hacklink Adalet.az | CİNAS BAYATILAR - Təranə Arifqızı yazır Adalet.az | CİNAS BAYATILAR - Təranə Arifqızı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

CİNAS BAYATILAR - Təranə Arifqızı yazır

5177    |   2019-11-04 18:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əzizim dəftər ağı,

Dolubdu dəftər, ağı,

Ürək kamana döndü,

Neynirəm dəf- darağı.

Eləmi, daş divarın,

Qaynadı, daşdı varın,

İkicə arşın yerdə

Bəzəndi daş-divarın.

Əzizim güldən oldu,

Töküldü gül, dən oldu.

Bülbül fəğan eylədi,

Aşiqlik güldən oldu.

Eləmi yar, gül açdı,

Gülümə gül yaraşdı,

Ürəyin daş yolunu,

Sevgisiylə gül açdı.

Aşıq, gecə yarısı,

Gözlər gecəyarısı.

Yuxuma şərik çıxar

Sözlər gecə yarısı.

Əzizim qəm daşıdı,
Qəm tutdu, qəm daşıdı,
Ürəyim ürəyinin
Sirdaşı, qəmdaşıdı.

Mən aşiq, əl dən qoyur,

Əlaçıq əl dən qoyur,

Nə sevgidən vaz keçir,

Nə pulu əldən qoyur.

Mən aşiq, o da, saldı,

Atəşə, oda saldı,

Yaralı ürəyimdə

Bir taxt, bir oda saldı.

Mən aşiqəm al canı,

Dur dər gilas,alçanı,

Ürəyinə söz keçir,

Çək bıçağı, al canı.

Əzizim getməyən nər,

Dayanıb getməyən (lər)nər ,

Dirigözlü oyanar

Yuxuya getməyən (lər)nər.

Mən aşiqəm, yaz, a yaz,

Yenə düşüb yazayaz,

Sözün qiymətini bil,

Çoxlu düşün, aza yaz.

Aşiq, ha, kimə yalvar,

Kimə, hakimə yalvar,

Dərmanım tanrıdadı,

Demə, həkimə yalvar.

Aşiqəm, baxış, yarım,

Dərindi baxış, yarım,

Sözünlə sözlərimə

Göndər bir baxış, yarım!

Aşiq, məni az ara,

Könlün düşüb azara,

Onu başına qoysan,

Yolun çaşıb azar,

Əzizim, acı dilə,

Acı ver, acı dilə,

Sözü Allah dedirdir,

Yükləmə acı dılə.

Əzizim, bax da, mənə,

Qismət də, baxt da mənə,

Mən kimə neyləmişəm,

Küsübdü baxt da mənə.

Əzizinəm, gül üzüm,

Bağda gördüm gül, üzüm,

Həm sevgi, həm göz yaşı,

Necə gülsün gül üzüm?

Mən aşiq,bağ sərindi,

Qara yu, ağ sər, indi,

Fikir burulğanında,

Yaman itib sər indi.

Bu yara, yaramı, yar,

Xəncər al yaramı yar,

Özgəsinə yar olan

Olurmu yaramı yar?

Əzizim dərdiməndə,

Dərdlinin dərdi məndə,

Bir nadanın üzündən,

Çox cəkdim dərdi, mən də.

Əzizim qəlbi gərək,
Dağ başı qəlbi gərək,
Yar gərək sındırmasın,
Sevdiyi qəlbi gərək.

Əzizim bağla keçdı,

Əlində bağla keçdi,

Bağdan, bir yol salıbsan,

Gəl, onu bağla, gecdi.

Mən aşiqəm,gül açar,

Sabah olar, gül açar,

Kilid vurduğun qəlbə,

Olar bircə gül, açar.

Mən aşiq xatirənə,

Düşübdü xatirə, nə?

Acı,şirin nə varsa,

Yazılıb xatirənə.

Əzizim qəm daşıdı,
Qəm tutdu, qəm daşıdı,
Ürəyim ürəyinin
Sirdaşı, qəmdaşıdı.

Mən aşiq, gül yarpağı,

Tökülüb gül, yarpağı,

Ürək teldən asilıb,

Olubdu gül yarpağı.

Əzizim dərddən ötə,

Dərd var ki, dərddən ötə,

Dünyanın işi budur,

Sevinclə dərd, tən ötə.

Mən aşiqəm üzümə,

Bağ tutaşıb üzümə,

Qəlbə xəyanət edib

Yar baxammır üzümə.

Aşiqəm ürəyinə,

Sözünə, ürəyinə,

Sevgisiz insanların,

Bilmirəm, ürəyi nə?

Əzizim atam kimi,

Ürəkdən atam kimi?

Məzarına qurbanam,

Atam yox atam kimi.

Əzizinəm, günüm, gəl,

Keçən ayım, günüm, gəl,

Şəhid olan sevgilim,

Sevgililər günüm, gəl!

Əzizim qara bəndəm,

Qış günü qara bəndəm,

Dərdin ağ kağızına

Yazılmış qara bəndəm!

Əzizinəm , vay dərdim,

Vay dərmanım, vay dərdim,

Gül əkib, gül dərdilər,

Mən gül əkdim, vay dərdim.

Əzizim ürəyimdən,

Saçım dən, ürəyim dən.

Fələk oxun qırılsın,

Vurmusan ürəyimdən.

Əzizim dərddən ötə,
Dərd var ki, dərddən ötə,
Dünyanın işi budur,
Sevinclə dərd, tən ötə.

Əzizim, bu, oxşama,

Qəfil dəydi ox şama.

Doğruya zaval yoxdu,

Yalan sözü, oxşama!

Yolları dar, a, bu dağ,
Dağ yolun, dara, budaq!
Gülünə tikan batıb,
Çəkilib dara budaq.

Aşiq yara, ər dəyər,
Dərd sındırar, dərd əyər,
Hər sözü öz vaxtında,
Budağından dər, dəyər!

Baxdım bir dan alına,
Bəxtin ruhdan alına,
Özünü həlak etmə,
Yazan, yazıb alına.




İmza:
SON XƏBƏRLƏR
2019-11-18
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK