ANA SƏHİFƏ / ƏDƏBİYYAT

SABİR YUSİFOĞLU: GÖYNƏN GEDƏN FİRONLAR DA YENİLDİ

13476    |   2020-06-03 10:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O DAĞLARI HARDAN HARA GƏTIRDİK

Ömrüm boyu yer elədim könlümə,
Külək vuran, yağış tutan yerləri.
Neynəsəm də uçuq qaldı, çat qaldı
Taleyimin qarğış tutan yerləri.

Ətəyində arzu, ümid bitirdik...
O dağları hardan hara gətirdik.
Ovuc-ovuc, qarış-qarış itirdik,
Boyumuza qamış tutan yerləri.

Son nəfəsim-
dimdiyimdə dən, qaldı,
Sinəm dağ-dağ,
bulud-bulud,
çən qaldı.
Kürəyimə dəyən daşdan rəng aldı,
Ürəyimin naxış tutan yerləri...

Yada düşdü,
yadın oldu, qız, nələr!..
Açıb desəm, dağ titrəyər, düz mələr.
Dodağımın ürək sözün gizlədər,
Yanağının qırış tutan yerləri...

DEYƏSƏN ÜRƏYIM YOXMUŞ…

Deyirsən ürəyim yoxdu,
bə burda göyünən nədi?
Adam kimi yaşamağa,
ölməyə qoymayan nədi?

Ürəyimin tutduğu sən,
ürəyim tutub həb gətir.
Ürəyimin dərisini
soymağa gəl,
Hələb gətir.

Ürəyin yoxdu deyirsən,
bə bu saralan yarpağı,
oxşayıb ağrıyan kimdi?
Yol qırağındakı daşa
boylanıb ağlayan kimdi?!

Ömrüm- ürəyimin şəkli,
sevgi- tuşlanan bir oxmuş.
Deyirsən ürəyim yoxdu...
Deyəsən ürəyim yoxmuş!..


GÖYNƏN GEDƏN FİRONLAR DA YENİLDİ

Dünya tutub baş-gözünü fırlanır,
Baxmır düşüb yıxılan var, qalan var.
Yıxılsan da öz Tanrından bərk yapış,
Güvənmə ki, filankəs var, filan var.


Ömrü dərdnən yarı-yarı bölmüşük,
Dərdimizin halına da gülmüşük,
Haqq nədisə son nəfəsdə bilmişik,
Bu nəfəsi çəkib bizdən alan var.

Qara bulud göy üzünü üzləyir,
Nə qədər göz işığını gözləyir.
Düz bildiyin hər görüntü düz deyil,
Hər qapınin bir üzündə yalan var.

Iblislərlə sövdələşib xəlvəti,
Cəhənnəmə döndərdilər cənnəti.
Biznən tutmur Əzrayılın söhbəti
Heç soruşmur bir sualı olan var?..

Vaxtlı-vaxtsız qapımızı kəsdirir,
Ruhumuzu uşaq kimi gəzdirir.
Nədi belə əsim-əsim əsdirir
Içimizdə, çölümüzdə talan var?

Göyə qalxan yağış, qar da yenildi,
Göynən gedən fironlar da yenildi.
Gedənlərə yas tuturuq min ildi,
Görən bizi orda yada salan var?.

MƏNƏ GƏLƏN DƏRDİN ÖMRÜ UZUNDU


Bu il də ömrümdən keçdi güllətək,
yenə dəliliyi tutub dərdimin.
Nə qadın sığalı, nə dava-dərman
tanımır,
yaddaşı itib dərdimin.

Mənə gələn dərdin ömrü uzundu,
Nə köhnə ili var, nə təzə ili.
Qaçaqmalçılıqla keçirdim yenə
O astar üzündən bu üzə ili.

Şəhid məzarıtək sızıldayıram,
Nə bir dost səsləyir, nə ölmüş anam.
Nə ölüm sevgisi çıxır canımdan,
Nə də yaşamağdan bezib doyanam.

…Gözümə pis dəyir o yaşıl ağac,
Sən Allah, yığışdır bu oyuncağı.
- Uşağlar istəyir- deyib susursan...
- Mən sənə səməni demişdim axı...


SÖZDƏ QARDAŞLIQ QALIB

Bu illərin üstündən,
kim keçib-daşlıq qalıb.
Ömürdən günlər düşüb,
arada boşluq qalıb.

Biz olmadıq bu bizlə,
dənlədi təpəgözlər.
Dildə qarışığ sözlər,
sözdə qardaşlıq qalıb...

Yenə o tay bu tayıq,
ümid- həftəlik, aylıq.
Nə ayağda ayağlıq,
nə başda başlıq qalıb...


YUXUMDA YUXUN ÜŞÜYƏR

Sən indi yuxunda bəlkə kəpənək,
bəlkə bu dənizi görürsən indi?!
Mənsə dalğaların vurub sahilə
atdığı bir köhnə qayığ kimiyəm.

Sən indi yuxuda dəniz görürsən,-
dənizin üzündən öpdüm indicə.
Bircə bu dənizi qısqanma, nolar,
Nə olur qoy olsun bizdən sonrası.

Mən isə yuxumun dalınca qaçdım,
gördüm bu dənizə dağılıb yenə.
Sən Allah, yuxumda yuxun üşüyər,
Bələ yun şalını, bələ əyninə.

QARA ZOLAQ

Dualarım yan keçir,
məni hər qarğış tutur.
Hər dediyim baş tutmur,
hər atılan daş tutur.

Hər tələyə düşürəm,
tilov atsam boş gəlir.
Harda axmaq dərd varsa,
qaçıb mənə tuş gəlir.

Yollar hörümçək toru-
ilişib ayağlarım.
Arzular göynən gedir,
ümidlər ayağyalın.

Hansı tərəfə getsəm,
yel tutur, yağış tutur.
Dualarım yan keçir,
məni hər qarğış tutur.

BORC

Çıxıram hamının borcundan bir-bir,
Çıxıram Allahın borcundan belə.
Çıxıram torpağın, daşın borcundan,
Bu canı, bədəni qaytarmaq ilə.

Başıma min oyun açan dünyanın,
Heç başım çıxmadı bu zərlərindən.
Çıxıram saralan ağ-qara şəklin
Ovcumu yandıran qız əllərindən.

Mən səni nə təhər sevdim, bilirsən?-
Yadına düşəndə səksənir Allah.
Çıxıram ömrümdən hamını bir-bir,
Tək səni çıxmıram, tək Səni, Allah...

ANAM, DIZLƏRIM BÜKÜLÜR

Sinəm, kürəyim dağılır
Şah İsmayıl qılınc çəkən
Ölkənin sərhəddi kimi.

Anam, dizlərim bükülür
Xocalıdan əsir düşən
O gəlinin qəddi kimi.

Kitaba, dərsliyə salın
Mənim də çəkdiyim dərdi
Sonsuzluğun həddi kimi...

ƏN XIRDA DƏRDİN DƏ NAĞILI UZUN

Unudub gedirəm sözün ləzzətin,
Doydum bu dünyanın yalan dadından.
Köhnə şəkillər də saralıb gedir,
Ən şirin qadın da çıxır yadımdan.

Ən böyük arzular- boyu bir qarış,
Ən yaşıl ümidlər ayağ altında.
Ən xırda dərdin də nağılı uzun,
Ən dəli sevgi də ölüm ağzında.

Heç məni yadına salmasın heç kim,
Bəlkə ən gözəli unudulmağdı.
...Dünyada nə qədər qara taleyin
Ölüm qabağında üzü ki ağdı...

QANADLANMAQ

Allah, mənə qanad ver,
ağacın yerə düşən
yarpağın tapdamayım.

Allah, mənə qanad ver,
qanadını qırdığın
adamları sanayım.

Allah, mənə qanad ver,
görüm nə təhər olur,
qanadlanıb uçmağın
yerə dönmək arzusu...


BİZİMDİR.

Qaracaoğluna, Dadaloğluna, Şəhriyara.

Mənim dostum, bu ağrı da keçəcək,
O buludlar gözümüzdən içəcək,
O çəməni nəvəmiz də biçəcək,
Yaşıllar da, solanlar da bizimdi.

Mənim dostum, bu bəladan çıxanda,
Sarı günəş göy çəməni yaxanda,
Qara əncir döşlərini sıxanda,
Saçlarını yolanlar da bizimdi.

Kənd qızları kənd toyunda oynaya,
O tərəfdə plov bişə-qaynaya.
Əl çalmağdan, göz baxmağdan doymaya,
Gedənlər də qalanlar da bizimdi.

Mənim dostum, o yerlərdən keçəndə,
O bulağı ovuclayıb içəndə,
Uşağ kimi qanadlanıb uçanda,
Gözlərinə dolanlar da bizimdi.

Çiynimizdə gün fırlanar, il keçər,
Aramızdan kölgə keçər,el keçər
Keçdiyimiz körpülərdən sel keçər,
Doğrular da, yalanlar da bizimdi.

Mənim dostum, sən bilirsən, bilirəm,
O günlərçün səndən betər ölürəm.
O yerlərə gündə yüz yol gəlirəm,-
Olmayanlar, olanlar da bizimdi...

DARIXAN GÜNLƏR

Çıxmağa həyət-baca yox,
Darıxır, hamı darıxır.
Şabalıdı ayağlarçün
Dənizin qumu darıxır.

Yenə qolumuz burulur,
Yenə boynumuz vurulur.
Hündür divarlar qurulur,-
Misir ehramı darıxır.

Yorulanlar bir-bir köçür,
Qurulanlar bir-bir uçur,
Tanrının gözləri üçün
Evimin damı darıxır...

ADIN VAR ALNIMIN GÜLLƏ YERİNDƏ

Nə özün gəlirsən, nə məktubların,
səninlə gedibmi yox olan yollar?!
Bəlkə Yer üzündən qırılıb düşüb
bizim aramıza yıxılan yollar?!

Qaldığın illərin yan-yörəsindən
seyrəlib çəkildim duman, çən kimi.
Tək sənin yadına düşmürəm deyə,
yadımdan çıxıram çıxan can kimi.

Ulduzu tökülüb bizim göylərin,
nə sən o çiçəksən, nə mən o dəli.
Dadı, duzu qaçmış bu xarabada
bəlkə də yüz yerə gedir gümanın:
"Ölübmü, qalıbmı həmən o dəli?”...

Darıxan əllərim özündən çıxıb,
Döyər qapınızı günün birində.
Mən başdan ayağa başağrısıyam,-
Adın var alnımın güllə yerində...


BU GÜNƏ

Nə siqaret çəkmədik,
nə də içmədik kefdən.
Qapımız çöldən bağlı,
bəxtimiz hər tərəfdən.

Nə səsinə səs verən,
nə əlindən tutan var.
Elə görünüb keçdi
könlümüzə yatanlar.

Ümidlər əldən düşüb,
bu dörd divara dəydi.
Yoxx!
Bu yaşamaq deyil,
nədisə başqa şeydi...

HƏR GÜNÜM...

Qorumağa nəyi var ki!-
olanı Vətəndi...
Kasıbın gedəni şəhid,
qalanı Vətəndi...

Bitmir "niyə"si, "necə"si,
bir candı- hər an keçəsi.
Qara günün dar küçəsi,
dalanı Vətəndi...

Ayağı altda səltənət,
çiyni üstdə ac məmləkət.
Ora yasaq, bura qürbət,
qalanı Vətəndi...

HANSI OVCUMDA QALDIN

Heç kimin heç nəyi yoxdu,
nə varsa onundu, onun.
Heç nəyi yoxdan hər nəyi
qoparsa onundu, onun.

İmanın, dinin gizlədib,
Yol çəkib, yolun gizlədib,
Allahdan canın gizlədib
aparsa- onundu, onun.

Sən də mənimki olmadın,
yadımdan da çıxır adın.
Hansı ovcumda qaldın,
Taparsan.
Oyundu, oyun!

BƏLKƏ DƏ HEÇ YERİ DEYİL...

Ağaclar küləyin saçını yolur,
Çırpır sinəsini daşlara dəniz.
Mənim ğözlərimlə Bakı ağlayır,
İstanbul ağlayır-
Sən ağlamırsan...

Yaşamaq gözəlmiş, ölmək var ikən,
Ölürəm xəzəlin qar sevincinə.
Əriyir gözümdə buz tutan yollar,
Yol çəkən gözümüz açılmır yenə.

Çıxan gün boğulur, doğan ay batır,
Açan gül ağlayır, Sən ağlamırsan.
Mənim qucağımda boynunu burub
Haçan gül ağlayır- Sən ağlamırsan.

Bakının qucağı qarsız da soyuq,
İstanbul ağlayır çölün düzündə.
Sən gülüb çəkdiyin şəkil oğlana,
Bir heykəl ağlayır əli dizində.

Hamıya gün yazdın, mənə çatanda,
Dərdimə gülürsən, gün ağlamırsan.
Sağımda, solumda hamı ağlayır,
Gözlərin dolsa da, Sən ağlamırsan!..

TORPAQ ÇƏKƏR SON ŞƏKLİMİ

Məni sırada gəzməyin,
qırılıb çıxdım qırağa.
Boş günlər ömür doldurur,
yorulub çıxdım qırağa.

Torpaq çəkər son şəklimi,
dərdimi necə,
çəkərmi?!
Süzülən saf sular kimi
durulub çıxdım qırağa.

Büdrədim,
yıxıldım,
yenə,
qalxıb sarıldım Vətənə.
Sevib, vuruldum Vətənə,-
vurulub çıxdım qırağa.



İmza:
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK