hacklink Adalet.az | "İnsan obrazları yaratmağa nə var ki..." Adalet.az | "İnsan obrazları yaratmağa nə var ki..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"İnsan obrazları yaratmağa nə var ki..."

Gənc aktyor Cavid İbrahimov: "Şirmanın arxasında keçirdiyin hiss və həyəcanı kuklalara ötürməli bacarmalısan"

19802    |   2014-10-18 01:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cavid İbrahimov çox gənc olmasına baxmayaraq peşəkar səhnədə maraqlı rollar oynayıb. Teatra gəldiyi elə ilk ildəcə Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasında Dərviş, Üzeyir Hacıbəylinin "Məşədi İbad"ında Rüstəm bəy rolları ona etibar edilib.
Gənc aktyorun sənət aləmində geniş tanınmaması yalnız bir səbəblə bağlıdır. Cavid İbrahimov Abdulla Şaiq adına Dövlət Kukla Teatrında çalışır. Xalq artisti, mərhum Telman Adıgözəlovdan dərs alan həmsöhbətim bu teatrı seçdiyinə görə peşman olmadığını deyir.

- Cavid, bütün sənət adamları tanınmaq, daha tez populyarlaşmaq istəyirlər. Belə istək yəqin ki, sənin də ürəyindən keçməmiş deyil...
- Yaradıcılıqla məşğul olan insanlarda belə bir arzunun olması təbiidir. Aktyor, rejissor, müğənni, rəssam, şair və yazıçı istəyir ki, onun yaratdıqları ilə daha çox insan tanış olsun, həm özü, həm də əsəri tanınsın. Əgər desəm ki, tanınmaq ürəyimdən keçmir, qeyri-səmimi görünmüş olaram.
- Ümid edirəm ki, söhbətimizin sonuna kimi bu səmimiyyəti qoruyacaqsan və "Kiçik yaşlarımdan ən böyük arzum Kukla Teatrının aktyoru olmaq idi" cümləsini işlətməyəcəksən...
- Kukla Teatrı ilə bağlı belə bir arzum həqiqətən də olmayıb. Aktyor olmağı arzulayırdım, bu istəyimə də çatdım. Mədəniyyət və İncəsənət Universitetində estrada artisti ixtisası üzrə təhsil aldım. Xalq artisti Telman Adıgözəlovun kursunda oxumaq mənə qismət oldu. Birinci kursda oxuyanda artıq teatrda çalışırdım. Xalq artisti İlham Namiq Kamal rəhbərlik etdiyi "İlham" Miniatür Teatrında məni işə götürmüşdü. Bəzən məşqlərimiz dərs vaxtına düşürdü, Telman müəllimə deyirdim ki, məşqim var, mümkünsə bu gün dərsdə iştirak etməyim. Allah Telman Adıgözəlova qəni-qəni rəhmət eləsin, həmişə mənə dəstək olurdu. Çox istəyirdi ki, mən bu sənətdə qalım, ona görə də tamaşalarıma gəlib baxırdı, məsləhətlərini verirdi. 2007-ci ildə ali məktəbi bitirəndən sonra qısa müddət Dövlət Gənc Tamaşaçılar Teatrında, Bakı Uşaq Teatrında çalışdım. Bu arada hərbi xidmətdə olub Vətənə borcumu da ödədim.
İndi də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoruyam. Burada çalışmaq uşaqlıq arzum olmasa da, öz seçimimdir. İş üçün müraciət edəndə həm teatrın direktoru Rəşad Əhmədzadə, həm də baş rejissor Qurban Məsimov müsbət cavab verdilər. Mən də bu insanların və teatrımızın bütün kollektivinin etimadını doğrultmağa çalışıram.
- Başqa teatrı seçsəydin daha tez tanına bilərdin. Hər halda...
- Bilirəm, nəyi nəzərdə tutursunuz. Kukla Teatrının aktyorlarını tamaşaçılar o qədər də tanımırlar. Belə kollektivlərdə çalışanların illəri şirma arxasında keçdiyindən belə demək mümkünsə, göz önündə olmurlar. Bayaq dediyim kimi, bu teatrda çalışmaq öz seçimim olduğundan, təəssüf hissi-filan da keçirmirəm, buradakı işimdən razıyam. Bir məsələni də qeyd edim, başqa teatrların səhnəsində insan obrazları oynamağa nə var ki... Alleqorik obrazlar yaratmağın, kuklalarla oynamağın öz çətinlikləri var. Şirmanın arxasında keçirdiyin hiss və həyəcanı kuklalara ötürməyi bacarmalısan və bunu elə ustalıqla və təbii etməlisən ki, balaca tamaşaçı inansın. Ola bilsin ki, bu sözlərim birmənalı qarşılanmasın, lakin mən öz düşüncələrimi deyirəm və əvvəldə də söz verdiyim kimi, səmimiyəm.
- Kukla Teatrında çalışmaq istəyən gənci təcrübəli aktyorlar necə qarşıladı?
- Çox isti və mehriban. Sözün açığı, mən belə gözləmirdim. İlk vaxtlar kuklalarla oynamaqda müəyyən çətinlik çəkirdim, təcrübəli iş yoldaşlarım bu məsələdə mənə çox yardımçı oldular, məsləhətlərini əsirgəmədilər. Elə bu gün də onlara müraciət edəndə köməklərini əsirgəmirlər. Teatrımızın direktoru Rəşad Əhmədzadə, baş rejissorumuz Qurban Məsimov daim gənclərə dəstək olurlar. Bu gün doğma teatrımızda mənə "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasında Dərvişi, "Məşədi İbad"da Rüstəm bəyi etibar edirlərsə, bu elə bütün gənclərə göstərilən etimaddır. Dərviş rolu üzərində Sankt-Peterburqdan dəvət olunmuş quruluşçu rejissor Aleksandr Maksimçukla işlədik. "Məşədi İbad" tamaşasına isə Elşad Rəhmanzadə quruluş vermişdi. Rusiyalı məşhur rejissor Eduard Qaydar mənə "Qoğal" tamaşasında rol verib. Baş rejissorumuz indi Abdulla Şaiqin əsərləri əsasında "Tıq-tıq və Taq-tuqun nağılı" tamaşasına quruluş verir, mən də bu tamaşada məşğulam. Yaxın günlərdə yeni tamaşamızı təqdim edəcəyik.
Arada serialda çəkilməyə də vaxt tapıram.
- Daha çox şirmanın arxasında qalan Cavidi hansı serialda görə biləcəyik?
- Rejissor Sirac Mustafayevin çəkdiyi "Durnalar qayıdanda" serialında məhəllə gənclərindən birini oynayıram. Sabir Məmmədov, Qurban İsmayılov kimi tanınmış aktyorla birgə çəkilirəm. İndi son çəkilişlər gedir, inşallah yaxın zamanlarda telekanalların birində nümayiş etdirilməyə başlayacaq.
- Seriallar səni populyar edəndən sonra birdən Kukla Teatrından getmək barədə düşünərsən a...
- Sözümüz sözdür, səmimi cavab verməyə çalışacam, bu teatrın bir üzvü olmaq mənə həqiqətən də maraqlıdı. Ona görə də başqa bir yerə getmək barədə heç düşünmürəm də. Amma tam səmimi olmaq üçün gəlin gələcək barədə proqnoz verməyək.
- Mən razı.



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO