ANA SƏHİFƏ / YAZARLAR

"Qızışma"

29303    |   2011-01-20 06:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qızışma bir xəstəlikdir, amma məişət xəstəliyi və bir neçə forması var.
   
   Öncə biraz tibbə aid olan qızışma xəstəliyinin qızdırma formasından yazmaq istəyirəm. Yazacaqlarım uşaqlıqdan yaddaşımda ilişib qalanlardır. Yazıram görüm bunlar niyə yaddaşıma ilişir.
   
   Gecə baxardın ki, birdən qapı döyüldü, gələn kəndin ən axırıncı evindən qonşunun uşağıdır.
   
   - Sizdə termometr var?
   
   - Yox, bizimkini aparıb sındırdılar. Yenə nə olub a bala?
   
   - Heç, yenə dədəm qızdırıb.
   
   Hər evdə termometr olmazdı. Bir kənddə ya bir, ya da iki termometr olardı ya olmazdı. Bir termometr bir kəndin qızdırmasını ölçərdi. Buna görə də kimin qızdırması qalxardısa bütün kənd bilərdi. Hər kəs evində olanından götürüb gedərdilər xəstəni yoluxmağa. Xəstəyə kimisi meyvə, kimisi mürəbbə, kimisi kompot aparardı. Sonra hərə öz məsləhətini verib dönərdi evinə.
   
   Həkim gələnə qədər və yaxud həkimə gedənə qədər evin arvadı bütün türkəçarələrdən istifadə edərdi. Xəstənin ayağını isti suya qoyardı, isti mürəbbəli çay içirərdi, sonra üstünə bir neçə qalın yorğan atardı, xəstəni lap qızdırıb qızdırmasını salardı. Xəstəliyin bu forması elədir ki, gərək lap qızdırasan ki, sonra qızdırman yavaş - yavaş düşə. Bu kənddə olardı.
   
   Bura isə şəhərdi, özü də Bakı böyüklükdə. Bakı da böyük, küləkli, insanları soyuq şəhərdi. Buna görə də bu şəhərdə insanlar tez - tez soyuqlayarlar, yəni qızdırmaları tez - tez qalxar.
   
   Bu şəhərdə qızışma xəstəliyinin qızdırma forması da dəyişib. Evdə müalicəsi mümkün deyil. Bilmirəm, bəlkə də şəhərdəki arvadlar kənddəki arvadlar deyil. Amma onu bilirəm ki, bu şəhərdə qızdırma hansısa xəstəliyin nəticəsidir, yəni birinin qızdırması böyrəyindən, birininki ciyərindən, birininki boğazından qalxır. Buna görə də qızdırdınsa mütləq həkimə getməlisən.
   
   Pulun yoxdursa qonşudan, dostdan pul tapıb qoyursan bir əlinin içinə, bir əlini də qoyursan ciblərindən birinə, bir əlin də pulun üstündə yollanırsan xəstəxanaya. Bu variant kasıblara aiddir, varlıların onsuz da özəl klinikaları var. Yəni onlar bu variantla rastlaşmırlar. Xəstəxanada qapıdan içəri keçmək üçün birinci, qapıçını görürsən, biraz da qızdırman qalxır, sonra qeydiyyatdan keçirsən qızdırman biraz da qalxır, nə isə qızdırman qalxa - qalxa həkimin qəbuluna düşürsən. Elə istəyirsən özünü çatdırasan stolun üstünə həkim görür ki, əlin çibindədir üzünə təbəssüm verir, adamla şirin - şirin danışır - Ə, evi tikilmiş sən ki, lap yanırsan. Hazır analiz kağızını sənə uzadır. Bu analizləri ver gəl görək niyə qızdırmısan.
   
   Analiz otağına keçirsən qızdırman daha da qalxır, cibində olan əlinin içi bir az da boşalır. Analizin cavabını alıb yana - yana qayıdırsan həkimin yanına. Həkim görür ki, hələ bir əlin cibindədir başlayır soruşmağa, indi harada işləyirsən, dolanışığın necədir və sairə. Sonra biraz dövrdən şikayətlənir. Dosdun tanışın yanında üzüqara olmuşuq, amma bizləri başa düşmək lazımdır, bu məsələlər bizlik deyil...
   
   Sən də əlini cibindən çıxarıb tamam boşaldırsan həkimin cibinə, həkim də cibinin ağzını aralayıb gözünün ucu ilə cibinə baxır, içini çəkir, üzü gülür. Tez tibb xalasını çağırır. Bunun qızdırmasını ölç. Həkim otaqdan çıxır. Tibb xalası qolundan tutub səni kabinetin içindəki kabinetinə aparır. Ağ pərdəni çəkir. Uzadır kuşetkanın üstünə, bir əli ilə köynəyi qaldırır, bir əlində də termometr gözlərinin içinə elə baxır ki, istər - istəməz qızışmaq üçün arxa cibində saxladığın pulu qoyursan tibb xalasının cibinə. Tibb xalası da o qədər qızdırma ölçüb ki, termometrin yerini dəqiq bilir. Termometri düz yerinə qoyur, açıq qalan yerini də ağ xalatı ilə örtür. Sonra da əlini alnına qoyur. Sən ki, lap yanırsan, amma heç xəstəyə oxşamırsan, indi yoxlayarıq. Adamın qızdırması elə qalxır ki, hiss edirsən ki, termometr 41 dərəcəni keçib. Qızdırma lap vurub çıxır termometrin kəlləsindən. Sonra yavaş - yavaş qızdırman düşməyə başlayır. Elə bu vaxt həkim analiz otağından faizini alıb geri qayıdır. Üzü gülə - gülə öskürür. Nə oldu ölçmədin onun qızdırmasını? Tibb xalası termometri çıxarır, termometr istilikdən əyilib. Termometr tibb xalasının əlində, gülümsəyə - gülümsəyə, gördün qızdırmanı saldıq, deyirəm normalsan, başını yelləyirsən ki, yox, qızdırmam var. Tibb xalası gülümsəyə - gülümsəyə termometri həkimə uzadır. Ə, sənin qızdırman nə qədərmiş termometri əritmisən ki, amma indi düşüb, 36.5 - dir. Yaxşısan maşallah, amma bir dəfə də qalxacaq, qızdırman səbəbsiz qalxa bilməzdi, indi sənə resept yazacam dərmanları alanda qızdırman bir də qalxacaq, amma dərmanları atan kimi birdəfəlik düşəcək. Həkim istəyir ki, resepti yaza birdən nəsə düşünür. Ağzını aç, bir baxım. Öncə xəstənin dişlərinə baxır. Ə, sənin heç 100 manatlıq keramika dişin yox imiş ki, arxa dişlərin də çürüyüb, yaxşı ki, baxdım, yoxsa yazacağım dərmanlar çürük dişlərə olmazdı. Ta sən özümüzünkisən daa. Həkim xüsusi resept kağızına dərmanların adını yazır, sonra başa salır ki, hansı aptekdən almaq lazımdır. Amma maaşını alanda bir də gələrsən.
   
   Əllərin yanında yellənə - yellənə, şellənə - şellənə küçəylə elə gedirsən ki, heç elə bil qızdırman olmamışdı. Ürəyində deyirsən, bir də qızdırmam qalxsa həkimi neyləyirəm axı? Elə bir başa tibb xalasının yanına gedəcəm, indi tibb xalası həkimlərdən çox bilir. Bir də baxırsan ki, həkim deyən aptekin qarşısındasan. Resepti uzadırsan aptekçiyə, həmin dəqiqə reseptdən həkimi tanıyır. Həkimi yaxşıca tərifləyir, sonra da dərmanların qiymətini hesablayır, qiyməti deyir, qızdırman elə qalxır ki, qapıdan elə çıxırsan ki, qulağında bircə aptekçinin səsi qalır, Allah haqqı ən ucuzu bizdədi.
   
   Bir də bu xəstəliyin qızışma forması var, yəni adam qızdırmır, qızışır. Bunu da uşaq vaxtı kəndimizdəki arvadlardan eşitmişdim, onda uşaq idim, çox da başa düşmürdüm. Arvadlar deyirdilər ki, kişilərin pulu çox olanda qızışır, tez - tez sanatoriyalara gedirlər. Elə yanıqlı - yanıqlı danışırdılar ki, çörək təndirdə yanırdı, xəbərləri olmurdu. Birdən biri o tərəfdən qayıdırdı ki, aaa mən də deyirəm mənim ərim niyə qızışmır, heç demə pulu yox imiş ona görə. Bu il gərək bütün həyət - bacanın meyvəsini satam, qoyam ərimin cibinə.
   
   Qızışan kişilər pulu həmişə ya döş cibinə, ya da şalvarlarının arxa ciblərindən birinə qoyardılar. O zaman kişilər qızışanda az pul tərləyərdilər. İndi kişilər qızışanda öncə maşın tərləyirlər, ev tərləyirlər, klip tərləyirlər, sonra da ha arxa ciblərinə pul qoyurlar ki, qızışalar, qızışa bilmirlər. Bu qədər tərləyəndən sonra qızışmaq olar?!
   
   Kənddə maşınlar da qızdırardı. Maşın qızdıranda çəkmirdi, yəni yerimirdi. Gedəcəyin yerə piyada qızdıran maşından tez gedib çatmaq olardı. Maşının matoru da bir neçə dəfə qızdırandan sonra stuk edərdi (tökərdi). Sonra gərək maşının matorunu təzədən yığdırardın. Bu indiki kişilərin lap tez - tez sanatoriyaya getməsinə bənzəyir. Kənddə maşınların qızdırmasının bir bəlası da var idi. Bir də baxardın toydu, gəlin gətirməyə gediblər, yolda gəlin gətirən maşın qızdırıb, qalıb yarı yolda. O vaxt bəylər özü gəlinin dalınca getməzdilər. Bəyin evdə qızdırması elə qalxardı ki, sifəti qıp - qırmızı olardı.
   
   Sovet maşınları o vaxt qızdırardı, elə sovet adamları da qızışardı. İndi nə avropa maşınları qızdırır nə də avropa maşınları sürənlər qızışa bilir.
   
   Kənddə mal - qara da qızdırardı, amma heç kim qızdıran mal - qaranın ətindən yeməzdi. İndi o qədər qızdırmış mal - qara əti yeyirik ki, özüdə Hindistandan gətiriləni. Bu hidlilər də inək əti yemir ki, müqəddəsdir, amma müqəddəsi satırlar, başqasına yedirdirlər.
   
   Kənddə toyuqlar da qızışardı, bu qızışmağa qırtlamaq deyərdilər. Toyuq qırtlayan kimi tutub salardılar suyun altına, bir iki gün toyuq suyun altında qalandan sonra açıb bıraxardılar. Daha toyuq bir il qırtlamazdı.
   
   Bir də kənddə cavan oğlanların qızışma forması var idi. Evlənmək istəyirdilər, qabaqların böyük qardaşları kəsərdi. Biri soruşardı:
   
   - Ə, böyük evlənmir evlənmir sən niyə evlənmirsən?
   
   - Mən evlənmək istəyirəm eey! Tutub salırlar suyun altına çıxarırlar.
   
   Keçək əsas mətləbə, yəni əsas qızışmaya. Sinif yoldaşımın Əmrah adlı bir qardaşı var idi. Bizlərdən yaşca böyük idi. Məhəllənin uşaqları Əmrahı tay - tuşları ilə dalaşdırardılar. Əmrah da həmişə döyülərdi. Bir gün Əmrah dalaşandan sonra, yəni küçəni paltarlarıyla süpürəndən sonra evə gəlir. Anası Əmrahın paltarlarını süpürgə ilə çırpa - çırpa deyir:
   
   - Ə Əmrah yenə dalaşdın?
   
   - Hə
   
   - Niyə bə?
   
   - Mən neyniyim eey! Əsigil məni qızışdırır.
   
   - Ə, bə sənə demişəm qızışma axı.
   
   - Eee mama, mən qızışıram axı.
   
   Kəndimizdə deyərdilər ki, axşam baş verəcəkləri səhər arvadlar bilir. Buna görə də kişilər gözləyərdilər, arvadlar mal - qaranı növbəyə qatıb evə gələndən sonra işə gedərdilər. Yəni bu gün nələrin baş verəcəyini öyrənəndən sonra. Arvadlar mal - qaranı növbəyə qatandan sonra aralarında toplantı keçirərdilər. Nələr olub, nələr baş verəcək... Elə gün olurdu ki, arvadların söhbətindən sonra kəndin kişilərinin yarısı işə getmirdi. Arvad sözün eşitməyən kişilər də gecə işdən evə kor - peşman qayıdardılar, çünki arvadların dedikləri axşam təsdiqini tapırdı... Bu da bilmədiyimiz arvad fenomeni!
   
   Amma indi nədənsə arvadların pul çoxalanda kişilər qızışır məsələsi düz çıxmır. Hər il büdcəmiz artır, hərbiyə daha çox pul ayırırıq, pulumuz çoxalır, amma biz qızışmırıq. Bizi əgər pul qızışdırmırsa, nə qızışdıra bilər, ha düşündüm tapa bilmədim. Kim bilir desin. Bəlkə elə yenə arvadlardan soruşaq?
   
   Elə arada istəyirik ki, biraz qızışaq ATƏT gəlir bizi salır suya, çıxarır.
   
   ATƏT sözündə həm AT həm də ƏT sözü var. Bəlkə ATƏT elə ArTıq ƏT deməkdir? Adamın boğazında artıq ət olanda qızdırması tez - tez qalxır. Adamın da qızdırması tez - tez qalxıb düşəndə qızışa bilmir (maşınların tez - tez qızdırmasını yadınıza salın). Bəlkə elə bu ATƏT qoymur biz qızışaq. Bəlkə bu ArTıq ƏTi kəsib atmağın vaxtıdır.
   
   ATƏT-ə XATIRLATMA.
   
   Çünki kənddə eşitmişdim böyüklərdən ki, biz qızışanda yaman qızışırıq haaa!
   
   Bəs biz nə vaxt külü üfləyəcəyik, külün içindəki közü nə vaxt qızışdıracağıq, yandıracağıq?
   
   Bir də deyirlər ki, dünyanı su basacaq, su qızışacaq dünyanı alacaq altına. Dünyanı su basana qədər qızışmasaq batdıq!


YAZARIN ARXİVİ

2018-05-16 : BAŞQA SƏS
2013-11-02 : ÜRƏK AĞRISI
2013-02-19 : Eşşək Həsən
2012-11-09 : İRADƏ
2011-11-12 : MAZQİ
2011-02-24 : İKİNCİ OLMAQ
2011-02-03 : Dəli
2011-01-20 : "Qızışma"
2010-10-29 : MƏN BİR YOLAM
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK