Adalet.az | Vilayət Eyvazov yenə hədəfdə Adalet.az | Vilayət Eyvazov yenə hədəfdə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Vilayət Eyvazov yenə hədəfdə

(Və ya Rəfael Allahverdiyevin daha bir boşboğazlığı)

24750    |   2008-08-19 20:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili işlər nazirinin müavini Vilayət Eyvazov bir neçə dəfə müxalifətin və müxalif mətbuatın hədəfinə çevrilib. Bunun da səbəbləri məlumdur. Qanunsuz mitinqlərin və küçə yürüşlərinin qarşısını almaq polisin vəzifəsidir. Və təbii ki, vəzifəsini yerinə yetirən polislər də həmişə həm müxalifətin, həm də müxalif mətbuatın hədəfində olub. Bu məsələyə geniş yer ayırmaq istəmirik.
   
    Söhbət nədən gedir? Qəzetlər yenə Vilayət Eyvazovu hədəfə götürüb. Buna səbəb də Bakının keçmiş meri Rəfael Allahverdiyevin həm heç bir məntiqə, həm də heç bir fakta sığmayan qarayaxmalarıdır. Orhan Yıldırım adlı bir nəfərin Rəfael Allahverdiyevin xatirələrinə söykənərək yazdığı bir yazı müxalif mətbuatın əlinə göydəndüşmə olub. Və bu yazı Vilayət Eyvazova yeni hücumun özülünü qoyub.
   
   
   
    Əvvəla, bir məqama diqqət yetirək. Vilayət Eyvazovun haçansa serjant olması çox qəribədir ki, bu gənc generala həmişə töhmət kimi gətirilir. Və hansısa bir generalın nə vaxtsa sahə müvəkkili və ya gecə polisində çalışması ona nöqsan tutulur. Guya sahə müvəkkili və ya gecə polisinin əməkdaşı sonralar polis rəisi, nazir müavini, nazir və yaxud general ola bilməz. Çox böyük bir məntiqsizlikdir. İnsanlar anadan general doğulmurlar. Tək Azərbay-canda yox, dünyadakı generalların bəlkə də 90 faizi sıravi əsgərlikdən başlayaraq üzüyuxarı qalxıb, o cümlədən də Vilayət Eyvazov. Serjant olmayan general da ola bilməz. Yaxud Suvorovun dediyi kimi, general olmaq istəməyən əsgər də əsgər deyil.
   
    Ümummilli Liderimiz Heydər Əliyevin bir siyasəti də gəncləri irəli çəkmək olub. Ulu Öndər həmişə deyirdi ki, gənclər Azərbaycanın gələcəyidir. Buna görə də gənc kadrlara geniş yer vermək istəyirdi. Və bu gün Azərbaycanda çox yüksək vəzifədə çalışan dövlət məmurlarının əksəriyyətinin gənclərdən ibarət olması da Heydər Əliyevin həmin siyasətinin nəticəsidir. Vilayət Eyvazov da məhz Ulu Öndərin etimad göstərdiyi gənclərdən biridi. Və bu da bir faktdır ki, Ulu Öndər heç vaxt kiminsə ala gözünə, qara qaşına aşiq olub irəli çəkməyib. Hər kəsə göstərdiyi xidmətlərə, əməyinə, savadına və dünyagörüşünə görə qiymət verib. Vilayət Eyvazov da həm dövlətçiliyə xidmətlərinə görə, həm də peşəkar bir polis işçisi kimi cinayətkarlığa qarşı apardığı mübarizədəki xidmətlərinə görə pillə-pillə yüksək vəzifəyə gəlib çıxıb. Bizim Vilayət Eyvazovun tərcümeyi-halını və xidmətlərini yazmaq fikrimiz yoxdur.
   
    Məsələ Rəfael Allahverdiyevin xatirələrindəki məntiqsizlikdir. R.Allahverdiyevə görə, guya vaxtilə Vilayət Eyvazov Heydər Əliyevə sui-qəsd eləmək istəyirmiş, məhz Rəfael Allahverdiyevin "remboluğu" nəticəsində bu sui-qəsd baş tutmayıb. R.Allahverdiyev yazır: "Mən aeroportda öz şəxsi avtomobilimdə Heydər Əliyevi gözləyərkən ətrafda vəziyyətin heç də ürəkaçan olmadığını hiss edirdim. Bizi daima iki-üç nəfər təqib edirdi. Onların içində, biri heç yadımdan çıxmırdı, hündürboy, qarabəniz, qıvrımsaç, idmançı bədənli bir nəfər başına papaq, gözünə isə qara eynək geyinmişdi. Mən Heydər Əliyevi maşına otuzdurandan sonra həmin hündürboy oğlan dərhal öz maşınına mindi və bizi təqib etməyə başladı. Maşına minərkən papağını və eynəyini çıxardan o insanın sifəti heç yadımdan çıxmırdı. Hətta Heydər Əliyev də arxaya çevrilib şüşədən o insanın sifətinə baxa bildi. O insanın kimliyi uzun illər məni rahat buraxmırdı. Yalnız 10 il keçdikdən sonra o şəxsin məhz indiki nazir müavini Vilayət Eyvazov olduğunu bildim".
   
    Əvvəla, Rəfael Allahverdiyevin xatırlatdığı həmin hadisələr baş verən dövrdə Vilayət Eyvazov, ümumiyyətlə, Bakı şəhərində işləmirdi və paytaxtdan çox-çox uzaqlarda yaşayırdı. Maraqlananlar ən azı aidiyyatı orqanlara sorğu göndərib onun həmin vaxtlarda harada işləyib-yaşadığı barədə məlumat ala bilərlər. İkincisi, uzun illər Bakı şəhərinin meri olan Rəfael Allahverdiyev necə ola bilər ki, az qala şəkli hər gün dövri mətbuatda çap olunan Vilayət Eyvazovu məhz nazir müavini olandan sonra tanıyıb. Özünün dediyi kimi, 10 ildən sonra.
   
    Rəfael Allahverdiyev mer işləyərkən Vilayət Eyvazovu nazir Ramil Usubovun şəxsi mühafizəçisi kimi ən azı yüz dəfə görmüş olmalı idi. Bundan başqa, Vilayət Eyvazov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəis müavini və rəisi işlədiyi dövrlərdə də yəqin ki, Rəfael Allahverdiyevlə iş məqamlarında dəfələrlə rastlaşıb. Və necə ola bilər ki, həmin dövrlərdə o, Vilayət Eyvazovu tanıya bilməyib? Dünyada elə insanlar var ki, onlar ya üz cizgilərinə, ya saçına, ya gözlərinə, ya sifət quruluşlarına, ya bədən quruluşuna görə fərqli olur və dərhal tanınır. Vilayət Eyvazovda bu saydıqlarımızın dördü də var. Yəni Vilayət Eyvazovu bir dəfə görən onu sonra mütləq tanıyacaq. Amma nədənsə Rəfael Allahverdiyev onu saatlarla aeroportda təqib eləyən, arxasınca maşın sürən V.Eyvazovu 10 ildən sonra xatırlaya bilib. Deyək ki, bu ola bilər. R.Allahverdiyev huşsuz ola bilər və yadından çıxara bilər. Amma R.Allahverdiyev Azərbaycan ictimaiyyətində ağlı-savadı yerində olan bir şəxs kimi tanınır, huşsuz adam kimi yox.
   
    Başqa bir məqam. Heydər Əliyev yeganə şəxslərdən biridir ki, onda olan hafizə bəlkə də dünyada heç bir siyasətçidə yox idi. Heydər Əliyev 30 il bundan əvvəl ani gördüyü bir adamı da 30 ildən sonra harda, nə vaxt gördüyünü xatırlamaq qabiliyyətində olan bir şəxs idi. Buna hətta Heydər Əliyevi sevməyənlər də şübhə edə bilməz. Heydər Əliyevin çox qeyri-adiliyi var idi, biri də məhz çox güclü hafizəyə malik olması idi. Və bu mümkün deyil ki, Heydər Əliyev Vilayət Eyvazovun sifətini görəydi və onu yadından çıxaraydı. Və ona sui-qəsd etmək istəyən bir şəxsi belə yüksək bir rütbəyə çatdıraydı.
   
    Bütün bunlar Rəfael Allahverdiyevin qarayaxmasından və boşboğazlığından başqa bir şey deyil. Və bu bir məqsədə xidmət edir - seçki öncəsi Daxili İşlər Nazirliyinə qarşı yeni bir çirkin kampaniyaya başlamaq məqsədi.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-08-14


VİDEO