ANA SƏHİFƏ / YAZARLAR

Həyatda öz ayaqlarım üstdə durmağı avtobusda, metroda öyrənmişəm - Eminquey yazır - AVTOBUSDAN REPORTAJ

8999    |   2019-11-22 09:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Göydən romantika tökülür şırhaşır. Avtobusun tutacağından gah yapışıram, gah da buraxıram. Kefimdən buraxmıram, basabasdı. Yox, basabasdan da ötə bir durumdu. Arxamda, önümdə duran adamlar məni hər tərəfdən sıxmasalar çətin tutacaqdan yapışmamış ayaq üstə dura bilim. Hətta bəzən avtobusda heç bir yerdən tutmadan ayaq üstə qalmağı da məşq eləmişəm. Alındırmışam da, alındırmamışam da. Sürücülərimizin də hamısı ayaq oynaqlarında yığılan duzdan əziyyət çəkirlər (Allahdan şəfa diləyirəm), hər gün avtobusun qaz və əyləc pedallarına möhkəm basmaqla ayaqlarının duzlarını əridirlər. Sizə bir sirr açım, mən həyatda öz ayaqlarım üstdə durmağı avtobusda, metroda öyrənmişəm.

Arxamdakı adam düşdü, elə sevinirdim ki, rahatlığa çıxmışam, bir oğlan və bir qız arxamda dayandılar. Elə hər şey də bundan sonra başladı.

Arxamda dayanan bu qızla oğlan dayanmadan, yorulmadan söhbət edirlər. O qədər mövzuya toxunurlar ki, yaddaşımın gücü çatmır saxlamağa. Amma siz qızla oğlanın dialoqlarında "c” və "ç”ları xüsusilə yadda saxlayın.

Qız: Bu sürücüyə bax də, yer yoxdu də, bu qədər adamı niyə yığersan bu avtobusa?

Oğlan: Sus, ay qız, biz də bu basabasa minmişüy də. Minmiyeydüy?

Qız: Yox e, onnar minməsinnər.

Biraz keçir. Söz yox ki, bu keçən birazda bunlar yenə vır-vır danışmaqlarındadırlar. Sürücü qəfil tozmoz verir.

Qız: Vəhşidi e, vəhşi. İndi səsimi atacam e başma.

Oğlan: Biabır eləmə məni.

Çöldəki soyuq qarşımda axıracan açıq olan pəncərədən artıq üzümü göynətməyə başladı. Əlimi uzadıb bağladım.

Biraz keçir. Söz yox ki, bu keçən birazda bunlar yenə vır-vır danışmaqlarındadırlar.

Qız: O pəncərəni kim bağladı e, ürəyim bulanır mənim. Aç onu. Bu saat qusacam bura.

Oğlanın əli qulağımın dibindən keçib pəncərəni bağlayır. Mənim sifətimin ağız anları başlayır.

Qız pıçıltı ilə:

- Adamlar da qoyundular e, görürsüz basabasdı minmiyin də. Beynim çönür də özüm ölüm.

Oğlan: Ay qız, demədim sus? Bu saat dava salıceysən.

Əsəbimdən dodaqlarımı gəmirirəm. İradəli ol, az qalıb, muradına çatacaqsan, düşəcəksən bu qarmaşalıqdan canın qurtaracaq.

Şəms Təbrizinin sözləri yadıma düşür - murad iradəni tanıyır, amma iradə muradı tanımaz. Zalımın oğlu, özündən fəlsəfə icad edincə, ta keçib, get iradəni də muradla tanış elə, evlənsinlər də.

Qulağım qarşımdakı, pəncərənin altındakı arxa-qabaq oturan iki qadının söhbətinə tuşlanır.

- Ağız, baxdun dünən Xoşqədəmə?

- Nolub ki?

- Bir qız çıxmışdı 22 yaşında. Qucağında körpə.

- Hmm.

- Ərinnən boşanmağ istiyirdi.

- Hmm.

- Əri də utanmır, durub gəlib verlişə.

- Booo...

- Ağız, bu hələ harasıdı ki?! Sən demə, bu qızın ikinci əridü.

Qadın uca səslə:

- Allah sən saxla!

Sürücü təsadüfən dillənir: Saxlamışdım da, düşərdiz də!!!

Bu iki xalanın söhbətini eşidə-eşidə düşünürəm.

İç səsim: İnsan yəni bu qədər məqsədsiz, mənasız ola bilər ki, bir dəfə gəldiyi dünyada amalı, hədəfi ancaq evlənmək ola? 22 yaşın var, nə haraydı? Bir dəfə evlənib boşansaydın, dərd yarı, ikincidi e, ikinci. Qucağında da beş-altı aylıq körpə. Bu məcburiyyət hardan doğur? İnsan niyə bu qədər mənasızlaşa bilir? İnsan niyə elə zənn edir ki, evlənməsə xoşbəxt ola bilməz?

Bütün bu suallar çaparaq keçir ağlımdan.

Avtobusda boşluq yaranır. Oturmağa yer tapıram. Əyləşib yenə öz düşüncələrimə qapılıram. Çap olunacaq kitabım haqqında düşünürəm. Kitabımın hələ çap prosesi başlamayıb, artıq xəyalımda satışdan qazanacağım pulla evi təmir elətdirmişəm, qonaqlıq vermişəm, anama qəşəng geyimlər, maşın, ev, təyyarə, Mayamidə yay evi almışam, hətta evlənmişəm də, üstəgəl artıq uşağımın gələcəyi üçün də pul atmışam arxaya.

Bu xam xəyallardan avtobusun yenə qəfil tormozlanıb dayanmasına ayılıram.

Bir kök qadın özünü sağa-sola vura-vura, zıqqana-zıqqana axır ki, minir avtobusa. Minən kimi qadının üzündə təəccüb və sevinc əl-ələ verir.

- Bıy, Suğra, necəsən?

Suğra əliylə yanındakı boş yeri göstərir, "gəl otur” deyir.

Aha, yeni dialoqumuz yetişir.

Bu iki qadın hal-əhvallaşandan sonra qəfil mövzu necə gəlib sünnətə çıxır, bilmirəm.

Suğra:

- Nəvəmin də sünnət toyu oldu axı. Dəvət eləmişdiy səni də, nöş gəlmədin?

- İnan Allaha...

Qadın Allaha inan bəndəyə oxşayır, yoxsa bir sünnət üçün bu boyda vur-çatlasın nəyə lazım?

- ... Bakıda döyüldük. Qaynənəmin ilinə getmişdiy.

- Bıy hə, Allah rəhmət eləsin. Vaxt necə tez keçir e deyirəm.

- Hə, valla. Toy necə keşdi?

- Belə dəəə. Pis döyüldü.

Qəfildən iç səsim araya girir:

- İnsan niyə öz oğlunun sünnətini belə təmtəraqla qeyd eləsin ki? Yəni nə üçün də? Hə? Nəvəminkini kəsdirmişik, durun gəlin yeyib-içib oynayın? Niyə? Adi əməliyyatdı da. Ümumiyyətlə, qohum-əqrəbalara – xalaya, bibiyə, bəyin dostlarına, kürəkənə mahnı oxuyan Əflatun Qubadov nə əcəb sünnət olunanlara aid mahnı oxumur? Axı sünnət toyunda "bəyin dostları”nı oynamaq olmur...

Tısss!

Xutorda düşənlər, tələsin! Tələsin!

Evimizə çatdım. Avtobusdan düşürəm.

Çox nigaran qaldım, görəsən, Suğra xalagil sünnət toyunda ziyana düşməyiblər?!




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK