hacklink Adalet.az | 28 MAYI ANLAMAQ Adalet.az | 28 MAYI ANLAMAQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

28 MAYI ANLAMAQ

57987    |   2011-06-04 07:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənə görə 28 mayı layiqincə başa düşmək, yaxşı dərk etmək, o vaxtın dünyasında və Türk aləmində olub-ötənləri lazımınca həzm etmək, gələcəyə də ona baxaraq yön vermək mənasındadır.
   
   Azərbaycan Cümhuriyyətinin 1918-ci ilin 28 may günü yaranması adi bir hadisə deyildir. Mövzuya sosioloji güzgüdən baxsaq orda bir çox ictimai proseslərin pillə-pillə yeridildiyini, tarixi güzgüdən baxarsaq da, yüzillər boyu davam edən bir çox mürəkkəb və qəliz siyasi hadisələrin bu nəticəni yaratdığını aydın şəkildə başa düşərik.
   
   16-cı əsrdə Anadolu Türklüyü ilə Azərbaycan Türklüyü arasında yaranan və tariximizin qara səhifələrindən biri olan, bu üzüylə də gələcək nəsillərin qarşısına necə deyərlər ibrətamiz vəsiqə kimi çıxan Çaldıran döyüşü, Anadolu və Azərbaycan toplumlarını hardasa bir-birinə yadlaşdırma mənzilinə aparıb çıxaran prosesin başlanğıcı olmuşdur. Aradan ötən təqribən üç yüz illik vaxtdan sonra başlayan Rus işğalçılığı, Azərbaycan Türklərinin müstəqil dövlətçilik prosesini dayandırmış və bu da yurdda, müstəqilliyi bərpa etmə fəaliyyətlərinin özülünü təşkil etmişdir. Rus işğalı, Azərbaycan toplumunda özünün güclü dövlətini yaratmaq intizarını alovlandırmış, Rus imperializmini isə, öz istismarçı nizamını yaratmaq, Qafqazda kökləşmək və bunu uzun müddət davam etdirmək strategiyasını həyata keçirməyə yönəltmişdir. Ruslar bir tərəfdən "krepostnoy" dedikləri torpaq dərəbəyliyi, daha düzü torpaq köləliyi sistemini xalqa zor gücüylə hakim qılaraq Azərbaycan toplumunu sinfiləşdirmiş, digər tərəfdən də buradakı əzbərçi teokratiyanın kütlələr üstündəki təzyiqini ifrata çatdırmaq məsələsini öz yançıları vasitəsilə işlətdiyi ən maraqlı maşaya döndərmişdir. Bir tərəfdə cəhalətlə qolboyun olan teokratiya anlayışının hegemonluğu, digər tərəfdən Rus imperializminin sürətləndirdiyi təbəqələşmə, Azərbaycan toplumunda sosioloji mənada korların toqquşması hadisəsini yaratmış, müstəqil dövlətçilik anlayışını uzun illər baltalamışdır.
   
   Osmanlı dövlətinin daimi olaraq qüdrətini və gücünü itirməsi, bu anda da həm ruslar, həm də qərblilər tərəfindən qışqırdılan maşa xarakterli erməni vandalizmi, Anadolu türklüyünün də, Azərbaycan türklüyünün də tarixi bərabərliyə dönməkdən, əl-ələ verməkdən özgə yolunun olmadığını onların qarşısına imtina edilməz bir fakt kimi qoymuşdur. Hər iki toplum da, 1514-cü ildə yaranan tarixi səhvin bir millətin taleyini haradasa məhvə sarı apardığını dərk etmiş və tarixi bərabərliyin, özlərinin taleyinə yön verəcək əlçəkilməz bir gerçəklik olduğunu bütün detallarıyla başa düşmüşdür.
   
   Ermənilərin, Azərbaycanda həyata keçirdiyi soyqırıma Qafqaz İslam Ordusunu yaradaraq əngəl olan Anadolu Türklüyü, azı on min illik dövlət gələnəyinin təcrübəsini də doğma qardaşı Azərbaycan toplumuna ötürərək əlinə keçirdiyi tarixi fürsəti bada verməmişdir.
   
   Çar Rusiyasının tənəzzülə üz tutması fürsətini yaxşı qiymətləndirən və Azərbaycan toplumunda bütün əzəmətiylə ayağa duran ziyalanmış millətçi və marifçi nəslin başında yeriyən Məmməd Əmin Rəsulzadə, əli Mərdan Bəy Topçubaşı, Nəsib Bəy Yusifbəyli, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu və digər şəxsiyyətlər gecəli-gündüzlü işləyərək xalqı müqəddəs və müstəqil dövlətçilik ideyası ilə silahlandırmış, xüsusilə gənc kütlələri siyasi yöndən yetişdirib hazır hala gətirmişdir.
   
   Azərbaycan toplumunun yetirdiyi və Türk dünyasının qürur mənbəyi olan bu əvəzsiz şəxsiyyətlər lokal Azərbaycan millətçiliyi anlayışından əvvəl başdan uzaqda dayanmış və tamamı böyük Türk birliyindən müdafiə etmişdir. Mərhum Məmməd Əmin Rəsulzadənin, Rusiya Müsəlmanların I Qurultayında söylədiyi;
   
   "Biz, Türk-Tatar evladı bu millətin yetirmələriyik. Biz Türk oğlu türkük, bununla da iftixar edirik.
   
   Biz, Türk-Tatar xalqları eyni soydan, Türkoğlu Türk olmaqla birlikdə, ayrı-ayrı şivələrə və müxtəlif xüsusiyyətlərə də malik olduğumuz bir həqiqətdirg
   
   Bu xüsusiyyətləri aradan götürməyin nə gərəyi var, nə də faydalıdır. Qoy hər kəs öz yolunda təbii axarında yerisin. Müxtəlif Türk çaylarının axıb nəhayətdə qovuşacaqları bircə dəniz vardır: Böyük Türk Dənizi" şəklindəki sözləri, Türk dünyası üçün o vaxtlar həddən artıq önəmli və tamamilə yəni bir anlayış idi. Bu anlayış, Oğuz xaqanın eradan qabaqkı illərdə həyata keçirdiyi sonuncu böyük səfərindən qayıtdıqdan sonra təşkil etdiyi böyük qurultayda, "Yay çəkən xalqların hamısı Hun oldular", yəni Türk xalqlarının tamamı Hun bayrağı altında birləşdilər anlamındakı çıxışın iyirminci əsrdəki əksindən savayı heç nə deyildi.
   
   Bu millətçilik anlayışının, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün düşüncələrində də hakim ünsür olduğu nəzərlərdən əsla yayınmamışdır. Atatürk, "Mən hər şeydən qabaq bir Türk millətçisiyəm. Bu cür dünyaya gəldim, bu cür də öləcəyəm. Türk birliyinin bir gün həqiqət olacağına inamım qətidir. Mən görməsəm belə, gözümü bu dünyaya onun xəyalı ilə yumacağam. Türk birliyinə inanıram, onu görürəm. Sabahın tarixi, yeni fəsillərini Türk birliyi ilə açacaqdı. Dünya öz dincliyini bu fəsillər içində tapacaqdı. Türkün varlığı bu köhnə aləmə yeni üfüqlər bəxş edəcək, günəş nə deməkdir, üfüq nə deməkdir o vaxt görüləcəkdir" şəklindəki sözlərini söylərkən Məmməd Əmin Rəsulzadə ilə, Oğuz xaqanla eyni hissləri keçirib və eyni düşüncələri bölüşdüyünü vurğulayırdı. Məmməd Əmin Rəsulzadə də, Atatürk də büllur kimi saf və təmiz Türklük bulağından doya-doya su içmiş şəxsiyyətlərimizdi və eyni ideyadan müdafiə edirdilər. Bu ideya, Türk Birliyi əqidəsi idi.
   
   28 May günü dostum, İctimai Tv-Radionun sədr müavini Elman Qədirlini, qızını və yoldaşımı götürüb Məmməd Əmin Rəsulzadənin əbədi istirahətgahının olduğu əsri Qəbristanlığa apardım. Azərbaycan Kültür Dərnəyi mərhum dövlət rəhbərimizin məzarı başında bir anım mərasimi təşkil edəcəyini bildirmişdi. Məzarlığa daxil olduqda orda böyük bir qələbəliyin olduğunu gördük. Məzarın ətrafında Məmməd Əmin Rəsulzadəni sevənlər yığışmışdı. Azərbaycanın qüzeyindən və güneyindən gələn gənclərlə orda tapışmışdıq. Bunun özü çox maraqlı və gözəldi. İlk öncə dərnəyin sədri Cəmil Ünal çıxış etdi. Ancaq gözəl və maraqlı çıxışının bir yerində, "Məmməd Əmin Rəsulzadə yad bir torpaqda can verdi" dedi. Bu sözlər kürədə qızarmış bir xəncər kimi ürəyimə sancıldı. Anadolu toprağı haçandan bəri dünyanın hər hansı küncündə yaşayan bir Türk üçün yad toprağı idi?! Bu düşüncəyə görə, Azərbaycan da Anadolu türkləri üçün yad torpaq mənasındadır. Bu cür fikirləri qəbul etmək mümkündürmü!!! Düzünü deyim həddən artıq hörmət elədiyim Cəmil Bəydən bu cür sözləri indiyə kimi eşitməmişdim və eşidəcəyimi də gözləməzdim, niyə o cümləni işlətdi bilə bilmirəm! Cəmil bəydən sonra mikrofona dəvət edilən Azərbaycan səfirliyinin nümayəndəsi Etibar Məmmədov, "Məmməd Əmin Rəsulzadə yad torpağında deyil, qardaş torpağında yatır" cümləsiylə sözə başladı və ürəyimə su səpildi. Daha sonra çıxış üçün dəvət edilən, şəxsən çox sevdiyim gənclərimizdən biri olan Ələsgər Ələsgərov, özünü tarixçi və araşdırmaçı kimi tanıtdı və çıxışına başladı. Sözlərinin bir yerində eynilə bunları dedi: "Məmməd Əmin Rəsulzadənin Türkiyədə yaşamasına və mübarizəsini yeritməsinə icazə verilmədi, o Türkiyədən qovuldu... "O anda sanki günəş bir anda yoxa çəkildi, hər yan qaranlıqladı! Bu nə cür məntiqdi və bu anlayış hansı insafa sığardı?!
   
   Bəziləri iki dənə tarixi roman oxuduqda özünü tarixçi, internetdə yayılan üç dənə də məqalə oxuyanda "araşdırmaçı!", "strateg!" gözündə görür. Tarixi romanları oxumaqla tarixşünas olunmaz. Tarixçi ola bilməyiniz üçün hansı dövrü araşdırırsınızsa, həmin dövrə öz yaşadığınız çağın atmosferindən və öz dövrünüzün güzgüsündən baxa bilməzsiniz. Gözləriniz uzağı görə bilmirsə, xəstədirsə Məmməd Əmin Rəsulzadə kimi Türk tarixinin fenomen bir dövlət xadimini, bir millətə yön verən şəxsiyyətini, Türk Birliyindən müdafiə edən unudulmaz və əvəzsiz bir simasını, bir könül adamını bağrına basan, onu öz doğma qardaşı bilən Anadolu türklüyünün, M. Ə. Rəsulzadəni qovduğunu dilə gətirə bilərsiniz.
   
   Bir tarixçinin, keçmişin hər hansı bir hissəsinə nəzər saldığı, araşdırdığı dövr, həmin dövrün özündən çox əvvəllər yaranan və onun təsir dairəsindən yayına bilmədiyi, keçmişin tarixi və sosioloji hadisələrinin yığcam olduğu bir məkandır. Həmin məkan özündən sonra gələcək dövrləri də öz bətnində barındırır. Həqiqi tarixşünas onun fərqinə vara biləndir. O tarixçi, obyektivlikdən əsla uzaqlaşmaz, duyğusallığın cahil, kor-koranə və axmaq bataqlığında mıxlanıb qalmaz.
   
   I Dünya Müharibəsini də, II Dünya Müharibəsini də qərbli imperialistlər yaratdı. Şərqdə yerləşən imperialist ruslar da onların, yəni ingilislərin, fransızların, amerikalıların quyruğuna ilişdi, hərbdən sonra da onlar dünyanı babalarının malı kimi bölüşdülər.
   
   Atatürk, Türkiyə Cümhuriyyətini qurduğu vaxd ölkənin əhali sayı 11 milyon qədərdi. 1927-ci ildə keçirilən ilk əhali sayımında Türkiyədə 13 milyon insanın yaşadığı aydın oldu. Bu 13 milyonun % 80 faizi qadın, uşaq, qoca və cəbhədən cəbhəyə yüyürüb vətəni müdafiə etdiyi vaxtlarda yaralanıb şikəst qalan insanlardı.
   
   Atatürk, "əhali sayımız 25 milyona çatmadığı müddətcə sayım nəticələrini dünyaya elan etməyin.!" deyə vəsiyyət eləmişdi. Mərhum cümhurbaşqanı Calal Bayar, 1955-ci ildə aparılan sayımda əhali sayının 24 milyonu ötdüyünü və 25 milyona yaxınlaşdığını özünə xəbər verdiklərində, bu şad xəbəri radiodan xalqa və dünyaya özünün çatdıracağını söyləmiş, cümhurbaşqanlığı köşkündən Ankara radiosuna gedərək efir studiyasında əyləşmiş və "Ya Rəbb sənə şükürlər olsun, əhali sayımız 25 milyona yaxınlaşdı, daha millətimiz məhv edilmək təhlükəsindən uzaqlaşdı", deyərək mikrofon qarşısında sevinc gözyaşlarına qərq olmuşdu.
   
   Məmməd Əmin Rəsulzadə o cür bir Türkiyədə Azərbaycanın müstəqillik mübarizəsini yeritmişdi. Sovet Rusiyası, İkinci Dünya Müharibəsi sonrasında qalib bir imperialist dövlət sifətiylə Türkiyəyə təzyiq etmiş, ondan torpaq tələb etmiş və başda M. Ə. Rəsulzadə olmaqla Azərbaycanın müstəqillik hərəkatını yeridənlərə imkan yaratmamasını tələb etmişdi. Türkiyə də qərbdən və şərqdən lazımi köməyi görmədiyinə, təktənha olduğuna, Sovetlər Birliyinə qarşı tək başına mübarizə yeridə biləcək gücü olmadığına görə məcbur qalıb M. Ə. Rəsulzadənin müvəqqəti olaraq Avropaya gedib mübarizəsini orda yeritməsinə mane ola bilməmişdi. Görüntü bu idi; ancaq işin bir də arxa detalı vardı. Türkiyənin dövlət xadimləri daimi olaraq Məmməd Əmin Rəsulzadə ilə əlaqə saxlamış və onun Avropada yeritdiyi mübarizəyə dəstək olmuş, arzulanan siyasi mühit yaranar yaranmaz da onu Ankaraya dəvət etmiş və Azərbaycanın müstəqillik mübarizəsini buradan yeritməsini təmin etmişdi.
   
   Məmməd Əmin Rəsulzadə, Azərbaycan dövlətini yaradan böyük bir dövlət, əqidə və könül adamı idi. Ələsgər qardaşımızın dediyi kimi, o Türkiyədən qovulsaydı bu torpaqlara bir daha ayaq qoymazdı. Türkiyə, öz qurdurduğu dövlətin dövlət rəhbərinə bu cür bir rəftarı rəva biləcəkdi? Bu nə cür anlayışdır?!
   
   Bu cür düşüncələr, Azərbaycan konsulluğunun 1921-ci ildəki açılış mərasimində Azərbaycan bayrağını dirəyə sancarkən gözündə sevinc və qürur gözyaşları gilələnən Atatürkə, onun silahdaşlarıyla birlikdə yaratdığı Türkiyə Cümhuriyyətinə, Azərbaycan türklüyünü heç vaxt özünə yad bir xalq gözündə görməyən, onu özünün əzəli və əbədi can qardaşı, qan bir qardaşı gözündə görən Anadolu türklüyünə həqarətdir. Bu cür fikirlər ən yüngül ifadəylə desək Türkiyəyə, Anadolu türklüyünə vəfasızlıqdır, nankorluqdur.
   
   Şəxsən qardaşımız Ələsgər Ələsgərovun bu cür bir anlayışa və düşüncəyə sahib olacağını əsla xəyalıma da gətirə bilməzdim.
   
   Tanrının özünə ordu yaratdığı qərib Türk, səni başa düşə bilməyən oğullarının, qızlarının könül gözünü aç, qoy özlərinin kim olduqlarını yaxşı başa düşsünlər!..


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK