Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Su şırıltısı ... - Meyxoş Abdullah yazır Adalet.az | Su şırıltısı ... - Meyxoş Abdullah yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Su şırıltısı ... - Meyxoş Abdullah yazır

6391    |   2019-08-20 10:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(hekayə)

Onunla təyyarədə tanış olduq. İstanbul Bakı reysiylə uçan təyarədə yerimiz yan-yana idi. Təyyarə havaya qalxanda dərindən köks ötürdü və oturacaqdan bərk-bərk yapışaraq, hürkək nəzərlərlə mənə baxdı. Baxışlarından hiss etdim ki, o yüksəklikdən qorxur. Bu qorxu hissini onun canından çıxartmaq üçün, əvvəlcə, otutacaqdan bərk-bərk yapışan əllərindən tutmaq istədim. Sonra nə fikirləşdimsə, ağlımdan keçən bu fikirdən vaz keçdim. Gözlərimi onun gözlərinin içinə zillədim və demək istədim ki; - qorxmayın, siz burada tək deyilsiniz.

Təyyarə havaya qalxandan sonra, o bir azca sakitləşdi. Oturacaqda yerini rahatlayaraq, dərindən köks ötürdü və nəzərlərini təyyarənin salonuna dikdi. Onun sakitləşdiyini gördükdə mən də arxayınlaşaraq öz yerimi rahatladım.

Yol yoldaşım qürurlu qadına oxşayırdı. Bayaq, ani baxışlarından, gözlərinin rənginə kimi fikir vermişdim. Bir azca yaşıla çalan cazibədar gözlərinin dərinliyində, sanki keçmiş xatirələri mürgü vururdu. Səliqə ilə daranaraq çiyinlərinə tökülmüş xurmayi saçları dağ döşümdən süzülən şəlaləyə bənzəyirdi. Dalğavari saçlar onun bir azca uzunsöv, ağ sifətinə özgə bir yaraşıq verirdi. Barmağındakı iriqaşlı üzük, qolundakı böyük həcmli saat və boynundakı gümüşü həmayil nəzərlərimdən qaçmadı. Adətən rəsmi işlərlə məşğul olan qadınlar bu cür aqsesuarlardan istifadə edirlər.

Qadının ciddi görkəmi onu bir azca yaşlı göstərirdi. Amma sir-sifəti çox təravətli idi. Üz-gözündə bircə dənə də olsun qırış gözə dəymirdi. Qırmızı rəngə boyanmış dodaqları isə onun sifətini daha cazibədar göstərirdi. Hiss olunurdu ki, bu qadının cavanlığı çox ürəklərə dağ çəkmişdir.

O, təyyarənin pəncərəsindən göylərin ənginliklərini seyr edirdi. Adətən dalğın və fikirli adamlar belə edirlər. Onlar fikirlərini dağıtmaq üçün gözlərini bir nöqtəyə zilləyərək, uzun-uzadı xəyala dalırlar.

Oğrun nəzərlərlə ona baxırdım. Elə bil onu hardasa görmüşdüm. Amma belə bir ciddi qadını harada və nə vaxt gördüyümü xatırlaya bilmirdim. Əslinə qalsa, bəlkə də, onu ilk dəfə idi ki, görürdüm. Ancaq ilk baxışdan hardasa gördüyüm bir adam kimi o mənim diqqətimi özünə cəlb etmişdi.

Qadınlar kişilərin həmişə maraq dairəsində olurlar. İllah ki, uzaq səfərlərə çıxanda. Təyyarədə, qatarda qadınlarla yolyoldaşı olmaq çox maraqlı və yadda qalan izlər buraxır insanın qəlbində.

Onunla yaxından tanış olmaq istəyirdim. Onsuz da bir neçə saatdan sonra mənzil başına çatıb ayrılacaqdıq. Onun, bayaq təyyarə havaya qalxarkən azacıq qorxmağı indi söhbətimiz üçün mövzu ola bilərdi, düşündüm. Ona görə də, ehmalca:

- Xanım, daha qorxmursunuz ki? - deyə özümdə cəsarət tapıb soruşdum.

O qəfil səsdən diksinən kimi oldu. Tezcə də, üzünü çevirib mənə baxdı və gülümsədi. Gülümsəyəndə sağ gözü bir azca qıyılan kimi oldu. Bu halı ona çox yaraşıq verirdi. Sanki utancaq bir qız təsəvvürü yaratdı adamda. Qadınlar gülümsəyəndə çox gözəl olurlar, sanki məşhur rəssam Leonardo da Vinçinin Mono Lizası kimi...

Onu xəyallar aləmindən ayırdığım üçün məndən inciyəcəyini zənn etdim. O isə:

- Yoox... Daha qorxmuram. Bu hal məndə həmişə belə olur. Əslində, işimlə bağlı səfərlərdə çox olduğuma görə, təyyarədən tez-tez istifadə edirəm. Amma hər dəfə ayaqlarım yerdən üzüləndə beləcə həyəcan keçirirəm. Axı, biz yer adamıyıq, həm də, torpağa çox bağlıyıq, - dedi və yenə də gülümsədi.

Təəccübləndim. Elə təəccübləndim ki, hətta, o da mənim bu həyəcanımı hiss etdiyindən bir müddət gözlərini məndən çəkmədi.

Məni heyrətə gətirən onun səsi idi. Onun səsi ecazkar və nota köçürülməmiş həzin bir musiqini xatırlatdı mənə. Bəlkə də, məşhur musiqiçi Şopenin Pianoçusu kimi... Bu səsin həzinliyini bütün varlığımda hiss etdim. Bu səs, sanki ilmə-ilmə, damla-damla canıma, qanıma hopurdu. İnsan qəribə məxluqdur, başına gələcək hadisələri, elə bil, qabaqcadan duyurmuş kimi özünü həmişə ona hazırlayır. Ürəyimə danmışdı ki, bu səs əbədi olaraq yaddaşima həkk olunacaqdır.

Qadın mənim halımı sifətimdəki cizgilərdən hiss etmişdi. Odur ki:

- Nə oldu sizə, birtəhər oldunuz? – Olmaya, siz də təyyarədən qorxursunuz? – deyə soruşdu. Bu sözləri mənə deyərkən onun dodaqları qaçdı və o, xəfifcə gülümsədi.

Mən yuxudaymış kimi ayıldım, onun mənə dikilmiş baxışlarının altında bir azca özümü itirən kimi oldum. Hətta, məndə bir azca çaşqınlıq da yarandı. Anlaya bilmədim ki, o məndən nə soruşdu. Bir az keçəndən sonra ağlıma gəldi ki, xanım məndən narahatçılığımın səbəbini soruşur və o məndən cavab gözləyir. Odur ki:

- Heç, sizin səsiniz çox gözəldir! - dedim.

O, gülümsədi və qaşlarını çataraq:

- Ahaa, hətta... Bu komplimentdir, ya? – deyə o, başını astaca yırğaladı.

Mən bir azca sıxıldım. Anladım ki, tanımadığım bir xanıma bu cür sözlər demək, onun mənim haqqımda düşüncələrini dəyişə bilərdi.

O, sanki mənim narahatçılığımı gözlərimdən oxuyurmuş kimi:

- Necədir səsim, deyin, mənim üçün də maraqlıdır?

- Səsiniz çox gözəldir... Amma səsinizin nəyə bənzədiyini, doğrusu, təsəvvürümə gətirə bilmirəm, həm də bunu elə bu dəqiqə sizə izah edə bilmərəm.

O gülümsədi.

- Çox sağ olun, səsimin gözəl olduğunu bilirəm. Bir daha bunu mənə xatırlatdığınız üçün sizə minnətdarlığımı bildirirəm. Amma çox istərdim ki, səsimin nəyə bənzədyini mənim özümə də deyəsiniz. Bu mənim üçün çox xoş olardı.

Mən duruxdum və handan-hana:

- Doğrusu, tam yəqin edə bilmirəm. Amma səsinizi təbiətin hansı ecazkar füsunkarlığınasa bənzədirəm...

O, bu sözlərimdən xoşhal olmuş kimi:

- Nə gözəl. İndiyə kimi bunu mənə deyən olmamışdı. Sözləriniz xoşuma gəldi. Amma mənim üçün də maraqlıdır, görəsən səsim təbiətin hansı füsunkarlığını özündə əks etdirir. Bunu mütləq tapın və mənə də deyin, - deyə o gülümsədi. – Hə, onu da deməliyəm ki, - deyə xanım əlavə etdi. - Siz də yaxşı insana oxşayırsınız.

- Bunu nədən bilirsiniz? – deyə soruşdum.

- Mən bəzən insanların daxili aləmini görə bilirəm!

- Doğurdan?!

- Əlbəttə. Bax, sizə deyim, sizin daxili aləminiz yaradıcılıq planlarnızdan daha maraqlıdır. Həm də, sizin ətrafınız tərəfindən duyulmamaq bir probleminiz də vardır, düz deyirəmmi?

- Siz mənim yazıçı olduğumu hardan bilirsiniz? – deyə maraqla soruşdum.

- Mən demədim ki, siz yazıçısınız, dedim ki, siz yaxşı insansınız. Sizin nə yazdığınızdan mənim xəbərim yoxdur, amma hiss edirəm ki, siz xeyirxah insansınız.

Onun bu sözlərindən sonra özümə gəldim və hiss etdim ki, xanım ciddi olduğu qədər də mehribandir. Onunla ünsiyyət qurmaq istəyirdim, ona görə də ürəyimdən keçdi ki, özüm haqqında ondan nə isə bir şey də soruşum. Məsələn, soruşum ki, mən bir yazıçı olaraq nəyi daha çox sevirəm? Ağlıma gələn bu sualı elə belə də ona verdim:

- Siz dediniz ki, insanların iç dünyasını oxumağı bacarırsınız. Onda deyin görək, mən ən çox nəyi sevirəm?

Qadın mənalı-mənalı üzümə baxıb gülümsədi və:

- Deyimmi?- soruşdu.

- Əlbəttə, deyin! – deyə sevincək dilləndim.

- Siz ən çox dənizi sevirsiniz!

Yerimdən dik atıldım. Bu hərəkətim elə anidən və gözlənilməz oldu ki, xanım da diksindi.

- Nə oldu sizə?

- Düz tapdınız. Bunu hardan bildiniz? – deyə soruşmaq istədim. Amma bayaq onun; - "mən insanları tanıyıram” fikrin yadıma salıb susdum.

- Demək dənizi sevirsiniz? – deyə xanım başını buladı. - Mən də dənizi sevirəm, özü də çox sevirəm. Dəniz mənim sirrlərimi saxlayan tək dostumdur. Bilirsən, o necə sirr saxlayır?

- Bilirəm, - dedim. Mən də sirrlərimi dənizə danışıram.

- Sizin də sirriniz olur? Axı, kişilər sirr saxlamağı sevmrlər.

- Baxır kimə? – dedim.

- Hə, siz yazıçısınız, sizin ürəyiniz dolu olar, - deyə xanım mənalı-mənalı gülümsədi.

Onun nəyə işarə vurduğunu anlasam da susdum. Susdum ki, söhbət başqa bir məcrayə yonəlməsin.

- Türkiyədə istirahətdəydinizmi? – deyə soruşdum.

Üzümə baxıb gülümsədi və:

- Yox, iş dalısınca göndərilmişdim.

- Bəs, siz? Yəqin ki, yaradıcılıq ezamiyyətindəydiniz?

- Hə, elədir, bir az yazı-pozu işlərim vardı, onları həll etməyə gəlmişdim.

Düşündüm ki, bu məqamda onun nə işlə məşğul olduğunu soruşmaq yerinə düşərdi. Odur ki, dedim:

- Bəs siz? Sizin işiniz nədən ibarətdir?

O üzümə baxıb gülümsədi və mənalı-mənalı başını bulayıb:

- Bağışlayın, belə hallarda susmağa üstünlük verirəm. Susuram ki, ürəyimdəkiləri deyə bilim.

O dəqiqə səhvimi anladım və yersiz sualıma görə üzrxahlıq etmək istədim. Amma, nədənsə bacarmadım. Hiss etdim ki, o məni bağışlayıbdır.

Gözlərimi yumub bir azca yatmaq istədim. Elə həmin anda o ecazkar səs məni diksindirdi:

- Nədən yazırsnız? – soruşdu.

- Hər şeydən, ailə-məişət mövzuları, cəmiyyətdə baş verən hadisələr... sevgi, məhəbbət. İndi yazmağa mövzu çoxdur. Amma ən çox yazdığım və mənə uğur gətirən Qarabağ haqqında mövzulardır.

- Siz Qarabağlısınız?

- İndi biz hamımız Qarabağlıylq xanım, - deyə cavab verdim.

- Hə, düz deyirsiniz. Qarabağ bizim hamımızın dərdidir. Qarabağdan danışanda kövrəlirəm. Axı, anam Şuşalıdır, - deyə qadın dilləndi və dərindən ah çəkdi... Bir qədər sonra: - Onda siz cənublusunuz, elə deyilmi? – deyə soruşdu.

- Elədir! Bəs, siz bunları...

Sualımı tamamlamağa imkan vermədi.

- Cənublular, mehriban və çox danışan olurlar, - dedi. – Həm də, tez küsəyən, - deyə güldü.

Onun bu ərkyanalığı çox xoşuma gəldi...

... Nəhayət, səfərimiz başa çatdı.

Təyyarə limanında onun yüklərinə kömək etdim. Hara gedəcəyini soruşdum, bəlkə bir kömək lazım olduğunu dedim.

Gülümsəyərək:

- Narahat olmayın, məni çıxışda gözləyirlər, - dedi. Sonra: - Siz telefon nömrənizi verin, mehriban insan olduğunuza, həm də əsərlərinizə görə mütləq sizi axtarmalı olacağam! - dedi.

Ona telefon nömrəmi verdim. Gözləyirdim ki, o da mənə öz telefon nömrəsini versin. Hətta, onun telefon nömrəsini qeyd etmək üçün hazırlaşırdım da. O isə bircə kəlmə dedi:

- Mən sizi axtaracağam!

Sonra sürətli addımlarla çıxışa tərəf getdi.

Çıxışda onu biri hərbiçi olmaqla üç nəfər qarşıladı. Gözləyənlər onu görən kimi farağat vəziyyət alıb, hərbi qaydada salam verdilər.

O maşına oturanda ötəri də olsa, ətrafa nəzər saldı. Hiss etdim ki, uzaqdan da olsa mənimlə xudahifizləşmək istəyir. Məni gördüyünü bilmədim, çünki maşına oturarkən gözünə taxtığı qara eynək onun hansı səmtə baxdığını məndə yəqinlik yarada bilmədi. Amma mən qara rəngli xarici maşın gözdən itənəcən onu izlədim.

Maşın gözlərimdən yox olanadək yerimdən tərpənməyib, duruxub qaldım. Bu qadın kimdir? - deyə öz-özümə sual verdim. Cavabsız sual bir müddət beynimdə ilişib qalaraq, o qadını mənə xatırladırdı.

Bu hadisənin üstündən bir müddət vaxt gəlib keçdi. Hər xarici səfərlərə gedəndə, xüsusən də, Türkiyə səfərlərim zamanı gözüm o xanımı axtarırdı. Keçən bu vaxt ərzində bir dəfə də olsun onunla rastlaşmadım... Amma səsi və baxışları əbədi olaraq yaddaşıma hopmuş, o gözəl xanım üçün hiss edirdim ki, darıxıram. Özümü danlayırdım ki, niyə görə onun telefon nömrəsini almadım. Heç olmasa, adını öyrənəydim, bəlkə soraqlaşıb onu birtəhər tapa bilərdim. Bunları etmədiyim üçün çox peşiman idim.

Bu əhvalatın üstündən bir neçə ay ötmüşdü. Vaxtım olandan, olana dəniz kənaraına gedib düşüncələrə dalar, adətim üzrə dənizlə söhbət edirdim.

Bu gün də belə günlərdən biri idi. Günəş hələ çıxmamışdı. Ətraf çox sakitlik idi. Dənizin qırçınlı ləpələri adamın yorğun əhvalına, elə bil sığal çəkirdi. Bərk düşüncələrə dalmışdım. Birdən qulağıma qəribə bir səs gəldi. Bu səs, sanki qərinələrin dərinliklərindən gəlirmiş kimi məni diksindirdi:

- Salam, sabahınız xeyir olsun, dənizin dostu! - deyə kimsə dilləndi.

Bu səs, onun səsi idi... Hansı ki, bir neçə ay bundan qabaq təyyarədə tanış olduğum qadının səsi.

Geri çevrildim. İdman paltarında, gözündə qara eynək olan bir qadın dayanmışdı arxamda. Mütənasib bədən qurluşu idmançılarda olduğu kimiydi. Elə bil bürüncdən yonulmuş heykəl idi, dübbədüz dayanmışdı. Özümü itirən kimi oldum. O bunu hiss etdiyindən, əlini mənə tərəf uzadıb:

- Xoş gördük sizi, hörmətli yazıçım.

Əlimi ona tərəf uzatdım. Əlim, elə bil bir topa pambığa dəydi, onun əli yumyumuşaq idi.

- Necəsiniz, nə xoş təsadüf? - deyə soruşdum.

- Mən demək olar ki, səhərlər tez-tez gəlirəm dəniz sahilinə, təbii ki əlavə bir işim çıxmayanda.

- Mən isə şəhərə yolum düşəndən düşənə gəlirəm bura. Nə işim olsa, birinci növbədə dənizə baş çəkirəm. Demişdim axı sizə, dənizi çox sevirəm.

- Hə, dənizi sevdiyinizi bilirəm. Şəkillərinizdən görmüşəm. Bəs, necə, - dedi, - sizinlə tanışlıqdan sonra haqqınızda çox şey öyrənə bildim? Hətta, əsərlərinizi oxumağa da vaxt tapmışam. Açığını deyim ki, gözəl yazırsınız.

- Doğurdan? – deyə sevncək soruşdum.

- Hə, əlbəttə, sadə və şirin dildə. Doğrusu, kitab oxumağa vaxtım az olur, amma əlimə yaxşı əsər keçəndə mütləq oxuyuram. Mənimki, musiqidir, bir də rəsm əsərləri çəkmək. Boş vaxtlarımda bunlarla məşğul oluram. Birdə ki, səhərlər və işdən sonra bu sevimli dəniz. – Evimiz bura çox yaxındır, beş-on dəqiqəlik yoldur. – Bəs, siz harada olursunuz? - deyə qadın soruşdu.

- Mən rayonda yaşayıram, işimlə bağlı tez-tez şəhərə gəlib gedirəm.

- Şəhərdə eviniz olmamış olmaz? – deyə soruşdu

- Yox! – deyə cavab verdim. Gələndə dost, tanış evində, çox vaxt da mehmanxanada qalıram.

- Bəs, bu tezdən dəniz sahilinə haradan gəlib çıxmısınız?

- Rayondan?

- Yaxı da, zarafat etməyin?

- Həqiqi sözümdür, ala-qaranlıqdan durmuşam, günəş çıxmamış özümü şəhərə çatdırmışam. Maşınla iki-üç saatlıq yoldur.

- Çox sevdim sizin dəniz sevdanızı. Həqiqətən, qibtə olunasıdır. - Bəs, niyə şəhərə köçmürsünüz?

- Çox istəyirəm, köçüb gəlim Bakıya, amma imkanım yoxdur. Bu yaşımda da, kirayədə qalmaq mənə çətin olar.

- Hə, elədir, hər işin öz vaxtı var, gərək işlərini vaxtında görəsən. - Gəl, belə edək, görürəm evdən tez çıxdığınıza görə, nahar da etməmisiniz, gedək bizə yaxşıca nahar edək. Sizə gözəl kofe dəmləyim, bir az söhbət edək. Sonra hara istəsəniz gedə bilərsiniz, yaxşımı?

Onun bu təklifi mənə qəribə gəlsə də, amma ürəyimdən oldu. Etiraz da edə bilməzdim. Birdə ki, bu qadın haqqında ürəyimdəki gizli marağım mənə dərhal onunla razılaşmağa məcbur etdi.

Xanım, yaxınlıqdakı bağ evlərindən birinin darvazasının qapısını açarla açanda hiss etdim ki, o bu evdə tək yaşayır. Həyətə girəndə gül-çiçəkli bir mənzərəylə rastlaşdıq. İlk gözümə dəyən iri tut ağacı oldu. Bir az kənarda isə gözəl şaftalı ağacı vardı, meyvəsi çox olduğundan budaqlarının ucu yerə dəyirdi. Həyət olduqca səliqə, səhmanlı idi. Hər şey onun özünə oxşayırdı.

Biz otağa keçdik, dəbdəbəli olmasa da, şəhər evlərinə xas olan gözəl arxetektur nümunələri ilə bəzədilmiş otaqları göz oxşayırdı.

Qonaq otağı yığcam və səliqəli idi. Divarlarından gözəl tablolar asılmış otaq adamın zövqünü oxşayırdı.

Birlkdə nahar etdik. Doğrusu, çox sıxılırdım. O bunu hiss etdiyindən gülə-gülə:

- Hörmətli yazıçı, mən sizin adınızı bilirəm, əsərlərinzi oxuyanda tanış olmuşam, amma siz nə təyyarədə, nə də indi heç mənim adımla maraqlanmamısınız?

- Doğrusu, elə bil ayılan kimi oldum. Qadının həddən artıq ciddi olması onun adını soruşmağa çəkindirmişdi məni.

- Elə isə, buyurun, xahiş edirəm, adınızı deyin! - deyə cəsarətləndim.

- Adım Aliyədir. Elə belə də müraciət edə bilərsiniz.

- Gözəl adınız var, - deməyə özümdə güclə cəsarət tapdım. Bunu o da hiss etdi.

Səhər yeməyindən sonra məni kitabxanasıyla tanış etdi. Onun kitabxanası çox zəngin idi. Nadir kitab nümunələrinin ötəri də olsa gözümə dəyməsindən hiss edirdim bunu.

Onun iş otağına keçdik. Başqa otaqlarda olduğu kimi iş otağında da, divardan asılmış çoxlu tablolara rast gəldim. Tabloları mənə göstərərək:

- Çoxunu özüm çəkmişəm, - dedi.

Doğurdan da, çox gözəl rəsm əsərləri idi.

Divarın bir küncündə, səliqə ilə asılmış hərbi geyim formasını görəndə təəccübləndim. Və o anda düşündüm ki, bu qadının həyat yoldaşı hərbiçidir. Amma diqqətlə baxanda bu hərbi formanın qadının özünə aid olduğunu gördüm. Tezcə də fikrimdən daşındım və tam yəqinliklə əmin oldum ki, bu xanım özü hərbiçidir, özü də lap böyüyündən. Çünki hərbi formanın çiyinlərindəki iri ulduzlar mənə fikrimi təsdiqləməyə imkan verirdi. Ondan heç nə soruşmadım. Fikirləşdim ki, əgər evində olduğum bir saat ərzində bu xanım özü haqqında bir məlumat verməyibsə, demək soruşmağa da dəyməz.

Bir azdan Aliyə xanıma gedəcəyimi bildirdim.

- Özünüz bilin getmək istəyirsinizsə gedin. Əgər qalmağa yeriniz yoxdursa, çəkinməyin, qala bilərsiniz, evimiz genişdir - dedi.

- Yox, əziyyət verməyim. Getsəm yaxşıdır, - dedim.

- Hə, onda özünüz bilən məsləhətdir. Yəqin ki, biz yenə də görüşəcəyik, - dedi. – Axı, hər ikimiz dənizi çox sevirik.

- Əlbəttə, görüşəcəyik! – dedim.

Ayrılan zaman:

- Sizin davranışınız çox xoşuma gəldi, gözəl yazıçı olmağınızla yanaşı, həm də gözəl insansınız, - dedi.

Ona təşəkkür etdim. Amma öz-özümə yolboyu sual verirdim: - Axı, bu hərbiçi qadın kimdir?! Nə işin sahibir?! Bu fikir uzun müddət mənim beynimdən silinmədi.

Bir də onunla təxminən bir ay sonra, sentyabr ayında görüşdük. Yenə dənizkənarı parkda. Həmin günü çox kövrək idim. Elə dolmuşdum ki... Sən demə, Aliyə xanım kənardan mənə göz qoyurmuş. Hətta, dənizlə söhbət etməyim də onun gözlərindən yayınmamışdı.

- Yaman dərdləşirdin dənizlə, xeyir ola, bir hadisəmi baş verib? – soruşdu.

- Yox, nə hadisə, sadəcə olaraq, bura gələndə çox kövrəlirəm. Çünkü bura mənim qibləgahımdır. Burada mən təmizlənirəm.

- Qəribə insansınız, dərdinizi açmağa bu böyüklükdə şəhərdə bir kimsəniz yoxdurmu? Necə olsa, tanınmış yazıçısınız. Sizə rəğbət bəsləyən qadınlar olar.

- Var, niyə yoxdur?- deyə gülümsədim.

- Aha!.. Dedim axı, bizim yazıçı bu cür gözəl əsərləri elə beləcə havadan yazmaz. İlham pəriniz çoxdurmu? – deyə, gülə-gülə soruşdu.

- Yox, birdənədir. Hər dəfə bura yolum düşəndə ancaq onunla görüşürəm. Məni bu şəhərdə qarşılayan da odur, yola salan da. Nə gizlədim, sevirəm onu?

- Çox gözəl. O da sizi sevirmi?

- Sevən vaxtları da olur, sevməyən də. Arada mülayim olur, arada kükrəyib, əsib, coşur. Belə də, bir-birmizi yola veririk.

- Anlamadım sizi, yəni siz də...

- Aliyə xanım, bu dənizi siz tanımırsınız? Arada sakit olur, arada da aləmi vurub dağıdır.

Əsmər xanım söhbətin nədən getdiyini indi anlayırmış kimi bərkdən güldü. Onun gülüşü çox gözəl idi. Amma mənə elə gəld ki, o, ömründə birinci dəfəydi ki, belə ürəkdən gülürdü... Özümü saxlaya bilməyib:

- Aliyə xanım, siz niyə belə qəmlisiniz? Həyatınızda nə isə bir hadisəmi baş verib?

O duruxdu. Sifəti ciddiləşdi. Üzünü mənə tərəf tutub dedi:

- Sizdən birinci və sonuncu dəfə xahiş edirəm. Bir də şəxsi həyatımla bağlı mənə sual verməyin. Mən belə sualları xoşlamıram.

Doğrusu, pərt oldum. Axı, mən niyə belə etdim, düşündüm?

O mənim belə bir vəziyyətə düşdüyümü dərhal hiss etdi. Pərtliyimi aradan qaldırmaq üçün qoluma toxundu və:

- Mən sizin xatirinizi çox istəyirəm, inanın. Amma insan həyatında elə məqamlar var ki, onlar sirr olaraq insanla birlikdə həyatdan köçməlidir. O sirri heç kəsə açmaq olmur. Deyiləsi sözləri də gərək zamanı gələndə deyəsən. Sizə deyiləsi sözlərim olacaq, amma indi zamanı deyil.

Hiss etdim ki, Aliyə xanım mən tanıdığım xanımlardan deyil. O nə isə sirrli bir dünyanın adamıdır. Ona görə də, özümə söz verdim ki, bir daha ondan, mənə aid olmayan məsələlər barədə soruşmayacağam.

İllər gəlib keçdi, Aliyə xanımla görüşümüz ancaq dəniz sahilində olurdu. Onun haqqında, demək olar ki, heç nə bilmirdim. Görüş zamanı da ancaq ədəbiyyatdan, siyasətdən danışardıq. Arada da kefinin duru vaxtı mənə sataşardı. Deyərdi: - Sizin bu dəniz sevginiz mənim xoşuma gəlir. Çox sədaqətlisiniz sevginizdə, - söyləyirdi. Amma dəniz sizdən mənə arada şikayət edir, az-az görünürsünüz? - deyirdi.

- Bunu dəniz deyir, ya siz deyirsiniz, Aliyə xanım? – deyə soruşurdum.

- Elə mən də, dəniz də... Hər ikimiz sizi çox istəyirik. Bir fikirim var, baş tutsa dənizlə sizi qovuşduracağam. Doğrusu, qibtə edirəm sevginizə, mən də ömrümboyu belə bir sevginin həsrətində olmuşam, - deyə etiraf edərdi.

Onunla söhbətimiz çox vaxt çətin olurdu mənə. İçində dünyanın sirrini yığıb saxlamışdı, elə bil. Soruşmağı da mənə qadağan etmişdi. Onu çox istəyirdim, hiss edirdim ki, o qadını sevirəm. Məni başa düşməyə bilməzdi, amma heç vaxt bunu büruzə vermək istəmirdi. Bu insanın, bəzən qadın olduğuna şübhə edirdim. İçimdə ona qarşı olan maraq didib parçalayırdı məni. Onun qollarından yapışıb, gözlərinin içinə baxaraq: – Aliyə xanım, axı siz kimsiniz? - soruşmaq istəyirdim ondan.

Bəzən qəlbinə dəyirdim, uşaq kimi kövrəlirdi, küsürdü. Ondan bağışlanmağımı xahiş edirdim, o dəqiqə günahımdan keçirdi.

Son günlər ona qarşı olan istəyim çox artmışdı. Hiss edirdim ki, onsuz darıxıram. Amma o, məni hələ də özündən kənar saxlayırdı. Səsi gecələr yuxuda qulaqlarıma gəlirdi. Bu səsin sehiri mənim dünyamı əlimdən alırdı, elə bil. Hələ də, bu səsin nəyə bənzədiyini tapa bilməmişdim. Hər görüşümüz zamanı soruşurdu: - Mənim səsimin ahəngini tapa bildinizmi? Onun bu sözündən sonra utanırdım. Acizanə şəkildə üzr istəyib deyirdim: - Aliyə xanım, axtarıram, bir gün mütləq tapacağam!..

Son görüşümüz onunla çox kədərli oldu. Dəniz kənarında görüşdük. Güllü don geyinmişdi. Çox gözəl görünürdü. Ayağındakı hündürdaban tuflisi onun boyunu bir az da uca etmişdi. Bu görkəmində o daha baxımlı görünürdü.

- Bizə gedəcəyik! - dedi.

Doğrusu, onun bu təklifi mənə qəribə gəldi. Axı, gec idi, axşam düşürdü.

Mənim fikrə getdiyimi görüb:

- Narahat olmayın, sizi qonaq saxlayan deyiləm, söhbətim var sizinlə.

Etiraz etmədim. Dəniz sahili ilə gəzə-gəzə onlara getdik.

Darvazadan içəri girəndə qapı ağzında çoxlu kitab bağlamaları, məişət, geyim əşyaları və tablolar qalaqlanmışdı. İlk ürəymə gələn bu oldu ki, Aliyə xanım, deyəsən, harasa köçür. Amma onunla şərtləşdiyimizə görə şəxsi işləri barədə ondan heç nə soruşmamalıydım.

Evə keçdik. Otaqlarda da bağlamalar yığılıb qalmışdı. Yenə bu barədə ondan heç nə soruşmadım.

Məni iş otağına dəvət etdi.

- Bura gəlin, sizinlə vacib söhbətim var, - dedi.

Aliyə xanım iş otağında olan kitab dolabının siyirməsini çəkdi və oradan iki kağız qovluq çıxartdı. Sonra qovluqlardan birini mənim qarşıma qoyub; - aç, oxu! - dedi.

Özü isə mənimlə üzbəüz oturdu və əlini çənəsinə qoyub nəzərlərini üzümə dikdi.

Heç nə başa düşmədim. Qovluğu açdım. İlk gözümə dəyən, meşənin içərisində, çay qırağında olan gözəl bir ev şəkli oldu. Ev çox gözəl idi. Hər tərəf meşəlik, ağaclar yam-yaşıl. Uzaqdan sıralanıb gedən sil-silə dağlar bu mənzərəyə özgə bir yaraşıq verirdi. Adam bir anlığa özünü bu füsunkar gözəlliyin qoynunda hiss edirdi. Meşənin içərisində inşa edilmiş bu ev məxsusi bir ev idi. Kimin üçünsə xüsusi zövqlə tikilmişdi.

- Gözəl evdir dedim, çox gözəldir. Adamın belə bir evi ola, - deyə, pıçıldadım.

- Qovluğun içində bir yazı var, indi zəhmət olmasa açın, o yazını oxuyun! - deyə, Aliyə xanım dilləndi.

Şəkli kənara qoyub, yazını oxumağa başladım. Orada belə yazılmışdı: – "Əzizim, Aliyə xanım, artıq mən çox qocalmışam, demək olar ki, ömrümün son anlarını yaşayıram. Lənətə gəlmiş bu xəstəlik mənim canımı almaqdadır. Ömrümün sona çatdığını hiss edirəm. Çox az qalıb ömrümə, bəlkə də sanlı günlər... Sənin belə bir ev arzuladığını bilirdim. Xatırlayırsan, orta məktəbin sonuncu sinifində oxuyanda sənin maraqla baxdığın və: - kaş, gələcəkdə belə bir evim olaydı? - dediyin o şəkildəki evin neçə illərdir ki, inşasıyla məşğulam. Artıq ev tikilib tamamlanıbdır. Evin bütün sənədləri hazırdır və sənin adına yazılıbdır. Vəsiyyət etmişəm ki, mən öləndən sonra bu sənədlər sənə çatdırılsın. Çox xahiş edirəm gəlib evinə sahib çıxasan. Qoy, mənim də ruhum şad olsun. Ömrünün sonuna kimi səni qəlbən sevən insan!”

Məktubu oxuyandan sonra gözlərimi Aliyə xanımın gözlərinin içinə dikdim. O ağlayırdı... Hiss etdim ki, suallarım cavabsız qalacaqdır. Ona görə də, ondan bir şey soruşmağa cəsarət etmirdim. Amma maraq mənim içimi qurd kimi gəmirirdi. Özümü heç cür ələ ala bilmirdim. Odur ki, soruşdum:

- Aliyə xanım, bu adam kimdir?

O gözlərindən axan gözyaşlarını silərək üzümə baxdı. Bu baxışlar bir qədər soyuq baxışlar idi.

- Xahiş edirəm, mümkünsə deyin, bu adam kimdir və sizə niyə görə bu evi bağışlayır? – deyə, təkidlə soruşdum.

O əllərini qoynuna qoyub, üzünü pəncərəyə tərəf çevirdi və ata səslə:

- Həmin adam mənim orta məktəb müəllimim idi. Məni sevirmiş. Bu barədə mən heç vaxt bilməmişəm. O neçə illər bu sevgisini sirr olaraq ürəyində saxlayıbdır. Hətta, mənə görə ailə də qurmayıbdır...

Əsmər xanım bu sözləri deyərkən çiyinləri titrədi. Hiss etdim ki, o ağlayır...

Ona təsəlli üçün nə isə bir söz demək istədim. Əlini havada yelləyib, etirazını bildirdi.

- İkinci qovluğu açın, oxuyun, zəhmət olmasa, - dedi.

Əllərim titrəyə-titrəyə ikinci qovluğu açdım. Orada da bir ev şəkili vardı. Amma bu şəkil birinci qovluğdakı şəkildən fərqli olaraq, əllə çəkilmişdi. Gözəl rəsm əsəriydi. Dəniz kənarındakı bağ evlərindən biri idi. Eynən, Aliyə xanımın yaşadığı evə bənzəyirdi.

Bir az aralıda isə mavi dəniz görünürdü. Dənizin sahilində isə bir kişi şəkli çəkilmişdi. Kişi dənizi seyr edirdi. Diqqətlə baxanda, o şəklin özümə oxşadığını yəqinləşdirdim. Ani olaraq gözlərmi şəkildən ayırıb Aliyə xanıma baxdım. O mənə baxıb gülümsəyirdi.

- Tanıdınmı onu?! – soruşdu.

- Hə, bu ki, mənə oxşayır! - dedim.

- Hə, bu sizsiniz! Bundan sonra hər gün dəniz sahilinə gedib, dənizi doyunca seyr edə bilərsiniz. Ürəyiniz istədiyi qədər dənizlə söhbət etməyə vaxtınız olacaq, cənab yazıçı.

Nə baş verdiyni, doğrusu, anlaya bilmədiymdən, yerimdəcə donub qalmışdım. Mənə elə gəlirdi ki, yuxu görürəm.

- Başa düşmədim? – deyə, təəccüblə Aliyə xanımdan soruşdum.

- Başa düşmədinsə, onda orada olan yazını da aç, oxu! - dedi.

Kağızı açıb oxudum. Yazılmışdı: - "Hörmətli, yazıçım, mən sizin xatrinizi dünyalar qədər istəyirəm. Sizin dəniz sevginiz möhtəşəmdir. Mən sizi dənizdən ayırmaq istəmirəm. Çünki sevginin nə olduğunu mən yaxşı bilirəm... Həm də, ayrılığın və həsrətin də nə olduğunu bu həyat mənə yaxşı başa salıbdır. Ona görə də, bu evimi sizin adınıza sənədləşdirmişəm. Qalın burda, yazın, yaradın... Dəniz sevginizdən də əl çəkməyin. Tanrı hər ikimizə belə bir möhtəşəm sevgi qismət edibdir. Bu çox böyük xoşbəxtlikdir, anlayırsınızmı? Bu ilahi sevgidir, bu ruh sevgisidir, bunu hər insan yaşaya bilmir!” - deyə Aliyə xanım kədərli-kədərli üzümə baxdı..

Əlimdə kağız donub qalmışdım. Nə deyəcəyimi, necə hərəkət edəcəyimi özüm də bilmirdim. Sanki yuxuda idim. Bu yuxudan da ayıla bilmirdim.

Bir addım ona tərəf atdım. Yaman kövrəlmişdim... Bir himə bənddim ki, hönkürüm. Əllərimi ona tərəf uzatdım. Əllərini ovcumun içinə qoydu. Bir addımlıqda dayanmışdıq. Onun nəfəsini sir-sifətimdə hiss edirdim. O da dolmuşdu. Gözlərindən yaş süzülürdü...

Bu dəhşətli bir an idi, mənim üçün. Sanki havam çatmırdı, boğulurdum. Birdən, nə isə yadıma düşdü. Çoxdan axtardığım və arzusunda olduğum bir şeyi tapmış kimi sevindim.

Bu halımı o da hiss etdiyindən soruşdu:

- Nə oldu sizə?!

- Yadınızdadır, Aliyə xanım? – dedim. Bir vaxt məndən soruşmuşdunuz ki, mənim səsim nəyə bənzəyir? Xatırlayırsınızmı?!

O, gözlərini geniş açaraq, baxışlarını üzümə dikdi.

- Hə, əlbəttə, xatirimdədir. Təyyarədə olanda sizdən soruşdum ki, mənim səsim nəyə bənzəyir? Dediniz ki, öyrənib deyərəm. – Deyiin, öyrəndinizmi?!

Mən onun qollarından tutub, ehmalca özümə tərəf çəkdim. Etiraz etmədi. Onunla o qədər yaxın dayanmışdıq ki, gözlərimiz ixtiyarsız olaraq qapanmaq üzrəydi. Gözlər ən ülvi hisslərin qovuşduğu vaxt, bir də ölüm ayağında belə qapanırlar... Ürəyinin döyüntüsünü hiss edirdim. Bədəni yarpaq kimi əsirdi. Onun ipək saçları barmaqlarımın arasında şırımlandıqca, köksümə bərk-bərk sığınan bir qadın bədəninin ləzzətini hiss edirdim. Dodaqlarının dəniz suyu kimi duzlu tamı bədənimə yayıldıqa özümü unudurdum. Sanki özümü dəniz sahilindəki o tənha və bulud tək dolmuş, kövrək halımda olduğum kimi hiss edirdim bu an.

O isə, ehmalca əllərini ciyinlərimə toxunduraraq, sanki məni yuxudan ayıldırmış kimi pıçıldayırdı:

- Ey, nə oldu sizə? Ayılın!.. Səsimi deyirəm, mənim səsim nəyə bənzəyir?!

Yaman dolmuşdum... Hıçqırığım içimi titrədirdi. Bir udum qəhər isə boğazımda ilişib qalmışdı.

O isə gözlərini gözlərimdən çəkməyərək:

- Hə, deyin, mənim üçün çox maraqlıdır, xahiş edirəm...

- Sizin səsiniz Su şırıltısına bənzəyir, Aliyə xanım...

Onun sifəti allandı, dodaqları qaçdı.

- Hə, doğru deyirsiniz. Yəqin, o meşədəki evin qarşısından axan çayın səsi höpub səsimə, - deyə xəfifcə gülümsədi.

- Hə, əlbəttə, bu səs dənizin səsinə oxşamır! – deyə, özümü saxlaya bilməyib hönkürdüm.




İmza:
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK