ANA SƏHİFƏ / YAZARLAR

Sevdiyim qadın Tolikə görə məni tərk etdi - Eminquey yazır

26360    |   2018-09-17 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qollarımı çırmaladım, külqabımı yanıma qoydum, başladım yazmağa...

2016 –cı il idi. Axşam feysbukda sarı saçlı bir qadından qəfil zəng gəldi. Əvvəlcə karıxdım. Ki, görəsən bu qadın kimdir? Niyə zəng edir? Özümü cilovlayıb zəngini açdım. Salam, hal-əhvaldan sonra dərhal soruşdu:

- Bir şair var, adı Baykal Məhəmmədlidir (zənn edin ki, belə bir şair aramızdadır). Onu tanımırsız?

- Tanıyıram.

- Onu adam bilirdim, şeirlərinə vurulmuşdum. Amma elə deyilmiş.

Açığı bu şair də, onun qızla olan münasibəti də mənə maraqlı deyildi. Ona görə də soruşmadım ki, söhbət nədən gedir, bizim bu Baykal bəy nə hoqqadan çıxıb. Amma qadınlara nə var ki?! Sən soruşmasan da, o danışacaq.

- Əclaf mənə "padxod” elədi. Xoş cavab almayınca da ağzına gələni dedi.

Qızı başa düşdüm. Çünki şeirlərimlə, yazılarımla bağlı tərif yazanlar adətən məndən nəsə umurlar. Bəzən çox sadə cavablar yazıram o adamlara. Və o adamlar da Baykalın göstərdiyi münasibəti göstərirlər. Elə bilirlər ki, hamının tərifinə cavab yazmaq, onlara yaltaqlanmaq məcburiyyətindəsən.

- İndi onun şəklini paylaşıb biabır edim, siz də baxın.

Belə şeylərin tərəfdarı deyiləm. Onçün də qızı fikrindən daşındırmağa çalışdım. Nəhayət, razı saldım. Ki, onun şəklini paylaşıb təhqir etməyəcək.

Sonra necəsə oldu, bilmirəm, bu qızla get-gedə yazışmalarımız artmağa, zəngləşmələrimiz hər axşam saatlarına dəng gəlməyə başladı. Aramızdakı münasibətsə 6-7 ay keçməsinə baxmayaraq yalnız "siz”dən "sən”ə qədər irəliləmişdi. Özümü bir az da bu sarışın, bəstəboy, imkanlı bir xanımın cangüdəni işləyən, alagözlü qızın dərd ortağı hiss etməyə başlamışdım. Bir dəfə özünə də demişdim. Ki, deyəsən, mən sənin rəfiqənəm. Özün də cangüdənsən, idmanla məşğulsan, mənsə çəlimsiz biri. Kişi kimi qızsan, vallah.

Tanışlığımızın payızı. Səhərlərin birində yuxuma bu qızın zəngi haram qatdı.

- Evimi dəyişirəm. Mənə kömək edə bilərsən?

Aramızda tonlarla söz kəsmişik, necə "yox” deyə bilərdim ki?!

- Niyə eləmirəm, yerini de, gəlirəm.

Əlimə-üzümə su vurub, əynimi geyinib yollandım dediyi ünvana. Bu 7-8 ay içində bizim birinci görüşümüz idi. Birinci e, birinci.

Gəldik onun evinə. Dar, havasız bir gecəqonduda özümü tabutun içində hiss elədim. Əşyaları otağın dar qapısından çıxartmaq o yana, o uzun pilləkəndən düşürtmək zülm idi. Mən də arıq bir adam, özümdən böyük televizoru əlimə götürəndə elə bilirəm Sizif daşını təpəyə qaldırıram.

- Bəlkə çıxaq evə, duş qəbul edəsən, bir çay içəsən, çörək yeyəsən, sonra gedəsən? – qız gözlənilmədən təklif etdi.

- Evdə nəsə qalıb ki?

- Hə, qaz sobasını, qab-qacaqları saxlamışam. Hələ iki gün gəlib gedəcəm.

- Yox, mən evə gedim, səni də narahat etməyim.

Açığı deyim, onu narahat etməkdən çox, özümə hakim ola bilməyəcəyimdən qorxdum. Bilirsiz də, cavan adamın qanı qaynayır. Ona görə də evə dəvətini rədd etdim.

Sağollaşıb ayrıldıq.

Düşünürdüm ki, artıq görüşlərimiz səngiməz. Sonra barmağımı dişlədim. Öz-özümə dedim:

- A kişi, işsizsən, cibində bir qəpiyin yoxdur. Necə görüşəcəksən? Qızla bir çay içməlisən? Hardasa oturub bir tikə yemək yeməlisən? Səndə pul hardandı? Siqaretə pulun güclə çatır.

Məyus oldum.

Hər dəfə görüşməyimizi istəyəndə bir bəhanə gətirirdim. Gah deyirdim, evdə təmir gedir, gah deyirdim, rayondayam, gah deyirdim, xəstəyəm. Bir dəfə də ona "Sən dənizsən” adlı şeir yazıb könlünü almışdım. O, dəlisov idi, xasiyyətində oğlanlıq var idi, romantikanı bir o qədər də sevmirdi. Yaşı da məndən düz 10 yaş böyük idi. Baxsan, heç deməzdin ki, o bu yaşın yiyəsidir. Amma artıq bizim aramızdakı münasibət özümüz də bilmədən sevgiyə çevrilmişdi.

Bir gün görüş sindromunu necə qırmağı fikirləşirdim. Birdən ağlıma gəldi ki, tez-tez kitab təqdimatlarına dəvət olunuram. Təqdimat zalları bizim görüş yerimiz ola bilər. Ona yazdım:

- Görüşmək istəyirsən?

O dəqiqə yazdı:

- Hə, bəs neçə vaxtdı sənə demirəm, gəl, görüşək?

- O zaman gəl belə edək. Filan yerdə təqdimat olacaq, orada görüşək.

Razılaşdı.

Amma içimdəki "kişi” hissi mənə güc gəldi. Yenə özümə sual verdim:

- A kişi, işsizsən, cibində bir qəpiyin yoxdur. Lap tutalım ki, təqdimatda görüşdün. Bəs ordan çıxanda necə olacaq? Qızla bir çay içməlisən, ya yox? Hardasa oturub bir tikə yemək yeməlisən? Səndə pul hardandı? Siqaretə pulun güclə çatır.

Yenə məyus oldum.

Yenə bəhanələr gətirdim, görüşmədik.

Və nəhayət...

Bir gün feysbukda tanınmış prodüsser Tolik haqqında tənqidi bir status yazdım. Xeyli adam da həmin statusun altında Toliklə əməlli-başlı məzələnmişdi.

Dinnnnq!

Mesaj gəldi.

- Sən kimsən ki, Toliki təhqir edirsən, ələ salırsan? Hə? Tolik sənə nə edib? Sən hələ onun qədər tanın, sonra ona ilişərsən. Sənin xəbərin var ki, Tolikin qohumu mənim rəfiqəmdi? İndi o girib sənin statusunu oxusa, pis olmayacaq? Mənə deməyəcək ki, sənin sevgilin nə əclaf adamdı?

Bu mesajı oxuyanda mənim üzümdəki ifadəni təsəvvür edin. Tolikin qohumunun onun rəfiqəsi olmağının bizim sevgi münsaibətimizə nə dəxli? Niyə də, niyə?

- Sən əclafın yekəsisən, murdar adamsan, Toliki tanımırsan. O, çox sadə, təmiz adamdı. Ta bizimki alınmaz...

Cavab yazmaq istəyirdim ki, gördüm, qara siyahıya düşmüşəm, mesaj getmir. Zəng vurmaq istədim, zəngim getmədi. Yenə qara siyahı. Feysbuka baxdım, orada da eyni şey.

Şokda idim. Necə ola bilər ki, 2 illik münasibət bir Tolikə görə məhv olsun? Necə ola bilər ki, evinə getməyimə baxmayaraq, onun evə dəvətinə rədd cavabı verən mən əclaf, murdar adam oldum? Bəlkə də səhv özümdədir. Bəlkə də onun görüşmək istəyinə bəhanə gətirməməli, bəlkə də ümumiyyətlə, işsiz, pulsuz-parasız bir adam kimi sevgiyə bulaşmamalı idim. Bəlkə də... ağzım cibim qədər doluymuş, pulmuş açarım mənim.

Bilmirəm, amma dağın görünən tərəfi bu idi. Ki, sevdiyim qız Tolikə görə məndən ayrıldı.




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK