ANA SƏHİFƏ / MÜSAHİBƏ

"İndi də başa torba keçirilir, amma..." - İlham İsmayıl

“Eldar Mahmudovun dövlət maraqlarından çox şəxsi maraqları var idi”

25887    |   2018-01-04 10:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ləğv edilmiş MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayılla müsahibəni təqdim edirik:

- Salam, İlham bəy, necəsiniz, işləriniz necədir?

- Təşəkkür edirəm. Son illər əksər yaxın adamlar, dostlar bu sualı mənə verəndə cavabım belə olur - "Siz necəsizsə, mən də eləyəm”, çünki çoxumuzun həyat problemləri bir-birinə bənzəyir. O ki qaldı işə, 22 ildir mənim konkret işim yoxdur.

- "KQB-MTN: Görünən dağın bələdçiliyi" kitabınızı oxudum, bir çox məsələlərə aydınlıq gətirmisiniz. Yeni kitab üzərində işləyirsiniz?

- Yeni kitabım esselərdən ibarət olacaq.

- Dünyada da, Azərbaycanda da xüsusi xidmət orqanları haqqında yazılan kitablar hər zaman oxucuların marağını çəkib. Niyə davamlı olaraq xüsusi xidmət orqanları, onların fəaliyyəti barədə yazmırsınız?

- Zamana ehtiyac var. "KQB-MTN: Görünən dağın bələdçiliyi" kitabımda son dövrlər barədə çox az yazmışam. 1993-cü ildən sonra iki ildən bir az çox işləsəm də, materiallar çoxdur. İndiki situasiyada sona qədər həqiqətləri qələmə almaq mənə ziyan gətirməz, amma bəzi adamlar sağdır, yaşayırlar, bilirəm ki, onlara zərər gələr. İstəmirəm, kimlərəsə ziyan gəlsin. Bu, tarixi faktlardır. Həqiqətlərin də açıqlanmasının bəzən zamana ehtiyacı var.

- MTN ləğv edildi, əvəzində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Bir neçə gün öncə DTX və XKX-nin yaranmasının 2 ili tamam oldu. Bu iki il nələrlə yadda qaldı?

- Dağıtmaq çox asandır. Binanı bir günə dağıdarsan, ancaq illərlə tikərsən. Eldar Mahmudov 11 il 3 ay MTN-nin rəhbəri olub. İndi hamımız bilirik ki, orada nələr baş verib. Onları sadalamaq istəmirəm. İstər kadrlarla bağlı, istər qarşıya qoyulan məqsədlə, istər törətdilən cinayətlərlə, istərsə də məxfi əməkdaşlarla bağlı – bir sözlə, əsas dayaqlar və prinsiplər darmadağın olub. İki ildir ki, DTX və XKX yaranıb. 11 il 3 ayda vurulan zərərin 2 il müddətində bərpası asan olmasa da, böyük işlər görülüb…

- Niyə?

- Əvvəla, peşəkar kadrlar bazasının qıtlığı buna mane olur. Son illərdə kadrların hansı prinsiplərlə işə götürüldüyü, rəhbər heyətin isə bu sistemə yad milis-polis işçilərindən ibarət olduğu, onların da keçmişdən qalan peşəkarları qovması, bəzilərini də intihar həddinə çatdırmaları artıq cəmiyyətdən gizli deyil. Peşəkarlıq anadangəlmə qazanılmır. Peşəkar zamanla yetişir. İki il bunun üçün yetərli deyil. Bundan başqa, məxfi əməkdaşların qarşısına qoyulan tələblər də təxminən "oboxeys” tələbləri olub. Misal üçün, Sədərəkdə, Binədə gör nə var, o biznesmen nə işlə məşğuldur, bu biznesmenin qazancı nə qədərdir. Ancaq bunlar DTX-nın hədəfi deyil. İndi həmin məxfi əməkdaşlar üçün plan tərtib edib, yenidən öyrədib, tərbiyə etməlisən. Agent də anadagəlmə agent olmur. Ona dərs keçməlisən ki, nəyə fikir versin, hansı tapşırığı yerinə yetirsin, gözünü harada dörd açsın, qulağını harada şəkləsin, nəyə diqqət yetirsin. Bütün bunlar hamısı prosesdir, keçilməlidir, zaman tələb edir. İki il ərzində DTX-nın bütün bunları birdən-birə həyata keçirməsi çətindir. Amma, hər halda bunun əsasının qoyulması istiqamətində xəbərlər bizə də gəlib çatır. Bəzi peşəkarlar geri qaytarılıb. Bunu general İsmayıl Bağırovun simasında deyə bilərəm. Bir yerdə işləmişik, onun peşəkarlığına keçmiş iş yoldaşlarının çoxu bələddir. Rəhbər Mədət Quliyev özü bizim sahədən çıxmasa da, əməliyyatdan gəlib, rəhbər kimi də müəyyən yol keçib. Bu iki ildə DTX-nın adı MTN-in törətdiyi qanunsuz həbslər, biznes və dövlət idarələrinə olan quldur təzyiqləri, günahsızın başına torba keçirilməsi kimi hərəkətlərdə adı hallanmır. İndi də başa torba keçirirlər, ancaq terrorçunun, cinayətkarın başına.

- Xarici Kəşfiyyat Xidmətinin keçdiyi 2 ili də dəyərləndirərdiniz.

- Kəşfiyyat xüsusi xidmət orqanının spesifik sahəsidir, onların fəaliyyəti daha qapalı olduğundan, dəyərləndirmə aparmaq yanlış olardı, hətta nəsə bilsək də, bunu şərh etmək doğru olmaz. Yalnız onu qeyd etmək istəyirəm ki, onların müstəqil quruma çevrilməsinin əhəmiyyəti var. Bu illərdə kəşfiyyat da keçmiş milisin –polisin rəhbərliyi altında olduğundan, təbii ki, bu sahədə də çətin günlər yaşayıb. Burada törədilənlər xaricdən də yan keçməyib. Eldar Mahmudovun xaricdə də dövlət maraqlarından çox şəxsi maraqları var idi. Bu sistemdə xidmət edənləri də daha çox öz maraqları istiqamətində yönləndirdiyi barədə məlumatlar eşitmişik.

Azərbaycanın müstəqil dövlət olaraq qarşısına qoyduğu vəzifələr, getdikcə gərginləşən geopolitik maraqlar və ölkəmizin dünyaya inteqrasiyası genişləndikcə kəşfiyyatın vəzifələri artır. Biz elə bölgədə yaşayırıq ki, geopolitik qüvvələr - Avropa, ABŞ və baş verən siyasi proseslər bizim kəşfiyyatın müstəqil qurum olmasını, kəşfiyyatın qarşısında duran vəzifələrin müstəqil şəkildə həyata keçirilməsini tələb edir. Əslində, kəşfiyyatla əks-kəşfiyyatın ayrılmasında elə bir böyük problem yoxdur. Peşəkar və ciddi rəhbərlik olandan sonra burada çətinlik yaranmır. Yetmiş il mövcud olmuş SSRİ-də kəşfiyyatla əks- kəşfiyyat bir idarə alıtında – KQB-də olub. Qarşılarına qoyulan vəzifəni də pis icra etmirdilər, dünya səviyyəli bir kəşfiyyat qurumu idi. Amma orda da kəşfiyyatçılar deyirdi ki, nə qədər müstəqil olsalar, işin keyfiyyəti o qədər yaxşı olar. Hesab edirəm, indiki kəşfiyyat xidməti və ona rəhbərlik edənlər üçün qarşıya qoyulan vəzifələrin icrası üçün daha yaxşı imkanlar var. İki il ərzində kəşfiyyat şəbəkəsini yaratmaq, qurmaq, onun qarşısında duran məsələləri birbaşa həll etmək çətindir. Düzdür, burada da KQB-dən qalma bir məktəb var, SSRİ dövründə ilk onluqda olan kəşfiyyat rəhbəri İlhüseyn Hüseynovun qoyduğu məktəb bu gün də işə yarayır.

- Eldar Mahmudov haqqında ittiham səsləndirlir ki, 1 milyard dollara yaxın ölkədən pul çıxardıb. Bu mümkündürmü?

- Pullar həm bank vasitəsilə, həm də nəğd şəkildə çıxarıla bilər. Aydın olur ki, bu məqsədlə bir neçə bankdan istifadə olunub. Nağd şəkildə ölkədən pul çıxarmaq üçün məhdudiyyət var. Necə səlahiyyət sahibi olmalısan ki, sənə heç bir struktur mane ola bilməsin, yəni, heç bir maneə olmayıb. Bank yolundan əlavə, hiss olunur ki, milyardlar quru və hava yolu ilə ölkədən çıxarılıb və buna şərait yaradılıb.

- DTX rəsmi olaraq açıqlama verdi ki, il ərzində 16 terrorçu silahlı müqavimət göstərərkən məhv edilib…

- Terrorçunu sağ ələ keçirmək çox çətindir, amma vacibdir. Gələcək informasiyalar sağ tutulan terrorçudan alınır. İstanbulda "Reyna” qətliamında terrorçunu diri tutdular. İstəsələr, öldürə bilərdilər. Sağ ələ keçirilən bir terrorçu vasitəsi ilə 2 min adama çıxdılar və bu proses hələ də davam edir. Azərbaycanda radikal dindarların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat zamanı iki prosesdə terrorçuları öldürdülər. Situasiyanı sonradan öyrəndim. Əvvəl mənim də qənaətim belə idi ki, onları öldürmək olmazdı, sağ tutmaq lazım idi. Sonradan məlum oldu ki, hadisələr gözlənilmədən baş verib, terrorçular silahlı müqavimət göstəriblər və daha çox zərər vurmasınlar deyə, onları məhv etməyə məcbur olublar. Hər halda, məlumatlardan da hiss olunur ki, radikal dindarlarla, ümumiyyətlə terrorla bağlı əməliyyat şəraitinə DTX-nın nəzarəti qənaətbəxşdır.

- Terrorçular silahı necə əldə edir?

- Şimali Qafqazda, Çeçenistanın müstəqilliyi uğrunda gedən proseslər zamanı Azərbaycana xeyli sayda silahlar keçirildi, üstəgəl, biz özümüz də Qarabağ müharibəsi yaşamışıq. O zaman həm əhalidə nəzarətsiz silahlar var idi, həm də Azərbaycan sərhhədləri yaxşı qorunmurdu. O silahlar xüsusən Azərbaycanın şimal bölgəsinə gətirilib. Onların həcmi çox deyil. Əgər böyük həcmdə olsa idi, terrorçular çox işlər görə bilərdilər. İŞİD-in buradakı adamları "Azərbaycanda özünüzü göstərməlisiniz” sifarişinin qarşılığında silah əldə etməyin, bomba hazırlamağın mümkünsüzlüyünü dəfələrlə dilə gətiriblər. Bu təkcə bizdə yox, Avropada, İsraildə, ABŞ-da da özünü göstərib, ona görə də diqqət etmisinizsə, son dövrlər yük maşınlarını qaçırıb əhalinin sıx olan yerlərində terror törədirlər. Maşın əldə etmək də çətinləşəndə adi bıçaqla, soyuq silahla terror etməyə əl atırlar. Dəqiq bilməsəm də, hesab edirəm ki, belə sifarişləri Azərbaycandakı adamlarına da verirlər.

- Radikal dindarların həbsxanaya salınması digər məhbusların "yoluxması” ilə nəticələnirmi?

- Həbsxana qapalı yerdir. Orada elə bir əyləncə yoxdur. Nəzarət edənlərin də apardığı hansısa maarifləndirmə işi onlar üçün cəlbedici deyil. Heç kəs dini söhbətlərə kefindən qulaq asmır. Adətən insan çətin vəziyyətə düşəndə üzünü Allaha, məscidə tutur. İnanc məsələsini bura qarışdırmayaq. Radikal şəbəkələr məscidə gələn bu tip adamları "ovlamağa” çalışırlar, ona cüzi yardım müqabilində müxtəlif təkliflər edirlər, tapşırıqlar verirlər, tapşırıqlar yerinə yetirildikdən sonra ovlanmış adamın aqressiv xarakteri varsa, onu terror da cəlb edirlər. Çox görmüşük ki, həbsə düşənlər dil öyrənir, kitab oxuyur. Bu cür qabiliyyəti olmayanlar da çox vaxt namaz qılıb dini söhbətlərə qulaq asmağa başlayır. Bu, qapalı yerin təbiətindən yaranan xüsusiyyətdir. Həbsxanada radikalları digərlərindən aralamaq lazımdır, əgər bunu edə bilmirlərsə, həbsdən çıxanda onlar barədə informasiya vermək lazımdır. İlk baxışdan adama elə gələ bilər ki, bu, insan haqlarının pozulmasıdır, amma əksinə, insanları, cəmiyyəti perspektiv təhlükədən qorumaq lazımdır. Cəmiyyətdə haqsızlıq, ədalətsizlik çox olanda bu tip insanların istər həbsxanada, istər çöldə radikal dinə meyillənməsi təbii prosesdir. Bütün radikal dini qruplar şəbəkələşiblər, gizli şəkildə fəaliyyət göstərirlər, səbirlə hərəkət edirlər. Din bayrağı altında gəncləri cəlb edib Suriyaya göndərirdilər. Radikal dindarlığa meyillənmədə ideologiya ilə yanaşı maliyyə səbəbləri də ön sıralarda durur. Hətta deyərdim ki, ideologiyanı stimullaşdıran maliyyədir. Döyüşə getmədən 700 dollar, döyüşə gedib gələndə 3 000 dollar, öldükdə isə 10 000 dollar verilirsə, burada ideologiyadan daha çox maliyyənin rol oynadığı ortadadır. Bu cür rəqəmlərin olduğu barədə məlumatlar eşidirik. İşsizlik, yoxsulluq radikal dindarlığa meyillənməyə gətirib çıxarır. Bunun qarşısını almaq üçün isə fundamental dövlət proqramı olmalıdır.

- Dövlət sirri haqqında konkret qanun var. Bu sirlərin yayılmaması üçün yəqin ki, çox ciddi nəzarət var...

- Bəzən, məxfi obyektdə işləyən adam bilmir nəyi deyə bilər, nəyi yox. Bu, mütləq izah edilməlidir. O tipli obyektlər DTX-nın nəzarətindədir. DTX-nın o sahəyə məsul əməliyyat işçisi gecə-gündüz həm obyektin təhlükəsizliyi, həm də informasiya təhlükəsizliyi ilə məşğul olur. Təhsil aldığım xüsusi məktəbdə bizə deyilən bir detalı sizinlə bölüşüm. Hesab edək ki, tank və yaxud raket zavodudur, axşam İvan gəlib qonşularla oturanda deyir ki, qarşıda yaxşı pulumuz olacaq, yeni bir qurğu hazırlanır. Bu, artıq informasiyadır. Qonşular bildi ki, yeni tank və yaxud raket istehsal olunacaq. İnformasiya ötürən şəxs taktika, texnika, xüsusiyətləri barədə heç nə demir. Amma adını çəkdiyiniz səlahiyyət sahibi yeni yaradılacaq silahların taktiki, texniki xüsusiyyətlərini də açıqladı. Məxfi obyektlərinin sıravi işçilərindən tutmuş rəhbərlərinə qədər hamıya izah etmək lazımdır ki, bu məlumatlar açıqlanmasın. Hansısa sıravi işçi istəmədən nəsə danışa, son detalları bilmədən məlumat verə bilər, amma nazir bilmədən danışmır. Ölkədə ən az danışan müəssisə rəhbəri müdafiə sənayesi naziri olmalıdır. Soruşulanda da "ölkənin müdafiə qabiliyyətini möhkəmlətmək istiqamətində zəruri olan işləri görürük” kəlmələri ilə kifayətlənməlidir. Biz niyə deməliyik ki, neçə istehsal sahəmiz var. Düşmən o dəqiqə düşünür ki, bu qədər istehsal sahəsində bizim gücümüz nəyə çatacaq. Bəlkə, düşmən elə bilir azdır, ya çoxdur. Mətbuat açıq informasiya mənbəyidir. Bütün informasiyalar agentlərdən alınmır. Açıq mənbələrdən informasiyalar götürülür, müqayisə edilir, təhlillər aparılır və bir arayış yazılır. Cəmiyyətdə baş verən proseslərdən tutmuş hərbi sahədə baş verən proseslərə qədər maraqlı analitik informasiya ortaya qoyulur. Bu həm də bizim informasiya təhlükəsizliyimizə səbəb olur.

- İnformasiya müharibəsi necə aparılmalıdır?

- Bu qurum səlahiyyətli bir dövlət strukturunun yanında fəaliyyət göstərsə, daha yaxşı olar. Çörçilin nəvəsinin bir müsahibəsi var idi. Deyirdi ki, Rusiya haqsız ola-ola elə informasiya müharibəsi aparır ki, insanlar deyir ki, yəqin, belə də olmalıdır. Rusiya elə təbliğat aparır ki, beynəlxalq aləm Kırımın, Donbasın həqiqətən Rusiyanın olduğuna inanır. Bir "Russia today” layihəsi ilə Qərbi şoka salıblar. Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edirsə, bu da informasiya vasitəsi ilə edilir. Hətta dezinformasiya da bugünki informasiya müharibəsinin vacib hissəsidir. Biz düşmənli ölkəyik. Qarşımızda konkret düşmən var. O, həm özünün, həm də Rusiyanın və Qərbin dünya ictimayətinə təsir edən mətbuatı vasitəsi ilə maksimum hərəkət edir. Demirəm ki, ermənilərdə hər şey əladır, amma ən azı, bizdən fərqli olaraq, daha geniş miqyasda fəaliyyət göstərirlər. İnformasiya proqramı üçün dövlətin proqramı olmalıdır. Bu proqram ingilis, rus, erməni və əlbəttə, Azərbaycan dilində konkret bir saytda və başqa saytlarda möhkəmlənməli, ona dövlətin qayğısı və nəzarəti olmalıdır. Yaranacaq qurumda peşəkarlar yerləşdirilməlidir. Keçmiş və indiki diplomatlar, xüsusi xidmət orqanlarının işçiləri, digərləri istiqamət verməli, cavan reportyorlar da yazılar yazmalıdır. Diaspor komitəsi ətrafında da bir qurum yaransa, səmərəli olar. Xarici mətbuatı öz tərəfimizə çəkməliyik.

Açıq informasiya mənbələri Azərbaycan mətbuatıdır, sosial şəbəkələrdir. Ermənistanda bu mənbələri öyrənən, hədəfdə saxlayan konkret qurum var. Bunu özləri yazmışdı. Hər həftə təhlillər aparırlar, həmin təhlillər təhlükəsizlik xidmətinin qarşısına qoyulur. Onlar da baxıb nəticələr çıxarır, müvafiq qurumları məlumatlandırır, onlar da öz növbəsində işlərini planlaşdırırlar. Bütün bunlara kompleks şəkildə yanaşmaq lazımdır.

- Yenidən Eldar Mahmudov söhbətinə qayıtsaq, son günlər keçmiş MTN şefinin sıxışdırıldığı görünür. Bunu necə izah edərdiniz?

- Məlum olur ki, Eldar Mahmudov böyük bir bankı çökdürüb. Keçmiş rabitə naziri dövlət pulundan milyonlarla paket alıb-verib. O cümlədən, vergilər naziri ilə baş verənlərə diqqət çəkək. Onların hər birindən yarıtmaz işlərin hesabı soruşulmalıdır.

- Regionda çox qəribə proseslər gedir. Üç qonşumuz – Rusiya, İran, Türkiyə rəhbərləri tez-tez görüşlər keçirir. Azərbaycan bu üçlüyün ortasında yerləşir. Bu da Bakını casus şəbəkəsi ilə qaynayan şəhərə çevirir. Bu qədər maraqların kəsişdiyi ölkədə xüsusi xidmət oraqanların da işi çətindir. Bizim xüsusi xidmət orqanları öz işinin öhdəsindən gələ bilirmi?

- İsrail dövləti yaranandan sonra Beyrut dünyanın casus şəbəkəsinin mərkəzi oldu. Bütün dünya orada idi, hamı agentura ilə görüşləri ora salırdı. Biz də elə coğrafi məkanda yerləşirik ki, dünyanın çox güclərinin maraqları burda toqquşur, ya da üst-üstə düşür. Qonşularımız Rusiyadır, İrandır, Türkiyədir. Rusiya və İrana görə burada ABŞ və İsrail var. Gürcüstanla yaxşı münasibətlərimin olduğunu deyirik. Elə bilirsiniz Gürcüstan kəşfiyyatının burada marağı yoxdur? Dünya hazırda İran və Rusiya ilə vuruşur, onlar da bizim qonşumuzdur. Üstəgəl, erməni kimi düşmənimiz var. Əsas odur ki, bu prosesdə bizim maraqlara xələl gəlməsin, casus fəaliyyəti bizə qarşı yönəlməsin.

- Xüsusi xidmət orqanları üçün MTN Akademiyası kadr yetişdirir. MTN ləğv ediləndən sora Akademiyanın fəaliyyəti hansı formadadır? Ümumiyyətlə, akademiya lazımdırmı?

- Akademiyanın fəaliyyəti barədə ciddi bir məlumatım olmasa da, hər halda DTX iki ildə müsbətə doğru addımlar atıb və yəqin ki, orada da müsbət dəyişiklik var. Ən azı, onunla razılaşmaq olar ki, Akademiyaya kursantlar artıq pulla qəbul olunmurlar. Şəxsən mən istərdim ki, Akademiyaya qəbulu Tələbə Qəbulu Komissiyasından çıxarsınlar. Bu həm də perspektiv təhlükəsizlik baxımından lazımdır. Çox ölkələrdə belədir ki, ali təhsilli adamları sonradan seçib götürürlər. Kursantları xüsusi xidmət orqanları özü seçməlidir.

- Klassika daha yaxşıdır yəni.

- Bəli, klassik forma daha yaxşıdır. Hesab edirəm ki, Akademiyada işlər yaxşılığa doğru gedir, ancaq oraya qəbulu Tələbə Qəbulu Komissiyasında çıxarmaq daha məqsədəuyğundur.
(ölkə.az)



İmza:

"Azərbaycan şairlərinin ölkəmizdə çoxlu pərəstişkarı var" - MÜSAHİBƏ

“Prezidentə dedi ki, Ramiz Mehdiyevlə Əli Həsənov mətbuatda məndən yazdırır” - Siyavuş Novruzov

102 illik şərəf salnaməsi

Rasim Müzəffərli: “Pandemiya “Vətən” anlayışını gücləndirir”

Qorxsam da, geri çəkilmədim - MÜSAHİBƏ

“Mavi boyalı ev”-xoşbəxtliyin, ümidin rəngidi - MÜSAHİBƏ

Aqil Abbas: "İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…" - MÜSAHİBƏ

"Arzum işğal olunmuş rayonlarımızda müəllimlik etməkdir" - MÜSAHİBƏ

"Arxiv sənədlərini almaq üçün bankdan kredit götürdüm" - MÜSAHİBƏ

Oqtay Qasımovdan Sülhəddin Əkbərə sərt cavab

“SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR...” - Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar

“HƏBS EDİLƏNLƏR SONRADAN YAP-a QOŞULANLARDIR...” - “Partiyamızda da islahatlar olmalıdır”

SON XƏBƏRLƏR
2020-07-07
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK