ANA SƏHİFƏ / RUBRİKA

Snikerssiz də çay “şirin” olur

5423    |   2018-01-12 16:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az "Hər gün bir söz eşitməsək” adlı layihənin ikinci reportajını sizə təqdim edir.

Armudu stəkanda çay, ürəyimiz yananda çay, ətirlisən dadlısan, çay, çay, çay...

Armudu stəkan həm vizual olaraq, həm də mahiyyət etibarilə qadına bənzəyir, ikisini də üfürə-üfürə içməlisən ki, ağzın yanmasın. Qəribədir, evdə içdiyin çayın ləzzətilə çayxanada içdiyin çay ləzzəti bir-birinə bənzəmir. Adətən, çayxanadakı çayniklərin tutumu 8 stəkandan artıq olmur. İki nəfərə maksimum bir saatlıq işdir çayı yox eləmək. Sonra bir çaynik də sifariş verirsən. Onu da yox eləyirsən. İki saata 8 stəkan çay. Amma evdə bu mümkün deyil.

Gəldiyim yerin adı "Bizim məkan” çay evidir.

- Sadə çay var?

- Xeyr, bizdə sadə çay verilmir. Snikerslə verilir, 4 manata.

- Mənim dişim ağrıyır, allergiyam da var. Neyniyirəm snikersi(

- Bizdə belədir, gətirim?

- Yaxşı, sən snikersi vermə, amma pulunu alarsan.

Artıq masama çay gəlib. Qəribə çaynikdir, o da modernləşib. Ayaqlı dəmir altığın içində şam var, yanır, amma ərimir. Çaynik bu altlığın üstündə isti qalır.

Oturduğum məkanın iç dizaynı taxtadan tikilmiş evləri xatırladır. Burada qəlyan da verilir. Bir neçə ildir ki, sulu qəlyan şəhər əhlisinin, xüsusən də gənclərin sevimli məşğuliyyətinə, vərdişinə çevrilib. Qəlyançı qəlyan hazırlayır.

- Qəlyan nəli olsun?

Masadan duran darbalaqlı, makasin ayaqqabılı, saqqallı, saçları uzun oğlan lotu-lotu qəlyançıya yaxınlaşır.

- Brat, hansı tütünnərin var?

Qəlyançı alnının tərini silib deyir:

- Moruq var, vanil var, saqqaız var, qarağat var, alma var, albalı var, şeyx var, Bakı gecələri var.

- Moruq, vanil, saqqız, özü də ananasda düzəlt.

- Bilirsən də. Ananasda qəlyan 30 manatdı.

- Hə, sən düzəlt, bratın bu gün pullu gəlib.

Bu meyvə dadlı dialoqdan sonra qəlyançı əvvəlcə kömürləri qızmağa qoyur, sonra soyuducunu açıb bayağı toy müğınnilərinə bənzəyə ananası götürür. Əvvəlcə iki yerə bölür, sonra ananasın başını bir qırağa qoyub qalan yarı hissənin içini oymağa başlayır. İçini çıxarıb bir boşqaba tökür, sonra tütünü ananasın içinə yığır, gümüşü rəngdə kağızla üstünü bağlayır. Tütünlər yarımfabrikat olduğu üçün quru tütünlərdən daha çox ziyan verir. Qəlyançı ananasın başını bəzək kimi istifadə edir. Sonra onu qəlyan aparatının üstünə taxır, kömürlərini qoyur. Şlankı götürüb içinə çəkir, nəfəsini buraxanda paravoza oxşayır.

- Hazırdı. Gətirirəm.

- Gətir də, gətir ciyərlərimiz bayram eləsin.

Darbalaqlı "brat” qəlyan gələr-gəlməz telefonunu dostuna uzadır ki, çəkil çəkdirsin. Ayağa qalxır, tüstünü içinə çəkir, sonra buraxır. Çırıkkkk!

- Brat, səncanı, yaxşı düşmüşəm? İnstaqrama qoyacam e, bəlkə qız tutdum.

Dostu dillənir:

- Hə, bax da. Gör neynirsən, gətirərsən bura, işini görərsən.

Bunu demişdi ki, qulağım başqa masadakı səsə qapıldı. Boylandım, gördüm ki, saçları yalnız yan tərəflərdən ağaran, ortası keçəl bir kişi, siqaret çəkə-çəkə, yox, çəkmirdi, yeyə-yeyə danışır:

- Ay qardaş, iki gün qabaq iki gənc intihar eləyib, bu gün də bir kişi özünü qatarın altına atsa da ölməyib. Özü də qaçqınıdır. Bu intiharların axırı hara gedir?

Yanında oturan kişi:

- Ə qardaş, camaatın o qədər problemi var ki. Ta nə olmalıdı ki.

- A kişi, metroda, camaatın gözünün qabağında da intihar edərlər? Olmaz e, olmaz. Adicə saytdan intihar xəbəri oxuyanda adam özünü pis hiss eləyir, qaldı ki gözünün önündə baş verə. Nəsə bir yolu olmalıdı, təhlükəsizlik təmin olunmalıdı.

Sonra bayaqkı "brat”ların masasında gülüş səsi yayıldı...

- Hi, ha, ha. Yaman aldatdım e qızı. Dedim, Qalenvagenim var, gəlib hardan desən götürəcəm, gəzərik. Guya da... Nə gəzmək...

- Özün kimi əclaf yoxdu daa.

Bu məqam önümdən qapı açılır, bir qız çıxır otaqdan. Üzü tualetə tərəf qaça-qaça. Əvvəlcə bilmədim bu nə təlaşdır. Qız otağa qayıdandan sonra arxasınca otaqdan oğlan çıxıb gedir tualetə tərəf. Pəh! Əcəb işdir! Deməli, bu iki-üç nəfərlik kabinetlər üstünə yazılmasa da qızla oğlanın yarım saat, bir saatlıq "xoşbəxt” olmağına xidmət edir. Otağın depoziti, yəni oturma haqqı 10 manatdır. İstəyirsən boş otur, istəyirsən çay iç, qəlyan çək. Əvəzində bahalı otel xərcindən, kirayə ev məsrəfindən azadsan. Cəmi 10 manat.

Bratlar yenə qızğın müzakirə edirlər.

- Qardaşım, qız nədi, barda gəzdi nədi? Boynuyoğun atası, qardaşı hara baxır?

- Ala, onnar kişidilər ki?! Bir dəfə fırrandığım qızın qardaşıynan sööbətim düşmüşdü. Düz üzünə dedim ki, yaxşı qardaşsan bacını çayxanalardan yığ.

- Bəs, sənə heçnə eləmədi?

- Elədi... Kəllə atdı mənə. Mən kəlləyə yıxılan oğlanam? Yıxıldım e, amma ayağa qalxıb nəyi var əzişdirdim, nəsil-nəcabətini söyüb yola saldım. Yola da salmadım e, qaçdı.

Elə bildim, bayaq qız tutmağa çalışan, gətirib çayxana kabinetində işini görmək istəyən "brat” bu deyil, boylanıb baxdım. O idi...

Ara sakitləşir...

Qapı açılır, kəndirbaz kəndirdə gəzən kimi dikdaban üstündə ehmallıca yeriyən qız girir içəri. Yaxınlaşır qəlyançıya.

- Salam. Divarda elan gördüm, qız işçi axtarırsız.

- Hə, xanım, axtarırıq. Əvvəllər harda işləmisiz?

- Dörd-beş ildi işləyirəm, nə bilim o qədər olub ki.

- Əsas odu sistemi bilirsiz də?

- Hə, bilirəm.

- Səhər saat 11-dən axşam 11-ə kimi günü 15 manat, çayvoy da özündən asılıdı.

- Razıyam, sabahdan gəlim?

-Gəl...

Qəlyançının gözünə ilk sataşan mən oluram. "Qardaş, qız işçin olmadı müştəri gəlmir e. Neyləyək?!” deyib göz vurur.

Elə bilirəm bu bir saat ərzində başımın üstündə kök bir xala oturub. Düz Binəqədidən Yasamala kimi yol gəlmişəm. Axırda da arxa qapıdan düşüb yol pulunu verməmiş qaçıb. Çayla snikersin pulunu verib bu tüstü-dumana "salamat qalma” deyib çıxıram çayxanadan...




İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK