ANA SƏHİFƏ / YAZARLAR

Əsgəri münasibətsizlik

269734    |   2014-04-14 14:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərbi xidmətə altı il yubanmışdım. Bakalavr pilləsində birlikdə oxuduğum qrup yoldaşım mənə bərk-bərk tapşırdı ki, əsgərliyə gedəndə özünlə nə qədər az pul götürsən, bir o qədər yaxşıdır. Səbəbini soruşanda isə dedi ki, çatdığın hərbi hissədə elə ilk gün "köhnə” əsgərlər söyüş söyüb sənin pulunu "müsadirə” edəcəklər. Mən də inanıb cüzi miqdarda pulla daxil oldum kişilik məktəbinə. Amma qrup yoldaşımın proqnozları özünü doğrultmadı. Kimin nə işi vardı kimsəylə!..

Onu qeyd edim ki, bir çoxları kimi çağırış ərəfəsi əzələ şişirtməyə də vaxt tapmamışdım. İşlədiyim "Şərq qapısı” qəzeti redaksiyasından günorta ayrılıb, axşamçağı kəndimizə çatmış, qohum-qonşu ilə söhbətləşib, səhər dan yeri ağaranda evimizdən ayrılmışdım. Deməyim odur ki, elə bir idmançı görkəmim də yox idi, məndən ehtiyat edib beş-on manatıma əl qoymaqdan çəkinsinlər...

Bəlkə də qohum-tanışlarını əsgərliyə yola salanlar çağırışçıların hərbi komissarlıqların həndəvərində necə zəhmlə, ciddiləşmiş sir-sifətlə var-gəl ediklərini müşahidə ediblər. Əsas da bir-birlərini tanımayanların öldürücü baxışları, əzabverici sataşmaları adamın diqqətindən yayınmır. Eyni zamanda "çağırış vərəqəsi” alandan sonra qarşıdakı 15-20 gün müddətində gələcək əsgərlərin söhbətlərinin əsas mövzusu normal kollektiv münasibətlərinə zidd, daha doğrusu, "qanlı rinq”ə hazırlıq məzmunu ilə "zənginləşir”. Çoxları bu qısa vaxt ərzində idman qurğularından qopa bilmir. Bununla da "əzələ nümayişi”nə start vermiş olurlar...

Son zamanlar ordumuzda baş verən olaylar, xüsusilə dinc şəraitdə əsgər itkiləri hər kəsi narahat edir və etməlidir. Əgər biz Azərbaycan adlı kutsal bir ailənin üzvüyüksə, birimizin itkisinə necə soyuqqanlı baxa bilərik?! Türk etnoslarının genində bir həqiqət əbədi kodlaşıb: doğulduğu vətən torpağı uğrunda tərəddüd etmədən ölümə getmək. Yəni yağı düşmənə sinəsini sipər edənlərin şəhid olması nəinki təbiidir, hətta şərəfdir. Çünki "vətən uğrunda şəhid olmaq ibadətdəndir”. Xalqı ciddi əndişəyə salansa ucuz əsgər ölümləridir. Valideyn üçün övladının şəhid olması, yaxud öz əsgər yoldaşı, komandiri tərəfindən güllələnməsinin elə də fərqi yoxdur. Burada övlad itkisindən, faciədən söhbət gedir.

Diqqət edin, orta əsr tariximizdə "hökmdar-şair” kimi məşhur olan, hətta Əmir Teymura belə əyilməyən Qazi Bürhanəddin Əhməd igidlərin yorğan-döşəkdə deyil, məhz döyüş meydanında can vermələrini yüksək qiymətləndirirdi. Niyə döyüşsüz-filansız buğ yeri yeni tərləyən oğullarımızı itirək?! Həyatı sönən hər bir gəncin yarıda qalan arzuları, doğmalarının qəlbinə çəkilən dağ qəbul edilməzdir!

Danılmaz həqiqətdir ki, bugünkü əsgərlərin ataları və digər yaxınları keçmiş SSRİ-nin müxtəlif ölkə və şəhərlərində hərbi xidmətdə olmuş insanlardır. Bu müddətdə rus, xaxol, tacik, gürcü, mənfur erməni və digərlərinin "talpaları” ilə vuruş ki, vuruşasan! 1987-ci ildə Rusiyanın İrkutsk vilayətində qulluq edən (özü də tikinti taborunda) qardaşımın əsgər yoldaşı ailəsinə ünvanladığı məktubda belə yazırdı: "Ata, nə qədər mal-davarımız varsa sat, gəl məni burdan qurtar... Mən bu məktubu göz yaşımla yazıram!..”

Belə fiziki, psixoloji travma ilə Vətənə dönən soydaşlarımız illərlə o vurhavurun, depressiyanın təsirindən çıxa bilmirdilər. Ətrafdakı insanlarla, hətta ata-ana, qardaş-bacıyla da qanlı-bıçaq olurdular. Yaxud bəziləri gələn kimi beşini də üstünə qoyub başlayırdı ki, "mən "slujbada” belə etdim”, "məni "naryada” çıxara bilmirdilər”, "bir dəfə də olsun qab-qaşıq yumadım”, "yuxudan istədiyim vaxt qalxırdım” və s. Təəssüf ki, belə söz-söhbətlər bir çox ailədə hələ də olur. Və indiki gənclər də hərbi xidmətə əsasən bu ab-havayla gedirlər. Əslində valideynlər dönə-dönə xatırlatmalıdırlar ki, zamanında onlar sovet ordusunda – milli sərhədlərimizin bir qarışına belə aidiyyəti olmayan işğalçı imperiyanın hüdudlarını qoruyublar. İndi isə hərbi xidmət keçməyin mahiyyəti, məsuliyyəti tamamilə fərqlidir: sən öz doğulduğun Vətən torpağını qorumağa gedirsən!

Problemlərin mərkəzində həm də münasibətsizlik var. Mənşəcə ərəb kəlməsi olan "münasibət”in kökündə "mütənasiblik” anlayışı dayanır. Əlaqə və ünsiyyətimizdə tənasüblük zəruridir. Hərbi sferada bu, çox böyük məna kəsb edir.

Ümumiyyətlə, münasibətsizlik insan cəmiyyətində dəhşətli fəsadların ilk törədicisidir. Onun da yaratdığı psixoloji gərginlikdən özgə nə olacaq ki?! Mülki cəmiyyətdə "adamdan adama sınan körpümüz” hərbi mühitdə birləşib necə möhkəm, qırılmaz bağa çevrilə bilər?!

Əsgərlik həyatını, hərbi mühiti heç nə ilə qarışıq salmaq olmaz. Həmişə düşünmüşəm ki, rütbə və vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular nə üçün və nəyə xidmət etdiklərini dərindən dərk etsələr, problemlər yarıbayarı azalar. Bunun üçün ailələrin, orta məktəblərin və ən əsası isə hərbi kadrlar hazırlayan tədris müəssisələrinin üzərinə böyük məsuliyyət düşür.

Bəllidir ki, orta ümumtəhsil məktəblərində çağırışaqədərki hazırlıq dərsləri əsasən sonuncu saatlara salınır (müharibə vəziyyətində olsaq belə!). Buna da ki, nə hərbi rəhbərlərin, nə də şagirdlərin həvəsi və gücü yetir. Xüsusən də əsas diqqət hərbi silah-sursatın taktiki-texniki xüsusiyyətlərinin əzbərlədilməsinə yönəldilir. Halbuki hərbi xidmətdə psixoloji cəhətdən hazırlıq ən vacib məsələdir. Və əsgəri münasibətlərin təməli də yaxşı-yaman elə həmin proseslərdə qoyulur.

Hazırda sağlam münasibətə, qarşılıqlı anlaşmaya, bölüşməyə, qısası həmrəy olmağa ciddi ehtiyacımızın olduğunu millət olaraq diqqətdə saxlamalıyıq. Acı bir həqiqətdir ki, bu gün əsgər ölümlərinin əsas səbəblərindən biri, bəlkə də birincisi münasibətsizlikdir. Bir-birimizlə normal münasibət quraq ki əzizlərimizin fəryadı ərşə bülənd olmasın!

Fariz Yunisli



İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK