hacklink Adalet.az | Sənət fədailəri və ya unudulmağa məhkum olanlar Adalet.az | Sənət fədailəri və ya unudulmağa məhkum olanlar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Sənət fədailəri və ya unudulmağa məhkum olanlar

(aktyor Zakir Şahbazovun əziz xatirəsinə)

7657    |   2019-07-01 13:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(doqquzuncu yazı)


Elə səhnə ustaları var ki, onlar haqqında yazmaq bir qədər mürəkkəb olur. Çünki onların yaradıcılıq yolları vaxtında lazımınca araşdırılmayıb və bu səbəbdən də onlar haqqında araşdırma aparmaq da müşgülə cevrilir. Bu tip aktyorlar isə sözün əsl mənasında unudulmağa məhkum olunur. Həyat və yaradıcılıqları sanki qaranlıq bir zirzəmidən öz kölgələrinin işığı qədər boylana bilir. Zaman keçdikcə isə bu işıq şöləsi də sönür və sanki heç yoxmuş kimi unudulur. Ancaq elə səhnə ustaları da var ki, sənət məziyyətləri, səhnədə aktyor ifası bu gün də onu tanıyanların qəlbində nəsillərdən-nəsillərə ötürülür. Sözün əsl mənasında unudulmayacaq bir sənətkar kimi öz həmkar dostlarının və yaxınlarının qəlbində yaşayır. Aktyor Zakir Şahbazov tək.

Zakir Cəni oğlu Şahbazov 1902-ci ildə Göyçayın Şıxlı kəndində anadan olub. Orta məktəbdə oxuyarkən Göyçaydakı dram dərnəyində fəaliyyət göstərib. 1924-1928-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Türk Teatr Məktəbində təhsil alıb. Tələbəlik illərində həmçinin Akademik Milli Dram Teatrın səhnəsində bir sıra tamaşalarda epizodik rollarda çıxışlar edib. Təhsilini başa vurduqdan sonra altı il Akademik Milli Dram Teatrında çalışıb. 1934-cü ilin noyabr ayının 16-dan 1940-1941-ci il mövsümünə kimi isə İrəvan teatrının truppasında fəaliyyət göstərib. Daha sonra Gəncə Dövlət Dram Teatrına gəlib. Ömrünün sonuna kimi də bu teatrda çalışıb. Aktyor Gəncə Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulan əksər pyeslərdə daha çox ikinci dərəcəli rollar ifa edib. O, realist aktyor məktəbinin yetirməsi olub. Əsasən tipik-psixoloji və kiçik xarakterli obrazlar yaradıb. Səhnədə olan maraqlı ifa tərzi sadəliyi və səmimiyyəti ilə hər zamanseçilə bilib.

Gəncə Dövlət Dram Teatrının səhnəsində Cəfər Cabbarlının "Aydın”da Cavad, "Solğun çiçəklər”də Əbdül, "1905-ci ildə”də Ocaqqulu, Bahadur bəy, "Nəsrəddin şah”da Mirzə Ələsgər xan, Mirzə Fətəli Axundzadənin "Lənkəran xanın vəziri”də Xacə Məsud, Nəcəf bəy Vəzirovun "Hacı Qənbər”də Molla Səfi, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu”da Təlxək, Cəlil Məmmədquluzadənin "Ölülər”də Hacı Kərim, Süleyman Sani Axundovun "Eşq və intiqam”da Piri baba, Səməd Vurğunun "Fərhad və Şirin”də Azər baba, Sabit Rəhmanın "Nişanlı qız”da Çeşməkli kişi obrazları aktyorun Azərbaycan klassik dramaturgiyasının maraqla izlənilən səhnə əsərlərində yadda qalan obrazları silsiləsinə daxildir.

Bu gün aktyor Zakir Şahbazovdan söz düşərkən dramaturq Nüşabə Məmmədli onun haqqında öz xatirələrində söyləyir: "Biz Zakir Şahbazovun ailəsi ilə bir evdə-Gəncə şəhərində yerləşən Aktyorlar evində yaşayırdıq. Bu evdə mənim mərhum qaynatam və qaynanam olan respublikanın xalq artistləri Əşrəf Yusifzadə və Rəmziyyə xanım Veysəlova da yaşayırdı. Zakir müəllim burada hər zaman hər kəs tərəfindən böyük hörmət və sevgi ilə xatırlanırdı. Yaxşı xatırlayıram ki, həyat yoldaşı olan Züleyxa xanım Babayeva da onu həyatında daha çox sevirdi. Hətta xatırlayıram ki, Züleyxa xanım 5 sentyabr 1979-cu il tarixində vəfat etməzdən əvvəl vəsiyyət etdi ki, onu dəfn edərkən həyat yoldaşı Zakir Şahbazovun şəkili ilə birlikdə məzara dəfn etsinlər. Belə də oldu. Biz Züleyxa xanımı Zakir Şahbazovun fotoşəkli ilə birlikdə dəfn etdik. Bir faktı da deyim ki, Züleyxa xanım Babayeva mərhumazərbaycanlı milyonçu, mesenat, Hacı Zeynalabdin Tagıyevin ailəsinə bağlı insan idi. Qohumluq əlaqələri vardı.Ancaq bu barədəo zamanlar heç kimə bir kəlmə də demirdi.Züleyxa xanım çox kubar və dünya görüşlü, savadlı qadın idi. Biz aktyorlar evində sanki bir ailə üzvləri idik. Zakir Şahbazov Gəncənin Səbiskar qəbristanlığında dəfn olunub. Məzarını hər zaman ziyarət edirik. Allah hər iki dəyərli insanlara rəhmət etsin.”

Söhbət elə Züleyxa xanım Babayevadan düşmüşkən qeyd etməliyəm ki, o da aktrisa olub və İrəvan teatrında çalışıb. Züleyxa xanım bu teatrın səhnəsində Mirzə Fətəli Axundzadənin "Lənkəran xanın vəziri”də Pəri xanım, "Müsyö Jordan və dərviş Məstəli şah”da Xanpəri, Zülfüqar bəy Hacıbəylinin "Aşıq Qərib”də Ağca qız, Sabit Rəhmanın "Xoşbəxtlər”də Sənubər, Süleyman Rüstəmin "Qaçaq Nəbi”də Fatma xala, Uilyam Şekspirin "Otello”da Biankovə başqa maraqlı səpgidə obrazları ilə çıxışlar edib.

Aktyor Zakir Şahbazov Gəncə Dövlət Dram Teatrının səhnəsində həmçinin çağdaş milli dramaturqların əsərlərində də maraqlı obrazlar qaleriyası yaradıb. Həmçinin onun bu teatrın səhnəsində əcnəbi müəlliflərin pyeslərində yaratdığı obrazları da maraqla baxılıb. Belə ki, İsgəndər Coşqunun "Komsomol poeması”da Şirəli, Ənvər Məmmədxanlının "Şərqin səhəri”də İngilis zabiti, Süleyman Rüstəmin "Qaçaq Nəbi”də Alı kişi, İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən”də Qoça kişi, "Bahar suları”da Bədəl kişi, İslam Səfərlinin "Göz həkimi”də Əmir əmi, Bəxtiyar Vahabzadənin "Vicdan”da Abdulla, Uilyam Şekspirin "Otello”da Zabit, Jan Batist Molyerin "Jorj Danden”də Lyüben, Lope de Veqanın "Kələkbaz sevgili”də Kapitan Bernardo, Nikolay Qoqolun "Evlənmə”də Stepan, Nazim Hikmətin "Kəllə”də Naşir, Riçard Şeridanın "Aldanmış adaxlı”da Fransisko, Rəsul Həmzətovun "Dağlı qızı”da Birinci qoca və başqa obrazları onun çox məharətlə oynadığı surətlərindəndir.

Aktyor Zakir Şahbazovun Gəncə Dövlət Dram Teatrının səhnəsində maraqlı surətlərindən biri də Cəfər Cabbarlının "Solğun çiçəklər” pyesində yaratdığı Əbdül əmi surətidir. Bu pyesin Gəncə Dövlət Dram Teatrında səhnəyə qoyulması 29 noyabr 1949-cu ilə təsadüf edir. Üç pərdəli melodramanın quruluşçu rejissoru, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev, rəssamı isə Süleyman Hacıyev olublar.4 pərdəli, 7 şəkildən ibarət olan bu pyes 1949-cu ilin quruluşu olaraq rejissor, respublikanın əməkdar incəsənət xadimi Hüseyn Sultanovun traktofkasında 1954-cü ildə eyni aktyor heyyəti ilə yenidən bərpa olunub. Aktyor Zakir Şahbazov yoxsul, yazıq, lakin alicənab, həqiqi bir insan olan Əbdül əminin zülümkarlar dünyasına bəslədiyi nifrəti, Saraya(respublikanın xalq artisti Ətayə Əliyeva)göstərdiyi səmimiyyəti və qayğıkeşliyi inandırıcı bir şəkildə və realist boyalarla ifa etməsi ilə hər zaman diqqət mərkəzində olmağı bacarırdı. Onun digər bir surəti olan İslam Səfərlinin "Göz həkimi” pyesində oynadığıƏmir əmi obrazı da maraqla baxılan surətlərindən biri hesab edilir. 5 pərdəli, 10 şəkilli dramın rejissoru, respublikanın əməkdar incəsənət xadimi Hüseyn Sultanov, rəssamı Nüsrət Fətullayev, bəstəkarı Andrey Babayev, rejissor assistenti isə, xalq artisti Məhəmməd Burcəliyev olublar. Tamaşadaaktyorun ifasında klinikanın qapıçısı olan bu balaça və sadə geyimli adamın ürəyi xeyirxah əməllərlə döyünür. O da İvanovun taleyi ilə maraqlanır. İvanovun Bakıya gələn həyat yoldaşı Lyubov Petrovnaya mehribanlıq, səmimiyyət göstərir. Aktyor duzlu, şirin danışığı, mülayim, təbii hərəkətləri ilə təmiz və nəcib qəlbə malik olan sadə bir adamın obrazını məharətlə yarada bilirdi.

Adi bir təsadüf nəticəsində Zakir Şahbazovun yaxın qohumu olan Alov Səfərəliyev ilə sosial şəbəkə vasitəsilə tanış oldum. O, mənə Zakir Şahbazov haqqında maraqlı bir faktı yazdı: "Zakir Şahbazov bizim kənddə, yəni Göyçayın Şıxlı kəndində doğulub. Həmin kəndi mənim Qazağın Şıxlı kəndindən gələn ulu babalarım salıb. Kifayət qədər varlı olduqlarından böyük ərazini pulla ala biliblər. Həmin ərazidə indi beş kənd yerləşir. Zakir Şahbazovun atası erkən vəfat edib və onun anasını ata babam ikinci həyat yoldaşı kimi alıb. Zakir Şahbazova isəöz övladı kimi baxıb. Babamı kommunistlər 1934-cü ildə güllələyib. Atam danışırdı ki, Zakir Şahbazovu axrıncı dəfə təqribən 1942-cü ildə Gəncədə görüb. Atam ailəni dolandırmaq üçün 15-16 yaşlarında Gəncə vağzalında yük daşıyıb. Qazandığı pula həm bacı-qardaşlarını saxlayıb, həm də müsadirə olunan evlərini Sovet hökumətindən geri alıb. Həmin illər atam bəzən Zakir Şahbazovgildə yaşayıb.Zakir Şahbazovun həyat yoldaşı haqqında atam da çox xoş sözlər deyirdi. Sonralar müəyyən səbəblərdən əlaqə itirilib. Atam dünyasını dəyişməmişdən əvvəl mənə iki işi tapşırıb, vəsiyyət etdi. Babamın haqsız güllələndiyini sübut etməyi və bir də Zakir Şahbazovun məzarını tapıb, onu ziyarət etməyi. Qismət olsa yaxın vaxtlarda Gəncəyə gəlib bu vəsiyyəti həyata kecirəcəm.”

Zakir Şahbazov 28 may 1968-ci ildə Gəncədə vəfat edib və buradakı qədim Səbiskar qəbiristanlığında dəfn olunub. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Zakir Şahbazovun vəfatından 51 il ötməsinə baxmayaraq onunla bağlı heç bir dövrü mətbuatda geniş formada yazılar dərc edilmir və ya xatirə verilişləri belə hazırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı binanın önündə Gəncə şəhərində yerləşən Aktyorlar evinin qarşısında belə xatirə-baralyef lövhəsi yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?

Bəlkə də elə biz, özümüzük!

Anar Burcəliyev

Teatrşünas




İmza:
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK