ANA SƏHİFƏ / YAZARLAR

Xalid KAZIMLI: Mənzil və niyyət məsələsi

17791    |   2017-07-19 17:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosial şəbəkələrdə dövlətdən mənzil hədiyyəsi alan jurnalistləri kütləvi şəkildə təhqir edirlər. Çox böyük bir hazırcavablıq göstəricisiymiş kimi, çoxunun da dilində bir söz var: "zurnalist”. Ev alan jurnalistləri belə adlandırırlar.

Əslində, bu, incəsənətin həmin növüylə məşğul olan, yəni tütək, qaboy, klarnet, ney kimi nəfəsli musiqi alətlərinin virtuoz ifaçıları üçün də təhqirdir. Elə çıxır ki, onlar çox aşağı, ələ salınası bir işlə məğuldurlar, peşələri o qədər aşağılıq etalonudur ki, bu etalonla başqalarını da təhqir etmək olar.

Nədir o ev alan jurnalistləri günahı? İllərlə kirayədə, darısqal evlərdə, şəhər mərkəzindən 30-40 km uzaqda yaşamalarımı? Həmişə imkansız olmalarımı?

İndi dövlət öz vətəndaşlarının kasıb təbəqəsinə aid olan bu istedadlı qələm adamlarına kömək edirsə, burda nə böyük faciə var? Jurnalistlərə hədiyyə edilən mənzillər dövlətin ümumi varidatının mehdə yayılan fəvvarə çiskini boydakı damlası qədərdir.

Nə olacaq ki, o çiskinin bir damlası da kasıbların üzünə sıçrasın. Milyardları dartıb-dağıdan, hazırda məhkəmə qarşısında cavab verən MTN generallarının, idarə rəislərinin qanunsuz topladıqları sərvət bu qədər müzakirə olunmur heç.

Bu adamlar o mənzilləri kimdən alır?

Düşmən Ermənistan dövlətindənmi? Xeyr. Rusiya Federasiyasındanmı? Xeyr. Bəlkə qardaş Türkiyə Cümhuriyyətindən? Yenə xeyr. İrandanmı? Xeyr. İsraildənmi, ABŞ-danmı, İngiltərədənmi, Almaniyadanmı? Xeyr.

Bəlkə jurnalistlərə bu evləri qrant təşkilatları, Soros fondu, Fridrix Naumann fondu, yaxud adlarını bilmədiyimiz, amma sayı onlarla olan və Azərbaycandakı yüzlərlə QHT-ni maliyyələşdirən xarici fondlar verir? Heç biri vermir.

Jurnalistlər bu mənzilləri ÖZ dövlətlərindən alırlar. Öz dövlətlərindən.

Bu, o dövlətdir ki, indiki veteran jurnalistlərin çoxu onun qurulması üçün hərəkatçı kimi meydanda yatıblar, üçrəngli bayrağımızı hələ müstəqilliyin bərpasından 3 il əvvəl qaldırıblar, son 70 ildə loqosunda "Bütün ölkələrin proletarlar, birləşin” şüarı olmayan ilk müstəqil qəzetlərdə müftə-müsəlləm çalışıblar, hər zaman dövlətçiliyin keşiyində durublar, yorulmadan, usanmadan, xalqın, millətin mənafeyini müdafiə ediblər, hər əziyyətə qatlaşıblar, ölkədə demokratiyanın bərqərar olunması yolunda həyatlarını veriblər.

Bunlar o adamlardır ki, gəncliklərinin 28 ilini bu yolda xərcləyiblər, varidat toplamayıblar, sərvət dalınca düşməyiblər, əldə etdikləri yeganə qazanc vətənə ali təhsilli, yüksək ixtisaslı vətənpərvər gənclər yetişdirmək olub.

Onlar bir də ayılıblar ki, ömür gedib, amma ortada bir şey yoxdur. İndi 40 ildən sonra dövlət onların mənzil şəraitini yaxşılaşdırmaq istəyirsə, bu, onların ana südü kimi halallarıdır. Bunu onlara niyə çox görürlər ki?

Deyirlər, hakimiyyətdən mənzil alan jurnalistlər sonradan tənqid yaza bilməyəcəklər. Heç yazmasınlar. İndiyədək yazdıqları kifayət deyilmi?

Birincisi, ev alan jurnalistlərin yarıdan çoxu onsuz da tənqidçi jurnalistlər kateqoriyasından deyillər. İkincisi, vicdanlı yazar hər zaman sözünü bu və ya digər şəkildə deyəcək. Üçüncüsü, tənqidçi jurnalistlərə mənzil hədiyyə edən hakimiyyət komandası tənqidi fikirlərə məhəl qoysaydı, heç birinə bir çöp də hədiyyə etməzdi.

Keçən dəfə ev alan tənqidçi jurnalistlərin bir xeylisi sonradan nə hakim partiyaya, nə də dövlət rəhbərliyinə mədhiyyə yazmadılar və bunu onlardan tələb edən olmadı.

Jurnalistləri "zurnalist” adlandıranların bir çoxu adlarını yuxarıda çəkdiyim dövlətlərdən və fondlardan bu və ya digər şəkildə maliyyə yardımı alanlar və onun hesabına özlərinə villa tikdirən, bahalı avtomobil alıb sürənlərdir.

Belə çıxır ki, xaricdən ətək-ətək pul alıb xərcləyəndə bu, satılmaq olmur, amma adam bayrağını sevə-sevə qaldırdığı dövlətin büdcəsinin puluyla tikilmiş evdən mənzil alanda satılmış olur. Belə məntiq varmı?

Bu dövlət hamımızındır. Ölkənin hər bir şəxsinin onun varidatından istifadə etmək, özünə gün-güzəran qurmaq haqqı var. Şükür ki, bu güzəran oğurluq pullarla, gizli verilən ənamlarla qurulmur.

Hər nə olur-olsun, kimisə öz dövlətindən, onun başçısından mükafat aldığına görə təhqir etmək olmaz.

Üstəlik, bunu zaman-zaman odioz oliqarxların tərəfini tutan adamlar edəndə lap absurd görünür.

P.S. Bu yazı mənzil alacaq jurnalistlərin siyahısı açqlanmazdan əvvəl yazılıb.

P.P.S. Ev alan jurnalistləri təbrik edir, ev siyahılarını tutarkən obyektiv olan baş redaktorları və mənzilləri bölərkən ayrı-seçkilik etməyən rəhbərlərə təşəkkürlərimi bildirirəm.




İmza:musavat.com

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK