Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | 2 N-li PARTBİLETİN SAHİBİ Adalet.az | 2 N-li PARTBİLETİN SAHİBİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

2 N-li PARTBİLETİN SAHİBİ

("Tarix- ibrət alanlar üçün dərsdir" silsiləsindən)

12000    |   2009-10-24 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən
   
   şənbə sayında)
   
   
   
   Xalq komissarı Lev Trotski öz səlahiyyətlərindən istifadə edərək, Blyumkin barədə qiyabi ölüm hökmünün dəyişdirilməsinə nail oldu. Nə qədər qəribə də olsa, Mirbahın qatilini "inqilabı nailiyyətlərin müdafiəsi uğrunda döyüşlərdə günahını yumaqla" islah etmək qərarına gəldilər.
   
   Terror aktı ilə bağlı xüsusi istintaq komissiyasının hazırladığı məruzə 1919-cu il may ayının 16-da Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsində dinlənildi. Katib Avel Safronoviç Yenukidzenin imzası ilə çıxarılan qərarda deyilirdi:
   
   Blyumkinin hökumət orqanlarına könüllü təslim olmasını və alman səfiri qraf Mirbahın ölümü barədə müfəssəl məlumat verməsini nəzərə alaraq, Rəyasət heyəti qərara gəlir ki, Y.Q. Blyumkin əfv olunsun.
   
   Avel Yenukidze də inqilabdan öncə bir müddət Bakı dəmir yolu deposunda maşinist köməkçisi işləmişdi. Sosialdemokrat partiyasına bizim küləkli şəhərdə üzv olmuşdu. Bakının Kömürçü meydanı adlanan məhəlləsində gizli fəaliyyət göstərən "Nina" mətbəəsinin qurulmasında yaxından iştirak etmişdi. Şübhəsiz ki, təcrübəli inqilabçı hökm çıxarmazdan öncə məsələ ilə bağlı Feliks Dzerjinskinin rəyini də nəzərə almışdı. Blyumkinin yenidən Moskva küçələrində peyda olması alman səfirliyi əməkdaşlarının gözündən yayınmadı. Mirbahın rəsmən qatili elan edilərək neçə vaxtdan bəri guya axtarışda olan adamın indi məsuliyyətindən yaxa qurtarıb, paytaxtda sərbəst gəzib-dolaşması, üstəlik rəsmi orqanlara yenidən işə düzəlməsi onlarda çaşqınlıq hissi yaratmışdı. Bütün bunlar terror baş verəndə Dzerjinskinin dediyi sözlərin, tutduğu mövqeyin səmimiyyətinə də kölgə salırdı. İstəristəməz vaxtilə ucadan səslənən bir çox yalanın üstü açılırdı. Belə olan halda kim inanar ki, Blyumkinin əməllərindən və əfv olunmasından Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Lenin bixəbər idi?
   
   Həmin günlərdə xalq komissarı Trotski cəld tərpənib Yakovu öz qərargahına işə götürdü. Onu şəxsi mühafizə xidmətinə rəis təyin etdi. Rusiyada vətəndaş müharibəsi bitən kimi, ali təhsil almaq üçün Qızıl ordu Baş Qərargahının Hərbi Akademiyasına göndərdi. Fəqət Şərq şöbəsində təhsil alan Yakov arasıra gözdən itirdi. Onu məxfi tapşırıqları yerinə yetirmək üçün müəyyən müddətə harasa göndərirdilər. Tezliklə Blyumkin yenə Dzerjinskinin rəhbərlik etdiyi təhlükəsizlik orqanlarında bərqərar oldu. Və ən maraqlısı da odur ki, bolşevik partiyası sıralarına daxil olmaq üçün Yakova zəmanəti ölkənin 1 nömrəli çekisti Feliks Edmundoviç vermişdi!
   
   "İnqilab həmişə özünə cavan məşuqlar seçər", ifadəsi Lev Davıdoviçin dil-dodağından çıxar-çıxmaz, sanki qanadlanıb el-oba dolaşırdı. Deyilənə görə, Trotski bu poetik fikri Blyumkini nəzərdə tutaraq söyləmişdi. Sonralar xatirələrində onu ÇK-nın əsasını qoyanlardan biri kimi qələmə verən xalq komissarı Yakovu öz yaratdığı təşkilatın qurbanı adlandırırdı. Trotski hələ bilmirdi ki, onun cəlladı da uzun mübarizələrdən sonra siyasi həmfikirləri ilə birgə qurduqları böyük sovet imperiyasının fanatikləri olacaq.
   
   6 iyul hadisələrindən xeyli müddət ötməsinə baxmayaraq, 1920-ci ildə törətdiyi cinayətə görə Blyumkin partiyalar arası məhkəmə qarşısında bir daha cavab verdi. Yoldaşlıq məhkəməsinə Rusiya Mərkəzi İcraiyyə Komitəsinin keçmiş üzvü A.Karelin başçılıq edirdi. Məhkəmə iclasıları iki həftə sürsə də bütün dinləmələrdən sonra Yakov barəsində heç bir qərar çıxarılmadı. O, əvvəlki tək Akademiyada təhsilini davam etdirdi. Hərbi siyasi fənlərlə yanaşı, Şərq bölməsinin dinləyicilərinə o ölkələrdə yaşayan xalqların dilini də öyrədirdilər. Yabançı dil qavrama qabiliyyəti güclü olduğundan Yakov tezliklə əməlli-başlı farsca danışmağa başladı. Fürsətdən istifadə edib almancasını daha da dərinləşdirdi. Hətta çin dilində danışmağı da öyrəndi. Paytaxtda yaşadığı müddətdə heç bir maddi korluq çəkməyən Yakov boş vaxt tapan kimi gənc ədəbiyyatçılarla, yaradıcı adamlarla oturub durardı. Onu çox vaxt Mayakovski, Yesenin, Şerşeneviçlə birlikdə əylənən görərdilər. Bu mehribanlığın qarşılıqlı faydası vardı: Blyumkin fikirxəyal dünyasıyla dövrün siyasi çərçivələrinə sığmayan istedadlı şairləri qanadının altına alıb qorxulu və narahat zəmanənın təqiblərindən qoruyurdu. Müstəqil, azad düşüncə sahibləri üçün tələ quranlar hər yerdə, hər zaman yetərincə var. Blyumkin dəfələrlə çıxılmaz vəziyyətə düşən Yeseninin, Mandelştamın qanının arasına girmişdi. Bu barədə çox danışmaq olardı. Yeri gəlmişkən bir misal çəkəcəm.
   
   İnqilabdan əvvəl Moskvanın Tverskoy küçəsində məşhur "Domino" kafesi açılmışdı. Bolşevik hakimiyyətində onun sahibi öldümü, qaçıb canını qurtardımı, dəqiq bilən tapılmadı. Sahibsiz yerə "Şairlər ittifaqı" adlanan ictimai birlik sahib çıxdı. Bura adətən gənc yazarlar, onların pərəstişkarları toplaşardı. Sergey Yesenin təşəbbüs qrupu yaradaraq azad düşüncəli yaradıcıların assosiasiyasını qurmağı qərara aldı. Həmin vaxtdan "Domino" daha çox tanındı, hər kəsim maraq göstərdiyi populyar məkan oldu. İyirminci ilin soyuq qış axşamlarının birində Sergey Yesenin başına yığılan pərəstişkarları ilə düşüncələrini, duyğularını paylaşırdı. Səsləndirdiyi fikirlər siyasi baxımdan mübahisəli göründüyündən hətta bəziləri daxili narahatlıq keçirməyə başladı. Axı, hər yerdə, hər addımda şübhəli nə varsa, onu görən gözlər, eşidən qulaqlar getdikcə çoxalırdı. Çekistlərin onunla maraqlandığından xəbər tutan şair hər ehtimala qarşı bir müddət paytaxtdan uzaqlaşmalı oldu. Əvvəlcə Xarkova yollandı, sonra doğma kəndi Konstantinova baş çəkdi. O günləri yada salarkən şair etiraf edirdi ki, sərbəst düşüncələrimi paylaşdığıma görə başım daha möhkəm ağrımasın deyə, Moskvadan baş götürüb qaçdım. Paqonlularla onunku heç düz gəlmirdi. Yesenin o gedən, bir də payız küləkləri, yağmuru ilə bərabər paytaxta döndü. Həm də əliboş yox, yenicə yazdığı şerlər silsiləsi ilə. Amma, qayıtdığına tezliklə peşman oldu. Oktyabrın 20-də onu qələm dostu Aleksandr Kusikovun mənzilində həbs edib Lubyankaya gətirdilər. Vurulmağının səbəbini doğru-dürüst bilməyən günahsız müqəssir bir həftə kamerada saxlanıldı. Onun azadlığa buraxılmasına səbəb sənədi gəlin birlikdə gözdən keçirək. Düzü bu hadisəni də sənədə imza atanın kimliyini sizə təqdim etmək üçün danışdım.
   
   Əksinqilabı fəaliyyətdə ittiham olunan vətəndaş Kusikovun cinayət işi ilə bağlı müqəssir bilinən vətəndaş Yesenin Sergey Aleksandroviçin zaminə buraxılması barədə
   
   İltizamnamə 1920-ci il oktyabr ayının 25-də mən, aşağıda imza edən Blyumkin Yakov Qriqoryeviç, "Savoy" mehmanxanasının 136cı nömrəsində yaşayan, vətəndaş Yesenini zaminə götürürəm və istintaqdan, eləcə də məhkəmədən gizlənməyəcəyinə, ilk çağırışında məhkəmə orqanlarına gələcəyinə şəxsi məsuliyyətimlə cavabdehəm.
   
    Zaminə götürənin imzası Y.Blyumkin, 25 X 20-ci il. Moskva.
   
   Dediyim kimi, belə hallar Blyumkinin həyatında çox olub. Dəfələrlə neçəneçə qələm sahibini, sənət adamını nahaq yerə tutulmaqdan, yaxud havayı ölümdən qurtarıb. Mənim üçün sizə təqdim etdiyim bu sənədin əhəmiyyəti başqa məqamıyla əlamətdardır. İltizamnaməni verən şəxsin adı, yaşadığı yer və imzası göstəriləndən sonra partiya mənsubiyyəti də bildirilir: İran Kommunist Partiyası Mərkəzi Komitəsi.
   
   Bəli, yazılan yanlış deyildi. Rus bolşeviki indi İran kommunist partiyasının üzvü olmuşdu. Rus şairi Sergey Yesenini İran kommunisti zaminə götürməklə növbəti dəfə vaxtsız ölümün caynağından qurtarmışdı.
   
   İran kommunist partiyasının 2 nömrəli üzvlük biletini cibində gəzdirən Mirbahın qatili Yakov Blyumkin 1920-ci ildə hələ Bakıya da gələcəkdi.
   
   
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK