Ehtiyac

İRADƏ TUNCAY
51495 | 2007-01-12 23:11

İlin yenicə başlanmasından bir neçə gün sonra partiya və hökumətimizin müdrik qərarları münnəcimlərin verdikləri proqnozları tam doğrultdu. İl ruzili, bərəkətli olacaq, sakitlik, əmin-amanlıq olacaq demişdilər. Sadəcə, kimin üçün olacaq, deməmişdilər. Hərə bir ulduz, bir bürc altında doğulub, hərənin öz hami planetləri, daşları,xoş günləri və saatları var. Yəni indi kimsə gedib münnəcimlərin yaxasından yapışmaq istəsə ki, "bəs noldu, gözəl günlər vəd eləmişdiniz". Onlar qayıdıb sizə deyə bilərlər ki, "atam, konkret sənə nəsə demişdim? Yox! Onda məndən nə istəyirsən? Ruzi-bərəkət bir qrup adam üçündür. Allah yazanda kiməsə belə yazır, kiməsə elə. Mənim günahım nədir?" Yəni mən təxminən belə bir dialoqun olacağını fikirləşirəm. Çünki indi bizim məmləkətdə çox adamlar falçıların, cadugərlərin, münnəcimlərin xidmətindən istifadə edir. Yəqin ki, yuxarı dairələrin də öz Rasputinləri olmamış deyil. Görünür, vəzifə böyüdükcə falçıların Allahın nüfuz dairəsinə girmək şansı da böyüyür. Yoxsa, bütün bu olub-keçənlərə ayrı bir izah vermək olmur. Ümumiyyətlə, bizim cəmiyyətimizin inkişaf sxemi, planı hansı formasiyaların, rejimlərin modeli əsasında qurulub, biz hansı qanunlarla idarə olunuruq? Maraqlıdı, deyilmi?
   
   Dünyanı yaradan mütləq qüvvənin iş prinsipinə ötəri bir nəzər salaq. Allah təbiəti xəlq eləyəndə yəqin ki, qarşısına müəyyən bir məqsəd, plan, konsepsiya qoyubmuş. Çünki bu dünyada heç nə təsadüfən, elə belədən, heç nədən yaranmayıb, nəyəsə xidmət edir. Hər şeyin bir başlanğıcı, bir sonu var. Təbiət bütünlükdə qanunlara tabedir və qanunlarla idarə olunur. Fizikadan öyrəndiklərimiz yadınızdadırsa, burda istisnalar yoxdur. Yəni hər hansı bir çay başlanğıcını hər hansı bir dağdan götürürsə, müəyyən bir məsafəni keçib qollara ayrılırsa, sonunda hər hansı bir dənizə tökülürsə, heç nə bu düzəni poza bilməz. Düzdür, bəzən insanlar təbiətə düzəlişlər eləmək istəyirlər. Amma bunun nəticəsi ekoloji fəlakət olur.
   
   Əsas rəhbər lap yuxarıda oturub dünyanı öz qanunlarıyla idarə edir. Onun da öz nazirləri - mələkləri var, göstərişlərini yerinə yetirirlər. Yəqin ki, hər hansı bir qərar qəbul olunanda hamısı yığışır bir yerə, məsləhət-məşvərət eləyirlər - hamı eyni qərara qol qoyur. Təsəvvür eləyək ki, Allah kiminsə taleyini yazır - xoş yazır. Və mələklərdən biri etirazını bildirir, bu qərarı dəstəkləmir. Ya da hansısa bir ölkədə zəlzələ olmalıdır, Əzrayıl da öz işindən imtina edir, əcəli çatanlarla məşğul olmur. Nəticə nə olar? Aləm dəyər bir-birinə. İndiyə qədər yalnız şeytan Allahın sözündən çıxıb. Ona da indiyə qədər lənət oxuyuruq. Orda, yuxarıda hər şey dəqiq hesablanıb, hər şey planlaşdırılıb - sadədən mürəkkəbə doğru inkişaf, təkamül. Əgər hər şey Allahın hökmü ilə olursa, bizə göndərilmiş bu hökumət üzvləri də onun təyinatı ilə böyük-böyük kürsülərdə oturublarsa, deməli, hələ ki, təkamül prosesi davam edir. Hansı fazadadı özünüz fikirləşin.
   
   Son günlər baş verənlərin məğzinə varanda çaş-baş qalırsan. Kim qərar qəbul eləyir, kim icra eləyir? Kim yalan danışır, kim düz deyir? Neçə vaxtdı bizə deyirdilər ki, büdcəmiz artıb. İndi də deyirlər ki, büdcəyə kömək üçün qiymətləri artırırıq. Məntiq var?
   
   Qiymətlər bahalaşır, bunda bir işim yoxdu. Nəyimə lazımdı, hamı necə, mən də elə. Məni maraqlandıran odur ki, bizim sevimli hökumətimizin üzvləri hər hansı bir qərara gələndə bir yerə yığışmırlar? Yalan danışanda sözü bir yerə qoymurlar? Baş nazir özünün qol-qanad nazirlərinin nə iş gördüyündən xəbərsizdir? Jurnalistlərin əlindən qaçıb gizlənə bilməsə yəqin yenə ""Mersedes" sürənlərin benzin pulundan, xiyardan" danışacaq, ya da yeni aforizmlər söyləyəcək. Keçən səfər tank almaq istəyirdi. İndi yəqin qitələrarası ballistik raketlər həvəsinə düşüb. Heç soruşan olmadı ki, cənab baş nazir, tank nəyinə lazımdı? Yer əkib-biçəcəksən? Müdafiə və xarici işlər nazirləri sülhə səs verirlər, sizə niyə deməyiblər? Bütün dünyada ölkənin iqtisadi durumuna cavabdeh baş nazir olur. İqtisadi inkişafımızın ağsaqqalları xalqı öz müdrik qərarları ilə şad eləyəndə heç nədən xəbəri olmayan baş naziri muştuluqlayırlarmı? Mən belə anlayıram ki, bizdə baş nazir postu hərdən-bir xəstələnib bu yeri boşaltmaq, sonra da yenidən qayıtmaq üçündür. Deməyin ki, demokratiya yoxdur. Bizim məmləkətdə hətta belə böyük postları da öz yiyəsinə qaytarırlar. ( Bir kiçik əmması var, demokratiya və azadlıq bir qrup adamın imtiyazıdır. Özləri üçün çox demokrat və azaddırlar). Təkcə Vergi Nazirliyinin yox, bütün nazirliklərin "ver" demək azadlığı var. "Al" deyən yoxdu, "al, gəldi" deyib müdrik qərarları atırlar insanların üstünə. Belə izlənim yaranır ki, yuxarı dairələrdə rasional düşünə biləcək kimlərəsə böyük ehtiyac var. Ətrafdakı səfalət dairəsi genişləndikcə xoş yaşaya biləcək kütlələrin arealı daralır. Tutalım, qonşu-qohumların içindəki aclara baxıb vicdanın ağrımır. Amma ac qılınca çapır axı. Kim sabahkı təhlükələrdən sığortalanıb? Kim arxayın ola bilər ki, uşağını oğurlamayacaqlar, bıçağı dirəyib əynindəkini soyundurmayacaqlar, evinə silahlı basqın eləməyəcəklər. Kriminal xəbərlərdəki sifətlərə baxanda nədənsə Dikkensin XIX əsrdə təsvir etdiyi obrazlar qalereyasını xatırlayıram. 5 yaşlı körpəni balta ilə doğrayan qaçqın qadın da, yaxın qohumlarına fırıldaq gəlib pul qazanmaq istəyən bacılar da, ərini öldürən 16 yaşlı qızcığaz da Dikkensin "Kənar məhəllə" tipajlarına çox bənzəyirlər. Və məmləkət get-gedə ümumilikdə böyük bir "Kənar məhəllə"yə dönüşürsə, bu niyə kimsəni düşündürmür? Ah-nalənin içində "ura", "yaşasın" hayqırtıları XXI əsrin həyat şüarlarına nə dərəcədə uyğun gəlir? Bizim ehtiyacımız nəyədir - "bəy tərifi" deyən adamların hazırlanmağına, yoxsa güzəranımızı düzəldəcək adamların hazırlanmağına?
   
   Bir halda ki, söhbət hərləndi-fırlandı ehtiyaca gəldi, hər birimizin həyatından nə vaxtsa bir "ehtiyac" sözü keçib. Mən bilərəkdən söz dedim. Bu sözün leksik mənasını hamı bilir - bizə lazım olub, ancaq çatışmayan nələrəsə ehtiyac deyilir. Bəs bizə nə lazımdır, nə çatışmır? Fərqli cavablar eşitmək olar. Kiminin dəryada gəmiləri çatışmır, kiminin məktəbə gedən uşağına kitab almağa pulu, kiminin diqqətə, sevgiyə ehtiyacı var, kiminin düşmənlərinə yönəldəcəyi nifrətə. Kimi Allahdan övlad payı istəyir, kimi də öz körpəsini zibil yeşiyinə atıb canını qurtarır. Bu söhbəti uzatmaq da olar, yəni hərənin öz ehtiyac anlayışı var və çırpına-çırpına, çabalaya-çabalaya ehtiyacını ödəməyə çalışır. Həyatımızda sevinc o qədər azdır ki, kimsənin kədərinə də şərik olmaq istəmirik. Düzdür, televiziya proqramlarına baxanda fikirləşirsən ki, məmləkətdə hamı deyir, gülür, şadlanır, oxuyur-oynayır, amma məlumdu da məqsəd nədir":: əsas hədəflərdən uzaqlaşmaq. Şadlığa, şənliyə uyaraq öz mənliyimizlə, şəxsiyyətimizlə, düşüncəmizlə əylənirik.
   
   Düşünmək dedim, düşüncə də günümüzün ən çox ehtiyac duyulan elementlərindən biridir. Özü də bura "azad", "müstəqil" sözlərini də əlavə etsək, tam aydın bir mənzərə alınar. Şərəf, ləyaqətə ehtiyac var, sözü bütöv şəxsiyyətlərə ehtiyac var, iman-güman yerinə ehtiyac var, yaxşını qiymətləndirməyə ehtiyac var, yatmış-batmış vicdanımızın oyanmasına ehtiyac var. Sizin bildiyiniz, mənim demədiyim nələrə-nələrə ehtiyac var. "Ehtiyac zənbilimiz boşalıb". Görəsən Tarif Şurası bu ehtiyacların qiymətini necə müəyyən edəcək?
   
   Dediyim nədir... Biz onsuz da hər şeyə öyrəncəliyik. Neçə illərdir xoş gələcək arzularıyla yaşayırıq, vəd eləyirlər gəlib çıxmır. Amma o vaxt vədlərin, yalanların məzmunları eyni olurdu. Bir qələmin məhsulu. Biz də yeyirdik. İndi də yeyirik, çarəmiz nədir? Amma iyrənə-iyrənə, çimçəşə-çimçəşə. Bir gün qaytara da bilərik. Eyni bir xörəyi yeddi-səkkiz aşpaz bişirəndə dadı-duzu olmur. Çömçə bir əldə olmalıdır.
   
   Hər hansı bir orqanizmi baş idarə eləyir. Ürək böyrəklə, dalaq qara ciyərlə, mədə bağırsaqlarla yola getmirsə, demək beyin xəstədir. Baş nazir tank arzulayırsa, qol-qanad nazirlər başqa iddiadadırlarsa - demək, kardinal dəyişikliklərə ehtiyac var. Model üçün də dağa-daşa düşmək lazım deyil. Yuxarıda oturub bizi yaradanın iş prinsipləri ilə yaxından tanış olmaq lazımdır. Allah şeytana lənət eləsin!

TƏQVİM / ARXİV