adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Poetik duyğuların həzin melodiyası

MƏMMƏD DƏMİRÇİOĞLU
37892 | 2014-09-06 01:10
Səhra rəngi - sarı təkcə xəstəliyi, hüznü, solğunluğu-xəzanı, ölümü yox, həm də bərəkəti, var-dövləti, dözümü görsədir, başqa sözlə, ilk baxışda göz ağrıdan monoton sarılığı istedadlı şair-rəssam (yeri gəlmişkən, ruslar görkəmli sənətkarlara məhz belə deyirlər) mənalandırmağı, daha doğrusu, çoxları üçün mövcud olmayan reallığı, gerçəkliyi - mənanı, məntiqi tutmağı bacarır. Göz işlədikcə uzanıb gedən sakit-dalğalı dənizə, taxıl zəmisinə, ucsuz-bucaqsız yaşıl meşəyə, qarlı düzə, əngin səmaya baxıb, bundan ilhamlanıb gözəl şeir yazmaq mümkün olduğu kimi, ilk baxışda adama zəhm oturan səhra da bədii yaradıcılıq üçün mənbə ola bilər. Çoxlarına bu, sadəcə olaraq müşkül, bəlkə də mümkünsüzdür, istedadlı şairinsə diqqətini çəkir.
Səmum yelindən - qum fırtınasından əvvəl səhrada gözəl, son dərəcə melodik avaz eşidilir, hətta ona aludə olub həyatını təhlükə qarşısında qoyan bəzi sadəlövhlər haqqında söhbətlər də eşitmişik. Çiçəklər bağçadan daha çox səhrada qiymətlidir - yayda qar, şimal qütbündə isti hava, qızğın döyüşdən salamat çıxmaq kimi. Sərt, mətin, dözümlü olduğundan səhra gülləri həm də möcüzədir - insan həyatı, poeziya kimi. Dəvələr, saksaul kolu, oazisdəki çiçəklər çətin ki, kimisə laqeyd qoysun. Səhra - boşluq, kasadlıq, yeknəsəklik yox, intəhasızlıq, monumentallıq, sonunda, yaxud içərisində həyat çağlayan"abi-heyvan" olacağına sarsılmaz inamla addımlayan, ləngər vuran səyyah, karvan üçün unikal həyat mərhələsidir, burada əqidəli, imanlı və ağıllılar mənzil başına - əcəl fürsətinə çata bilərlər. Məşhur "Karvan" simfonik lövhəsi poeziya, təcviri sənət və musiqinin son dərəcə üzvi vəhdətidir, təfərrüata varmadan bu əsərin yüksək bədii örnək olduğunu qeyd eləmək yerinə düşərdi. Bir mahnıda deyildiyi kimi, "Təbiətdə pis hava yoxdur", digər aforizmdə pis hava olmasaydı, bəşəriyyətin yarısının lal qalacağı bildirilir; fikir müəyyən mənada həm də iqlimə aiddir(əslində hava-iqlim arasında yer-göy fərqi yoxdur); eskimosların tropik qurşaqda yaşaya bilmədikləri kimi, bədəvilərin də deyək ki, Qrenlandiyada balıq ovu ilə məşğul olması hələ ki, ağlasığmazdır - adaptasiya asan olmur. Həyat səsdən, sözdən, rəsmdən - musiqidən, poeziyadan, təsviri sənətdən ibarətdir, musiqi duyumu, rəng-çalar seçmək qabiliyyəti və poetik zövq əsasdır, bütün yerdə qalanlar - təkərin kəşfindən tutmuş ən müasir-ultra silahlara, elmi ixtiralara qədər hamısı köməkçi ünsür-vasitədir, maraqlıdır ki, bütün, ya da əksər adamlar bu üç sənətə maraqdan qaça bilmirlər.
Azərbaycan poeziyasının ən dolğun örnəkləri içərisində çox zaman müəlliflərin savadından, erudisiyasından asılı olmadan - Ələsgərsayağı - təsəvvüflə səsləşmələrə rast gəlirik, hətta dərhal mərhum Ağamalı Sadiq Əfəndini xatırladan, mümkündür ki, müstəqil ədəbi-portik janr olmaq ərəfəsinə yaxınlaşan qımqımılarda - həzin-sərt narahatlığın, gileyin, qayğının bədii ifadəsi kimi ananın, gənc qızın - sevən ürəyin hərarətli-toxdaq çırpıntılarını bildirən, bundan xəbər verən unudulmaz anların təqdimində də bunu sezmək mümkündür.
Dilimizin qrammatik qaydalarına görə, şəxs əvəzliklərinin gen-bol işlənməsinə ehtiyac yoxdur; "gedirəm", "şeir oxuyur" və s. ifadələrdə mən, "o" sözləri çox da vacib deyil, necə ki, "səni sevirəm" cümləsində birinci şəxsin təkindən başqa əvəzliyin təsəvvür olunması mümkün deyil.

Dərdindən öldüm, öyün,
Ürəyim, mənsiz döyün.
Karvanam, yerin-göyün
Keçirəm arasından,

- misralarında Ramiz Rövşənlə, Salamla, müəyyən məqamlarda hətta Məmməd Arazla səsləşən

(Budaqda qarğa dördgöz, marıqda qırğı quldur,
Qasırğa hədəfində qumru yuvası qurdun,

- tipli misraları xatırlayaq) duyğuları qryd eləmək olar, maraqlıdır ki, burada səhra, ümumiyyətlə, yerlə göy arası kimi təqdim edilir. Leonardo da Vinçi, Mişel Monten, A.S.Puşkin, Toğrul Nərimanbəyov, Adil Mirseyid və s. - xronologiya, populyarlıq, istedad, ümumiyyətlə, qabiliyyət prinsipi gözlənilməyən bu sadalamada bircə prinsip var - musiqi, rəng, söz vəhdəti. Bura Vaqif Səmədoğlunu, Hacıbaba Hüseynovu, neçə-neçə digər istedadlı insanları da əlavə eləmək olar, hələ yüz əlli ildən çox bundan əvvəl "Guş qıl..." kimi müxəmməs yazmış Seyid Əzimi demirik.
Mövlana Cəlaləddin Rumi deyib: "Söz libasdır, məna - onun altındakı sirr". Bir də deyib ki, dərd Rəbbini gizlicə çağırmağına səbəb olduğundan bütün dünya malından daha yaxşıdır. Haqqında danışacağımız şairin poeziyası öz səmimiyyəti -
Səhraların qumları tökülür qaş-gözümdən;

Bu gecə dilimdəsən,
Sözüm ilə yatacam;
Səhra çiçəyinin son arzusu tək
Yağaydı göylərdən son arzu - su tək;
Səhərə salavatdır
Ana dilli nəğmələr;
Dilimi anlayan yox adamlar ölkəsində (müq. et: Dərdimi kimə deyim, dünya dolu adamdır - Rəsul Rza) və s., təvazökarlığı -
Qorxur adam adından
Fildən qarışqayacan;
Ömür bir kor öküzdü,
Döyürəm göz-başına;
Susanda laldı dilim;
Ölümsüzdü çiçəklər,

Solan yerdən bitəndi (müq. et: Dərd əlindən yarpaqlayan, Təzə pöhrə olan qapım - Ramiz Rövşən) və s. etirafları -

Üstümdə ağlayan gözdü ürəyim;
Yaddan çıxmış namə tək
Gedib-gələnə qaldım;
Şamaca oxşayıram

Bir əkiz-qoşam kimi;
Hər quş öz dilində salam söyləyir
Açılan sabahın gül camalına;
Sevincimi özüm yedim,
Dərdimlə ana dotdurdum;

Ömür macalının az vaxtındayam və s. bəzən də ifrata varması, mübahisəli metaforaları və bədii sualları -

Baltadan sıçrayan yonqar dilimlə
Bayatı deyirəm sənə, ey fələk;
Könül, qanlar çiçəklədin,
Çatlayan nar oldunmu heç?;
Ömrün harasındayam?;
Yağış - bulud ahıdır (bəlkə əksinə?..);
Dəmir qəfəsdə inlər,

Mərdim kimə gərəkdir - və s. ilə ciddi maraq doğursa da, artıq bu, qu quşu, durna, şam, pərvanə və b.k. digər obrazlardan uzaqlaşmaq vaxtının çatdığının da etiraf edilməsidir.
Dilə bələdlik, sözlə "oynamaq", ancaq "cızıqdan çıxmamaq" poeziyada çətin olduğu qədə də vacib və qaçılmazdır, bura yumor hissini, hazırcavablığı, lakonikliyi və ümumiləşdirmə qabiliyyətini də əlavə eləmək olar. İstedadlı tənqidçi Rüstəm Kamalın Məmməd Dəmirçioğlu haqqında yazdığı "Şair səsləri sahmana salıb yerbəyer edə bilir" fikri mübahisəli deyil, ən azı ona görə ki, istənilən poetik fakt özü-özlüyündə sənətkarın bədii potensialından (bəlkə də potensiyasından) xəbər verməklə eyni zamanda nə qədər paradoksal səslənsə belə həm də bəzən özünü məhdudlaşdırmağa da apara bilir, bu mənada, ümumiyyətlə, alliterasiya, assonans sadəcə qəbuledilməzdir - poeziyanın dili milli, mahiyyəti beynəlmiləl olduğundan.
Sürətlə getdiyin yerdə birdən əyləci sıxan sürücü maşının çıxardığı tükürpərdici səsi - qəfil güclü zərbə yemiş itin zingiltisinə, yaxud təzəcə açılmış yaranı çiçəyə, hətta lap manpasıya oxşatdığı kimi, şair Məmməd Dəmirçioğlunun poeziyasını daha çox (mümkündür ki, rəssamlığından gələn) genişliklə, sonsuzluqla, hüdudsuzluqla müqayisə eləmək olar, bəlkə buna görə onun şeirlərində səhra, allah, payız, ölüm, dağ, arı obrazlarına tez-tez rast gəlirik. "Payız durnalarına" kimi şeirlərində kompaktlığı ilə diqqəti çəkən

Dostu ara dar gündə,
Güllü bağlar içində,

- misralarındakı həyatın sarsıntılı gerçəkliyini duymamaq olmur. Onun şeirləri bitkin poetik məntiqlə, bədii dolğunluqla zəngin olsa da, əksər deyimləri, metaforaları, məcazları ayrılıqda da tam sərbəst, azad və müstəqil təsiri bağışlayır; Üzeyir bəy haqqında, gərək ki, Tixon Xrennikovun dediyi "Koroğlu"da iki-üç operaya bəs olan qədər zəngin musiqi var" fikrini Dəmirçioğlunun "Səhra gülləri" kitabında toplanmış əksər bədii təsvir vasitələrinə də aid eləmək olar (istedadlı kinorejissor Tahir Əliyevin sərhədçilər haqqında çəkdiyi sənədli filmlərdən biri "Səhra gülü" adlanır):
Mat ürəklər çat eylədi;
Kəl ömrü saldım şuma;
Əliboş ovuclarım;
Gecəmə yağan yağış - kimi.

İnsan ağlına, şüuruna, ürəyinə, kimliyindən asılı olmadan İNSAN varlığına sarsılmaz inam əslində şairlə intuitiv yaranan assosiasiyalardır, bu mənada

Mələklər biz özümüzük,
Özümüzü tapa bilsək.

Dəmirçioğlunun şeirlərində (yaradıcılığında hələ ki, irihəcmli əsərlərə rast gəlməmişik) onun rəssamlığı birbaşalıqla bərabər həm də obrazlı şəkildə duyulur, panoram ovqatının rəngi, belə demək mümkünsə, sarıdır.
Dəmirçioğluyam, öldür meydanda, Bir ucuz ölümlə öldürmə məni - misraları bədii cəhətdən çox uğurlu olmasa da, Nəbati fəlsəfəsini xatırladır, artıq qeyd elədiyimiz kimi, şairin yaradıcılığında zəngin təbii-obrazlı deyimlər eyni zamanda Şərq təsəvvüf təliminə yeni poetik yanaşma, orijinal ifadə bolluğu və sərbəstliyi ilə çox maraqlıdır, bu poetik mənalandırma ustalığı istər-istəməz adamı hətta "səhra gülləri" ifadəsinin özünün də birbaşalıqdan başqa məna kəsb eləməsi qənaətinə də gətirir, yəni ilk növbədə insan, daha sonra bu "sarı okean"ın harasındasa qərar tutmuş "yaşıl ada" , zınqırovlu-ləngərli-gövşəkli-yarıyuxulu karvan.
Kasıblıqla böyümüş qız uşağının abırlı-imkanlı ailə tərəfindən alınan ilk cehizlik paltarının sevincindən indiyəcən bəlkə heç vaxt düz-əməlli, şax baxmayan gözləri qeyri-adi sevinclə parıldayanda adamın ürəyi xarab olan kimi, istedadlı (qoy hamı qəbul eləməsin, eybi yox) şair yaradıcılığının mahiyyətcə təkcə poetikadan ibarət olması, başqa sözlə, ədəbi-bədii yaradıcılıqdan bəhs eləmək olması, əsas "nə"yin yox, "necə"nin oxucuya təqdimi son dərəcə həssas və mənəvi zənginliyin, obrazlı - mütəhərrik təxəyyülün göstəricisidir.
İlhamlı şairə, nəcib xeyriyyəçi Natəvanın nəfis əl işləri, bəstəkar Arif Məlikovun, akademik Kərim Kərimovun rəsmləri, karikaturaları ilə bir sırada şair Məmməd Dəmirçioğlunun nəyə görəsə - bəlkə də yuxarıda qeyd elədiyimiz sufi-təsəvvüf qaynaqları ilə bağlı olduğundan - orta əsrlər qiyafəsində təsvir elədiyi obrazlar - sevgililər, mütəfəkkirlər, mənəvi kamilliyi özlərinə yaşam tərzi seçmiş aqillərlə bərabər, səmada qatarlanan durnalar, sevgili qu quşları, "badi-səbadan qeyri" heç nəyin açmadığı qapılar, "yaşaması-yanmasında" olan şam, pərvanə şairi müasir həyatdan, gerçəklikdən heç də uzaqlaşdırıb geri - keçmişə aparmır, əksinə, klassik poetik ənənələrə yeni, bənzərsiz əlavələrlə oxucuları tam fərqli, özünəməxsus deyim tərzinə malik sənətkar dünyası ilə tanış eləyir. Dəmirçioğlunun bir çox şeirləri ("Etüd", "Payız", "Dəvə karvanı", "Dərd", "Pərvanə inadı", "Çiçəklər", "Sükutun səsi", "Göy üzü çiçəklədi" və s.) rəssamlıqla, başqaları ("Bu dünya bir ilğım imiş", "Ağlaya-ağlaya gülün", "Bir görün məni neylədi", "Ölüm var", "Alın yazısı var ikən", "Gəldim gördüm bu dünyanı", "Bir allahın eşqinə", "Min illik yol", "Şaman duası" və s.) irfan poeziyasının örnəkləri kimi ilk baxışda adları, daha çox isə mahiyyəti, bədii mündərəsəsi və poetik ruhu etibarı ilə narahat şair dünyasının qütb soyuqqanlılığından daha çox ekvatorial iqlimindən - hərarətli təbiətindən xəbər verir.

VAQİF ƏJDƏROĞLU

Məmməd Dəmirçioğlunun
təqdimatında

TƏQVİM / ARXİV