hacklink Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADİLİN ADİL ÖMRÜ

( 4-cü yazı)

16838    |   2010-02-20 02:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən sayımızda)
   
   
   
   Rusiyada repressiyadan danışılanda 1937-ci ilin adı çəkilir. Yəni, 37-ci il bir növ repressiya anlayışını özündə ehtiva edir. Əslində repressiya Oktyabr inqilabı ilə eyni vaxtda başlamışdı, desək daha doğru olar. SSRİ adlanan Sovet imperiyası yaranan gündən böyük miqyaslı "təmizləmə" əməliyyatı daha geniş ərazidə vüsət aldı. 1937ci il düşmən ovunun zirvə nöqtəsi idi. Amma o ilin özündə belə baş verən hadisələri, yüksək səviyyədə alınan qərarları nəzərdən keçirəndə qəribə məqamlarla rastlaşdım. Məsələn, 1937-ci ilin fevral ayında SSRİ MİK şair A. S. Puşkinin anadan olmasının yox, vəfatının 100 illiyinin qeyd edilməsi barədə qərar qəbul edib. Bu sənədə əsasən ölkənin hər yerində tədbirlər keçirilib, şairin adının əbədiləşdirilməsi üçün əlavə işlər görülüb. Moskvada Dövlət təsviri sənət muzeyinə, paytaxt küçələrindən birinə, Moskva çayı boyunca salınmış bulvara Puşkini adı verilib. Ieninqrad Dövlət Akademik Dram teatrı, eləcə də keçmiş Birja meydanı o gündən şairin adını daşımağa başladı. Bu hələ harasıdır? Repressiya dalğası tüğyan edən il Puşkinin ardınca Saltıkov Şedrinin, Leskovun, Qoqolun, Çexovun da doğum deyil, ölən günləri əzizlənib.
   
   1937-ci il fevral ayının 10-da Böyük teatrda Rusiya Federasiyası Xalq Maarif komissarı Andrey Sergeyeviç Bubnovun rəhbərliyi ilə Ümumittifaq Puşkin Komitəsinin yığıncağında 100 illiklə əlaqədar qarşıda duran vəzifələr müəyyənləşdirilir, iş planı dəqiqləşdirildi. Cəmi səkkiz ay sonra oktyabrın 17-də Bubnovun özü həbs ediləcəkdi. 1938-ci ilin avqust ayının 1-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarı ilə "xalq düşməni "kimi güllələnməyə məhkum olunacaqdı. Hökm dərhal yerinə yetiriləcəkdi. Fevral ayının 10-da keçirilən içlasda onun rəhbərliyi altında Komitənin fəaliyyətini fəallaşdırmaqla bağlı hərə bir təklif irəli sürürdü. Qərara alınmışdı ki, ölkənin hər yerində böyük rus şairinin yubileyinə hazırlıq gücləndirilsin. 100 illik münasibətilə onun əsərləri ölkə xalqlarının dillərinə tərcümə olunub yüksək tirajla yayılırdı, şerləri dərsliklərə salınırdı. Həmin il tam külliyyatının yenidən çap olunmasına başlanıldı. Naxçıvan ictimaiyyəti də yubiley tədbirlərinə qatılmışdı. Adilgilin yaşadığı ünvanı dəyişib elədilər Puşkin küçəsi. Camaatı Telman adına kluba yığıb Puşkinə xatirə gecəsi keçirdilər. Proqrama məktəblilərin çıxışı da salınmışdı. Adil "Çiçək" şeirini söyləyəcəkdi . Yaxşı əzbərləsə də, təbiətən utancaq olduğundan səhnədə yaman sıxıldı. Tamaşaçı qarşısında şeir oxumaq ayrıca məharət tələb edir. Bu keyfiyyət onda heç vaxt olmayıb. Düzdür, çaşmadı, dili topuq vurmadı. Amma daxili gərginliyi, narahatlığı, səsinin titrəyişi gözdən yayınmadı. Səhnəni tərk edəndə dönüb arxaya baxmasa da, xeyli əl çalındığını eşitdi. Görünür abırhəyalı pioner ruhdan düşməsin, deyə belə etdilər.
   
   Məktəbdə ədəbiyyat dərsini Baqi Hüseynov adlı müəllim deyərdi. Onun özü də bədii ədəbiyyata meylli olub. "Şərq qapısı" qəzetində arasıra hekayələri dərc edilərdi. Qəzet çıxan gün gətirib şagirdlərinə oxuyardı. Baqi müəllim kim idisə, dəqiq bilmirəm, amma yaman sevdirmişdi ədəbiyyatı uşaqlara. Sinfin əksəriyyəti yazıçı olmağı arzulayırmış. Böyüdükcə onların sayı xeyli azaldı. Safura Allahverdiyeva həkim oldu, Adil Nəcəfov filosof kimi tanındı, Kərim müəllim sənətşünaslığı seçdi və bu sahədə tanınmış alım oldu. Amma, Baqı müəllimin sayəsində bədii sözə sevgi, sayğı hər birinin qəlbində əbədi yaşadı. Məktəb illərində İslamın da, Adilin də ilk dinləyici Safura olardı. Sonralar Safura həkim zarafatla deyərdi ki, orta məktəbdə hamımız könül vermişdik şeirə. İslamla Adilin yazılarına qulaq asaasa, biz ədəbiyyatdan uzaqlaşdıq. Meydan qaldı onların ikisinə...
   
   İslam Səfərli və Adil Babayevin Naxçıvandan başlayan uşaqlıq dostluğu böyüdükcə qələm dostluğu, sonra ailəvi dostluqla bir az da möhkəmləndi. Hər ikisi şer də yazdı, dram əsərləri də. Bakıya daşınanda əvvəlcə Təzə Pir məscidinin ətrafında qonşu oldular. Hər ikisinə Yazıçılar İttifaqından verilən təzə mənzil də yanyana qismət oldu Cənub-Sovet meydanında. İslam Adildən iki yaş böyük idi. İki il tez dünyasını dəyişdi. Demək ki, hər ikisi eyni yaş yaşadı...
   
   
   
   ***
   
   
   
   Leninqrada rəhbərlik edən Sergey Mİronoviç Kirovu 1934-cü ilin dekabr ayının 1-də iş yerində qətlə yetirdilər. Bu hadisə bütün ölkəni sarsıtmışdı. Qətli törədən Leonid Nikolayev adlı birisi hadisə yerində yaxalandı. Cinayəti qısqanclıq zəminində törətdiyini dedi. Amma istintaqın gedişində əvvəlki ifadələrini dəyişib başqa fikir söylədi. Etiraf etdi ki, cinayəti tək törətməyib. O, müəyyən siyasi qruplaşmanın qara niyyətini həyata keçirib. Bundan sonra Leninqradda, Moskvada kütləvi həbslər başladı, cinayətin izinin haralara uzandığı araşdırıldı. İstiisti nə qədər adam tutuldu, güllələndi, sürgünə göndərildi. Deyirdilər ki, yoldaş Stalin şəxsən bu məsələni nəzarətə götürüb. Hər yanda terror aktına qarşı etiraz mitinqləri keçirilirdi. Bu qətlin dalında dayanan siyasi qüvvələr, imperializmin nökərləri nifrət atəşinə tutulurdu. Kirov xeyli müddət Azərbaycan Kommunist partiyasına rəhbərlik etdiyindən onun xatirəsinə həsr olunmuş tədbirlər, mərasimlər respublikanın hər yerində geniş şəkildə keçirilirdi. Siyasi Büronun qərarı ilə Kirovun adının əbədiləşdirilməsinə başlayanda Azərbaycan digər respublikalardan fərqləndi. Elə bir yaşayış məntəqəsi tapılmazdı ki, orada Kirovun adına nəsə olmasın. Beşon daxmadan ibarət kənddə də iki küçədən biri Sergey Mironoviçin adını daşıyırdı. Onun adına müəssisələr, elm, mədəniyyət, səhiyyə, təhsil ocaqları, abidələr günbəgün artırdı. O illərdə Naxçıvan da əsaslı şəkildə kirovlaşırdı. Sergey Mironoviçin heykəli Bakıdan əvvəl Naxçıvanda qoyuldu. Heykəlin təntənəli açılış mərasiminə minlərlə adam toplaşmışdı. Məktəbliləri də dərsdən çıxarıb bu mühüm ictimai-siyasi tədbirə yolladılar.
   
   
   
   Adilin xatirələrindən
   
   
   
   Bizi Kirovun heykəlinin açılışına aparırdılar. Bir gün əvvəl məktəbdə birinci dərs bütünlükdə onun həyat və fəaliyyətinə həsr edilmişdi. Azərbaycan üçün onun böyük işlər gördüyündən danışdılar. Müəllim onun necə sadiq leninçi-stalinçi olmasını bizə nümunə göstərərdi. Kirovun əziz xatirəsini Naxçıvan məktəblilərinin hər zaman uca tutacaqları barədə Muxtar Respublikanın rəhbərliyinə ünvanlanan müraciətin mətni oxundu. Hamımız əl çaldıq. Hər sinif rəhbəri öz uşaqlarını sıraya düzüb abidənin açılışına apardı. Küçədə mahnı oxuya-oxuya addımlayırdıq. O tərəfdən də silahlı adamların əhatəsində böyük dəstə bizə tərəf gəlirdi. Ancaq onlar oxumurdu, üzləri gülmürdü. Qarşılaşanda gözlərindəki soyuqluğu hiss etdik.
   
   
   
   ***
   
   
   
   Həmin dəstədə böyük-kiçik, oğlan-qız hamısı qarışmışdı bir-birinə. Onlar dəmir yolu vağzalına tərəf hərəkət edirdilər. Hamısını yük vaqonlarına doldurub Qazaxıstan çöllərinə göndərəcəkdilər. Sürgün edilənlərin içində Adilin yaxın qohumları da var idi. Yolda üzbəüz gələndə baxışlar toqquşdu və Adil bir anlıq ayaq saxlayıb ucadan salam verdi. Amma o adam özünü eşitməzliyə, görməməzliyə vurdu. Adil pərt oldu. Axşam evə gələndə yolda başına gələni anasına danışdı. Ana dərindən köks ötürüb, susdu. "Onlar başqa şəhərə köçdülər. Yəqin səni uşaqların arasında tanımayıblar ", dedi. Nə o mənzərə, nə anasının çiy cavabı Adilin yadından çıxmadı... Nələr baş verdiyini bilmək, dərk etmək üçün xeyli vaxt ötdü. 20 il sonra isə Qazaxıstandan qayıdacaq Ruqiyyə bibisinin, bacılığı Cəmilənin şahidi olduğu dəhşətli hadisələrin xatiratı Adilin şair qəlbini təlatümə gətirəcəkdi. "Yük qatarı"," Həsrət " kimi əsərlər bu acı hekayətlərdən yaranacaqdı...
   
   Dərdi-qəmi, qəzəbi, qorxunu ürəyinə doldurub sürgün edilənlərin həsrətini, əzabını, naümid baxışlarını dünyanın ən ağır yükü adlandırırdı Adil. Parovozların güclə dartıb apardığı ağırlığa insanların necə dözdüyünü anlamağa çalışacaqdı Adil.
   
   ... Gecənin qaranlığında taqqıldaya-taqqıldaya aləmə səs salıb, sürünə-sürünə sürgünə gedən qatarda həm soyuqdan, həm acından ana körpəsini itirdi. Balasının öldüyünü hamıdan gizlədən cavan gəlin arasıra onu guya əmizdirir, uzun üzgün yollarda gecələr laylay çalırdı. İki gün sonra cəsəd iy verməyə başlayanda adamlar məsələdən duyuq düşdü. Çarəsiz qalan ana vaqonun xırda nəfəsliyindən balasını öz əlləriylə çölə atdı. Gecənin zülmətində Ay da bu dəhşətə şahidlik etməsin deyə, buludların arxasında gizlənmişdi. Balaca Cəmilə bu dəhşətli səhnəni öz gözləriylə görmüşdü. Dərddən havalanan ana öz fəryadını içində boğmuşdu. Səhər açılanda onu qan gölündə üzən görüblər. O, kəsilmiş damarlarından süzülən qanla vəsiyyətini yazmışdı: vaqonun kiçik pəncərəsindən məni atmaq çətin olar. Doğrayın körpəm boyda tikələrə. Parça-parça edib atın balamı atdığım yollara.
   
   Ananın faciəsini "Yük qatarı"nda Adil ürək yanğısı ilə qələmə alımışdı...
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK