ANA SƏHİFƏ / YAZARLAR

DİLİM-DİLİM OLASAN, DİLİM…

(Dilqəmdəki dili demirəm)

160110    |   2016-05-26 14:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aqil ABBAS



Əlimdə «Aydın yol» qəzeti var. Xoşladığım qəzetlərdən biridi, maraqlı qəzetdi, izləyirəm. Qəzetdə son zamanlar «Azərbaycan dilinin orfoqrafiya lüğəti»ndən çıxarılan sözlərin təsnifatı verilir. Çox gözəl. Dilimizə yad olan, dilimizə yatmayan, dilimizə yamaq olan sözlər çıxarılsın və dilimiz təmizlənsin. Amma necə?

Təəssüf ki, əvvəlkilərlə maraqlanmamışdım, amma 13 may nömrəsində çıxarılan sözlərə diqqət göstərdim. Vaxt olsa, çalışıb əvvəlkilərə də nəzər salacam.

Türkiyə Cümhuriyyəti qurulandan sonra qardaşlarımız bir Dil qurumu komitəsi yaratdılar. Bu komitə türk dilində işlədilən ərəb və fars sözlərini birmənalı olaraq atdı bayıra və yerinə bir qurama, özü də dilə yatmayan sözlər gətirdilər. Və bir də həmin ərəb-fars sözlərini fransız (xüsusilə fransız), ingilis və digər Avropa xalqlarından alınan sözlərlə əvəzlədilər. Gül kimi türk sözü olan «sağ ol»u «mersi», «bağışla» əvəzinə «pardon», təmiz türk sözü olan və özü də ilk dəfə türklərin icad etdiyi «şalvar» sözünü «pantolon»», «dəllək» sözünü «küraför» və s. və ilaxır, at gəldi örkən apardı. Hələ bir gülməlisini də deyim, «yeməkxana»nın adını dəyişib «insanotlaqqaç» qoymuşdular. Sonra dilə oturda bilmədilər. Bir sözlə, dilin anasını ağlatmışdılar və elə ağlaya-ağlaya da qalıb. İndi bir türk gənci əsrin əvvəllərindəki yazıçı və şairləri, ya tarixini oxumaq istəsə gərək lüğətdən istifadə eləyə. Halbuki müəyyən sözləri digər türk dillərindən götürə biilərdilər. Və həm də türk dilinə olan bu zərbə Türkiyə türklərini bizlərdən, tatarlardan və eləcə də digər türk xalqlarından xeyli ayırdı.

İndi deyəsən biz də başlamışıq həmin yolu getməyə. Dilimizdəki ərəb-fars sözlərini atırıq tarixin arxivinə. Əslində bu sözlərin çoxu day ərəbin, farsın deyil. Çoxdan öz yerində oturub və belə demək mümkünsə, özümüzünküləşib, türkləşib.

İndi Orfoqrafiya lüğətindən çıxarılan (hələ mənim gördüyüm siyahıdan danışıram) müəyyən sözləri diqqətinizə çatdırıram.

«Çəpiklik». Dostlar, Azərbaycan dilində «çəpik» sözü var, özü də ərəb-fars sözü deyil, təmiz türk sözüdü, çünki hərəkət bildirir. Dilimizdə hərəkət bildirən bütün sözlər, bildiyimiz kimi, türk sözləridi. «Cəld» sözünə sinonimdi. Amma «cəld» sözündən də bir qədər fərqlənir həm də. «Filankəs çəpik adamdı». «Əsgər döyüşdə elə bir çəpiklik göstərdi ki, sərkərdə də heyran qaldı». Yəni bu «çəpik» sözü kimin yerini dar edir ki?

Və yaxud «çıqq» sözü. Əslində «çıqq» sözü də hərəkət bildirir. «Nə təhər təpindilərsə çıqq da eləyə bilmədi», «çıqqırını çıxara bilmədi».

«Cırıldatma» sözü. «A bala, qapını cırıldatma». İndi onun əvəzinə nə deyəcəyik?

«Çıtır-çıtır». «Ocaq çıtır-çıtır yanırdı». Xahiş edirəm, bu sözü lüğətdən çıxaranlar bu cümləni düzəltsinlər, mən də savadlanım.

«Budalama», «budalamaq». İndi ağacı, gülü, təhəngi budalamayaq, deyək ki, qılınclayaq?

«Bezikdirici». «Çox bezikdirici adamdı», «Bir bezikdirici filmə baxdım», «Bu söz-söhbət məni lap bezikdirdi». İndi bu cümlələri də düzəldin, xahiş edirəm. Bu misalları çox çəkə bilərəm.

"Hələ kef sonradı ey. «Dilqəm» sözünü də çıxarıblar. Özü də özü erməni əsirliyində ola-ola. İndi biz beynəlxalq aləmə onun adını necə təqdim edəcəyik. Məşhur "Dilqəmi" aşıq havasını necə adlandıracağıq?

Söhbət öz evlərinə getdiyinə görə ermənilərin ömürlük həbs cəzası verdiyi Dilqəm Əsgərovdan gedir.

«Dilruba» sözü. «Bir dilrubanın eşqinə». İndi bunu necə deyəcəyik, «əndamı yanmışın eşqinə»?

«Dilşad». Azərbaycan dilində nə qədər Dilşad adlı adam var, indi bunları necə çağıracaqlar?

«Dış». «Dış» nə vaxtdan ərəb-fars sözü olub ki? «Dış, dışarı». «A bala, bir dışarı çıx gör bizim inəklər gəlməyib», «Dışarıda bir şaxta var». Deyərsiz «çöl» sözü var, «bayır» sözü var. Bunlar hamısı sinonim sözlədi, və hər birinin dildə oturduğu bir yer var.

«Bənövşəli». Bu söz kimin yerini dar edib ey? Adını lüzumsız söz qoyublar. İndi bənövşəli bağlara, çöllərə nə deyəcəyik, bənövşəsiz?

«Bit-birəsiz» və yaxud «bitsiz-birəsiz». Bunu hansı sözlərlə əvəz edəcəksiniz?

«Binəli». Özü də indiki vaxtda bu adı Orfoqrafiya lüğətindən çıxarmaq?.. Türkiyə ilə bizim aramızı vurmaq istəyirsiniz? Kişini srağagün Türkiyədə AKP-nin genelbaşkanı və başbakan seçdilər. Xətrinə dəyməz?

«Bildirçinbaz» lüzumsuz sözdür ki, qeyd ediblər. Balam, «quşbaz» olar, «qumarbaz» olar, «arvadbaz» olar, «bildirçinbaz» olmaz?

«Cızığındançıxma», «cövlanetmə», «civ-civetmə», «cırtdanboylu», «cırtqozluqetmə». Burda fellər niyə bitişik yazılır, onu hələ bilmirəm, day bundan sonra cövlan etməyəcəyik, cızığımızdan çıxmayacağıq, cırtqozluq etməyəcəyik və bunlar xoşuma gəldi. Day onsuz da bunları edə bilmirik. Bu cırtdanboyluya nə deyəcəyik ey? Olar, sərçələrə deyərik civ-civ eləməzlər, qarğa kimi qarıldayarlar.

Dialekt və ara sözlərini də lüğətdən çıxarırlar. Məsələn, deyək ki, «bağır-öfkə», yuxarıda da bir-ikisini yazmışdım. «Qorxusundan bağır-öfkəsi ağzına gəldi». İndi əvəzinə deyəcəyik ki, «ürək-ağciyəri ağzından gəldi»? «Öfkə» «ağciyər» sözünün sinonimidi .

Zaman-zaman şair və yazıçılarımız dialekt olan müəyyən sözləri ədəbi dilə gətiriblər və həmin sözlər də yaşam haqqı qazanıb. Bu cümləni başqa cür yazmaq istəyirdim, fikirləşdim deyəcəyim sözləri də çıxartmış olarlar biabır olaram.

Məsələn, Səməd Vurğunun dilə gətirdiyi dialekt sözlərdən ikisini misal çəkim. «Sayrışmaq», «sanballı» və «şütümək». Belə sözləri axtarsam çox taparam, intəhası («intəhası»nı çıxarmamısınız ki?) vaxt və həvəs.

Xeyli də terminlər çıxarılıb. Terminlərdən ümumiyyətlə, istifadə etmirəm, yazılarımda da çalışıram istifadə etməyim. Ona görə də terminlərdən bir söz deyə bilmərəm, amma termin çıxarılırsa dilçilərimiz həmin termin əvəzləyici sözü tapıb yerinə oturtmalıdır.

Dili kasıblaşdırmaq lazım deyil ey, zənginləşdirmək lazımdı. Dil manat deyil ki, devalvasiyaya uğraya. Həm də sözü dildən çıxarmaq çox asandı, evi uçurmaq asan olan kimi. Evi uçurtmazlar ey, çətin də olsa tikərlər. Dili də fəqir-füqəra (bunu da çıxarmamısınız ki?) gününə salmazlar. Dili zənginləşdirərlər.

Day yoruldum. Çalışıb o biri çıxarılan sözlərlə də bağlı müəyyən fikirlərimi söyləyəcəm. Təbii ki, vaxt tapanda.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-03-29
2017-03-28


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK