Məşhur bir lətifə var. Bir kişi qonşu kənddən bir arvad alır, sonra da alır atının tərkinə, üz tutur öz kəndlərinə. Bir az getmiş at xoşagəlməz bir iş görür, kişi bərk hirslənir:
- At, bu bir!
Bir az gedirlər, at yenə də xoşagəlməz işini təkrar edir.
Kişi yenə bərk əsəbləşir:
- At, bu iki!
Yenə düzəlir yola, öz kəndlərinə çathaçatda at yenə sarsaqlayır. Kişi arvadı da atdan düşürür, özü də düşür və deyir:
- At, bu da üç!
Sonra xəncəri çıxarıb soxur atın ürəyinə. Arvadı təəccüblə soruşur:
- Ay kişi, atı niyə öldürdün?
Kişi çəp-çəp arvadına baxıb deyir:
- Arvad, bu bir!
Oktyabrın 10-da Paşinyan dünya liderlərinə yalvarandan sonra Azərbaycan humanitar atəşkəsə razı oldu. Yəni bu humanitar atəşkəs də keçicidi, əsas məqsəd də tərəflər döyüş meydanındakı həlak olmuş əsgərlərini götürsünlər. Və bir də əsirləri dəyişsinlər.
Yəni Azərbaycan imkan verdi ki, Ermənistan cəbhədə ölən əsgərlərinin meyitlərini gəlib aparıb versin valideynlərinə və dəfn eləsinlər. Amma Paşinyana öz əsgərlərinin meyitləri lazım idimi?! Qətiyyən! Əvvəla, o qədər əsgər itirib ki, o meyitləri daşıyıb Ermənistana aparsalar Paşinyanın itkilərlə bağlı verdiyi statistikanın nə qədər yalan olduğu üzə çıxacaqdı. İkincisi, onsuz da orduda fərarilik baş alıb gedir, erməni anaları övladlarını Qarabağa göndərmək istəmir, səfərbərliyin qarşısında üsyan edirlər və sair və ilaxır. Paşinyan sadəcə nəfəs almaq istəyirdi ki, ordusunu yenidən döyüşə hazırlasın. Amma fürsətdən istifadə edib qəfilçi it kimi humanitar atəşkəs elan olunandan iki saat sonra Gəncəni, Mingəçeviri yenidən uzaqmənzilli raketlərlə vurdu. Nəticədə Gəncədə 14 nəfər həlak oldu, 40-dan çox insan yaralandı, azyaşlı uşaqlar həlak oldu.
Eləcə də təmas xətti boyu yerləşən Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayılın kəndlərinin dinc əhalisini ağır artileriya ilə, minaatanlarla və raketlərlə vurmağa başladı. Yenə dinc sakinlər həlak oldu, yüzdən çox yaşayış evi (elə mənim doğulduğum Ağcabədi rayonunun Bayat elinin Hacılar kəndində 30-dan artıq ev dağılıb) və neçə-neçə ictimai bina, məktəb və bağça yararsız hala düşdü.
Təbii ki, Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri bu vəhşiliyi cavabsız qoya bilməzdi. Ona görə də dedilər:
- At, bu bir!
Atı Paşinyan kimi oxuyun, atlar məndən inciməz.
Paşinyanın atəşkəsi pozması Ermənistan silahlı qüvvələrinə baha başa gəldi. Yüzdən çox texnikası məhv edildi və nə qədər texnikası da savaş qəniməti kimi ələ keçirildi. Döyüş meydanında yüzlərlə meyiti qoyub qaçdılar. Füzulinin, Cəbrayılın, Hadrutun onlarla kəndi işğaldan azad olundu.
Ayın 17-si gecə saat 1-də Ermənistan silahlı qüvvələri yenidən Gəncəni və Mingəçeviri uzaqmənzilli raketlərlə atəşə tutdu. Bu raketlərin bir neçəsi Hərbi Hava Qüvvələrimiz tərəfindən zərərsizləşdirildi. Amma yenə Gəncəyə düşən raket 13 dinc sakinin ölümünə (aralarında körpələr olmaqla) və onlarla insanın yaralanmasına səbəb oldu.
Bundan sonra Paşinyan öz ordusunun müzəffər Azərbaycan əsgərlərinin qarşısında davam gətirə bilmədiyini görüb yenidən kimlərinsə dabanlarını yalayıb yalvardı ki, Azərbaycan atəşkəsə razılaşsın.
Azərbaycan ikinci dəfə humanitar atəşkəsə razılaşdı. Amma Ermənistan yenə sözünü tutmadı cəbhə boyu rayonlarımızı, şəhər və kəndlərimizi, dinc əhalimizi ağır artileriyadan, raketlərdən və minaatanlardan istifadə etməklə atəşkəsi pozdu. Təkcə Tərtər şəhərinə və kəndlərinə indiyədək on mindən artıq mərmi düşüb. Elə mənim doğulduğum kəndə düşən mərmilərin sayı 300-ü keçib. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə:
- At, bu iki! (yəni Paşinyan, bu iki!) – deyib yenidən əks-hücuma keçdi və Füzuli şəhərini işğaldan azad etdi. Elə həmin gün ayın 18-də başlanan əks-hücum nəticəsində Cəbrayıl rayonunun 13 kəndi erməni işğalçılarından təmizləndi. Tarixi Xudafərin körpümüz azad edildi, Azərbaycan Bayrağı qaldırıldı və sərhədçilərimizin ixtiyarına verildi.
Bütün cəbhə boyu Kəlbəcər istiqamətindən Murovdan tutmuş Zəngilanadək, Qubadlıyadək ordumuz döyüş əməliyyatlarını davam etdirir.
Tezliklə Silahlı Qüvvələrimizin müzəffər əsgərləri Paşinyana:
- AT, BU ÜÇ!- deyib müqəddəs bayrağımızı Şuşaya sancacaq.
Tanrı əsgərlərimizi qorusun!
Tanrı Ali Baş Komandanımız İlham Əliyevi qorusun!