ANA SƏHİFƏ / YAZARLAR

AKİF İSLAMZADƏ, MƏNİ AD GÜNÜMƏ BAĞIŞLA!

(Siz doğrudanmı Tanrı səsini eşitmisiniz?)

20095    |   2010-04-01 14:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirlər dünyada ilk dəfə "Söz" olub və dünya "Söz"dən yaranıb. Yəni Tanrı "Ol" deyib və insanların yüz min illərdi, nə bilim milyon illərdi dağıtmaq istədiyi, amma dağıda bilmədiyi dünya olub. Dünya Sözdən yaranmayıb, dünya Səsdən yaranıb. Tanrı "Ol" sözünü yazmayıb ha, deyib.
   
   Oxuduqlarımıza inansaq Tanrı bircə Musa peyğəmbərlə söhbət edib, başqa peyğəmbərlərlə mələkləri vasitəsilə əlaqə saxlayıb. Yəni dünyada yalnız Musa peyğəmbər yeganə şəxsdir ki, Tanrının səsini eşidib. Və dünyanın ən xoşbəxt, olub-keçən adamıdı.
   
   Bəs Tanrının səsi necə olub? Hansı rəngdə olub, hansı boyda, hansı buxunda olub, hansı şirinlikdə, hansı dadda olub? Musa peyğəmbər o səsi eşidəndə hansı hala düşüb, hansı hisslər keçirib?
   
   Kim istəyir inansın, kim istəyir inanmasın, o qədər yalandan and içmişəm ki, indi and içməyə də həvəsim yoxdu, mən də Tanrının səsini eşitmişəm və eşidirəm. Bu səsin içində doğulmuşam və düz 57 ildi bu səsin içində yaşayıram. Və düz 57 ildir ki, bu səsə qovuşmaq istəyirəm, amma qovuşa bilmirəm. Haçansa qovuşacağıma inanıram. Düz 57 ildir bu səs məni alıb ağuşuna, yaşadır.
   
   Əslində bütün insanlar Tanrının səsini eşidirlər. Sadəcə olaraq Tanrıdan çox uzaq olduqlarına görə bu səsin Tanrının səsi olduğunu anlaya bilmirlər. Milyardlarla murdar səsin içindən Tanrının səsini ayırmaq hər insanın qismətinə yazılmayıb.
   
   İsa Muğanna deyir ki, Tanrı ilə danışır. Səmimi desək, insanlar artıq ona normal adam kimi baxmırlar. Bu yaxınlarda Mirşahin onunla bir saat söhbət elədi və mən də gördüm ki, İsa Muğanna düz deyir, Tanrı ilə danışır. Və doğrudan da necə ola bilər ki, Musa peyğəmbər Tanrı ilə danışa bilər, İsa Muğanna danışa bilməz?! Və tarix boyu da Tanrıya yaxın insanları normal insanlar kimi qəbul eləməyiblər. Nə həzrəti Davudu, nə həzrəti İsanı, nə həzrəti Musanı, nə həzrəti Məhəmmədi! Dəli deyiblər, daşlayıblar. Çünki milyonlarla dəlinin içində ağıllı olmaq təbii ki, dəlilikdi. İndi İsa Muğannaya da dəli deyənlər həmin o milyonlardılar.
   
   Tanrı "Ol" deyəndə o Səs dünyada yaratdığı nə varsa hamısına hopub. Daşına da, dağına da, çayına da, suyuna da, havasına da, ağacına da, çiçəyinə də, gülünə də, işığına da, qaranlığına da, insanına da, heyvanına dag Bu dünyada nə varsa, hamısına. Və bu dünyada nə görürsüzsə, nə görmürsüzsə hamısı Tanrının səsi ilə danışır. Bax, indi dünya yenidən doğulur, rənglər bir-birinə qarışır, ağaclar tumurcuqlayır, dünya yaşıllaşır. O tumurcuğun səsini eşidirsiniz? Eşitmirsənsə, sən karsan, buna Tanrı neyləsin? Bulaqlar qaynayır, o qaynamanın səsi Tanrının səsidi. Sən onu anlamırsansa Tanrı buna neyləsin? Tərtər çayı Dəlidağdan qaynamalardan kökünü götürüb şırıl-şırıl şırıldayır. Tanrının səsidir, anlamırsan, buna Tanrı neyləsin? Tərtər olmasın, Nil olsun, Missuri olsun, Yenisey olsun. Kol dibində bənövşə qıvrıla-qıvrıla puçurlayır, Tanrının səsidir. Sən anlamırsan, buna Tanrı neyləsin? Sərçənin, sığırçının, qaratoyuğun səsi Tanrının səsidir. Sən bunun Tanrı səsi olduğunu anlamırsan, buna Tanrı neyləsin?
   
   Bu əslində bir povestə, bir romana yığılacaq bir mövzu deyil, onda ki, hansısa bir məqaləyə bunu sığışdıra bilim.
   
   Mən sadəcə olaraq Akif İslamzadədən məni bağışlamasını istəyən bir yazı yazmaq istədim. Amma belə başladım. "Xəzər TV"də Nərgiz Cəlilovanın hər həftənin ikinci günü çox maraqlı və çox isti bir "Pəncərə" adlı verilişi gedir. Hamı dördüncü gün "Kurtlar vadisi"ni gözləyəndə mən ikinci gün "Pəncərə"ni gözləyirəm. Demirəm ey, "Kurtlar vadisi"nə baxmıram, sadəcə olaraq "Pəncərə"ni gözləyirəm ki, görək bu dəfə Nərgiz xanımın qonağı kim olacaq? Lap Mirşahinin "Milli metr" verilişini gözlədiyim kimi gözləyirəm.
   
   Son verilişdə Akif İslamzadə qonağı idi.
   
   Təxminən iki ildi Akif İslamzadənin qarşısında elədiyim bir günaha bəraət qazanmaq istəyirəm, qazana bilmirəm və heç qazana da bilməyəcəm.
   
   Mən əvvəldə dedim axı, Tanrı Musa peyğəmbərlə danışanda səsinin rəngi necə olub, boy-buxunu necə olub və sair və ilaxır, yuxarıda yazmışam.
   
   Və sonra da yazdım ki, mən də Tanrının səsini eşitmişəm və eşidirəm, bu səsin içində doğulmuşam, böyümüşəm və bu səsin içində yaşayıram və bu səsə qovuşmaq istəyirəm.
   
   Bir neçə il əvvəl bir müxbirimə tapşırdım ki, Akif İslamzadə haqqında nəsə yazsın. Yazdı gətirdi, oxuyub hirsləndim, cırıb atdım. Və adama da bərk hirsləndim. Və sonra da fikirləşdim ki, bu bədbəxtin nə günahı var, o ki Tanrının səsini eşitməyib, Akif İslamzadə haqqında nə yaza bilər?! Və özüm oturdum Mehriban xanımın önündə, Akif İslamzadə haqqında çox kiçik bir yazı yazdım. Yazı da böyük əks-səda doğurdu. O yazıya qayıtmaq istəmirəm. Arxivdən tapıb yenidən çap edəcəm.
   
   Mən o yazıda Tanrının səsi ilə bağlı fikirlərimi yazmışdım. Yəni mənim üçün Tanrının səsi Aydın Qaradağlının səsi idi, Soltan Nəcəfovun səsi idi, Hacı Sabirin səsi idi, Bülbülün səsi idi, Məhluqə Sadıqovanın səsi idi, Qədir Rüstəmovun səsi idi, Arif Babayevin səsi idi, Akif İslamzadənin səsi idi.
   
   Tanrı Musa peyğəmbərlə bax, bu adamların səsi ilə danışmışdı. Tanrının mələkləri də başqa peyğəmbərlərlə bu səslərlə danışmışdı.
   
   Mən əvvəldə dedim axı, Tanrının səsi bütün dünyaya hopub: rənglərə, dağlara, daşlara, çaylara, bulaqlara, quşlara, havaya, torpağa, işığa, qaranlığa. Və adını çəkdiyim və çəkmədiyim qeyri-adi insanların səsində də dağların, daşların, bulağın, çayın, rənglərin, işığın, torpağın, qaranlığın, havanın, heyvanların, insanların, gülün, çiçəyin səsi cəmləşib.
   
   Kimsə mənimlə mübahisə edə bilər ki, filankəsin səsində də belə bir möcüzə var. Ola bilər, onunla mübahisə edə bilmərəm, o da o səsi qəbul edir. Mən dünyanın böyük Tanrı səsli sənətkarlarını tanıyıram və sevirəm. Həqiqətən də Demis Russosun, Pavarottinin, Müslüm Maqomayevin səsi də Tanrı səsidir. Yəni dünyada Tanrı səsli insanlar şükürlər olsun ki, az deyil. Amma dəhşət budur ki, Tanrı səsli insanları dinləyənlər hamısı bir yerdə Maykl Ceksonu dinləyənlərdən azdı. Bax, faciə budu.
   
   Söhbəti uzatmayaq. Mən Akif İslamzadə haqqında yazanda demişdim ki, Akif, Tanrı sənin səsini o qədər çox sevirdi ki, bədənindən soyub apardı öz yanına. Və Tanrı indi bütün günü sənə qulaq asır. Və Tanrı sənə qulaq asdığına görə və sənin səsin onun ruhunu oxşadığına görə bu dünyanı məhv eləmir. Sənin səsindi bu dünyanı qoruyan.
   
   Və onu da yazmışdım ki, sən xoşbəxt adamsan. Bir gün Tanrıya qovuşacaqsan və gedib öz səsini Tanrının dərgahında görəcəksən! Bizlər bədbəxtik ki, bir daha sənin səsini görə bilməyəcəyik.
   
   Səsi görmək! Lap cavan yaşlarımda bir yazı yazmışdım. Yazmışdım ki, mən gözəl rəsm əsərlərinə baxanda ordakı rənglərin səsini eşidirəm. Məsələn, Səttar Bəhlulzadənin "Kəpəzin göz yaşları" və ya Salvador Dalinin "Vətəndaş müharibəsini öncədən görmə" əsərlərini. Burda rənglərin danışığını yazmağa qələmin qüdrəti çatmaz, çünki Tanrı burda rənglərin dili ilə danışır, Tanrının danışığını da yazmaq üçün ən azı Üzeyir Hacıbəyov olmalısan, Qara Qarayev olmalısan, Şopen olmalısan və sair və ilaxır.
   
   Bəs bu yazını niyə yazdım? Əslində bu gün mənim ad günümdü. "Dünyanın ən xoşbəxt adamı" adlı povestimdə belə bir yer var. Qəhrəman, yəni özüm, heç vaxt ad günü keçirməyi xoşlamır. Və belə fikirləşir ki, o nə Məhəmməd peyğəmbərin nəslindəndi, nə də Eynşteynin. Yəni onun doğulması dünyada insan artımından başqa maraqlı bir şey deyil. Yəni mənim də Tanrının səsini eşitmək qabiliyyətindən başqa doğulmağım elə də bir önəmli hadisə deyil.
   
   Akif İslamzadə Nərgiz xanımla söhbətində dedi ki, o, səsləri görür. Təxminən 20-23 il bundan əvvəl mən bir yazı yazmışdım və orda demişdim ki, mən rənglərin səsini eşidirəm, rəssamlıq gözlə görünən musiqidir. Və onu da yazmışdım ki, mən səsləri görürəm, musiqi də, səslər də gözlə görünən rəssamlıqdı, sənət əsəridi. O vaxt bunu mənə nöqsan tutanlar da olmuşdu.
   
   Və gördüm ki, bu dünyada dəli təkcə mən deyiləm, Akif İslamzadə də dəlidi.
   
   Bəs Akif İslamzadəyə niyə üz tutub deyirəm məni bağışlasın?
   
   Mən "Dolu" romanını yazanda orda müəyyən nüanslar var. Tanrı mələklərini yer üzünə göndərir ki, insanlar yollarını azıblar. Gedin bir insan tapın, ona peyğəmbərlik əta eləyim və o, yenidən insanları düz yola, haqq yola çağırsın. Mələklər gəlirlər bitdə-bitdə insanları arayıb-axtarırlar, amma Tanrının dediyi insanı tapa bilmirlər. Və əliboş geri qayıtmaq məcburiyyətində olurlar. Qorxurlar ki, Tanrının əmrini yerinə yetirə bilmədiklərinə görə Tanrı onları cəzalandıracaq. Və birdən bir insanın çıxartdığı Tanrı səsini eşidirlər. Və bu səsi həmin insandan soyub çıxarırlar və aparırlar Tanrıya. Tanrı bu səsə qulaq asır, çox xoşuna gəlir və hər dəfə insanlığa əsəbləşəndə bu səsə qulaq asır və insanları bağışlayır. Və mənim əsərimdə bu, Qədir Rüstəmovun səsi kimi göstərilib.
   
   Əslində isə mən 7-8 il əvvəl belə bir yazı yazmışdım, bu səsin Akif İslamzadənin səsi olduğunu göstərmişdim. Romanda isə bu səs Qədir Rüstəmovun səsi kimi gedib. Əslində isə romanın əlyazmasında bu səsin Akif İslamzadənin səsi olduğu yazılıb - əvvəldən sonadək. Amma əsər çapa gedərkən Akif İslamzadəyə xəyanət elədim həmin obrazı Qədir Rüstəmov kimi təqdim elədim.
   
   Qədir Rüstəmovun da səsi ilahi səsdi. Bəs niyə Akifin adını çıxarıb Qədirin adını yazdım? Niyə Akifə xəyanət elədim, əslində Tanrının səsinə xəyanət elədim?
   
   Roman Qarabağ müharibəsindən, Qarabağdakı faciələrdən və sair və ilaxırlardan danışılırdı. Və Qarabağda da Qədir Rüstəmovun səsi Qarabağın daşı, torpağı, suyu, havası kimi, qəbiristanlığı kimi əziz və doğmadı. Düzdür, qarabağlılar Akif İslamzadəni də qarabağlı kimi qəbul edirlər, amma Qədir onlar üçün başqa bir məna daşıyır. Və məhz buna görə də roman çapa gedərkən Akif İslamzadənin adını əsərdən çıxarıb yerinə Qədir Rüstəmovun adını yazdım.
   
   Yəni həm Akifə, həm də özümün qəbul etdiyim meyarlara bir xəyanət elədim. Və iki ildi həmişə Akif İslamzadəyə bir məktub yazmaq istəmişəm ki, məni bağışlasın.
   
   Və onu da bilirəm ki, Akif İslamzadə belə şeylərin farkında deyil, çünki çox yüksəkdə dayanır. Bir adamın ki səsi Tanrı dərgahında ola, bir adamın ki səsini hər gün Tanrı dinləyə və bu səsə görə biz günahkar insanları bağışlaya, yəqin ki, Akif İslamzadə də məni bağışlayar.
   
   35 il əvvəl Tanrı mələklərinin Akif İslamzadədən soyub Tanrıya apardıqları səsi mələklər bizim içimizdən, qanımızdan, ruhumuzdan, bu torpaqdan, bu çaylardan, bu sulardan, bu bulaqlardan, bu işıqdan, bu qaranlıqdan, bu havadan soyub apara bilmədilər.
   
   Milyardlarla insanların Tanrının səsini bu dünyada batırmağa gücləri çatmadığı kimi, Tanrı mələklərinin də gücü Akif İslamzadənin səsini bu dünyadan qoparmağa gücləri çatmadı!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK