ANA SƏHİFƏ / YAZARLAR

BƏLİ, BU AXMAQ SÖZLƏRİ MƏNİM ATAM SÖYLƏMƏYİB

17329    |   2009-10-17 05:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azadlıq" qəzetinin mənim əlimdən yanıqlı olan bir müxbiri...
   
   ... birini qoyub o birisinə gedək. "Azadlıq" iqtidarı, möhtərəm prezidenti, yüksək vəzifəli dövlət məmurlarını ən çox tənqid edən, ən radikal yazılarla çıxış edən bir qəzetdir. Buna görə onları qınamaq olmaz, bir müxalif qəzetdir. Bütün dünyada da müxalifət həmişə iqtidarı topa tutub. Və maraqlı burasıdır ki, belə yazıların altında müxbirlər həmişə öz imzalarını qoyublar. Heç nədən çəkinmədən, heç nədən qorxmadan.
   
   Hər şənbə "Azadlıq"da "Telesəhifə" rubrikası altında televiziya kanalları ilə bağlı ciddi tənqidi yazılar gedir. Bəzi qərəzli yazıları bir kənara qoysaq, bu normaldı və normal da qarşılanır. Amma nədənsə prezidenti tənqid edən yazılara imza qoymağa cəsarətləri çatsa da, televiziya kanalları haqqında yazdıqları yazıya imza qoymağa cəsarətləri çatmır. Qoyulan imzaların hamısı saxta imzalardı. Yəni doğrudanmı "Azadlıq"ın müxbirləri televiziya kanallarının rəhbərlərindən belə qorxurlar? "Azadlıq" cığallıq edəcək ki, yox, hamısının altında imza var. Amma əmioğlu, o imzaların saxta olduğunu etiraf eləyin də. O yazıların da kimin və ya kimlərin yazdığından da az-çox xəbərimiz var. Qələm dostlarımızdı, içərisində hətta tanınmış, hörmətli jurnalistlər də var. Nə isə...
   
   ... "Azadlıq" qəzetinin mənim əlimdən yanıqlı olan (ifadə "Azadlıq"ın müxbirinindir) bir müxbiri ötən şənbə mənim bu günlərdə ANS-dəki bir tok-şouda çıxışımla bağlı hirsli bir yazı yazıb.
   
   Söhbət nədən gedir? Birinci dəfə deyil, mən bir neçə dəfə həm televiziya kanallarında, həm də mətbuatda axmaq ataların axmaq sözlərinə və bir də bəzi Azərbaycan nağıllarına etirazımı bildirmişəm. Və fikrimdə də qalıram. Və müəllif həm də mənim fikirlərimi kontekstdən çıxarıb. Və fikirlərimin kontekstdən çıxarılmasında Kamran Həsənlinin də xüsusi xidmətlərini qeyd etmək yerinə düşərdi.
   
   Müəllif yazır: "Qarın qardaşdan irəlidir- bunu atalarımız deyiblər. Yalandımı, Aqil bəy? Siz belə deyilmisiniz, biz belə deyilikmi, bu prinsiplə yaşamırıqmı?"
   
   Əvvəla, bu hansısa axmaq atanın dediyi axmaq sözdü. Qarın qardaşdan heç vaxt irəli olmaz. Qarın heç dostdan da irəli ola bilməz. Qarın Vətəndən, millətdən də irəli ola bilməz. Və belə axmaq sözlərlə qarını qardaşdan irəli keçiriblər.
   
   İkincisi, əvvəla mən elə deyiləm. Bunu məni tanıyanların hamısı bilir. Hətta "Azadlıq" qəzetinin işçilərindən soruşsanız onlar da mənim belə olmadığımı deyə bilərlər. Buna misallar çəksəm, özümü tərifləmiş olaram, buna da ehtiyac yoxdu. Mən son tikəmi insanlarla bölmüşəm və həmişə də böləcəm. Siz eləsiz, qarnınız qardaşınızdan irəlidi, bu sizin şəxsi işinizdi. Kimin qarnı qardaşdan irəlidirsə, bu onun şəxsi keyfiyyətidi və belələri ağıllı ataların qardaşla bağlı ağıllı sözlərini qoyub, axmaq ataların axmaq sözlərini özlərinin həyat amalına çevirirlərsə, bu mənim günahım deyil, bu axmaq ataların və onun sözünə qulaq asanların günahıdı.
   
   Siz bu prinsiplə yaşayırsınız, amma mən bu prinsiplə yaşamıram.
   
   Müəllif daha sonra yazır: "Ayağımızı yorğanımıza görə uzatmırıq, o üzdən əziyyət çəkirik, arxı tullanmamış "hop" edirik, odur ki, ayağımız çamura batır".
   
   Yenə axmaq ataların axmaq bir sözü: "Ayağını yorğanına görə uzat". "Yetim qız kimi qıvrılıb yatmaqdansa", "ayağımızı yorğana görə uzatmaqdansa" ayağa qalxmaq lazımdı, bu yorğanı cırıb atmaq lazımdı. Yorğanın altında qıvrılıb yatmaq lazım deyil. Başımıza gələn bəlaların çoxu elə bu axmaq atalar sözündən gəlmirmi? Ayağımızı yorğanımıza görə uzatdığımız üçün yorğanımızı kəsə-kəsə gətirib 66 min kvadratkilometrə çatdırıblar. Əgər ayağı yorğana görə uzatmaq yaxşı şeydisə, niyə "Azadlıq" ayağını yorğanına görə uzatmır?! "Azadlıq" ayağını yorğanına görə uzatsa, "Azadlıq" olmaz ki!
   
   Müəllif yazır ki, "Haqlısız, bunları sizin atanız söyləməyib, bizim babalarımız deyiblər. Heç Kamran bəyin də ata-babalarından qalmayıb bu kəlamlar. Odur ki, atalarımızı bəyənmirlər".
   
   Bəli, mənim atam bunları söyləməyib. Heç Kamran Həsənlinin ata-babası da söyləməyib. Öz ata-babalarınıza da böhtan atmayın. Sizin ata-babalarınız da belə axmaq söz söyləməyib. Mən ağıllı söz deyən ataları yox, belə axmaq sözləri deyən ataları bəyənmirəm.
   
   Məni atalara sayğısızlıq göstərməkdə, təhqir etməkdə ittiham edirsiz. Mənim hansısa bir məqaləmdə, hansısa bir publisist yazımda, hansısa bir bədii əsərimdə ata və babalarımızı təhqir edə biləcək bir kəlmə söz tapsanız qələmimi qoyaram yerə. Əgər millətin ağrılı bir yerini demək bu milləti təhqir etmək deməkdisə, onda Sabirin, Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun kitablarını yandıraq də.
   
   Müəllif yazır: "Sadəcə deyəsən, sağ qulağımı sol əllə qaşıdım. Hər zaman özlərini millətçi kimi göstərməyə səy göstərən Aqil Abbasla Kamran Həsənlinin əlindən yanıqlıyam, ona görə dolayı gələsi oldum".
   
   Kamran Həsənli bir şoumen olsa da, onu qeyri-millətçilikdə ittiham etmək insafsızlıq olardı. Sözgəlişi, həmin Kamran Həsənlini rəhmətlik Əbülfəz Elçibəy özünün müşaviri təyin eləmişdi. Qaldı mənə, mən özümü millətçi kimi heç vaxt təqdim etməmişəm. Nəyəmsə oyam. Və Azərbaycanda da, Azərbaycandan kənarda da məni millətçi kimi tanıyırlar. Görünür, beləyəm, ona görə.
   
   İndi gələk axmaq ataların axmaq sözlərinə. Biz ağıllı ataların ağıllı sözlərini yox, axmaq ataların axmaq sözlərinə daha çox önəm vermişik. Görünür onda da axmaq ata axmaq bir söz deyəndə buna etiraz edən insanları o sözləri qəbul eləyənlər dışlayıblar.
   
   Buyurun, bir neçə örnək gətirim.
   
   "İgidlik ondur, doqquzu qaçmaqlıqdır".
   
   "Savaş, sənə qarşı savaşanlarla savaş" kimi Tanrı kəlamını qoyub o hansısa bir axmaq atanın axmaq sözünə üstünlük vermişik, çünki belə axmaq sözlərlə beynimizi doldurublar.
   
   "Qonşun pisdir köç qurtar". Axmaq atanın axmaq sözünə qulaq asıb pis qonşudan köçüb qurtarmışıq. Pis qonşunu köçürtmək ağlımıza gəlməyib.
   
   "Ayağını yorğanına görə uzat", "Qarın qardaşdan irəlidir", "El üçün ağlayan göz kor olar", "Palaza bürün elnən sürün", "Doğru danışanın papağının günlüyü əyri olar", "Düz danışan düzdə qalar", "Səni aparan suya sel de", "Yetim qızsan qıvrıl yat", "Təki tüstü düz çıxsın", "Kasıb mərd olar" və sair və ilaxır. Bunların hər birisini şərh etmək olar, amma nə oxucunu yormaq istəyirəm, nə də özümü.
   
   Amma birini bir balaca şərh edəcəm. Şərh etməmişdən əvvəl. Çox təəssüf ki, atalar sözləri ilə bağlı, Azərbaycan nağılları ilə bağlı vaxtilə yazdığım məqalələr əlimin altında deyil, axtarmağa da vaxtım yoxdu. İnşallah, tapıb oxucuların müzakirəsinə təqdim edəcəm və hörmətli "Azadlıq"ın əməkdaşı, sizin də həmin məqalələrə münasibətinizi öz qəzetimdə çap etməyə hazıram. Və bəlkə də Azərbaycanda yeganə qezetçiyəm ki, əleyhimə yazılan, məni tənqid edən yazıların hamısını öz qəzetimdə çap etmişəm. Hətta AYB-nin məni təhqir edən bəyanatlarını da . Kimin haqlı olduğunu oxucu özü müəyyənləşdirə bilər.
   
   İndi qayıdaq həmin şərhə. Axmaq atalar deyir: "Elnən gələn bəla toy-bayramdı".
   
   Bəli, elnən başımıza çox böyük bəlalar gəlib: 25 min şəhid, 40 mindən çox Qarabağ əlili, 1 milyon qaçqın, yandırılmış evlər-eşiklər, işğal olunmuş torpaqlar.
   
   Amma bütün günü toy-bayram içindəyik. Elnən gələn bəlanı toy-bayram eləmirlər. Elnən gələn bəlanı elnən də dəfn edirlər.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-23
14:53 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (16.67%)
İşdə (83.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK