ANA SƏHİFƏ / ƏDƏBİYYAT

QOY ƏMƏL İNSANA BAŞDAŞI OLSUN - Vaqif Aslanın şeirləri

5275    |   2020-05-18 09:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

QƏBİRQAZAN

Külüngü,kürəyi qoyub yanına,

Qucub dizlərini göy otun üstə.

Nə fikrə getmisən, a Qəbirqazan?

Dərin dəryalardan xəyalın dərin...

Qazılan torpağa, açan yarpağa

Nə böyük heyrətlə baxır gözlərin?!

Günahmı etmisən, a Qəbirqazan?

Gün düşüb, alnında çiçəkləyib tər,

Gün aydın, usta!

Allah uzadandır sənin ömrünü,

Bu göy çəmənlikdə bir bahar günü

Mənim də qəbrimi qazaydın, usta.

Amma yorulmusan, bir azca dincəl!

Mən də bu güllərə sürtüm üzümü,

Əsən küləklərə qoşum özümü,

Dostumun oğlunun toyuna çatım.

Düşür sümüyümə zurnanın səsi,

"Cəngi”si, "yallı”si, "tərəkəmə”si,

Bir hava çaldırıb, bəlkə oynadım.

Şıtqa bur, ovça çal, döyülsün qaval!..

Onsuz da bu dünya oynadır məni.

Gözümü açmağa vermiyir macal,

Oynada-oynada göynədir məni.

Nə yazib – xoş yazib o Taleyazan.

Sən də çox düşünüb özünü yorma.

Mən – qəbir yiyəsi, sən – Qəbirqazan...

Qucub dizlərini, boynunu burma.

Onsuz da ölənin qəbrini qazmaq

Qaydadır, aqətdir, a Qəbirqazan!

Quyu qazmırsan ki, gizlində mənə?!

Söz gəlsin sənə.

Kiş-kiş!..Bizdən uzaq!Yolundan azmaq,

Böyük qəbahətdir, a Qəbirqazan.

Bəlkə, tənha qalmaq səni qorxudur?

Sənə də bir Qəbirqazan tapılar.

Ayıl bu sükutdan, ölüm – yuxudur!

Amandır, qaralma buludlar kimi

Gələndə ilk bahar göy otlar kimi

İnsanın torpaqdan göyərməyi var.

Göyərmək – ləzzətdir, a Qəbirqazan!

***


DAŞ

Yuxuda daş gördüm...

Kiminsə əlindəydi,

Atdı,kiməsə dəydi.

Qana bulaşdı daş,

Daşdan səda qopdu,

Nida qopdu:

– Kaş dilim olaydı,kaş!

Yuxuda daş gördüm...

Sürüyüb saldılar yola.

Birisi gəlirdi,

Uçurdu az qala.

Çatıb ilişdi daşa,

Az qaldı ki,qapaşa.

Söydü,tüpürdü,dedi:

– Lənətə gələsən,daş!

Daşdan səda qopdu,

nida qopdu:

– Kaş dilim olaydı,kaş!

Yuxuda daş gördüm...

Tərəzinin gözündəydi.

Bu nəydi?

Hər gələn çəpəki

Baxırdı daşa.

Satıcı coşa-coşa

Deyirdi: – Bu daş haqqı!..

Daşdan səda qopdu,

nida qopdu:

– Boynuma yıxırlar

haqqı,nahaqqı.

Yuxuda daş gördüm,

Daşın da gözündə

yaş gördüm.

****


QOY ƏMƏL İNSANA BAŞDAŞI OLSUN

Ayları,illəri çəkirik dara,

Narazı qalırıq ömürdən,yaşdan.

Özümüz edəni qoyub kənara,

Giley eyləyirik dostdan,tanışdan.

Vəfasız deyirik nədən özgəyə?

Sədaqət deməkdən heç yorulmuruq.

İş məqama çatıb, başa yetəndə

Leyli də tapılır... Məcnun olmuruq.

Hissə qul oluruq, ağla hökmran,

Bir vədə hissdən də qalmayır nişan.

Vallah, qəribəyik, elə onda da

Çıxmırıq xatirə burulğanından.

Gəlin özümüzü sınayaq bir az,

Bir az tanış olaq özümüzlə də.

Gəlin özümüzü qınayaq bir az

İsinək imisti sözümüzlə də.

Elə yaşayaq ki, yaşadıqca biz,

Bir ömrün min zəfər yoldaşı olsun.

Yer kimi müqəddəs, gün kimi təmiz

Qoy əməl insana başdaşı olsun.

***


PALID

Bütün ağaclardan ucasan,uca,

Yazda da,qışda da haman palıdsan.

İstini,soyuğu almazsan vecə,

Yaman palıdsan.

Bir kimsə arayış verməyib sənə,

Təsdiq eləməyib adın palıddır.

Baxıb bir özgəsi möhür yerinə,

Deməyib: – Bəlkə də,bu şabalıddır.

Üzsüz adamları üzün görməyib,

Ucalmaq xətrinə əyilməmisən.

Aslan qoltuğunda ömür sürməyib,

Çaqqal tərifilə öyülməmisən.

Elə buna görə haman palıdsan,

Yaman palıdsan.

Kökün torpaqdadır, əlin günəşdə,

Nə xoşbəxt bir tale olub qismətin.

Görmüşəm başını həmişə ərşdə,

Məğrur övladısan sən təbiətin.

Yaxşı ki,ağacsan,deyilsən insan,

Ömr elə o ki var,ucal o ki var.

Sən insan olsaydın,bir az suyundan,

Bir az da havandan oğurlardılar.

Ağac yaranmısan,ağac olub qal,

Kölgə sal bu yerə,zinət ol bura.

Nə kütə boyun əy,nə hütə alçal,

Qoy səni görənlər min ildən sonra

Desinlər yenə də: – Haman palıdsan.

Yaman palıdsan.

***


İNSANSAN, ƏZİZİMSƏN

Nəyimə lazım

kimsən,nəçisən?

Dəmirçisən,

kömürçüsən,

Keçəçisən,

pinəçisən.

İnsansan,.. əzizimsən.

Qabaqda gedənə

badalaq vurmursan.

Arxadan gələnin

önündə durmursan.

Olanından geyirsən,

Halalından yeyirsən,

Azmırsan,qudurmursan,

Sənin də mənim kimi

göyün,yerin,

Odunun,ocağın,təndirin.

Öz əlin,öz başın,

Öz tərəzin,öz daşın.

Öz boynun,boğazın,kəndirin.

Sən ki,mənim özümsən,

Canımsan,gözümsən,

İnsansan,.. əzizimsən.

***


İLK MƏHƏBBƏTİM

Bulaqsan,.. gözümdən axırsan mənim,

Tüstüsən,.. təpəmdəm çıxırsan mənim.

Dustaqsan,.. könlümdən baxırsan mənim,

Ay ilk məhəbbətim,ilk məhəbbətim.

Sən – ciyər yanğısı, sən – sinəmdə dağ,

Yaxşısan, yamansan,.. mənimsən ancaq.

Üzümə çırpılan şillə, şapalaq,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

Sən gah sevinc oldun, gah fəryad, gah ün,..

Kaş ki,dağılaydı mən doğulan gün.

Sən – cavan ömrümə vurulan düyün,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

İlk dəfə heyrətdən çatılan qaşım,

Oşalanan qolum, əyilən başım.

Sən – vaxtsız yıxılıb qalan başdaşım,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

***


SƏNİ VAR OLASAN, XOŞBƏXT OLASAN

Eşqimə, sevgimə bais olan qız,

Səni var olasan, xoşbəxt olasan!

Mən sənə dualar qılıram yalnız,

Səni var olasan, xoşbəxt olasan.

Ruhumu bədəndə oynadan gözəl,

Qanımı damarda qaynadan gözəl.

Məni göyüm-göyüm göynədən gözəl,

Səni var olasan, xoşbəxt olasan.

Bəlkə də,saçına dən düşüb daha,

Övladdan nəvən var,dövlətdən dəvən.

Səni and verirəm o bir Allaha,

Çıxdımı qarşına mənimtək sevən?

Mənimtək döşünə döyən oldumu?

Eşqimə,sevgimə bais olan qız,

Səni mənim təki öyən oldumu?

Qaşına aypara,gözünə ulduz,

Saçına sünbülüm deyən oldumu?

Könlümdən, gözümdən boylanan gözəl,

Şeirimdən, sözümdən boylanan gözəl.

Ay keçir,il keçir...necə biləydim?

Mən yaşa doluram, sən qocalırsan,

Qanadım olaydı, uça biləydim,

Görəydim,sən necə layla çalırsan.

Necə buyurursan gəlini, qızı?

Xəyala gedirsən, fikrə dalırsan.

Ey mənim bəxtimin uzaq ulduzu,

Yenə də mənimçün işıq salırsan.

Yenə də tellərin üzündə çin-çin...

Durub əl edirsən, ey ağ göyərçin.

Yeldən qanad taxıb uçuram yenə,

Səni çatan kimi qucuram yenə.

Atıram, tuturam şamama kimi,

Yaylığın sürüşüb düşür başından.

Əyilib ta yerdən alana kimi

Xəbərim olmayır heç qardaşından.

Yenə təntiyirəm,yenə çaşıram,

Tanış eyləyirsən sən bizi yenə.

"Salamat qal” deyə uzaqlaşıram,

Getdikcə çevrilib baxıram sənə.

Eşqimə,sevgimə bais olan qız,

Məni mən elədin, mən,axı, nəydim?

Bir daş parçasıydım hissiz, duyğusuz...

Şair deyildim ki, yaza biləydim.

Bircə baxışınla dağıldı sehrim,

Dəli bir gizilti keçdi canımdan.

Dilim tutulsa da, doğuldu şerim

O ilk titrəyişli həyəcanımdan.

Yandıra-yandıra kül etdi məni,

Göyərdib külümü gül etdin məni.

Bir həzin,bir ağlar dil etdin məni,

Səni var olasan, xoşbəxt olasan!

Ay mənim zərifim, ay mənim incəm,

Hamıdan sonuncum, hamıdan öncəm.

Sən həmin gözəlsən, mən həmin gəncəm,

Səni var olasan, xoşbəxt olasan!

Eşqimə, sevgimə bais olan qız,

Sevda yollarında sərvaxt olasan.

Dualar qılıram mən sənə yalnız,

Olasan, olasan, hər vaxt olasan!

****


OĞUZ ALQIŞI

Saxlasın sizi şərdən

Yerin, göyün Tanrısı.

Qorusun bəd nəzərdən

Haqqın hasar, barısı.

Halal zəhmət itəmməz,

Haram kama yetəmməz.

Əkilməsə bitəmməz

Əkinçinin darısı.

Yarımçıqlıq kəmdirsə,

Bütövlük aləmdirsə,

Yarısı Adəmdirsə,

Həvvadır bir yarısı.

Can necə olsun sərin,

Yara vurubsa dərin,

Bu sarı köynəklərin

Köksümə ən sarısı.

İstədiyim qan deyil,

Xahişdir,fərman deyil.

Dərdimə dərman deyil

Neynim ki, bir ayrısı.

Dünya dərdə salandır,

Verdiyini alandır.

Axır gündə qalandır

Hər kəsə öz qarısı.

***


SƏN NİYƏ BU QƏDƏR GÖZƏLSƏN

AXI?!

Sevdalı könlümün ilham pərisi,

Sən niyə bu qədər gözəlsən axı?!

Ey canım hərisi,qanım hərisi,

Sən niyə bu qədər gözəlsən axı?!

Hayıma verilən haymısan,nəsən?

Allahım göndərən paymısan,nəsən?

Günəşmi,ulduzmu,Aymısan,nəsən?

Sən niyə bu qədər gözəlsən axı?!

Bir eşqin qəmiylə onsuz da məstdim...

Məni hardan tapdın,üstümə əsdin?

Var imiş dünyaya gəlməkdə qəsdin,

Sən niyə bu qədər gözəlsən axı?!

Qızılı tellərin çin oldu üzdə...

Sanki qovurdular canımı közdə.

Axdı,yağ qalmadı ürəyimizdə,

Sən niyə bu qədər gözəlsən axı?!

Nə qədər sinəmdə çarpır bu ürək,

Eşqinlə bülbültək oxuyam gərək.

Altunsaç ilahə,sarışın mələk,

Sən niyə bu qədər gözəlsən axı?!

Gözündən nur dolu bir badə içdim,

Özün görmədinmi nə hala düşdüm?

Mən hələ bu qədər əyilməmişdim,

Sən niyə bu qədər gözəlsən axı?!

Od bilib əynimə geyimmi səni?

Yanıb-yaxıldıqca öyümmü səni?

Oxşaya-oxşaya yeyimmi səni?

Tanrıya bərabər deyimmi səni?

Sən niyə bu qədər gözəlsən axı?!

Ay mənim dövlətim,ay mənim varım,

Başqa bir qübardır mənim qübarım .

Ayağın altında ölüm,qurtarım,

Sən niyə bu qədər gözəlsən axı?!

Durub seyr edirdim çölü,çəməni...

Çiçəklər içində qəhr etdin məni.

Mən niyə bu qədər sevirəm səni?

Sən niyə bu qədər gözəlsən axı?!

***


MƏN SƏNİN XƏTRİNƏ YAŞAYAM

GƏRƏK


Mənə Taleyazan belə yazıbdır.

Alıb qələmini ələ yazıbdır.

Bol-bol sevinc yazıb,bol-bol ün yazıb.

Bir özü bilir ki,nə üçün yazıb.

Elə sənə görə mənə gün yazıb.

Bu da bir naxışdır dopdoğru, gerçək,

Mən sənin xətrinə yaşayam gərək.

Özümdən, özgədən küsmüşdüm daha.

Əlimi dünyadan üzmüşdüm daha.

Ömrümə, günümə zülüm deyirdim,

Hamıdan xəbərsiz ölüm deyirdim.

Sonra bu dünyaya gülüm deyirdim.

Qoymadın,əlimdən tutub çəkərək.

Mən sənin xətrinə yaşayam gərək.

Sevirəm sözündən elə qorxuram,

Onu gətirməyə dilə qorxuram.

Qorxuram qəsdimə durarlar mənim.

Sevgimi üzümə vurarlar mənim.

Bu şüşə könlümü qırarlar mənim.

Sınar, oşalanar bu qəlb, bu ürək,

Mən sənin xətrinə yaşayam gərək.

Daha keçən keçib, olan olubdur,

Gözümə, könlümə qəhər dolubdur.

Di gəl, misra-misra, söz-söz ağlayım,

Yanım ocaq kimi, köz-köz ağlayım.

Qaynayım bulaqtək, göz-göz ağlayım,

Yuyun göz yaşımda, ey qəlbi kövrək!

Mən sənin xətrinə yaşayam gərək.

Ərköyün gözəlsən,ərk eylə mənə.

Ərkindən həzz alım,vurulum sənə.

Dar gəlir ruhuma onsuz da göylərə

Yarından yarıyan qanadı neylər?

Şair seviləndə dəcəllik eylər.

Qan kimi qaynayar vəcdə gələrək.

Mən sənin xətrinə yaşayam gərək.

Çək necə istəsən sınağa məni.

Amma hədəf etmə qınağa məni.

Məni küləklərə, yellərə qısqan.

Qısqan, şirin-şəkər dillərə qısqan.

Lap elə sevdiyim güllərə qısqan.

Ömürdən borc alıb, ey qısqanc mələk!

Mən sənin xətrinə yaşayam gərək.




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK