hacklink Adalet.az | "Kaspi" qəzeti Əbülfət Mədətoğlundan yazdı Adalet.az | "Kaspi" qəzeti Əbülfət Mədətoğlundan yazdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"Kaspi" qəzeti Əbülfət Mədətoğlundan yazdı

HAQQ YOLUNDA LƏKLƏNƏN ÖMÜR

9796    |   2019-12-03 10:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Şair Əbülfət Mədətoğlunun "Bir qadına” adlı şeirlər kitabı haqqında düşüncələrim)

C.Rumi yazırdı; insan onun haqqında deyilən sözlərdən ibarətdir.Yəni insanın qiyməti onun pulunun, varının miqdarı ilə deyil, onun haqqında deyilən həqiqi sözlərlə ölçülür. O söz ki, orda haqq-ədalət, cəsarət və bir də sözün qüdrəti var. O söz ki, insanın mənəvi aləminin ifadə vasitəsi, ruhunun qidasıdır. Dahi Füzulimiz demiş ilahi nemət olan söz insanın yaraşığı, munis dostu olmaqla onun mənəvi dəyərini mizana qoyur. Belə bir söz sahiblərindən biri də "Ədalət” qəzetində özünə ədalətli yol tapan, haqqın çırağını yandıran və onun işığına milyonları səsləyən Əbülfət Mədətoğludur. Qəlbinin süzgəcindən keçirdiyi sözün təamlarını misralara kökləyib oxucuya yaxşı yedizdirməyi bacaran şairlərdəndi Ə.Mədətoğlu.

Qu tükündən yumusaq,

Bir beşikdi ürəyim.

-deyən şairin ürək pəncərəsini açanda şeir dünyası gözəl görünür. Burda ustad şairimiz H.Arifin bir sözü yadıma düşür: "Açıq ürəkliyə eldə-obada, şair ürəklidi deyib babalar.” Ə.Mədəoğlunun ürəyi isə qu tükündən də yumşaqdı. Əgər belə olmasaydı bu gözəl sözlər orda yer tuta bilməzdi şair! Onun şeir dünyasına səyahət edirəm.

Misralaraında toxuduğu fikirlərin hənirtisi insanı qəflət yuxusundan oyatmaqla yanaşı, qəlbinə bir sərinlik də gətirir. Söz-söz xırdalanıb, misra-misra baş qaldırdığı şeirlərində ruhun təlaşını, insanın cismani varlığını düşüncəsinin zirvəsində elə bütövləşdirir ki, sanırsan ki, sözdən bir qaya qurub, dağ yaradıb. Və bu zirvələrdə ulduz kimi parıldayan fikirlər insanın qəlbinə hakim kəsilməklə yanaşı onu düşünməyə vadar edir. Tale oyunlarında, bəxt savaşında sakit-sakit dərdini içinə çəkib, gorun-gorun tüstülənən şair:

Mən indi ayrılıb insanlardan

Yapışıb xəyallardan

Bağrıma basıb yarpaqlardan

Xəzəl dilində danışıram.

-deyir. Payız xəyallarının yarpaq tökümü şair qəlbində xəzələ döndükcə, kənara çəkilib onlarla dil tapıb, danışan şairin təbiəti elə payız fəsli kimidir. İçindəki ağrılarını, dərdlərini sözünün gücü ilə sakitləşdirir. Öldürmür, yaralamır, ona sığal şəkir. Sığal çəkdiyi ağrılar min illərin vətən dərdi, tale yüklü məsələlərdi ki, bizimlə hər zaman ömür yoldaşı, dərd ortağıdır. Hər dövrün öz şairi, öz yazarı var. Amma dərdlər isə əsrlərindi, yaddaşlardan silinməyən tarixindi. Onlar bizi tərk etmədiyi kimi, biz də onları dövr-dövr, zaman-zaman təzələyirik. Haqsızlığın pərdəsi o qədər qalın olur ki, onun nazilməsi haqqın-ədalətin belinin sınması ilə nəticələnir. Bu ağrılar isə şairlərin ürəyindən keçir, qələmində düyünlənir. Bizə isə inildəyə-inildəyə yazmaq qalır. Şairin dediyi kimi:

Sözüm toxunmasın!-deyə qələmi

Gözümün yaşında yuyub yazıram!

Gözəl poetik deyim!

Əbülfət müəllimin şeir dünyası ömür yollarımızın daşlı-kəsəkli bahar fəslidir. Orda həm dincəlmək, həm də yaxşı hönkürmək olur. Taleyin bizə verdiyi ağrılar bizi ətək-ətək əzabların söz gücündə həm ağladıb, həm də güldürüb. Ömür pəncərəmizin müşənbə işığında dərdlərimizin saralmış səhifələrini varaqladıqca, arzularıın saraldığını, ümidlərin qırıldığını hiss etmək və onları sözün cənginə vermək şairlərə məxsusdu. Məhz bu mənada şair söz gücünü bədii ifadəsi ilə belə təsvir edib:

Bu qocalan ümidlərim

Vaxtsız-vədəsiz qarıdı.

Ümidsiz, ümidli yerim

Güldü, həsrətim yarıdı.



Eynilə şair ümidlərin güldüyü anda, həsrətinin gülməsinə işarə etməklə dərdlərimizə güzgü tutur. Faciələrimizin, bəlalarımızın qısasının alınmadığını görən şair dərd köhlənində nə qədər çalışsa da, xalqının ağrılarına biganə qala bilməyərək, dərdlərini dördnala çapır. Sızlayan, göynəyən ayaqları deyil, ürəyidi, qəlbidi. Sağalması yalan olan yaralarıdı. Bu yaralar birmi, beşmi.. Təbriz, Dərbənd, Göyçə, İrəvan, Zəngəzur, Qarabağ, Xocalı.... və s. Əlində haqqı, ədaləti bayraq edən şair xalqını milli birliyə səsləsə də, azadlılğın buxovunda çürüyən vətənini, haqqı tapdanan millətini gördükcə sarsılır. Torpaqları işğal altında olan millətinin acı göz yaşları şair ürəyində dərd yuvası salır. Azadlığını hər şeydən üstün tutan vətən oğulları şəhid olduqca vətən-vətən göynəyir, vətən-vətən tüstülənir. Həsrətli Arazının həsrəti onu çarmıxa çəkir:

Üyünür hər cür dən də,

Artıq da, elə kəm də.

Bir-birinə sarılan

Həsrətli Araz, həm də-

Kür olaq...

Üstündə gəzdiyimiz torpaq bizə ana qədər əziz olan Vətənin durduğu yerdir. Ona söykənib ayaq üstə duran Vətənə biz torpaqdan boylanır, ondan qürurlanırıq. Bizə verdiyi nazı-nemətdən doymadığımız kimi ona olan məhəbbətimizdən də doya bilmərik. Əfsuslar olsun ki, ona xain çıxıb özünə haqq qazandıranlar da var, uğrunda şəhid olub təpədən dırnağa vətən olan igid oğullarımız da var. Bu fərqlilik zamanın deyil, özümüzün vicdan haqqımızın zəifliyi, iradəmizin gücsüzlüyü, yaxud içimizdə boy atan paxıllıq və vara-dövlətə hərislik kimi iyrənc hisslərin bəlasıdı. Hələ də özümüzlə bir yaşadırırq bu acı hissləri, bu iyrəncliyi. Torpaq-ugrunda ölən varsa, Vətəndir!-deyib müdriklərimiz. Bəzilərimiz isə onun əksinə işlədik, içimizdə düşmənlə bərabər yaltaqlıq, ikiüzlülük, simasızlıq da bəslədik. Və bu iyrənc xüsusiyyətlərə qurban verdik hər şeyi. Baxmayaraq ki, torpaq uğrunda ölməyi bacaranlarımız da oldu, amma torpaq uğrunda min bir dona girib iblis olmağı bacaranlarımız onlardan az olmadı. Onun üçün də şərəfli məğlubiyyət bizi öz qoynuna aldı. Bizi bu torpaq bağışlamayacaq, qoynunda bizə rahatlıq verməyəcək, o zamana kimi onun torpaq haqqını özünə qaytarmasaq. Şairin dediyi kimi, bizi üstündə tutmayacaq, qoynuna almayacaq.

Sən Allahın önündə lal,

Mən duracam dizi üstə.

Qaçılmazdı bil ki, bu hal,

Tutmayacaq bizi üstə-

torpaq !

Və etdiyimiz səhfləri taleyin ümidinə buraxmaqla can rahatlığı axtarırıq. Əslində zamanın eybəcərliyinə çevirdiyimiz haqsızlıqlar tüğyan etdikcə özümüzü bu zülmün içində boğur, gələcəyin lənətli qarğışına düçar oluruq. Məhz Ə.Mədətoğlunun şeirlərində dilə gələn misralar harayçı qüvvə kimi bizi üzümüzə sillə-sillə dəyərək söz yarasında bişirir, ayıltmağa çağırır. Biz bu şeirlərə adi şeir kimi yox, haqqın gözüylə baxsaq, yaşamağa haqqımızın olmadığını gözəl dərk etmiş olarıq. O, həqiqətin carçısıdır. O, ədalət güzgüsüdür, kim istəsə özünü bu güzgüdə aydın görə bilər:

Hər kəs ürək ovudur,

Bu şair söz-sovudu!

Kimi ürək ovudur,

Kimi isə baş tutur!

Aldanıldığımızın, başımızı qatılan yalanların işığında özümüzə tumar verməyimizin haqq səsidi bu. Bu səs qərinələrin səsidi. İlkinliyimizin, türkçülüyümüzün, mərdliyimizin səsidi. Misra-misra dilə gəlir, söz-söz qəlbimizi göynədir. Şair qəlbində qırılan ümidlər heç bir kəsin içində boy ata bilməz. Şair sözündə göyərən arzular vicdanı olmayanların vicdanında yer edə bilməz. Bu mənada şairin qələmindən şahə qalxan vətən ağrıları poetik ruhun gözəlliyində başqalaşsa da, qara kölgələrin başı üstündə fəğan edir. Qara ruhların ürəyinə ox kimi sancılır və tarixi gercəkliyin haqq yoluna üz tutur. Dərddlərin əlində xırdalanan, ləklənən şair ömrü haqqın çırağını yandırmaqla özünə ömür qazanır- VƏTƏN ÖMRÜ!

Yarpaq tökümü başlayıb

Qəm artıq məndə qışlayıb.

Daha ruhu da xışlayıb-ləklənirəm!

Ə.Mədətoğlunun hansı bir misrasına yan alsan onun alt qatından vətən dərdi boylanır. Hər sözündə vətən dərdi asılıb. Bu asılqanlara tamaşa edəndə qanlı tariximiz gözlərin önündə canlanır. Hər daşında şəhd qanı, hər torpağında qan izi. Bu izləri örtə-örtə gözlərimizi də onunla bərabər bağlayıblar. Amma könlümüzə, qəlbimizə heç kəs möhür vura bilməyib və bilməyəcəklər də. Çünki bu vətənin qələmi də süngü olan şairləri var. Və qanlı könüllər nə zamansa fışqıracaq, onun qarşısını almaq mümkün olmayacaq. Bunu xalqın tarixini yazan şairlər, yazıçılar gözəl bacarır. Onların əlini qısmaq, könlünü susdurmaq mümkün olan iş deyil. Düşmənin vuran əlini, yazıçının, alimin qələmi susdurmalıdır. Hər yazılan tarix keçmişin gələcəyə salamıdır. İçindəki hıçqırtıları sözləri ilə boğaraq nəzmə çəkən şair də bunu deyir:

Bir az kecikdim mən bu etirafda,

Batan gəmi kimi izim yuyulur.

Durub su axtarma heç bu ətrafda,

Kipriyimdən damır..üzüm yuyulur.

Bədii ifadə tərzi, estetik zövq şairin istər vətən, istər sevgi şeirlərində gözəl cilalanıb. Poetizm, lirizm onun şeirlərində dilə gəlir. Sözlər budaqdakı təzə pöhrə yarpaqlar kimi yenicə boy atdıqca xəfif mehin nəfəsində nazlanır.

Şairlərin mayası sevgidən yoğrulub. Vətən sevgisi, ana sevgisi, bir də eşq... Bunlar qırmızı xətlə keçir şair ömründən. Vətənə olan güclü sevgi onun insani sevgisində də apaydın görünür. Məhəbbət çıplaq qalar, əgər abır-həya olmasa, eşq lüt-üryan görünər əgər ona həyamızla libas geydirməsək. Bu mənada eşqi qartal kimi zirvələr gəzən şairin məhəbbət andı, eşq inadı onu oxuyan hər kəsi mat qoyur. "Məhəbbət bir bəladır, giriftar olmayan bilməz” deyən Füzulimizin məhəbbət köynəyindən çıxan şair:

Bağışlanmaz cinayətdi –MƏHƏBBƏT!

Sevgi üstdə tutulmuşam-yatıram.

-deyir.

Burda Füzulimizin ömür boyu çəkdiyi sevgi əzabı duyulur. Sən demə, eşqi dəlilik bütün şairlərin alın yazısıdı. Onların qələmini kədər, ürəyini məhəbbət yonur. Ölümsüzlüyü içində daşıyan həsrət adlı bir ağrıdır eşq. Odun-alovin içində çırpına-çırpına səsini-sədasını ömür adlı bir çəlləyin içində batırmaqdır eşq. Gecə-gündüz qor tutan ürəyin axan göz yaşlarıdır eşq. Bu yaşlar şairin sözlərində damla-damla axıb süzülür misralara. Kövrəlməmiş keçə bilmirsən:

Nəzir kimi qəbul et,

Pirdə göz yaşlarımı.

Fransız yazıçısı J. Labrüer yazırdı ki, Qadınlar kişilərin əksəriyyətindən güclü sevirlər, amma kişilər dostluqda daha möhkəmdilər.

Aşiqin qəlb evində şam kimi yanan eşqin şöləsi onun göz yaşları ilə bərabər ziyarət evidir. Bu evin başına hər gün dolanan aşiqin tökdüyü göz yaşları eşq yolunda vəfa qıldığı ömür, həsrətinə qısılan əlidir. O əllər gah Tanrıya, gah da eşqinə sarı uzanır. Eşq yolunda əritdiyi ömür payı isə aşiqinə verdiyi nəzir kimi bəxtinin qəm hasarı, taleyinin qəm qatarıdır. Bu qatarda hələ çox uzun ömür gedəcək. Öz-özünə pıçıltıyla, səssiz axan çaylar kimi xəyallarının girdabında dolaşa-dolaşa. Nəğmə olub dodağından, sevgi olub gözlərindən həsrət-həsrət süzülən misralar kimi səpələnəcək:

Dur gəl məni danışdır,

Bir az çıxım içimdən.

Bir az eşqə bulaşdır,

Bir az sevgi içim mən.

Yaxud:

Məndən ayrılmağın, bil

Tək bircəcə yolu var.

Məni torpaq aparsın,

Səni də sevdiyin yar.

Eşqin təsirindən məst olan şair onu mey kimi qəlbinin gözündən içə-içə ruhunun göy üzündə tamaşasına durur. Oxucu isə hələ də məstdir, sərxoşdur. Budur poetizm, budur şeir dünyası. Sevgisi yolunda ölməyə belə gedən aşiq qəlbində sevgisinin, sözündə onun rəsmini çəkməyi bacarır. Bu dünyadan kənar durmaq istəmirsən. Həsrətin işığında sevgisinə yol gedən aşiqin kipriklərində şeh damcıları vüsal yağışını xatırladır. Açılan hər səhəri göz yaşları ilə yuyan aşiqin iztirabı, əzabı sevən qəlbin gözəlliyidir. Sevginin gözəlliyi onun çəkdiyi əzabındadır. Şairin dilə ilə desək:

Bir kirpiyin şehi ilə

Üzün yuyuram səhərin

Yuxusuna keşikçiyəm

Sən dönənəcən şəhərin.

Əsl şair odur ki, oxucunu heyrətləndirsin. Sözün varlığını, sözün qüdrətini onun ritmində oynada bilsin. Sözün oyunu səni mat qoysun. Məhz bu mənada Əbülfət bəyin şeirlərində söz oyunu, söz aləmi payız yağışlı, bahar nəfəslidir. Poetik mənzərə fəsillərin dilində dilə gəlir. Özü demişkən:

Mən nəm çəkən, göy də nəm

Yerdə də hər tərəf daş.

Xəyallarım göydələn

Kipriklərim də ki yaş...

Onun xəyalları da şeirdi, fikirləri də şeirdi... Ruhuna çəkdiyi sözdən nəmlənən gözləri, vuran ürəyi aşiqliyin səmasında pərvaz edir. Xəyalı göylərdə, səmada, qəlbi isə dərdinin axarında yol gedən şairin fikir dünyasında bir bütövlük var, həyati baxışında doğmalıq var. Dərdin köynəyinə bürünüb xəyal dünyasının işığında yol gedir üzü haqqa-həqiqətə doğru:

Dərdimin sapı sına,

Dözümü, tabı sına,

Hər kəsin qapısına,

Durub öz kəsi gəlir.

Yaxud;

...ayrıldığım insanlar,

Daldığım xəyallar

Pıçıldaşdığım yarpaqlar

Ömrümün itən-

Bitən gözəl günüdü....

Hər misrasında sözüylə pçıldaşan, xəyallarında, düşüncəsində ömür adlı məbədin gözəlliyini qorumağı bacaran dəyərli şairimiz Əbülfət Mədətoğuna sağlam ömür və yaradıcılıq arzusu ilə

Nəcibə İLKİN




İmza:
SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK