ANA SƏHİFƏ / YAZARLAR

QAFQAZ ƏVƏZOĞLUNUN VƏTƏN HƏSRƏTİ

11018    |   2012-11-13 00:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncə oxuculara bu müəllifi - Qafqaz Əvəzoğlunu tanıtmaq istəyirəm. Bir neçə şeir və publisistika kitablarının müəllifi olan Qafqaz Əvəzoğlu 1954-cü ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuşdur. Uzun müddət Daxili İşlər Orqanlarında çalışmış, Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə əlaqədar QUBADLI, Laçın, ZƏNGİLAN, Cəbrayıl, Füzuli rayonlarının erməni hərbi birləşmələrindən azad və müdafiəsi uğrunda döyüşlərdə və əməliyyatlarda fəal iştirak etmişdir. Müharibə veteranıdır.
   
   O, Sumqayıtda yaşayır. Yeri gəlmişkən deyim ki, müxtəlif rayonların gəlmələrindən təşkil olunan Sumqayıtda yaşayan qubadlılar say etibarilə digər rayonların gəlmələrindən daha çoxdular. Qubadlıda olmamışam. Onu bilirəm ki, Qubadlı ədəbi mühiti deyilən bir anlayış var. Mənim şəxsən tanıdığım qələm sahiblərindən Elbrus Şahmar, Tariyel Cahangir, Famil Süleymanov, Mürvət Qədimoğlu, Qafqaz Əvəzoğlu bu ədəbi mühitin yetirmələridir. Bir gözəl şairi-Əliağa Aslanı isə xüsusi qeyd etmək istəyirəm. Onunla dost idim. Gözəl şeirlər yazırdı. Elə olurdu ki, mən onun ayağına gedib "Azərbaycan" jurnalı üçün təzə şeirlər istəyirdim. Heyf, dünyadan tez köçdü...g
   
   Qafqaz Əvəzoğlunun "Ey Vətən oğlu" şeirlər kitabında iki əsas mövzu diqqət mərkəzindədir. O, doğulduğu Mahmudlunun və Qubadlının həsrətini çəkir. Vətənin birliyi ideyası onun da şeirlərində səslənən çağırışlardan biridir. Qubadlıdan ayrılarkən Qafqazın bir çox şeirləri, əlyazmaları da əsir düşüb, yəni qalıb Mahmudluda, imkan, girəvə olmayıb onları götürə. Və belə bir şeir yazıb:
   
   Gəncliyimin xoş çağıydı,
   
   İlk eşqimin sorağıydı,
   
   Ürəyimin ocağıydı,
   
   Əsir düşən şeirlərim!
   
   
   
   Bəzən qarlı dağım idi,
   
   Bəzən güllü bağım idi,
   
   Bəzən xəzan çağım idi, -
   
   Əsir düşən şeirlərim!
   
   
   
   Qoç Nəbimdi, Həcərimdi,
   
   "Hərtiz"imdi, "Səngər"imdi,
   
   Bərgüşadım, Həkərimdi, -
   
   Əsir düşən şeirlərim!
   
   
   
   Yandı yurdum, yuvam qaldı,
   
   Sərin suyum, havam qaldı.
   
   Kül olmamış haram qaldı? -
   
   Əsir düşən şeirlərim!
   
   Onun bir çox şeirlərində məhz bu nostalgiya xətti əsasdı. Qafqaz Əvəzoğlu Qubaldını, doğulduğu Mahmudlunu tez-tez xatırlayır: "Qoynunda boy atıb başa yetdiyim, O haylı-haraylı Mamudlum, haray! Son dəfə gözləri yaşlı getdiyim, Haray o cığırım. O yolum, haray". O, qubadlıları, ümumən o bölgədə yaşayan insanları birliyə, vəhdətə səsləyir. Yazır ki, "Bitən bir kök üstdə min budağıq biz, Cırlaşa-cırlaşa aralanmışıq!" Ona görə də: "Nə olar, siz Allah sıx birləşin siz, Səs salın hər yana, ay Qubadlılar!" Şairin Qubadlı, Mahmudlu həsrətini ifadə edən şeirlər arasında iki "Dağlar" rədifli şeir də var.
   
   O şeirlərdə poetik hiss, həyəcan, poeziyaya məxsus gözəlliklər öz əksini tapır:
   
   Bu novruz da gəldi, getdi,
   
   Gələmmədim sizə, dağlar!
   
   Ah çəkməkdən içim yandı,
   
   Döndüm oda-közə, dağlar!
   
   
   
   Fitnə saldı yağılarım,
   
   Getdi əldən yaylaqlarım.
   
   Hənı sənli o çağlarım,
   
   Kim gətirdi gözə, dağlar?!
   
   Başın bəyaz qar olardı.
   
   Yaz sinəndə var olardı.
   
   Gül-çiçəyin dolaşardı,
   
   Yeriyəndə dizə, dağlar!
   
   
   
   Qafqaz kimi pərişan yox.
   
   Yanan azdı, alışan yox,
   
   Çağırıram, toplaşan yox,
   
   Duruğ düşək izə, dağlar!!
   
   Qafqaz Əvəzoğlunun kitabında "Kaş ki, ölüb mən qalaydım o yerdə" silsilə şeirləri mənim diqqətimi daha çox cəlb etdi. Silsilənin üçüncü hissəsində şair bir vaxtlar gəzib-dolaşdığı kəndin, Qubadlı ərazisinin, o dağların, o çayların, o meşələrin adlarını bircə-bircə oxuculara çatdırır. Yaddaşından yaddaşlara köçürür. Əlbəttə, bu üsul sadalamaya imkan versə də, YADDAŞ üçün yazılır. Biz şairlə birgə "Dağdağan"a, "Kaha" yuxarı qalxırıq, kölgədə oturmaq üçün. "Məmərzə qobusu"n gözüm dolana, "Mərdə bulağı"ndan bir içim alam. Durub gəzə-gəzə qalxam "Yastan"a, "Gillik"də oturub xəyala dlam!" Sonra: "Bəbirli yolu"yla mən qalxa-qalxa, Kaş "Nəbi ölən"də mal səsləyəydim. O "Qələ yolu"yla enən uşağa. "Bəbirli dərə"yə bir bax deyədim". Sonra: "Düşəm hər qobuya, düşəm hər kola, Mərövcə qomluyam, kəkoğlu yığam. "Ziyil inciri"ndən gələm "Dörd yol"a, Qalxıb bir təpəyə özümü yıxam!" Sonra: Səriləm "Aylı"da bir kol dibinə, İçəm quzqulağın , keşnişin, Allah! "sular"da qalanmış ocaq közünə, Düzəm göbələyin körpəsin, allah!" Sonra: "Bitəm "Sarı dərə" sarı zığına, Yuyam "Teştaxan"da üst-başımı mən. Kaş ki, bir də dönəm "Bəyin bağı"na, düşüb dəstə tutam bənövşəsindən". Sonra: İndi Bərgüşadım bir qəmli sazdı, Daha sinəsinə sıxanı yoxdu. Qalxıb çiçəkləyib acı-qıcısı, Hanı qız-gəlini, yığanı yoxdu!"
   
   Silsilənin sonunda bu adlar izah olunur. Məlum olur ki, həmin yerlər şairin uşaqlıq və gənclik illərinin, eləcə də orada yaşadığı son illərin əziz yadigarları, xatirələridir. Amma məni heyrətləndirən bir də o oldu ki, Q.Əvəzoğlu bir etnoqraf və xalq mənəviyyatının ifadəçisi kimi də çıxış edir. Şeirdə verdiyi müxtəlif bitki adlarını, digər adları bir təqdimatçı kimi şərh edir. Bir-iki belə izahlara diqqət yetirək: Mərövcə: bəzi bölgələrdə mərəcöyüd, qulança və ya qatır quyruğu kimi tanınan yabanı bitki. Kəkoğlu: mərövcəyə bənzər, ancaq yaşıl-göyə çalan, bir növ başı konusvari yabanı bitki. Əksər Şimal ölkələrində (məs: Rusiyada) onu gül kimi becərir, şaxələnib qanadlananda qırıb gül buketlərinə yaraşıq, yaşıllıq vermək üçün istifadə edirlər. Çaqqala: yabanı bitkidir, mərmərik ağacı kimi adətən qayaların, dağların döşündə bitən, meyvəsi bir növ badama və ya quraqlığa düşmüş cır ərik ağacının kal, solğun meyvəsinə oxşayır.
   
   Qafqaz Əvəzoğlu beləcə xalq ruhuna, xalq mənəviyyatına bağlı şairdir. Təsadüfi deyil ki, onun şeirlərinin əksəriyyəti qoşmadı, gəraylıdı və təbii ki, müxtəlif biçimlərdə olan heca şeirləridir.
   
   Onun qoşmalarının bir çoxu (hamısını deyə bilmərəm, çünki zəif və ortabab qoşmaları, gəraylılar, heca vəznli digər şeirləri də var) doğrudan qoşma dadı verir. Oxuyursan və hiss edirsən ki, Qafqaz Əvəzoğlu qoşmanı qoşma kimi yazıb, necə ki, ustad aşıqlar və ustad şairlər yazdıqları kimi. Bir nümunə gətirək:
   
   Ey gül. Bil qədrini
   
   sən cavanlığın,
   
   Gün keçir, ay ötür,
   
   il əldən gedir.
   
   Özün bilə-bilə,
   
   göz görə-görə.
   
   Solur gülüstanın,
   
   gül əldən gedir.
   
   
   
   Piyalə gözlərin
   
   xumarlanıbdı,
   
   Qönçə dodaqların
   
   qaymaqlanıbdı.
   
   Saçların sığala
   
   möhtac qalıbdı,
   
   Zülfün pərişandı,
   
   tel əldən gedir.
   
   
   
   Dilin şəkərləşib dönübdü
   
   bala,
   
   Yanağın öpüşə qalıb
   
   mübtəla.
   
   Gərdənin həsrətdi
   
   bir qulac qola,
   
   Titrəyir bədənin,
   
   bel əldən gedir.
   
   
   
   Gəl dola boynuma
   
   şümşad qolunu,
   
   Baş vurub dolanım
   
   cənnət qoynunu.
   
   Qoy sevib oxşayım
   
   gözəl boyunu,
   
   Ta dözmür bu Qafqaz, bil,
   
   əldən gedir!
   
   Burada mən Qafqaz Əvəzoğlunun "Xanəndənin taleyi" kitabından da qısaca söz açmaq istəyirəm.
   
   Bu publisistik kitab bir vaxtlar (səksən-doxsanıncı illərdə) məşhur olan xanəndə, Əməkdar Mədəniyyət İşçisi Fəxrəddin Hüseynovun ömür və sənət yoluna həsr olunmuşdur.
   
   Məsələ burasındadır ki, Fəxrəddin Hüseynov dünyadan vaxtsız köçdü, cəmi 44 yaşı vardı. Bu yaşacan o, əsasən Qubadlıda yaşamasına baxmayaraq öz bənzərsiz səsi ilə hamını heyran qoymuşdu. Qafqaz Əvəzoğlu bunun həqiqət olduğunu bizə sübut edir. O, Fəxrəddin Hüseynov haqqında ayrı-ayrı görkəmli sənətkarın fikir və mülahizələrini misal gətirir. Kitabda verilən bəzi misallara üz tuturuq:
   
    Xalq artisti, Azərbaycan muğam dünyasının Xanı-Xan Şuşinski deyirdi: "Fəxrəddin, həqiqətən gözəl xanəndədir. O, heç bir oxuyanı yamsılamır. Əsl Azərbaycan muğamlarını özünəməxsus tərzdə oxuyur. Gələcəkdə o, böyük sənətkar ola bilər. Mən Fəxrəddinin timsalında yeni Cabbarı görürəm"
   
   Xalq artisti Əbülfət Əliyev: "Müasir gənclər arasında "Şahnaz" muğamının mahir ifaçısına eşq olsun!"
   
   Xalq artisti Şövkət Ələkbərova: "Oğlum, sənin səsində Cabbar əminin səsin duydum"...
   
   Xalq artisti Yaqub Məmmədov: "Pəh, bu səsə mikrofon lazım deyil, halal olsun. Çox heyf, gör bu səs gəlib harada çağlayır, harada qərar tutubdu, burada onun qədri bilinməyəcək!"
   
   Xalq artisti İslam Rzayev: "Eloğlu, səsini qoru, qədrini bil. Boş yerə xərcləmə. Eşq olsun belə səsə!"
   
   Xalq artisti Arif Babayev: "Dostum, sənətin enişli-yoxuşlu yollarında ayağını kişi kimi atırsan".
   
   Xalq artisti Ağaxan Abdullayev: "Qismət elə gətirdi ki, ikimiz də Nəriman Əliyevin tələbəsi olduq. O dövrdə bizim tələbə yoldaşlarımızın içərisində ən gözəl səsə malik olan Fəxrəddin idi.
   
   Onun səsi şəlalə kimi çağlayırdı, axırdı. Səsinə nə güc verirdi, nə də sifətinin mimikası dəyişirdi. Zil "Şahnaz"ı, "Orta Mahur"u və s. gülə-gülə oxuyurdu".
   
   Xalq artisti Alim Qasımov: "Rəhmətliyin səsi qeyri-adi olmaqla, çox gözəl, şaqraq və əzəmətli idi. O vaxt rayona getdiyindən xalqımız bir o qədər onu tanımır.
   
   Əgər Bakıda qalıb öz sənəti ilə məşğul olsaydı, o səs öz sözünü çoxdan deyə bilərdi".
   
   Qafqaz Əvəzoğlunun bu kitabı əhatəlidir, təkcə Fəxrəddindən, onun ömür və sənət yolundan bəhs eləmir. Həm də Fəxrəddinin nəsil şəcərəsinə də xeyli səhifə ayırmışdır. Burada Qafqazın təkcə publisist kimi yox, tədqiqatçı kimi də məharəti göz qabağındadır.
   
   Bu yazıda Qafqaz Əvəzoğlunun şeirləri və publisistikası barədə nə lazımdır dedim. Ona uğurlar arzulayaq!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK