PAY

İRADƏ TUNCAY
52934 | 2008-02-16 07:54

Həftəlik yazılarımı həmişə sonuncu günə saxlayıram. Bilmirəm, tənbəllikdəndir, yoxsa nə isə olmuş, ya da olacaq hadisələrin müzakirələrini gözləmək istəyidir. Yəqin birincisi, daha doğru olacaq. Mövzularımı götür-qoy eləyəndə bir jurnalist həmkarım söhbət əsnasında mənə altı il əvvəl televizordan eşitdiyi bir ifadəmi azacıq təhrif olunmuş şəkildə xatırladır. Səhvini düzəldirəm və özlüyümdə fikirləşirəm ki, neçə il əvvəl şifahi qulaq asdığı yadında qalıb. Nə xoşdur, deməli, nə isə deyə bilmişəm. Və həmin yazımı axtarıram, heç yerdə tapa bilmirəm. Məcbur olub video variantını yenidən seyr edirəm. "Pauza" düyməsini basıb mətnə təkrar -təkrar qulaq asıram və kağıza köçürürəm. Söz vaxtına çəkər, həmin süjet də fevral ayında çəkilmişdi, amma 2002-ci ildə. Belə bir istəyim vardı ki, həm valideynləri, həm də özləri məşhur adamlardan bir suala cavab alım - istedadlı adamların övladlarında təbiət dincəlirmi? (Rusca yaxşı səslənir, bizim dildə qarşılığı xoşuma gəlmir) Nəzərdə tutduğum bir neçə məşhur vardı, amma hamısı ilə görüşmək mümkün olmadı, müxtəlif səbəblərdən. Xalq yazıçısı Elçin və mərhum bəstəkar, xalq artisti Vasif Adıgözəlov məmnuniyyətlə razılıq verdilər. İndi həmin süjetin qəzet variantını sizə təqdim edirəm. Ancaq ola bilər ki, arada yenə "pauza" düyməsini basıb müdaxilələr edəm. Şöhrət və uğur insanlarda əks, təzadlı reaksiyalar yaradır. Kiminin başı gicəllənir, kimi də heç nəyə fikir vermədən irəliləyir. Kiminin içini paxıllıq didib-dağıdır, kimi də həmin adamın uğurlarına sevinir. İstedad, şöhrət, təbiət mövzusu ətrafında söhbəti yada salmaq istəyirəm.
   
   
   
   ***
   
   
   
   İndi qışdı, təbiətin donub qalan, bir az yekrəng, heç nə yaratmayan vaxtlarıdı. Təbiət yatır, dincəlir, amma lap az keçəcək suların donu açılacaq, ağaclar tumurcuqlayacaq, hər tərəf al-əlvan rənglərlə bəzənəcək, təbiətin yaradıcılıq dövrü başlayacaq. Bəlkə çox işlənmiş bir ifadədir, amma hər halda- təbiət ən böyük istedaddır. Bizi də yaradıb, bizə də öz istedadından pay verib. Söz, səs, boya yaradıb. Sözü şerə, səsi muğama, simfoniyalara, boyanı rəngə çevirmişik. Təbiət bu qabiliyyəti də bizlərə bərabər paylamayıb. İstedad elə bir qığılcımdır ki, insan bu qığılcımdan alovlanıb yana da bilər, başqalarının yolunu da işıqlandıra bilər. İstedad quş kimi sıx cəngəllikdə də yuva salır, gözəl bir bağda da. Bəzən ailənin bir fərdində təzahür edir, sonra sönür, bəzən də bir neçə nəsildə davam edir. Fizikada enerjinin itməməsi qanunu yəqin ki, yadınızdadır. İstedada da potensial enerji kimi baxsaq, təbiətin qanunlarını bir daha təsdiq etmiş oluruq. Məşhur valideynlərin övladlarında təbiət öz yaradıcılığını davam etdirirmi? Müsahiblərimiz nə düşünürlər?
   
   Xalq yazıçısı Elçin: - Mənim üçün bu həm gözlənilməz, həm də maraqlı mövzudur. Doğrusu, bunu heç düşünməmişəm. Amma bizdə yazıçı atanın oğlunun da yazıçı olmağı, bəstəkar atanın oğlunun da bəstəkar olmağı daha artıqdır, nəinki başqa ölkələrdə. Hərçənd ki, oralarda da var. Deyək ki, məşhur bəstəkar ailələri var - Ştrauslar, yazıçı Mann qardaşları var, çox saymaq olar. Bizdə də deyək ki, Süleyman Rəhimov-Şamo Arif, Əbülhəsən-Çingiz Ələkbərzadə, Rəsul Rza - Anar, Şəmsi Bədəlbəyli- Əfrasiyab Bədəlbəyli-Fərhad Bədəlbəyli, Bülbül-Polad, Qara Qarayev-Fərəc Qarayev. Mənə elə gəlir ki, bu məsələyə birmənalı yanaşmaq mümkün deyil, diferensial yanaşma lazımdır. Bunun səbəblərini axtarsaq ki, mən heç bu barədə düşünməmişəm, çox səbəblər tapmaq olar. Amma bunun o biri üzünü götürsək Elçin İlyas Əfəndiyevin oğludur, bəs İlyas Əfəndiyev kim idi? Tacir Məhəmmədin oğlu idi. Eləcə də Anar Rəsul Rzanın oğludu, amma Rəsul Rzanın atası yazıçı deyildi.
   
   - Atalarınızın istəyi ilə yazıçı oldunuz?
   
   -Yox, istəklə olsaydı biz yazıçı olmazdıq. Və siz də bizi yazıçı kimi qəbul eləməzdiniz.Bunu istəklə eləmək olmur.
   
   Bəstəkar Vasif Adıgözəlov:
   
   - Mən bir dəfə atamdan soruşdum ki, oxumağı kimdən öyrənmisən. Dedi "öz atamdan". Dedim bəyəm o xanəndə idi? Dedi, "yox, amma oxumağı sevirdi, oxuyanda elə nəfəslər, elə boğazlar edirdi ki, ondan öyrəndim. Abşeronda məni məşhur edən o nəfəslər oldu". Başa düşdüm ki, atam təsadüfən xanəndə olmayıb. Mən isə gözümü açandan evimizdə böyük musiqi xadimlərini, ifaçıları, şairləri görmüşəm. Belə mühitdə böyümüşəm. Cabbar Qaryağdıoğlunu, Xan əmini, Mirzə Mənsuru dinləmişəm, Vahidin bizim evdə şer deməyini görmüşəm. Dünyanı dərk eləyəndən, 6-7 yaşımdan bilirdim ki, bəstəkar olacam.
   
   İnsanlar yaşadıqları torpağın iqliminə bənzəyir. Bizim məmləkətdə sərt qış az-az olur. Və yəqin təbiətin hansısa bir hissəsi oyaq qalır. Torpaq da yetişdirir. Dəyərini sonuna qədər anlamadığımız xəzinənin üstündəyik. Balaca bir məmləkət bir əsrdə dünya səviyyəli sənətçilər yetirə bilibsə... Düzdür, dünyanın nəyisə qəbul etməyi üçün istedaddan başqa amillər də olmalıdır.
   
   İstedad nədir? Yəqin ki, ürəkdən başlanıb qəlblərə uzanan cığır.
   
   Elçin: - İstedad elə bir allah vergisidir ki, insanın daxilindədir, genlərindədir. Birinə özünü ədəbiyyatda sözlə ifadə etmək, birinə musiqidə, birinə rəssamlıqda ifadə etmək qabiliyyəti verilir. İstedad dediyimiz vergi ki var, onun böyük bir hissəsi şübhəsiz fəhmdir, fəhm.
   
   İstedadı duyub qiymətləndirmək isə başqa bir keyfiyyətdir. Deyirlər ki, kişilər daha ağıllı, daha istedadlıdırlır. Bəlkə bu fikirlə razılaşmaq da olar. Bəşəriyyətin bu günə kimi yetişdirdiyi dahi yazar, bəstəkar, rəssamların içində qadınlar azdır. Bunun səbəbləri çoxdur, xırdalamaq istəmirəm. Görəsən kişilər bu barədə nə fikirləşir?
   
   Vasif Adıgözəlov: - Bu fikirlə hardasa razıyam. Niyə? Çünki biz oxuyanda bizimlə nə qədər qızlar vardı. Gələcəyin ümid verən tələbələri idi. İçində Stalin təqaüdü alanlar da vardı. Konservatoriyanı bitirəndən sonra elə bil havaya uçdular, yox oldular. Mən bunu məişətlə bağlayıram. Qadın qadındı, problemləri çoxdu, evlə yaradıcılıq tutmur.
   
   Elçin: - Əgər söhbət ədəbiyyatdan gedirsə, deyək ki, biz ikinci nəsilik. O isə artıq üçüncü nəslin nümayəndəsidir. Əli Vəliyev-Məsud Əlioğlu-Afaq Məsud. Əli Vəliyev də, Məsud Əlioğlu da çox dəyərli insanlar idi.Son vaxtlar tez-tez xatırlayıram onları. Afaqı isə bu günün ən istedadlı yazıçılarından sayıram. Və Afaqın timsalında sizin dediyiniz ayrı-seçkiliyə qarşı çıxış etmək olar.
   
   İstər kişi olsun, istər qadın xoşbəxt adamlardır. Yaradanın kefi kök vaxtına düşüblər. Təbiət onu seçib, payını artıq eləyibsə, həmin adamların üstünə ağır bir yük də qoyub. Bu yükü daşımaq çox çətindir. Və hər kəs də bu yolu sona qədər gedə bilmir. Niyəsini bilmirəm. Bir də cavab tapa bilmədiyim bir sual da var. Görəsən mən təbiətin yaradıcılıq emalatxanasının hansı fəslinə aidəm?
   
   
   
   ***
   
   
   
   Sonuncu cümlə - əslində jurnalist həmkarım həmin bu cümləni xatırlatmışdı mənə. Yadında qalıb, altı il əvvəl eşitsə də. Məşhur adamların övladlarına bəxtəvərlik verənlər elə bilir ki, valideynlərin kölgəsindən çıxıb özünü təsdiq etmək çox asandır. Düzdür, bu adamlar gözlərini açıb özlərini sənətin içində görüblər. Bunun özü böyük bir xoşbəxtlikdir. Amma bu kölgə məsələsi, ömür boyu onları izləyir. Nə qədər adam tanıyıram ki, qocalır, yenə atasının kölgəsində yaşayır. Sadəcə qıcıq yaradan məqamlar var ki, onu nə şəkildəsə həll eləmək lazımdı. Ata-anası sənətkar olmayan, amma özü çox istedadlı gənclərə də dayaq olmaq, onlara da yol açmaq lazımdır. Ya da hansısa bir kresloya oturan kimi ancaq özününküləri yada salmaqla, başqa dəyərləri unudub həmin insanların övladlarının ürəyinə dəymək düzgün olmayacaq. Deyək ki, dünən bir nazirimiz hər yerdə öz atasına yubiley keçirirdisə, bugünki də yenə öz qohumlarını xatırladır. Nə dünənkinin, nə bugünkünün xidmətlərini inkar etməməklə başqalarını da unutmayaq da. Belə olsa nə hirs olar, nə əsəb, nə hücumlar, nə də təhqirlər. Axı həmin o məşhur valideynlər də, qohumlar da sənətə heç kimsiz, öz qüvvələri ilə gəlmişdilər. Toplumun içində bütün dəyərlərə sahib çıxmaq kimi keyfiyyətləri tərbiyə eləmək lazımdır.
   
   
   
   P.S. Eşitmişəm ki, gözəl bir xanım bu yazıların mənə aid olduğuna şübhə ilə yanaşır. Yəqin güman eləyir ki, o dünyayla mistik bir bağlantım var, ordan göndərirlər. Bəlkə də haqlıdı, amma bu dəfə o tərəflərdə baş qarışıq olduğundan təzə yazı göndərə bilməyiblər. Özüm yazmalı olmuşam. Xanım keçsin günahımdan.

TƏQVİM / ARXİV