hacklink Adalet.az | “Tarixi şüur yaratmaq çox çətindir” - EKSKLÜZİV MÜSAHİBƏ Adalet.az | “Tarixi şüur yaratmaq çox çətindir” - EKSKLÜZİV MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Tarixi şüur yaratmaq çox çətindir” - EKSKLÜZİV MÜSAHİBƏ

26908    |   2019-05-20 16:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Tarix üzrə fəlsəfə doktoru, "Bütöv Azərbaycan Ocaqları” (BAO) təşkilatının Mərkəzi Şurasının üzvü Dilavər Əzimli ilə son zamanlar tarixi şəxsiyyətlərimizə qarşı baş alıb gedən mənəvi terrordan söhbət açdıq.

-Dilavər müəllim, son zamanlar tarixi şəxsiyyətlərimizə qarşı bəzi "ünsür”lərin təhrifli, təhqirli təbliğatları hardan qaynaqlanır?

-Bir millətin mənəvi gücünü məhv etmək üçün onun müqəddəs hesab edərək söykəndiyi dayaqları sıradan çıxarmaq lazımdır. Həmin dayaqlardan biri də tariximizin səhifələrini bəzəyən dahi şəxsiyyətlərimiz, qəhrəmanlarımızdır.

Tarixi şəxsiyyətlərimizə qarşı mənəvi terror başlanan zamanı qeyd etmişdim ki, bu gün Babək, Şah İsmayıl Xətai hücuma məruz qalırsa, yaxın gələcəkdə Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyə qarşı da eyni hal baş verəcək.

Tarixdən, etnoqrafiyadan bixəbər olan "hərşeyşünas”lar çoxalıb. Ona görə də bu kateqoriyadan olanlar tarixi şəxsiyyətlərimizə dinpərəst, osmanlıpərəst, iranpərəst, indiki dövrün prizmalarından baxır. Amma böyük bir qism planlı şəkildə şəxsiyyətlərimizi aşağılamaqda əsas məqsədləri dövlətçiliyimizə zərbələr vuraraq onu aradan qaldırmaqdır.

-Dilavər müəllim, tarixi şəxsiyyətlərimizə sırf dini prizmadan yanaşmaq nə dərəcədə doğrudur?

-Birinci, növbədə onu qeyd edim ki, bütün tarixi şəxsiyyətlərə gərək kül halında baxasan.

İkinci, tarixə və tarixi şəxsiyyətlərə dini çərçivəyə görə yanaşmaq, qiymətləndirmək obyektivlik deyil!

Üçüncü, tarixə və tarixi şəxsiyyətlərə dövlətçilik prizmasından yanaşılmalıdır. Yəni, hər hansı tarixi şəxsiyyətimiz özünü millət, dövlətçilik uğrunda fəda edibsə o bizim üçün dəyərlidir.

-Ən böyük hədəfə alınan şəxsiyyətlərimizdən olan Babək haqqında bizə gəlib çatmış qaynaqların böyük bir hissəsi qərəzli, təhriflidir. Bir tarixçi kimi ölməz qəhrəmanımız haqqında hansı mənbələrə daha çox müraciət etməliyik?

-Qaynaqları araşdırmadan öncə sağlam məqsəd qoyulmalıdır. Əlbəttəki, Babək haqqında tarixi qaynaqların demək olar ki, hamısı ərəblər tərəfindən qələmə alınıb. Həmin qaynaqların çoxun da Babək olduqca pislənilib. Amma bununla yanaşı onu lənətləyən, təhqirlər yağdıran ərəb tarixçiləri belə onun şücaətinə, qəhrəmanlığına, sərkərdəliyinə heyranlıqlarını gizlədə bilməyiblər.

Daha sonra sovet dövrü də ölməz qəhrəmanımızı bizə öz ideologiyasına uyğun təqdim etdirdi. Birinci onu sinfi mübarizəyə qarşı mübarizə aparan, ikincisi isə İslam dininə qarşı düşmən olan bir şəxsiyyət kimi tanıtdı.

-Dilavər müəllim sizcə Babək yalnız İslama qarşımı savaşırdı?

-Babək İslam dininə qarşı mübarizə aparırdısa o zaman onun ətrafında müsəlman ərəblər, ələvilər, əhlibeyt tərəfdarları, hətta imam Kazımın qardaşı niyə yer alırdı?! Bəzz qalasının özündə əzan verilirdi, namaz qılınırdı.

-Bəs Babəkin həqiqi mübarizəsi kimə qarşı idi?

-Bilirsiniz Rəşidi xəlifələr dövründən sonra hakimiyyəti ələ keçirən Əməvilər sülaləsi, ondan sonra da taxta çıxan abbasilərin apardığı siyasət tamamilə İslamdan və insanlıqdan çox uzaq idi. Artıq beynəlmilərçi dini olan İslam ərəb şovinizminin əlində silaha çevrildi. Onlar ərəb olmayan müsəlmanlara qarşı ayrı seçkilik etməyə başladılar və onları "məvali” (ərəb olmayanalara verilən ad) kimi çağırmağa başladılar. Hətta şovinist xəlifələr başqa millətlər arasında İslam dinin yayılmasını, başqa dində olanların müsəlman olmalarını istəmirdilər. Bunun da ən böyük səbəbi o idi ki, daha çox talançı vergi yığsınlar. Çünki İslamı qəbul edənlər avtomatik vergidən azad olunmalıydı, bu da xilafətin başında duranlara heç cür sərf etmirdi. Ona görə də bütün ərəb olmayan xalqlar var-yoxlarından çıxırdılar. "Hərşeyşünas”lar bağırırlar ki, Babəkə qədər bütün Azərbaycan coğrafiyası, Xorasan və digər ərazilər tamamilə könüllü olaraq müsəlmanlaşmışdılar. Təbii ki, bu yalandı, çünki Azərbaycanda xeyli sayda xristianlar, can vergisi olan "cizyə” ödəyən digər dini inancda olan xalqlar da yaşayırdı. Həmçinin Babəkə qədər iki əsrə yaxın həm Azərbaycanda, həm Xorasanda, həm də digər ərazilərdə çoxsaylı silahlı üsyanlar baş verib.

Ən böyük üsyanın biri 750-ci ildə Əbu Müslümün rəhbərliyi altında Xorasan da baş vermiş üsyan idi ki, nəticədə Əməvilər taxtdan salındı və Abbasilərin hakimiyyəti başladı. Sonralar abbasilər Əbu Müslümün nüfuzunun daha çoxalmasından ehtiyyat edərək onu edam etdirirlər, nəticədə Xorasanda onun tərəfdarları yeni-yeni üsyanlar həyata keçirirlər. Amma buna baxmayaraq hər bir üsyan amansızlıqla yatırılır.

-Əbu Müslümdən söz açdınız. Bəzi mənbələrdə gəlir ki, güya Babəkin Əbu Müslümə qohumluğu çatır, hətta onun qız nəvəsi olduğu da vurğulanır. Bu deyilənlər həqiqətdirmi?

-Bəzi tarixi mənbələrdə bu qohumluq vurğulanır. Düşünürəm ki, şəcərə baxımından az da olsa həqiqət var.

-Dilavər müəllim, "Lider” telekanalında efirə gedən "Status” verlişində aponentiniz olan deputat Fazil Mustafa qeyd etdi ki, Babəkə qədər bu ərazilərdə demək olar türklər olmayıb, elə Babəkin özü də türk olmayıb. Onun dedikləri nə dərəcədə həqiqəti əks etdirir?

-"Azərbaycana kütləvi türk köçü XI əsrdə səlcuqlarla bağlıdır və yalnız bu prosses nəticəsində biz türkləşdik” deyən "savad”lılara VII əsrdə yaşamış və xəlifə I Müaviyənin ən yaxın adamı olan yəmənli Abid Üveyd ibn Şəriyyə ilə dialoqu tarixi qaynaq kitabı olan "Kitab əl-Tican”da gəlir. Orda Müaviyyə soruşur: Türklər və Azərbaycan nə deməkdir? Cavab olaraq Abid Üveyd ibn Şəriyyə deyir: "Ya əmirəl-möminin hər ikisi onların ölkəsidir. Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir”.

Mərhum alimimiz olan Ziya Bünyadov öz monoqrafiyalarında yazır ki, bu mənbəni şübhə altına almaq olardı, amma 1126-cı ildə müəllifi bəlli olmayan, farsca yazılmış "Mücməl ət-Təvvarix” əsərində də Müaviyə ilə İbn Şəriyyənin dialoqu təhrif olunmadan qeyd olunur.

Həmçinin Ziya Bünyadov onu da xüsusi vurğulayır ki, yerli əhali (türklər) ərəblərə qarşı hər zaman müqavimət göstərib. Bu səbəbdən ərəblər bu ərazilərdə özlərinə dayaq yaratmaq üçün çoxlu sayda ərəblər köçürdülər, lakin onların çoxu sonralar gəldikləri kimi geri qayıtdılar, qalanlar isə tamamilə türkləşdilər. Bütün Azərbaycan coğrafiyası kimi Babəkin dünyaya gəldiyi Ərdəbil və ətraf ərazilərdə türklərin məskunlaşdığı ərazi olduğundan qəhrəmanımızda birmənalı olaraq türkdür.

-Babək haqqında Avropa tarixçilərinin, araşdırmaçılarının da hər hansı əsərləri varmı?

-Əlbəttə var. Bu yaxınlarda "Kembric” universitetin ingilis dilində dərc elətdirdiyi bir neçə kitablar əlimə keçdi. Onlar içində avstriyalı Erik Fayqlın "Azərbaycan odlar yurdunun tarixi”, britaniyalı Bernard Lüisin "Tarixdə ərəblər”, Edvin Raytın "Bəzzdən olan Babək və Afşin” və digərləri.

Məsələn, Bernard Lüis əsərində qeyd edir ki, İran hərəkatı içində ən uğurlusu Babək hərəkatı idi”, Edvin Rayta görə isə "Babəkin gerçək hədəfi Azərbaycanın istiqlaliyyəti idi”.

Mərhum Ənvər Məmmədxanlının Babək haqqında yazdığı romanında bizim ciddiyə almadığımız Babəkin sərkərdələrindən olan Nəsir obrazı var. Çoxlarının yalnızca ədəbi obraz hesab etdiyimiz Nəsir sonralar Bizansa keçərək orda imperatorun bacısı ilə evlənərək həmin xanədanığa iddia etməsi də tarixi faktdır, hansı Kembric universitetinin dərc etdirdiyi digər kitablarda qeyd edilir.

-Dilavər müəllim, bəzi tarixçilər Babəki yalnız üsyankar kimi yox, həm də hökmdar kimi qələmə verirlər. Bu nə dərəcədə doğrudur?

-Babək 830-cu ildə Həmədan döyüşündən sonra Bütün tarixi Azərbaycan torpaqlarını azad elədi, Gilan ərazilərini də öz təsiri altına aldı. Babək valilər təyin edirdi. Onun apardığı mübarizəni həm Azərbaycanda, həm də digər ərazilərdən on minlərlə dəstək verənlər var idi. Ona görə də bir çox rus, avropa tarixçiləri qeyd edirlər ki, əgər pul tapılsa idi, həmin dövrdə baş verək prossesləri hərəkət yox, dövlətdə adlandırardıq.

Bir tarixi fakt deyim ki, Osmanlı dövləti 1299-cu ildə yaransa da, yalnız 31 il sonra Orxan qazinin zamanında pul kəsilməyə başladı. Əgər Babəkdə qalib olsa idi, sözsüz öz adından pul da kəsdirəcəkdi.

-Bizans imperatorluğu Babəki müstəqil hökmdar kimi tanıyıb, Gilan rəhbərləri də onun hökmranlığını tanıyaraq sığınıblar. Bəlkə tarixçilərimiz bizans mənbələrini yetərincə araşdırmayıb. Pul kisələrinin sirli məkanlarda gizləndiyi ehtimalı yoxdurmu?

-Etiraf edim ki, pul bəlkədə hansısa məkanların torpaq qatlarında qalmaqdadır. Biz araşdırmalarımızı davam etdiririk. Babəki yalnız Bizans dövləti və gilanlılar deyil, Xəzər Xaqanlığıyla da əvəllər yaxın münasibətləri var idi. Sadəcə Xəzər xanədanlığı artıq yəhudiləşmişdi ki, bu da dövlətin döyüşkən, fəthlər edən xəzərləri daha çox ticarətlə məşğul olmasına gətirib çıxardı, daha doğrusu öz qüdrətlərini ticarətə qurban verdilər. Eyni zamanda xəzərlərlə Xilafət arasındakı ticarət sazişlərinə görə Babəklə münasibətlər pozuldu.

-Fəridə Məmmədova Albaniya ilə bağlı araşdırma əsərlərində albanların və həmin dövr Azərbaycan ərazisində yaşayan digər xalqları qafqazdilli, irandilli kimi təqdim edərək bu ərazilərdə türklərin olmadığını vurğulayır. Onun dedikləri həqiqətdirmi?

-Adını qeyd etdiyiniz şəxs "Hind-avropa” nəzəriyyəsinin təsirindən çıxa bilməyən "alim”lərimizdəndir! Onu sadəcə olaraq məşhurlaşdırdılar. Bilirsiniz biz tələbə olanda F.Məmmədovanın kitablarını Axundov adına mərkəzi kitabxanada "redki zal” deyilən otağa qoyurdular ki, kitabın sayı məhduddur, onu oxumağa götürəndə imza qoymalıydın və s. bu kimi hallarla o şəxsi göyə qaldırdılar. Müstəqillik dönəmində də reklam elədilər ki, ay ermənilərə belə cavab verdi, onları mat qoydu. Əslində isə o da aponentim olan "deputat” kimi "XI əsrə qədər bu ərazilərdə türklər olmuyub” - deyə, aləmə car çəkənlərdəndir. Elə bu mövqeyi ilə o və onun kimi üzdəniraq "tarixçi”lər ermənilərin əlinə bayraq vermiş oldular. Həmçinin düşünürəm ki, onun əsərlərində sifariş də var.

-Dilavər müəllim, aponentiniz olan "deputat” qeyd edir ki, biz M.Ə.Rəsulzadənin baxış bucağı ilə tariximizə baxmalıyıq. Cumhuriyyət banisinin baxış bucağında isə Babəkə yer yoxdur. Sizcə M.Ə.Rəsulzadə öz əsərlərində Babəki aşağılayıbmı?

-Böyük mütəfəkkir Hötenin gözəl deyimi var: "Tarix zamanından asılı olaraq yenidən yazılmalıdır”.

Bu aforizm o demək deyil ki, köhnə tarixi silməli, təhrif etməliyik. Ona görə yazılmalıdır ki, yeni-yeni nəzəriyyələr meydana çıxır, tarix yenilənir.

Böyük Rəsulzadənin vaxtında müstəqil Azərbaycanın tarix elmi, şüuru yoxdur, "Hind-avropa” nəzəriyyəsinin ən pik nöqtəsidir, həmin dövrdə Babəki ancaq İslama qarşı olan, onu söyən, aşağılayan kitablar yazılır, təbliğatlar aparılırdı. Bütün bunları görən Rəsulzadə Babəki tərifləyəsi deyildi ki?!...

Biz bədbəxt olduq, bizim torpaqlarımız iki yerə yox, beş yerə bölünüb, parçalanıb. Bizim böyük faciəmiz odur ki, öz tarixi torpaqlarımızla həmsərhədik, bundan da böyük faciəmiz tariximizin saxtalaşdırılmasıdır!

"Hind-avropa” nəzəriyyəsi beynimizə elə yeridilib ki, ondan qurtula bilmirik. Biz o nəzəriyyəyə qədər olan böyük bir sivilizasiyanı nə qəbul edə bilir, nə də qəbul etdirə bilirik. Baxın, Türkiyə alimlərinə sübut edə bilmirik ki, Şərqi Anadolunun 7 min illik türk tarixi olub. Qayıdıb deyirlər ki, "əşşi özünüzdən amerika çıxartmayın XI əsrdə bu torpaqlara köç etmişik”.

Firuddin Cəlilov deyir ki, etruskların 60% türkdü ona gülürlər, halbuki ömrünün 60 ilini Etrusk mədəniyyətinin və tarixinin öyrənilməsinə həsr etmiş italyan alimi Mario Alineli deyir, hamısı türkdür. Mən deyirəm roma padşahlarının beşi türk olub məni ələ salırlar, hansı ki, Mario Alineli deyir 7-8 türk olub.

Tarixi şüur yaratmaq çox çətindir. Bu tək tarix institutu və tarixçilərin işi deyil. Müasir dövrdə tarixçilərlə yanaşı, dilçilər, coğrafiaşünaslar, siyasətçilər, əsas da mətbuat bu şüurun yaradılmasında yumruq kimi bir olmalıdır.

İngiltərə, Fransa kimi dövlətlərin tarixşünaslıq elminin 200 ildən çox yaşı var. Onların tarixşünaslıq elmləri özləri üçün vahid sistemli tarixi şüur yaradıblar və onu qoruyurlar.

-Güntay Gəncalp öz əsərlərində başda Şah İsmayıl olmaqla bütün səfəvilərin türk olmadığını, eləcə də təhqirlərlə dolu digər məqamlar var. Sizcə onun yazdıqları tarixi qaynaqlaramı əsaslanır, yoxsa şəxsi "təxəyül”üdürmü?

-Əvvəla onu deyim ki, İranda taxtı Rza Şah Pəhləvi ələ keçirəndən sonra İran tarixini farslaşdırmaq üçün onunla həmrəy olan "tarixçi”ləri bir yerə yığaraq təşkilat yaratdı. Həmin təşkilat üzvləri içərisində ən nüfuzlusu, qatı fars şovinisti olan tarixçi Əhməd Kəsrəvi idi. Amma buna baxmayaraq, Kəsrəvi belə, Şah İsmayılın və səfəvilərin türk olduğunu etiraf edirdi. Eləcə də türk tarixçilərinin çoxu Xətaini birmənalı olaraq türk hesab edir.

İkinci, mərhum tarixçi alimimiz olan Oqtay Əfəndiyev deyərdi ki, bir adam orta əsrlərlə bağlı ən azı 20 il tədqiqat aparmadan tarixi kitab yazırsa o ciddi kitab sayıla bilməz. Oqtay müəllim 86 illik ömründə iki-üç güclü monoqrafiya yazıb, iki kitabı bütün dünya tarixçiləri tərəfindən qəbul edilir.

Üçüncü, orta əsrlərlə bağlı qaynaqlar tapmaq olduqca çətindir. Mən Nadir Şahla bağlı neçə illərdir araşdırmalar aparıram. Türkiyədən, Avropadan belə bütün tarixçilərə yazmışam ki, Nadirlə bağlı mənə qaynaqlar, ciddi araşdırma yazılar göndərin, kömək edin, amma nəticə yoxdur.

Güntay və onun kimilər gecəni yatıb, səhərə durub kitab yazır, adını da qoyur əsl tarixi həqiqət budur. Ortada da heç bir tarixi qaynaq yox. Onun yazılarında təhqir, təhriflə yanaşı sifarişində olduğunu düşünürəm.

-Sizə elə gəlmirmi ki, Babək, Ş.İ.Xətai, M.Ə.Rəsulzadə, M.C.Bağırov, Ə.Elçibəy, H.Əliyev kimi tarixi şəxsiyyətlər sırf böyük xidmətləri olduqları üçün hədəfə alınaraq, onları gözdən salmaq istəyirlər?

-Bilirsiniz, sağ-solumuzdakı qonşu dövlətlər daim bizə qarşı paxıllıq ediblər, çünki bizim Saci, Sallari, Atabəylər, Səfəvi kimi Azərbaycan coğrafiyasını birləşdirən dövlətlərimiz olub. Şah İsmayıl Xətai kimi möhürünü vuran böyük şəxsiyyətimiz olub. Bütöv Azərbaycan coğrafiyamızı təsəvür ediriksə, indiki dilimizdə danışırıqsa və s. kimi dəyərlərimizi böyük Xətaiyə borcluyuq.

Nadir Şah kimi qüdrətli hökmdarımız olub, hansı ki, səfəviləri çöküşdən ucalara qaldırdı, əfqanları ölkədən qovdu, rus qoşunlarını Azərbaycandan çıxartdı, Hindistanı fəth etdi.

M.Ə.Rəsulzadə, Ə.Elçibəy, H.Əliyev kimi həm milli, həm də dünya tarixində iz qoymuş şəxsiyyətlərimiz var.

Baxın, ermənilərin tarixi başdan-ayağa yalanla zəngin, gürcülərin qüdrətli dövlətləri, imperiyaları, Stalindən başqa nəhəng şəxsiyyətləri yoxdu, rusların soy köklərinin hamısı türkə, monqola çıxır, farslar neçə əsr bizim boşqablarımızın dibini yalayaraq yaşayıblar.

Ona görə də sapı özümüzdən olan baltalarvasitəsilə qüdrətli tarixi şəxsiyyətlərimizi kafir, satqın, əclaf, cəllad kimi xalqa təqdim etmək istəyirlər. Bununla da xalqının qürur, iftixar hislərini məhv etmək istəyirlər.

-Sizə elə gəlmirmi ki, H.Əliyevə məddahlıq edən ikiayaqlılar onu böyük siyasi xadim kimi yox, lokal səviyyəli şəxsiyyət kimi təqdim edirlər, bununla da mərhum prezidenti xalqın gözündən salmaq istəyirlər?

-Heydər Əliyev SSRİ-də yetişmiş, onun bütün incəliklərini dərindən bilən, amma öz xalqına bağlı olan azman şəxsiyyətdir. O, balaca yerə sığmayan şəxsiyyət olub.

Yuri Andropovun diplomat oğlu olan İqor Andropov xatirələrində yazır: "Atamdan soruşdum ki, özündən sonra kimi SSRİ rəhbəri görürsən?

Üç nəfərin adını çəkdi: Andrey Kirilenki, Qriqori Romanov, Heydər Əliyev”

Bir nüansı da vurğulayım ki, 1991-ci ilin avqustunda QKÇP hadisələri zamanı o vaxtkı vitse-prezident Genadi Yanayevin yerində Heydər Əliyev olsa idi, SSRİ öz mövcudluğunu qoruyacaqdı.

Çox təəssüflər olsun ki, bu gün bir çox məddahlar onun adından istifadə edərək özləri üçün karyera qurur, var-dövlət yığır. Eyni zamanda bütün nə pis hallar varsa onun adına yazırlar. Tarix özü Babəkə, Şah İsmayıla, Rəsulzadəyə, Nərimanova, Bağırova Elçibəyə, Heydər Əliyevə layiq olduqları qiyməti verəcək.

-Dilavər müəllim, bildiyimiz kimi tariximizdə çox dövlətlərimiz olub. Onlardan da biri müsbət-mənfisi ilə 71 il mövcud olmuş II Respublikamız olan Azərbaycan Sovet Sosialist Respublikasıdır. Bu gün bəzi alçaq ünsürlərin bu dövlətimizi aşağılamaq, təhrif, təhqir etmək, insanların yaddaşından və tarixdən silməyə cəhd və s. bu kimi əməlləri doğrudurmu?

-Hər şeydən qabaq o cür düşüncədə olanlar cahildirlər. Kimlərsə Azərbaycan SSR və Sovet İttifaqını sevməyə bilər, şəxsən mən özüm də sovet quruluşunun dağılması üçün meydan hərəkatlarında iştirak etmişəm, amma bu bizim tariximizdi onu dana bilmərik.

Bir etirafı da edim ki, Azərbaycan SSR-sı dövründə mədəniyyətə, əxlaqa, elmə, təhsilə daha çox yer verilirdi nəinki indi. Məhz həmin dövrdə kütləvi savadsızlıq aradan qalxdı, təhsil, səhiyyə, sosial-iqtisadi inkişaf ən yüksək səviyəyə çatdı. İnsanların sosial rifahı yüksək idi. Bir rəsmi statistikanı da diqqətinizə çatdırım : "Həmin dövrlər də ABŞ-da orta hesabla insanlar il ərzində iki kitab oxuyurdusa, Azərbaycan kəndlisi 25 kitab oxuyurdu”.

71 illik tariximizin bir hissəsi olan Azərbaycan SSR danmaq, təhrif etmək, silməyə cəhd yalnız təhqir yox, eyni zamanda tariximizə qarşı cinayətdir!

-20 il Respublikaya rəhbərlik etmiş Mir Cəfər Bağırovun şəxsiyyəti haqqında nə deyə bilərsiniz?

-Bu gün bir-iki təhrif olunmuş kitabları oxuyan hər yerindən qalxmışlar Bağırova qarşı cahilcəsinə təhqirli fikirlər bildirirlər. Bağırova qiymət verməmişdən öncə dövrün şəraiti nəzərə alınmalıdır.

İkinci, o cür totalitar rejimdə Bağırov xalqımızı daha çox qırğınlardan, deportasiyalardan qorudu, ermənilərin Qarabağ və Naxçıvan torpaqlarımızdan ərazi iddialarına qarşı tək başına mübarizə apardı, Cənubi Azərbaycanda soydaşlarımıza bir ildə olsa azadlıq daddırdı, dilimizi qaytardı, Cənubla-Şimali Azərbaycanı birləşdirməyə çox yaxın oldu, eləcə də vurğulamadığım minlərlə xidmətləri olub xalqımız üçün.

-Bağırovu Azərbaycanın XX əsrdə yetişmiş 5 siyasi xadimindən biri hesab etmək olarmı.

-Yuxarıda sadaladığım faktlara əsasən Bağırov zatən öz adını məşhur siyasi xadimlərimiz sırasına yazdırıb. Bir mənalı şəkildə deyirəm: Bağırov XX əsrdə yetişmiş və Azərbaycan dövlətçiliyin qorunması uğrunda mücadilə aparmış öncül tarixi şəxsiyyətlərimizdən biridir.

-Dilavər müəllim, sonda xalqımıza nə demək istərdiniz?

-Xalqımıza birinci növbədə onu demək istəyirəm ki, vaxtilə biz böyük tarixi coğrafiyaya sahib olmuşuq, sonradan beş yerə parçalanmışıq və yalnız tarixi ərazilərimizin 1/5 hissəsində XX əsrdə çox çətinliklə respublika quruluşlu dövlətlər qurmuşuq. Bu böyük nemətdir, ona görə də dövlətimizi sevib qorumalıyıq.

İkinci, tariximizə, dövlətimizə qarşı təhqirlər, təhriflər yağdıranlara qarşı daim aktiv mübarizə getməli, onlara sosial şəbəkələrdə cavablar verməyə hazır olmalıyıq.

Üçüncü, xalqımız özünü bütövlülük şüurunda tərbiyə və inkişaf etdirməlidir. Bütövlülük isə coğrafi və tarixi şüurdan keçir.

Abdulla İsmayıloğlu




İmza:

Əli Hüseynli: - "Hüquqşünasların parlamentdə təmsil olunması zərurətdir" - MÜSAHİBƏ

Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı

Aydın Bağırovun ingilis jurnalistə dediyi sözlər

Xaricdə olanda bu cür adamı məyus edən hallarla qarşılaşırıq - MÜSAHİBƏ

Aqil ABBAS: "Mən bu Komitənin işi ilə maraqlanmamışam"

Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...”

Qarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”

“Mən qələt edərəm Ermənistana və Qarabağa gedərəm...” - Aqil Abbas

Mehriban Əliyeva: Moskva ilə Bakının münasibətləri nümunəvi xarakter daşıyır

Fuad Muradov: “Soydaşlarımız arasında intriqalara son qoyulur” - MÜSAHİBƏ

Ağsaqqal və ağbirçək məsləhəti hər zaman önəmlidir - MÜSAHİBƏ

Ermənilər Alban məbədini necə taladılar - VİDEO

SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK