Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bir az da optimist olaq - Mehman CAVADOĞLU yazır Adalet.az | Bir az da optimist olaq - Mehman CAVADOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bir az da optimist olaq - Mehman CAVADOĞLU yazır

8900    |   2019-07-17 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Parlamentlərarası Provaslav Assembleyasının iyunun 20-də Tiflisdə keçirilən növbəti toplantısı zamanı baş verən insidentdən sonra Gürcüstanda başlayan siyasi böhran hələ də davam edir. Rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamentinin həmin vaxt Bakıda səfərdə olan spikeri İrakli Kobaxidzenin yerini "zəbt etməsi” zaldakı müxalif deputatların sərt təpkisiylə üzləşmiş və qısa müddət ərzində proses böyüyərək ciddi qarşıdurmalarla müşayiət olunan etiraz aksiyalarına çevrilməklə yanaşı həm antirus, həm də antiiqtidar xarakteri almışdı. S. Qavrilovzaman-zaman Gürcüstanı Abxaziya və Cənubi Osetiyanın itirilməsi faktıyla barışmağa çağıran antigürcü mövqeyli bir siyasətçi olduğu üçün onun bu cür həyasız demarşının gürcülər arasındasərt təpkiylə qarşılanması təbiidir.

Əslində, Rusiyanın keçmiş sovet respublikaları, ilk növbədəsə Gürcüstan, Ukrayna və Moldova ilə münasibətlərindəki gərginlik yeni hadisə deyil, Sovet imperiyası dağılandan bu günə kimi yüksələn xətt üzrə inkişaf etməkdədir. Sadəcə, bəzən hər hansı bəhanə həmin gərgin münasibətlərin məcrasından çıxmasına, hətta hərbi qarşıdurmlara qədər böyüməsinə yol açır. Rusiya Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq həmin ölkələrdəki separat hərəkatları müdafiə etdiyini nəinki gizlətmir, həm də bunu öz boynunun borcu sayır.

Bu ölkələr Qərbə tam inteqrasiya olunmuş Baltikyanı respublikalardan sonra üç keçmiş sovet respublikasıdır ki,demokratik seçki,iqtisadi sərbəstlik, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm gəlişmələrə imza atıblar. Yəni, necə deyərlər, artıq Avropanın qapısı ağzındadırlar. Ötən əsrin sonlarından itirə-itirə gələn Rusiyanın başda patriarx Putin olmaqla imperiya ambisiyalarını cilovlamağı bacarmayan, heç bunu istəməyən siyasi elitasını da cırnadan məhz bu məqamdır. Onlar 30 il əvvəl Qərblə Şərqin Berlin divarı vasitəsilə ayrılan siyasi sərhədlərinin dünən Ukraynadan keçməsinə, bu gün Gürcüstana qədər uzanmasına dözə bilmirlər. Başa düşüləndir. Tarix boyu mövcud olan imperiya elitalarının hamısında yaşanan haldır. Ona görə də bütün imperiyaların çöküşü, adətən, tədrici proses olmaqla yanaşı, həm də saysız-hesabsız ağrı-acılarla müşayiət olunur.

Gürcüstan böhranının bu dəfəki pik nöqtəsi Rustavi-2 telakanalının aparıcısı Georgi Qabunuyanın və bir neçə gün sonra onun səsinə səs verən Kiyevli həmkarının ağlı başında olan istənilən adamda ikrah doğuracaq latayır söyüşləri və bunun ardınca Dövlət Duması və Rusiya televiyazlarının qopardığı tozanaq oldu. Rusiyada televiziyalar kimi Dumanın da prezidentin tam nəzarətində olması və belə məqamlarda həmin qurumların Kremlin diqtəsi ilə hərəkət eləməsi heç kimə sirr deyil. Həmin Dövlət Dumasında təmsil olunan partiyaların adları və bəzən də ideologoyaları müxtəlif olsa da hamısı Putinin siyasətini can-başla müdafiə eləyən "derjavnik”lərdir – öz təbirləriylə desək. Yəni, ideologiya ikinci məsələdir, əsas "derjava”dır.İstər Dumadakı, istərsə də televiziyalardakı çıxışların əsas leytmotivi isə Gürcüstanı diz çökdürməyin labüdlüyünü, böhranın hələ söyüşdən əvvəlki mərhələsində tərbiq edilən sanksiyaların daha da sərtləşdirilməsini əsaslandırmaqdan ibarət idi.

Həddini aşan isterik ittihamlara rəğmən məsələyə münasibət bildirən Putinin təmiz fərqli ritorikası tərəfdarlarınınməhvərindən çıxan ehtiraslarının üstünə su səpsə də, onunölkə daxilindəki, daha çoxsa xaricindəki əleyhdarları üçün əsl sürpriz oldu. İndi həm tərəfdarlar, həm də əleyhdarlar belə bir konstruktiv mövqeyinhardan qaynaqlanması üstündə baş sındırmaqla məşğuldurlar.

Rusiya prezidentinin jurnalistlərin həddini aşan təhqiramiz çıxışlarına o qədər də ağrılı yanaşmamasını bəlkə də başa düşmək olar. Çinki ö özü də yeri gələndə bu cür vulqar leksikadan istifadə etməyi özünə rəva görməkdən vaz keçmir. Elə bu yazını yaza-yaza onlardan ikisi – təzəcə baş nazir təyin olunan vaxt onun terrorçu adlandırdığı çeçen döyüşçülərini hətta tualetdə öz təbii ehtiyaclarını ödədiyi yerdə də olsa tutub məhv edəcəyi, Saakaşvilini xayasından asacağı ilə bağlı birbaşa televiziya ekranından söylədiyi sözlər, necə deyərlər, bədahətən yadıma düşdü.

Öz aqressiyalarını nümayiş etdirməyə və yaxud həyata keçirməyə tutarlı səbəblər tapmayan hökmdarların dadına həmişə bəhanələr çatıb. Görəsən, belə bir bəhanəortadaykən ondan yararlanmaq fürsəti niyə əldən verildi? Təsadüfmü? Ağlabatan deyil. Köhnə siyasətdən əl çəkmək istəyimi? İnandırıcı görünmür. Yaxın qonşulara "ikinci sort dövlət və millət” kimi yanaşmaqla məqsədə çatmağın mümkün olmayacağına əminlikmi? Fantastik görünsə də indiki halda bundan daha münasib arqument tapmaq xeyli çətindir.

Məsələ burasındadır ki, Gürcüstandakı hazırkı iqtidar hakimiyyətə gələrkən onun Rusiyameyilli bir siyasi qüvvə olduğuna, Saakaşvilinin radikal və uğurlu islahatları nəticəsində Avropa dəyərlərinin sürətlə oturuşmağa başladığı ölkənin yenidən Rusiyanın ağuşuna qayıdacağına şübhə etməyən bir kimsə tapmaq çətin idi. Ancaq bu gözləntilər özünü doğrultmadı, Saakaşvilinin götürdüyü kurs davam etdirildi, Gücüstan son 6 ildə, yəni Bidzina İvanaşvilinin "xaç atalığı” dövründə Qərbə "bir köynək” də yaxınlaşdı. Hətta bəzən Saakaşvili adamın gözünə gürcü əsilli fransız olan indiki prezident Salome Zurabaşvilidən daha çox ruspərəst siyasətçi təsiri bağışlayır.Onun İvanaşviliylə barışmaz düşmənçiliyi isə siyasi-ideoloji baxışlarındakı fərqlərdən yox, şəxsi motivlərdən qaynaqlanır.

Sovet imperiyasından ən çox itkilərlə qopan respublikaların biri də Gürcüstandır. Qərbin birmənalı dəstəyinə baxmayaraq onun artıq 30 ildir ki, müstəqil olmuş (oxu: Rusiyanın tərkibinə girmiş) iki muxtar respublikasını geri qaytarmaq imkanları, demək olar ki, yoxdur. Yaxın perspektivdə də bu qayıdışın izi-tozu görünmür. Rus siyasətinin mətbəxində bişmiş Şevarnadze belə demokrat Yeltsinin dövründə buna nail ola bilmədi. Saakaşvili əldən çıxmış üçüncü muxtar qurumu geri qaytarsa da həmin iki vilayəti qaytarmağa, onsuz da, gücü çatmayacağını bildiyindən bütün qüvvəsini ölkənin demokratikləşdirilməsinə yönəltdi və bunu qarşısıalınmaz bir prosesə çevirməyi bacardı. Bu gün gürcülərin antirus ovqatı təkcə Şimali Osetiya və Abxaziyanı yox, həm dədemokratiya sahəsində qazandıqlarını birdəfəlik itirmək qorxusuyla bağlıdır.

Görünür, Putin də bu ovqatı yaxşı bildiyindən, Gürcüstandan güc yoluyla qopartmağa daha bir şey qalmadığının fərqində olduğundan öz ritorikasını dəyişməyə məcbur oldu.Onun həmin çıxışı iki tezisin üstündə qurulmuşdu. Sanksiyalar lazım deyil və bundan əvvəl təyyarə reyslərinin ləğv edilməsiylə bağlı verilən qərarları da ləğv eləmək məqsədəuyğundur. Abxaziya və Şimali Osetiya vaxtilə müstəqil knyazlıqlar olub və Rusiyanın tərkibinə də müstəqil dövlətlər kimi daxil olub. Həmin respublikalar Stalin-Beriya cütlüyünün patronajlığı sayəsində sonradan Gürcüstanın tərkibinə verilib. Yəni biz işğalçı deyilik, ortada işğal faktı və işğalçı varsa, bu da elə Gürcüstanın özüdür.

Bu ikinci tezisdə deyilən fikirlərin tarixi həqiqətə nə dərəcədə uyğun olub-olmamasını bir tərəfə qoyaq. İstər-istəməz sual yaranır. Axı, böyük bir dövlətin başçısını, dünya siyasətini yönəldən, yaxud, ən azı buna iddialı olan bir dövlət rəhbərini tarixçi və ya politoloq kimi danışmağa sövq edən nədir? Bir anlığa təsəvvür edin ki, dünyanın xəritəsini xalqların tarixi haqqlarına uyğun şəkildə tərtib eləmək lazım gəldi.Bu haqqları kimlər və hansı meyarlar vasitəsilə müəyyənləşdirəcək? Tarixi kontekst əsas götürülsə Rusiyanın öz taleyi necə olacaq? Dünyada necə bir xaos yaranacaq? Yəqin ki, Babil qülləsinin inşası vaxtıbəşər övladının üzləşdiyi mərəkə və hərcmərclik haqqındakı Bibliya nağılı bunun yanında toya getməli olardı. Həmin sözlər deyiləndən bir gün sonra çox uzardan yox, elə Rusiyanın qulağının dibindən – Ukraynadan gələn cavab da buna əsl sübutdur: "Qoy, bundan sonra Ukrayna öz adıyla Rusiya, Rusiya da öz adıyla Moskoviya adlansın”.

Bu gün Putindən tutmuş digər yüksək çinli məmurlara, Dumanın deputatlarından başlamış telekanallara qədərhamının hansı havanı çalmasından və nə deməsindən asılı olmayaraq, Rusiya heç vaxt indiki kimi ağır durumda olmayıb. Bir-birini əvəz edən sanksiyalar, onsuz da, ağır sosial-iqtisadi durumu daha da çətinləşdirib. Konkret bir sosial uklad yoxdur, normal bir iqtisadi münasibətlər sistemi mövcud deyil. Demoqrafik fəlakəti önləmək üçün hökumətin gördüyü şirnikləndirici tədbirlər nəinki bəhrə vermir, əksinə əhalinin ildən-ilə azalmasıyla müşayiət olunur. Geopolitik mövqelər getdikcə daha sürətlə əldən çıxır, insan hüquq və azadlıqları sahəsində vəziyyət hər ötən gün bir az da pisləşməkdə davam edir. Əslində, təzə heç nə yoxdur, sadalananların hamısı sovetin vaxtından mövcud olan və imperiyanın çökməsinə gətirib çıxardan köhnə problemlərdir. Təzə olan yeganə şey odur ki, indi əvvəlki dönəmlərdə olduğu kimi nə bu imperiyadan qorxan, nə də qorxu ucbatından onun nazıyla oynayan var. İndi dünya da Rusiya ilə onun öz dilində danışmağa başlayıb. Hər ilin başında və ayağında yeni dəhşətli silahların istehsalı ilə bağlı verilən anonslar da əvvəlki illərdə olduğu kimi ciddi təşviş və həyəcan doğurmur, stress atmaq üçün söylənilən söz təsiri bağışlayır. Ona görə də indi az qala dünyanın bütün qalan hissəsi qədər təbii sərvətlərə malik olan bu ucsuz-bucaqsız ölkə bu qədər nəhəng iqtisadi potensialı və hərbi gücüyləgündən-günə qloballaşan və sərhədləri şəffaflaşan bu gen dünyada tək-tənha qalıb, yetim bir övlada çevrilib.Sovetin mirası kimi boynundan asılıb qalmış bir neçə inventar ölkədən başqa dost deyəcəyi yaxın-uzaq bir məmləkət yoxdur.

Putin bu yaxınlarda xarici mətbuata verdiyi bir müsahibəsində I Pyotru özünün kumiri adlandırmışdı. I Pyotr Rusiya üçün həqiqətən böyük işlər görüb, Rusiyanı güclü bir imperiyaya çevirib, Ukrayna tarixinin hesabına Rusiya tarixini yazmağın əsasını qoyub. Odur ki, istənilən rusun onunla fəxr eləməyə haqqı çatır. Amma bu o demək deyil ki, bu gün də ölkəni həmin üsullarla idarə etmək lazımdır və 300 il əvvəlki idarəçilik üsulu indiki şərtlər daxilində də faydalı ola bilər.Vaxtilə məhz I Pyotr Rusiyanı dəniz dövlətinə çevirmişdi. Amma bu mövqelər yavaş-yavaş əldən çıxır, hətta bir neçə il əvvələ kimi rusların fəxrlə öz daxili dənizləri saydığı Qara dənizdə indi NATO at oynadır. Çünki zaman dəyişib, hər şeyi silah gücünə həll eləmək dövrü tarixə qovuşub. Heç kimin heç vaxt istifadə eləməyə cəsarəti çatmayacaq silahlara sahib olmaqla dünyaya ağalıq eləmək erası bitib.

I Pyotrdan söz düşmüşkən, bir vacib məqamı da xatırlatmaq yerinə düşər. Bütün böyük şəxsiyyətlər kimi onun da yarımçıq qalmış planları, həyata keçməmiş arzuları olub. Rusiyanın sərhədlərini Fars körfəzinə qədər uzatmaqdan tutmuşİvan Qroznı dövründən miras qalmış "Moskva– üçüncü Roma” ideyasına kimi hələ ki, yarı mif, yarı həqiqət hesab olunan vəsiyyətnaməsindəki bir çox şeyləri sadalamaq olar. Ancaq bunlar tarixin toz basmış arxivlərində qalan saysız-hesabsız ideyalar kimi bu gün elə mühüm əhəmiyyət kəsb eləmir. Gücləndikcə geopolitik iştahlarını artırmaq bütün imperiyaların xislətidir. Keçmiş olsun.

Hərçənd, onun başqa bir yarımçıq qalmış arzusu da var ki, bu gün də kal armud kimi rus cəmiyyətinin boğazına keçib – nə udub həzm edə, nə də dartıb çıxarda bilirlər. I Pyotr təkcə Rusiyanı öz dövrünün Avropasında mövcud olan dövlətlərə oxşatmağa çalışmırdı, həm də rusları Avropalı eləmək istəyir, üstəlik, bunu zor gücünə, qamçıyla həyata keçirməyə can atırdı. İndi düz üç yüz ildir ki, rus cəmiyyətinin bütün "ağıllı başları” "biz Asiyalıyıq, yoxsa Avropalı” dilemmsını cözməyin əlində naçar qalıblar. Nə vaxtsa cözülə biləcəyi də sual altındadır. Təkcə ona görə yox ki, milli identifikasiyanı saxlamaq şərtilə davranış stereotiplərini dəyişmək, kəsəsi, bir xalqdan başqa bir xalq düzəltmək çox çətin prosesdir, həm də ona görə ki, bu toplum Asiyalı olmaq istəmir, Avropalı olmağısa bacarmır.

Bir xalqı başqa xalqa çevirmək nə qədər çətin prosesdirsə, mövcud olan dövlətlərin təcrübəsinə sığınıb onlara oxşayan dövlət qurmaq bir o qədər asandır. Bundan ötrü xalqı dəyişməyə, onun qitə mənsubiyyətini müəyyənləşdirməyə ehtiyac yoxdur. Yetər ki, idarəçilik üsulunu dəyişəsən, gücün çatdı-çatmadı oyun qaydalarını diqtə eləməyə çalışmayasan, dövləti insanın yox, insanı dövlətin fövqündə görəsən. Daha zəmanə dəyişib, daha qaydaları yalnız silah gücünə diqtə eləmək dövrü bitib. İndi bunun üçün güclü iqtisadiyyat və azad vətəndaşa sahib olmaq heç də silahdan az rol oynamır. Həm də yadda saxlamaq lazımdır ki, oyun qaydalarını müəyyənləşdirə bilməyəndə aşırı gücənməyə ehtiyac yoxdur, çünki təklif olunan qaydalarla oynamağı bacarmaq da siyasətdəndir.

Qoy, sonda bir az da romantikaya qapılaq, optimist olaq və elə hesab edək ki, Putinin sanksiyalarla bağlı Gürcüstana yönəlik sonuncu yumşaq sözləri də elə bu kontekstdədeyilmişdi. Dünya dağılmaz ha!





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK