ANA SƏHİFƏ / YAZARLAR

"QARABAĞ" AĞDAMIN - "QARABAĞ" AĞDAMA NƏ QƏDƏR DƏXLİ VAR?!

(İkinci yazı)

15673    |   2008-12-12 02:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəli, "Qarabağ"ın o günləri vardı ki, komanda bir tikə çörəyə möhtac idi, amma oynayır, özünü öldürürdü. İnsan çörəksiz də yaşaya bilər, susuz da yaşaya bilər, lap olsun 50-60-70 gün, sonra təbii ki, tükənər. Amma insan bircə gün şərəfsiz yaşarsa, min ilin çörəkli günü onu əvəz edə bilməz. Və milyardlarla pul da o bir anlıq şərəfi əvəz edə bilməz. Məsələn, deyək Roberto Karlos üçün "Fənərbağça" puldan başqa bir şey deyil. Amma Səlcuq üçün "Fənərbağça"nın şərəfi milyardlarla puldan artıqdır.
   
   Söhbət nədən gedir?! Bütün ağdamlılar, təkcə bütün ağdamlılar yox, eləcə də bütün qarabağlılar "Azərsun Holdinq"ə həmişə minnətdardılar və minnətdar olacaqlar da. Çünki komandanın ən ağır vaxtlarında bu şirkət əlini komandaya uzatdı. Bu klub üçün hər şəraiti yaratdı. Dünənə qədər 100 dollar maaş alanda sevinən futbolçuya 1000-2000-10000 manat maaş verdi. Dünənədək heç bir şeyi olmayan bir klubu Azərbaycanın ən varlı klublarından birinə çevirdi. Sağ olsunlar, mən də bütün qarabağlılar kimi həmişə bu kişilərə dualar edəcəm. Amma bu klub nə oldu?! Hansı bir qələt elədi, hansı bir uğur qazandı?! Biləcəridən o tərəfə gedə bildimi?! Gedə bilmədi! Gedə bilməyəcək də!
   
   Bilirsiniz Azərbaycanda niyə futbol yoxdu?! Yüz əmması var, gələcəkdə bir-bir sayarıq. İndi birini deyək. Azərbaycanda birinci ona görə futbol yoxdur ki, klub sahibləri elə bilirlər ki, klublar da onların istehsal elədikləri çaydı, yağdı, nöyütdü, nə bilim nədi. Yəni klublara özlərinin istehsal etdikləri mallar kimi baxırlar. Və klub da elə mallarına oxşayır.
   
   Möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycanda futbolun inkişafı üçün bir çox sərəncamlar imzalayıb, şərait yaradıb, külli miqdarda vəsait buraxıb. Futbolun inkişafı üçün çalışanlara şərait yaradıb və sair və ilaxır. Və çox təəssüf ki, prezidentin bu əliaçıqlığından kimlərsə düzgün istifadə etmir. Bəziləri üçün futbol pul silmək üçün gözəl bir imkandır. Və silirlər də. Məsələn, deyək ki, Azərbaycan milli komandasına Braziliyadan Karlos Albertodu, nə bilim nə kərtənkələdi, bir məşqçi gətirmişdilər. Ayda da nə qədər pul verirdilər. Nə ... yedi?! Pulunu qazandı və ... getdi. Azərbaycan milli komandasına milli məşqçilərimiz rəhbərlik edəndə komandamız uduzanda heç olmazsa məşqçilərimiz ağlayırdı, bu az şey deyil. Amma Karlos Albertodu, nə bilim nə zibildi, heç vecinə də olmadı ki, milli komandamız uduzur. Mən o vaxt yazırdım, qardaşım, uduzuruq uduzuruq, cəhənnəm, özümüzünkü ilə uduzaq da. Deyəsən, Azərbaycanda niyə futbol yoxdurun yüz səbəbindən ayrısına keçdik.
   
   Qayıdaq "Qarabağ"a! Bu gün "Qarabağ"ın hər şeyi var. Onda niyə qələt edə bilmirlər?!
   
   Azərbaycanda bir neçə futbol məktəbi olub. Bakı futbol məktəbi, Gəncə futbol məktəbi, Tovuz futbol məktəbi, Lənkəran futbol məktəbi və Ağbam futbol məktəbi. Bir vaxtlar Əhməd Ələsgərov Naxçıvanda çox gözəl bir futbol məktəbi yaratdı. Və Əhməd Ələsgərovla da bu futbol məktəbi bitdi. Əhməd Ələsgərovun vaxtında Naxçıvanın "Araz" klubu az qala SSRİ-də tanındı. O vaxtlar da SSRİ Avropadan böyük idi ey! Bəs hanı o Naxçıvan futbol məktəbi?! Bəs hanı Gəncə, Tovuz, Ağdam futbol məktəbi?! Yoxdu! Yaxın zamanlarda da görməyəcəksiniz.
   
   Mən bunu "Qarabağ"la bağlayım. "Qarabağ" Ağdamın öz futbol məktəbinin yetirməsi idi. Bu klub "Azərsun"a verilənədək komandadakı oyunçuların 95 faizi də ağdamlılar idi. İndi bu klubda dişə vurulacaq bir ağdamlı yoxdur. Gözləməyin, olmayacaq da. Əgər Azərbaycan milli komandasında Subaşiç, Tubaşiç, nə bilim nə başiç varsa, deməli, "Qarabağ"da da Ağdam olmayacaq. Gedib xaricdən itə tökülən futbolçuları alıb gətirib klub yaratmaqla futbolu inkişaf etdirmək olmaz. Deyə bilərsiniz ki, "Çelsi" də xaricdən oyunçu gətirir, "Yuventus" da, "Qalatasaray" da, day nə bilim hansı kərtənkələ də. Xaricdən futbolçu gətirmək futbolun bir mədəniyyətidir, bir fəlsəfəsidir. Amma "Qalatasaray" da dünyaya Fateh Terimi verir, Hakan Şükürü verir, Əmrə Bələzoğlunu verir və sair və ilaxır. Yəni futbolçunu sən özün də yetişdirməlisən. Bunun üçün bölgələrdəki futbol məktəblərini inkişaf etdirməlisən.
   
   Sözgəlişi. Rövnəq Abdullayev çox ciddi bir məsələ qaldırdı, amma AFFA-nın prezidenti olmağına baxmayaraq, sözünü keçirə bilmədi. Biri nə idi? Klubların adları. Qardaşım, "ABN" adında klubmu olar, "NBS" adında klubmu olar?! Və ya "İnter", "Olimpik", day nə bilim hansı kərtənkələ. Dəyişdirə bilmədi. Çünki bu, qanunla AFFA prezidentinin səlahiyyətində deyil.
   
   Keçək ikinci məsələyə. Rövnəq Abdullayev bölgələrdə futbolun inkişafı üçün təkliflər irəli sürdü. O da hələ həyata keçməyib. Deyəsən, heç keçməyəcək də. Çünki futbol klublarının prezidentləri hamısı pulu Bakıda qazanır və Bakıda yaşayır. Onlar üçün Bakıda olmaq daha rahatdır.
   
   Və yenə qayıdaq "Qarabağ"a.
   
   Dostlar, "Qarabağ" Ağdamın, Ağdamın da Qarabağa heç bir dəxli yoxdur. Əvvəla, bu klubda bir nəfər də ağdamlı qalmayıb. İkincisi də bu klub Ağdamın harda olduğundan xəbərsizdir. Bu klubun futbolçularından soruşsanız onların 90 faizi bilməz ki, Ağdam işğal altındadır və sair və ilaxır. Bu klub Ağdamın şərəfini necə qoruya bilər?! Bu klub Azərbaycanın şərəfini necə qoruya bilər?! Qardaşım, pul hər şey deyil.
   
   Möhtərəm prezidentimiz İlham Əliyev Ağdam torpağında, daha dəqiq desək, Quzanlıda çox böyük bir idman kompleksi tikdirib. Dəyəri milyonlarladır. Burada təkcə futbolun deyil, idmanın bütün sahəsi üçün şərait yaradılıb. Və burada bu dəqiqə rayon icra hakimiyyəti çox böyük idman tədbirləri keçirir, futbol yarışları keçirir və sair və ilaxır. Bu dəqiqə həmin idman kompleksində sırf ağdamlılardan ibarət futbol komandası da var. Mərc gəlirəm, bu gün Azərbaycan çempionatında Ağdama dəxli olmayan "Qarabağ" Ağdamla Ağdama dəxli olan həmin o kəndlərdən, çöllərdən, o qaçqın qəsəbələrindən yığılmış futbolçuların oyunu keçirilsə, Ağdama dəxli olan həmin komanda Ağdama dəxli olmayan "Qarabağ" komandasına qalib gələr. Buyursun "Azərsun"un rəhbərliyi mənimlə mərcə girsin.
   
   Sözümün canı nədir? Mən yenə "Qarabağ"ın ağır günlərində ona əl uzadan "Azərsun"a minnətdaram və borcluyam. Amma "Azərsun" bu klubu Ağdama aparmalıdır, bu klubu öz ev oyunlarını möhtərəm prezidentimiz İlham Əliyevin ağdamlılar üçün tikdirdiyi o Quzanlı stadionunda keçirməlidir. Və yenidən Ağdam futbol məktəbini qurmalıdır və çempionatda da həmin şəhərin, həmin bölgənin klubu kimi iştirak etməlidir.
   
   Yoxsa Azərbaycanda heç vaxt klub olmayacaq!
   
   Mən dəfələrlə yazmışam və yenə yazıram. Azərbaycanda futbol oynamırlar, top-top oynayırlar. Bunlar başqa-başqa şeylərdir. Əgər biz istəyiriksə bizdə top-top yox, futbol olsun, onda elə birincilərdən biri "Qarabağ" komandasının Ağdama qayıtmasıdır.
   
   Və sonda. Ya bu klubu Ağdama qaytarın, ya da bu klubun adını "Azərsun" qoyun. Necə ki, əvvəllər, ayıb da olmasa adı "Qarabağ-Azərsun" gedirdi.
   
   Və onu da deyim ki, belə edərsinizsə, yəni komandanın adını "Azərsun" qoyarsınızsa, Ağdam öz "Qarabağ" komandasını yenidən təşkil edə bilər və Ağdamın adını indiki komandadan daha artıq qoruyar. Çox güman ki, elə belə də olacaq. Onsuz da elə bu gün "Qarabağ-Azərsun" heç nə edə bilmir. Cəhənnəm, elə biz özümüz də heç nə etmərik də. Ya elə, ya belə, nə fərqi var ki?!
   
   Üçüncü yazımız da olacaq.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK