Qardaş Türkiyə ən çox terrora məruz qalan ölkədi, xüsusilə şərq bölgəsində. PKK terrorçuları təkcə əsgər qışlaqlarına, jandarm şöbələrinə deyil, dinc əhalinin yaşadığı kəndlərə də hücum edir, onlara tabe olmayanları güllələyir, xüsusilə də tikinti-quruculuq işləri aparanları, yol çəkənləri, məktəb tikənləri öldürürlər.
Dostum Fazil Mustafa Kəlbəcərdə diversantlar tərəfindən törədilmiş terrorla bağlı özünün müəyyən təkliflərini irəli sürüb. Həmin yazını bugünki saytımızda və sabahkı qəzetimizdə dərc edəcəyəm deyin bu barədə danışmaq istəmirəm.
Mən başqa bir məsələyə toxunmaq istəyirəm. Uzun illərdir Türkiyədə PKK-nın fəallıq göstərdiyi bölgələrdə «Köy qorucuları» deyilən qruplar yaradılıb. Bu köy qorucuları rəsmi olaraq dövlət tərəfindən avtomatlarla silahlandırılıb. Bunlar nə əsgərdi, nə də jandarm. Bu köy qorucuları çobandı, müəllimdi, əkinçidi, biçinçidi və sair və ilaxır. Və mətbuatı izləsəniz tez-tez köy qorucularının da PKK ilə atışmada şəhid olduğu xəbərləri ilə rastlaşarsınız.
Və ən maraqlısı da budur ki, həmin bölgələrdə əsasən kürd əsilli əhali yaşayır. Və bu kürdlər PKK ilə ölüm-dirim savaşına çıxırlar öz dövlətləri naminə. Çünki çox yaxşı bilirlər ki, PKK kürd xalqını təmsil eləmir, hansısa xarici dövlətlərin və siyasi qüvvələrin maliyyələşdirdiyi və öz məqsədləri üçün istifadə etdiyi bir təşkilatdır.
İndi Qarabağda bərpa işləri görülür və yaxın gələcəkdə əhali öz doğma yurd-yuvalarına, kəndlərinə qayıdacaqlar. Və heç kim zamin dura bilməz ki, ermənilər diversiyalarından, terrorlarından əl çəkəcəklər. Onlar əhalini qorxu içində saxlamaq üçün hər vasitəyə əl atacaqlar. Yaxşı olar ki, qardaş ölkədən nümunə götürərək sərhədlərimiz tam bərpa olunana qədər bizdə də köy qorucuları yaradılsın. Bu həm ermənilərlə həmsərhəd olan kəndlərimizin əhalisinin əmin-amanlıqda yaşamasına, həm də sərhəd qoşunlarımıza, eləcə də Müdafiə Nazirliyimizə az-çox yardımçı olar.
Düzdür, Türkiyədə köy qorucuları maaş da alır, amma Birinci Qarabağ savaşında kəndlər belə təşkilatlanmışdılar, ermənilərlə dör-dör döyüşürdülər, özü də maaşsız-filansız.
Az-çox maaş da versək, lap gözəl olar.