ANA SƏHİFƏ / YAZARLAR

Professor Nizaməddin Şəmsizadəyə məktub

18701    |   2014-12-26 09:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hörmətli Nizaməddin müəllim!
İnanmaq olmur ki, 60 yaşı haqlayıbsan. Axı yaşına görə xeyli gənc görünürsən. Güman ki, bu bir tərəfdən oğlun Fəridə ünvanladığın "Müdriklər bunları deməyib" kitabında xüsusi vurğuladığın xeyirxahlığınla, digər tərəfdən seçdiyin elm sahəsini mükəmməl bilməyinlə bağlıdır.
Yaşım az deyil. İyirmi ildən artıq ali məktəbdə kafedra müdiri işləmişəm. Çox görmüşəm institutu və universiteti fərqlənmə diplomu ilə bitirənləri. İmtahan kommisiyasının və ali məktəbin Elmi şurasının onlardan kimlərisə aspiranturada saxlamaq və ya elmi işə yönəltmək barədə qərarlarını görmüşəm. Ancaq görməmişəm ki, universiteti başa vuran gənc haqqında mərkəzi mətbuatda, özü də "Ədəbiyyat və incəsənət qəzeti"ndə müəllimi olmuş professor məqalə yazaraq ədəbiyyatşünaslara təqdim etsin. Bunu istedadlı gənclərə arxa, dayaq olan Abbas Zamanov etdi. Haqqında sən tələbə olanda "Mən onda əsl ədəbiyyatşünaslıq yanğısı, elmi təfəkkür görürəm" - deyən Abbas müəllim sənin elmin, biliyin, istedadın, təfəkküründən söz açmışdı.
Yaxşı bilirsən ki, o vaxtlar elm və təhsil məbədi Bakı Dövlət Universitetində xeyirxahlığı ilə seçilən təkcə Abbas Zamanov deyildi. Görkəmli ədəbiyyatşünas və dilçi alimlərimizdən Mir Cəlal Paşayev, Cəfər Xəndan, Əli Sultanlı, Məmməd Cəfər Cəfərov, Hadı Mirzəzadə, Muxtar Hüseynzadə Səlim Cəfərov, Əlövsət Abdullayev və başqaları da istedadlı tələbələrin seçilib elm aləminə gəlməsinə xüsusi qayğı göstərirdilər. Akademiklər Ağamusa Axundov, Tofiq Hacıyev, ədəbiyyatşünaslıq elmimizin iftixarı Yaşar Qarayev, Firudin Hüseynov və sonrakı nəsildən indi adlı-sanlı elm adamları, ədəbiyyatşünas alimlər Vilayət Quliyev, Şirindil Alışanov, Muxtar İmanov, Məhərrəm Qasımlı, Kamran Əliyev, eləcə də sən və başqaları o qayğını, o xeyirxahlığı öz üzərinizdə gördünüz. Mənə belə gəlir ki, sənin qayğıkeşliyin, alicənablığın, xeyirxahlığın oradan qaynaqlanır.
Qardaşım, sənin bəxtin bir də onda gətirdi ki, Elm məbədi Nizami adına Ədəbiyyat İnstitutuna gəldin. Orada Kamal Talıbzadə, Əziz Mirəhmədov, Mirzağa Quluzadə, Bəkir Nəbiyev, Kamran Məmmədov kimi görkəmli alimlərdən dərs alıb, zəngin bir məktəb keçdin. 1978-ci ildə baş laborant kimi işə başladın. 1982-ci ildə namizədlik, 1990-cı ildə çox ağır, az işlənən bir mövzuda "Azərbaycan ədəbiyyatşünaslığı, mərhələlər və konsepsiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə etdin. Bu, az bir zaman kəsiyində baş verdi. Diqqət çəkən bir də ondan ibarətdir ki, Ədəbiyyat İnstitutunda işə başlayan kimi tanınmış yazıçı İsi Məlikzadənin "Küçələrə su səpmişəm" əsərinə ilk ədəbi-tənqidi məqalə yazdın. Məqalənin adı qeyri-adi idi: "Sən kimsən, müasirim?!" Mən sənin sonrakı əsərlərinizdə fərqli adlar qoymağının fərqinə varmışam.
Fikirləşirəm ki, bu sənin özünün, fikir və düşüncələrinin fərqli, bənzərsiz olması ilə bağlıdır. İlk yazının "Azərbaycan" jurnalında (1978, № 12, s. 198-201) çap olunması çox mətləblərdən xəbər verirdi. Bu məqalə ədəbiyyatşünaslıq elmimizə istedadlı bir gəncin gəlməyinin müjdəsi idi. Bu belə də oldu. Tezliklə "Tənqidçi şəxsiyyəti və ədəbi proses", "Tənqidin ədəbi prosesdə rolu", "Azərbaycan sovet tənqidçiləri", "Tənqidçi məsuliyyəti və tənqidçi nüfuzu", "Tənqidi fikrin üfüqləri" kimi məqalələrin ədəbi ictimaiyyət arasında əks-səda doğurdu. Doktorluq dissertasiyasını müdafiə etməyindən çox-çox əvvəl "Ədəbi mübahisələr" adlı ilk irihəcmli monoqrafiyan "Yazıçı" nəşriyyatı tərəfindən çap edildi (1986). Sevimli müəllimin akademik Kamal Talıbzadə kitabına Tənqidçinin ilk kitabı" adlı əhatəli ön söz yazdı. Buna qədər isə "Ədəbi proses - 78" (1980, şərikli) kitabınız işıq üzü görmüşdü.
Nizaməddin müəllim, sanballı elmi-nəzəri kitabların ədəbiyyatşünaslıq elmimizə, xüsusən də onun tənqid bölümünə yeniliklər gətirmək baxımından fərqlənir: "Azərbaycan ideologiyası", "Azərbaycan ədəbiyyatşünaslığı, "Türk təfəkkürü məcrasında", "Tənqidin ədəbi prosesdə rolu", "Ədəbi proses və ədəbi nəsil", fundamental "Ədəbiyyat nəzəriyyəsi" kimi qalın və qalan (Yaşar Qarayev) əsərin gənc ədəbiyyatşünasların stolüstü kitabına çevrilib. Əslində yaşlı nəsil də monoqrafiyalarından qədərincə bəhrələnir. Uzun müddət Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda "Ədəbiyyat və dillər", "Ədəbiyyat və Azərbaycan dili", "Ədəbi yaradıcılıq" kafedralarına rəhbərlik edərkən gənclərin yetişməsində, kafedra müəllimlərinin inkişafında xidmətlər göstəribsən. Uzun illər mənim də çalışdığım Nizami adına Ədəbiyyat İnstitutunda "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinə rəhbərlik edibsən. Neçə illərdir BDU-nun nəzdində Dissertasiya Şurasının üzvüsən. Respublikada nüfuzlu ədəbiyyatşünas alim kimi tanınırsan. Elmi xidmətlərin dövlət tərəfindən qiymətləndirilib. 2010-cu ildə Ədəbiyyat İnstitutunun görkəmli alimləri ilə bir sırada "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülübsən. Ədəbi prosesə ən çox müdaxilə edən alimlərimizdənsən. Bədii ədəbiyyatda yazıçı və şair kimi qələm sınayırsan. Bir neçə hekayə və şeir kitabların çıxıb. Oxucuların rəğbətini qazanıb. Görkəmli yazıçı və şairlərimizin yubileylərində nüfuzlu söz sahibi kimi çıxış etmək, yığıncağı aparmaq sənə həvalə edilir.
Bütün bunlar öz yerində.
Sən bizim institutda işləyəndə, bildiyin kimi İnstitutun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri müəllimin Kamal Talıbzadə, müavini isə mən idim. Aramızda ata-oğul münasibəti yaranmışdı. Bir dəfə söz arası dedi ki, Nizaməddin istedadlı tənqidçidir. Təfəkkür sahibidir. Ədəbiyyatşünaslıq elmimizi qabağa aparan azsaylı alimlərimizdəndir. Fəxr edirəm ki, onun bir tənqidçi kimi yetişməyində xidmətlərim olub.
Bu, böyük alimin yetişdirməsinə verdiyi böyük qiymət idi. Sən xoşbəxt adamsan.
Hörmətli Nizaməddin müəllim, sənin bir üstünlüyün də var, həm alimsən, həm də pedaqoq. Həmişə gənclər arasında olursan. İstər-istəməz sönməyə üz tutan arzuların yaşına xilaf çıxaraq əvvəlki məcraya dönür. Bu isə yazıb-yaratmaq üçün mühüm amildir.
Qardaşım, nə gizlədim, sənə məqalə həsr etmək istəyirdim. Lakin professor Şamil Vəliyevin sənin yaradıcılığından bəhs edən "Azərbaycanşünas alim" monoqrafiyasını və görkəmli alimlərimizin və yazıçılarımızın çoxsaylı məqalələrini içinə alan, 452 səhifəlik "Filosof tənqidçi" kitabını vərəqlədikdən sonra fikrimdən vaz keçdim. Bu kitablarda və sonralar yazılan məqalələrdə yaradıcılığın bütövlükdə yüksək səviyyədə təhlil və təqdir edilib. Odur ki, ürək sözlərimi bu məktub vasitəsilə sənə ünvanlamaqla kifayətləndim. Altmış yaşın mübarək, böyük alim, alicənab və xeyirxah insan!



YAZARIN ARXİVİ

2014-11-07 : MİNNƏTDARLIQ
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK