Azərbaycanda igid oğullar haqqında belə deyirlər: «Qurd ürəyi yeyib». Təbii ki, bu türklərin Qurda tapınmasından və Qurddan törəməsindən irəli gəlir.
Təxminən 79-80-ci illər idi. Ağdamda bir qəribə cinayət işinin şahidi oldum. İşi tələbə dostum, prokurorluğun müstəntiqi Abbas Abbasov aparırdı. Cinayət işini verdi ki, al oxu, heç bilmirəm neyləyim.
Abdal-Gülablı kəndindən Abbasov soyadlı (təəssüf ki adı yadımdan çıxıb, görün üstündən neçə illər keçib) bir ovçunu həbs etmişdilər. Dəqiq hansı cinayətə görə həbs olunduğu da yadımda deyil, çoxlu da fotoşəkillər vardı. Qəribə olan nədir?
Heç demə, bu ovçu indiyədək 56 canavar vurubmuş. Sovet hökuməti o vaxt vurulan hər canavara görə ovçulara 50 manat mükafat verirdi…
… İndi canavar gəlsin, qoyun-quzunu aparsın, vursan, cərimə olunarsan…
… Tülkünün, çaqqalın da qiyməti vardı. Deyəsən, tülkü 30 manat, çaqqal 40 manat. Ən bahalısı isə canavar idi. Bəli, bu Abbasov 56 canavar vurubmuş. Deyəcəksiniz burda qəribə nə var ki?
Var.
Məsələ ondadır ki, bu Abbasov vurduğu canavarların ürəyini çıxarıb kabab bişirir və onu oğlanlarına yedirdirmiş ki, Qurd ürəkli olsunlar. Övladlarının şəkilləri də var cinayət işində. Yəqin ki, Atatürkün, eləcə də Alparslan Türkeşin şəkillərini çox görmüsünüz: Qurda oxşayırlar. Həmin Abbasovun oğlanları da Qurda oxşayırdılar.
Abdal-Gülablı Müşfiq Abbasov da iki oğlunu götürüb Vətən müharibəsinə yollananda onların şəkilləri mənə doğma gəldi. Və yadıma həmin hadisə düşdü. Və mənə elə gəldi ki, onlar həmin Ovçu Abbasovun nəslindəndirlər. Təbii ki, bunu araşdırmağa imkanım yoxdu.
Dostum , 44 günlük müharibədə savaşın ən isti yerlərindən reportajlar yazan, Murovdan tutmuş Cəbrayıladək bütün döyüşlərin canlı şahidi və hazırda Ağdama buraxılmayan Səxavət Məmmədə telefon açdım. Xahiş etdim ki, bunu araşdırsın. Bildirdi ki, həm şəhid Müşfiq Abbasovu, həm də onun övladlarını çox yaxşı tanıyır və onlarla əlaqə saxlayar.
Ola bilər ki, mən səhv edirəm, Müşfiq Abbasov və oğlanları Ovçu Abbasovun nəslindən deyillər, amma hansısa Qurd ürəyi yemiş bir kişinin nəslindəndirlər.
Necə ki 3 min şəhidimiz Qurd ürəyi yemiş kişilərin nəslindəndi, eləcə də qazilərimiz.
Yadımdadır, Birinci Qarabağ savaşında qəhrəmancasına vuruşan oğullarımıza Boz qurd deyirdilər…
… İkinci Qarabağ savaşında, Vətən müharibəsində də bu torpaq uğrunda, bu dövlət, bu millət uğrunda ölümə gedən igidlərimiz də Boz qurd işarəsi göstərirdi…
… Ermənilərin isə bir generalı vardı, ləqəbi «Səhra tülküsü» idi.
O vaxt belə bir şeir də yazmışdım:
Tülkülər də qəh-qəh çəkir Boz qurda.
Amma qəh-qəh çəkə bilmədilər. Qurd ürəyi yemiş bozqurdlarımız o səhra tülkülərini çıxdıqları deşiyə qədər qovdular.
Bu xalq Qurd ürəyi yemişlərin nəslidi.