələyəsiniz. Sizlərin övladları var , torunları var, onların sizlərə görə heç bir günahı yoxdu. Mən istəmədim ki, gələcək nəsillər sizin övladlarınızın və torunlarınızın üzünə tüpürsün ki, onların babaları, dədələri Rəşid paşanı güllələyiblər. Sizlərin övladlarını və torunlarını bu açaldılmaqdan xilas etmək üçün özüm özümü güllələyirəm».
Rəşid paşa bu məktubu yazıb qoyur, sonra Doğan Avçıoğlu yazdığı kimi «kafasına kurşun sıkarak» özünü öldürür.
Rəşid paşanın ən böyük faciəsi güllələnməsi deyildi, ən böyük faciəsi o idi ki, gələcək nəsillər ona güllələnmə hökmü çıxaranların övladlarına və torunlarına tüpürmədilər. Onların övladları və torunları da sonralar rəşidpaşaların övladlarını və torunlarını ya güllələdilər, ya da zindanlarda çürütdülər.
Qəribədir ki, belə bir qeyrətli türk oğlu haqqında vikipediyada da məlumat yoxdur