ANA SƏHİFƏ / YAZARLAR

BÖYÜK ƏDƏBİYYATIN QAPISI AĞZINDA

ƏDƏBİ HƏYAT

12642    |   2012-02-18 08:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Onun adı Sahilədir.
   
   Yeni eranın-yeni əsrin gənc yazarlarından biri.
   
   Böyük ədəbiyyatın qapısı ağzındadır.
   
   Hekayələri bir neçə ildir ki, ədəbi dərgilərdə işıq üzü görür. Bu bir neçə ildə dərc etdirdiyi və etdirmədiyi nəsr əsərlərini "Varlı kişinin portmanatı" adlı ilk kitabında oxuculara təqdim edir.
   
   Hər bir cavan nasirin, o cümlədən, Sahilənin də ilk yazıları barədə tənqidçi sözünə, özü də düzü düz, əyrini əyri-obyektiv sözünə ehtiyacı var.
   
   Axı, sən kimin üçün yazırsan? Əlbəttə, oxucu üçün..Sənin də hələlik balaca da olsa, bir auditoriyan olmalıdır. Sən tanınmalısan və..özünə inanmalısan.
   
   Tənqidçi də bir oxucudur, amma professional oxucular sırasındadır. Mən də elə bu səbəbdlən Sahilənin yazıları barədə fikir və mülahizələrimi həm onunla, həm də oxucularla bölüşmək istəyirəm.
   
   Öncə onu qeyd edim ki, Sahilə öz yaşına görə (təxminən 20-25 yaş arası) bir az irəli gedib-yazılarından hiss olunur ki, bu qız Dünya ədəbiyyatından halidir, internet deyilən nəsnə ilə daimi ünsiyyətdədir. Mütaliəsi yetərincədir. Təbii ki, bütün bunlar bir cavan nasirin dünyagörüşünün formalaşmasında müəyyən rol oynayır. Lakin əsas məsələ ondadır ki, Sahilə ədəbiyyata şöhrət qazanmaq, "baxın ey, bu cavan qız yazıçıdır" iddiasiyla gəlməyib. Bəlkə də Azərbaycanda ədəbiyyat adamlarının və bayaq dediyim professional oxucuların çoxu onu tanımır. Amma yaxşı bilirəm ki, gec-tezi var, bu istedadlı qızı-cavan nasiri hamı tanıyacaq. Bu inam nədən doğur?
   
   Sahilə bir cavan yazıçı üçün hansı keyfiyyətlər lazımsa, onu əxz etməyə can atır, buna nail də olur. Nədir bu keyfiyyətlər? Həyati müşahidə qabiliyyəti..Yazdığını, təsvir etdiyini oxuduğu, tanış olduğu kitablardan daha çox həyatdan götürməkg Gerçəkliyin fakt və hadisələrini ümumiləşdirmək.. Yaddaqalan obrazlar yaratmaq..
   
   Sahilənin "Varlı kişinin portmanatı" kitabında bu xüsusiyyətlərin bir çoxu (birində az, birində çox) öz əksini tapıb.
   
   Kiçik bir hekayə ilə də yaşadığın həyat, cəmiyyət və mühit haqqında SÖZ deyə bilərsən. Böyük rus yazıçısı Çexov, fransız yazarı G.Mopassan, bizim Mirzə Uəlil dünya ədəbiyyatında hekayənin misilsiz nümunələrini yaratmışlar. Mən şəxsən "Poçt qutusu"nu yaxud "Məmurun ölümü"nü ən gözəl romanlarla bir sırada yanaşı qoyardım. Sahilə-bu cavan nasir də bəlkə bunu yaxşı dərk edir ki, böyük ədəbiyyata elə kiçik canrdan gəlmək lazımdır. Təbii ki, biz ondan Mirzə Uəlil ya Çexov səviyyəsində şedevrlər gözləmirik, indiki halda bu heç mümkün deyil. Amma niyə də olmasın?
   
   Sahilənin "Varlı kişinin portmanatı" hekayəsi bu canrın novella qisminə aiddir. Məlumdur ki, elə novella da öz tipinə görə hekayədir, amma hekayədən fərqli olaraq novella gözlənilməz finalla başa çatır. Bu gözlənilməzlik əsərin gözlənilən məntiqindən doğmalıdır. Bəli, oxucu intuisiya ilə hiss etməlidir ki, bax, nəsə baş verəcək.
   
   Vəzifə sahibim Əziz müəllimin yanına gələn Qadın (Sevinc) çox çətinliklə, az qala yalvara-yalvara onun qəbuluna düşür. Bu Qadın Əziz müəllimin yerə düşən portmanatını görür, onu götürür və sahibinə çatdırmaq istəyir. Qadının acınacaqlı taleyi var" ərsizdir, evdə yaxşı dolandıra bilmədiyi iki uşağı var. Səfalət içində yaşayır. Hər gün "avropa" otelinin qarşısında müştəri tapmaq üçün var-gəl edir. Portmanatdakı pullar onun bir çox ehtiyacını həll edə bilərdi. Kimsənin bundan xəbəri də yox. Amma bədənini satan bu Qadının ruhu, ürəyi, Vicdanı salamat qalıb və o, bunların diqtəsiylə portmanatı sahibinə qaytarmaq istəyir. Cmacağı da var. "Portmanatın sahibi ona nədəsə kömək edə, heç olmasa portmanatı tapıb qaytardığı üçün yüz dollar verə bilərdi. Cəmisi yüz dollar Sevinc üçün bir neçə günlük istirahət idi, soyuqda küçələrdə müştəri gözləməmək, özünü məcburi satmamaq idi".
   
   Lakin... "Əziz müəllim əlini portmanatına sarı apardı. Sevinc sevindi.
   
   -Portmanata görə çox sağ olun. Gözətçi sizi yola salar. Ağır-ağır ayağa qalxdı. Son ümidi gözətçi idi. Yəqin Əziz müəllim onu "yola salmağı" gözətçiyə tapşırıb.
   
   Gözətçi əlini pecəyinin sağ cibinə apardı Sevinc sevindi.
   
   Gözətçi sağ cibindən çıxardığı dəsmalla burnunu sildi, nəzakətlə darvazan kənara çəkilərək qadının çıxmaçsına əli ilə göstəriş verdi".
   
   Vəssalam! "Beynəlxalq səviyyəli insan hüquqları institutunun direktoru Əziz müəllimin maskası açıldı. Və ordan içi biganəliklə dolu xəbis bir sifət görsəndi.
   
   "Sevinc narın-narın yağan yağışın müşayiəti ilə içinə hopmuş kədərdən ağırlaşmış vücudunu küçələrdən güclə sürüyüb aparırdı.
   
   Əziz müəllim axşamkı tədbirə hazırladığı məruzə, Tərlanla Ləman analarının gətirəcəyi şirniyyatı gözləyə-gözləyə ümidlə, narın-narın yağan yağış damlaları Sevincin sinəsinə tökülən aramsız göz yaşları ilə oynayırdılar".
   
   Doğrudan da, oxucunu heyrətləndirən və sarsıdan hekayədir və bunu bir azərbaycanlı qızı yazıb.
   
   Beləliklə, kiçik bir hekayədə iki insan obrazı ilə tanış olduq. Həyatdan gələn obrazlardır və Sahilə bunları uydurmayıb. Birisini sevdik..bədənini satsa da, ruhunu, vicdanını satmayan Qadını. O birisinə nifrət edirik.
   
   Bayaq böyük hekayə ustası Mirzə Cəlilin adını çəkdim. Ondan həmişə öyrənmək olar və lazımdır. Mirzə Cəlilin "Zırrama" adlı bir hekayəsi var. Bu hekayənin "qəhrəmanı" Qubanqulu bəydir. Bu adam Mollanın (Mirzə Cəlilin) qarşısını kəsib hər gün ona vəzzəriyyat oxuyur: "A Molla, mən Novruz ağanın qardaşı oğluyam, əmimi atlı sultanı eləyiblər, böyük qardaşım Xəlil ağa teleqraf naçalniki olub, İrəvandan Məşədi Cəfər gəlib gedir Moskvaya, Məşədi Qurbanəli gəlib Tiflisə özünə diş qayıtdırsın, Sarvanlardan çox züvvar gəlib Xorasana gedir, Hacı Həsən ağanın oğlu Möhsün naxoş olub, həkimə gətiriblər, Rus ilə Osmanlıların Kars üstə danışıqları var və araları sərinləyib, qaçaq Pirverdiyə 6 il Sibir kəsiblər, Naxçıvanda pendir bir az bahalaşıb və s."
   
   Mirzə Cəlilin təsvir etdiyi bu tip öz adına layiqdir. Zırrama-yəni gic, sarsaq, ağıldan kəm, sözünü, hərəkətini bilməyən zırı.
   
   Sahilənin də bir hekayəsinin adı "Zırrama"dır. Mən deyə bilmərəm, Sahilə Mirzə Cəlilin həmin hekayəsini oxuyub. Amma Mirzə Cəlilin Zırraması ilə Sahilənin Zırraması eyni dövrün və eyni şəraitin adamı olmasalar da, mahiyyətcə bir çevrədə birləşirlər. Yəni ikisi də nadandır, qanmazdır. Mirzə Cəlilin Zırraması bunu dərk eləmir, amma Sahilənin Zırraması özünün Zırrama olduğunu anlayır.
   
   Yaşadığımız dövrdə yeni, "modern" Zırramalar istənilən qədər. Onları adi adamlar içərisində də görə bilərsiniz, vəzifəlilərin arasında da. Zırramalar iş başına keçib, əmrlər, buyruqlar verirlər. Xaosdur, hərcmərclikdir və Zırramaların bayramıdır. Sahilənin təsvir elədiyi Zırrama da dövrün, zamanın bu qatmaqarışığında klub müdirliyindən yavaş-yavaş nazir müavininə qədər yüksəlib. "Mən bu vəzifəyə lapdan gəldim və hamını heyrətə gətirdim. Çünki hamı mənim zırrama olduğumu, iki eşşəyin arpasını bölə bilmədiyimi bilirdi. Amma bu mənim vecimə də deyildi. Məgər məmləkətimizdəki vəzifə sahiblərinin hamısı iki eşşəyin arpasını bölməyə qadirdirlərmi? Zırrama məmurlardan mən zırramanın nəyi əskikdi ki".
   
   Sahilənin hekayələrində dinamika var, yəni onun təsvir etdiyi obrazlar hərəkətdədirlər, onların xarakteri də hadisələrdə açılır. O, situasiya doğuran, biri digərini şərtləndirən hadisələri təsvir etməyi bacarır. Məsələn, "Təxirəsalınmaz nikbinlik planı", "Avqustun iyirmi üçünə üç gün qalmış", "Dünyanın qarnı quruldayır" hekayələri də situativ hadisələr üzərində qurulmuşdur. "Elə deyilmiş" adlı hekayəsində isə başqa bir mətləb var. Burada təsvir olunan hadisə xəyallarla real gerçəkliyin təzadı üzərində qurulmuşdur. Hadisə Kişi və Qadının bütün ömrü boyu davam edir. Sevdiyi qadının vüsalına yetən Kişi bütün ömrü boyu "hər şey yaxşı olacaq" ümidiylə ovundurur. Nə yaxşı olacaq? Xəyalların həqiqətə çevriləcəyi gün. Amma kişi də, qadın da qocalır, heç nə olmur...gDeməli, belə çıxır ki, insanları təkcə məhəbbət yaşada bilməz, bu məsələdə maddiyyatın amansız zərbələrinə tab gətirməlisən. Tab gətirə bilirlərmi? Təəssüf. "Onlar daha dərd çəkmirlər. Dərd onları çəkir. Dərd olan yerlərə tələsirlər". Pulun hökmranlıq etdiyi bir cəmiyyətdə xoşbəxtliu tutiya kimiymiş.
   
   Sahilənin qəhrəmanlarının əksəriyyəti Keçid dövrünün tipaclarıdır. Dəyişilən dövrün, zamanın övladlarıdır onlar. Dəyişilən dövr onların xarakterinə təsirsiz qalmır. Budur, "Köhnəlmiş sevgilər" hekayəsi. Onun qəhrəmanı adi, ortabab bir yazıçıdır, hansı qəzetdə isə redaktor müavinidir. Onu baş redaktor ixtisara salır. Çünki "növbəti yığıncaqda anladı ki, onun sevgiləri köhnəlib, daha ağacları, yarpaqları, çiçəkləri, torpağı, insanları onun kimi incə-incə sevmək olmaz, indi insanlar başqa cür sevirlər. O, yazıları ilə artıq gənclərin zövqünü oxşaya bilmir, onun sevgiləri gülüş doğurur, əsərləri monotondur, birtərəflidir, bayağıdır, ən əsası da səmimilikdən uzaqdır, yəni indiyə qədər onu yaşadan sevgiləri süni səslənir. Axı o sevgilərini ürəyinin dərinliyindən isti-isti çıxarır, bütün səmimiyyəti ilə yazır, bəs onda niyə, nə üçün?".
   
   Hekayənin ikinci hissəsində artıq dəyişmiş, yeni dövrə, zamanın təqazasına uyğunlaşmış bir yazıçı görürük. Bu, həmin yazıçıdır, artıq köhnə sevgiləri öldürüb özündə. "Bu binanı yazıçı biznesmen tikdirmişdi. Belə binalardan şəhərdə çox idi. Çoxunu da yazıçı tikdirmişdi. Keçmiş baş redaktor onun qarşısında baş əyirdi. İndi o, köhnə sevgilərini bir kənara tullayıb müasir sevgilərdən yazırdı. İndi insanları əvvəlki tək sevmirdi. Özünü onlara sevdirirdi".
   
   Budur, yazıçı-biznesmen bir səhər köhnə sevgiləri üçün qəribsədiyini hiss edir. Və gəlir köhnə məhəllələrinə sarı. Kövrəlir, hönkürür köhnə evinin içində. Amma bu, çox çəkmir. Yenidən təzə sevgilərinə qayıdır-"can pulu" yığmağa gedir.
   
   Əsl bu zamanın hekayətidir. Yeni dövrün mənəvi-əxlaqi prinsipləri, yeniləşmiş insan. Həyatın əydiyi, sındırdığı insanlargRüşvətxorluq. Ən dəhşətlisi isə əbədi meyarların, ənənələrin puç olması. Sahilənin "Robot oğlan", "Torbadakı on min dollar" hekayələrində də elə bu mətləblərdən danışılır.
   
   Əlbəttə, ədəbiyyat həmişə işığa can atıb, işığa sarı gedib və işıqlı insanlar axtarıb. Belə işıqlı insanları da unutmaq olmaz və mən çox istərdim ki, Sahilə həyatın bizə zülmət dadızdıran hadisələrindən, olaylarından yazdığı kimi, işığa doğru da getsin. Onun təsvir etdiyi obrazların içindəki işıq daha gur olsun.
   
   Sahilənin bu kitabda janrını bəlli etmədiyi bir əsəri də var: "Zemi". Əsəri oxuduqduqdan sonra onun povest olduğunu müəyyənləşdirmək çətin olmadı. Bu əsərdə müəllif hadisə təsvir etməyə o qədər də meylli deyil. Müəllif obrazların daxili dünyasını açmağa, psixoloji aləmini açıqlamağa can atır. Belə ki, povestdə çox şeydən danışılsa da, milli-mənəvi dəyərlərə qayıdış gonun başlıca xəttini təşkil edir. Amma Sahilənin hekayələrində gördüyümüz o bədii təravəti burada o qədər də hiss eləmədik. Əslində povest Xədicə obrazı ilə daha çox bağlanmalıydı, o isə əsərə sonradan daxil olur. Sahiləyə məsləhət görərdim ki, hələlik hekayədən ayrılmasın.
   
   Bir qədər də yazı mədəniyyətinə, özünün təhkiyə tərzinə, obrazların dilinə diqqət yetirsin. Qüsurlu cümlələri var.
   
   Təbii ki, bütün bunlar tədricən aradan qalxa bilər və qalxmalıdır, çünki istedad olan yerdə bütün zəifliklər aradaq qalxacaq.
   
   Sahiləyə uğurlar diləyirəm!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK