ANA SƏHİFƏ / YAZARLAR

Çətin adamla asan müsahibə

15593    |   2017-02-24 19:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dərdini kitab edən 60 yaşlı Sabir Sarvan: "Şeir yazmaqla qəlbimdən yük atıram”

Sabir Sarvan ədəbiyyata ötən əsrin 80-ci illərində gələn, elə o vaxtdan yaradıcılığı maraqla izlənilən şairlərdəndir. Qələm dostu və sirdaşı Əjdər Ol demişkən, az yazsa da, ölçüb-biçən, poeziyaya ciddi yanaşan qələm adamlarındandı.

Şairin digər dostu, ədəbiyyatşünas alim İlham Abbasovun fikrincə isə Sabir Sarvanın şeirləri də özünə oxşayır - zahirən sadə, anlaşıqlı görünsə də, dərinliyinə varanda başa düşürsən ki, hər şey göründüyündən daha mürəkkəbdi, məğzini, mahiyyətini anlamaq heç də asan deyil.

60 illiyi ilə əlaqədar şairin doğulduğu Ağsuda, yaşadığı Sumqayıtda, kitabları nəşr olunduğu Bakıda tədbirlər, görüşlər keçirilir. Bu dəfə sıra "Ədalət” qəzetinə çatdı. Qəzetimizin səhifəsində Sabir Sarvana yubiley mərasimi qurduq.

- Deyirlər ki, heç kim ədəbiyyata xoşbəxtlikdən gəlmir... Sabir Sarvan da istisna deyil yəqin...

- Əgər yer üzündə xoşbəxtlik doğrudan da varsa, ədəbiyyat heç vaxt onun meydanı olmayıb. Bu mənada, bu meydanda Sabir Sarvan da istisna deyil. Amma paradoks ondadır ki, mən ilk şeirimi xoşbəxtlikdən yazmışam və o xoşbəxtliyin dadını hələ də unutmamışam. Orta məktəbin 7-ci sinfində oxuyanda bir qıza vurulmuşdum. İllər keçəndən sonra başa düşdüm ki, bu vurğunluq dövrün ən xoşbəxt günləri imiş. Və o xoşbəxt günlərdə yazdığım ilk şeirin aşağıdakı misraları hələ də yadımdadır:

Küsüşdük, barışdıq gözlərimizlə,

Qaynadıq, qarışdıq gözlərimizlə,

Bir dastan danışdıq gözlərimizlə,

gözlər də danışarmış.

- Dərdini kitab edən Sabir Sarvanın əsas məqsədi nədir - oxucularının sayını artırmaq, yoxsa dərdlərini azaltmaq?

- Başqa yazı-pozu adamlarını bilmirəm, mən məqsədsiz-filansız yazıram. Sadəcə, qəlbimdən yük atıram. Belə məqamlarda məqsəd-filan olmur, ürəyini boşaldırsan, yüngülləşirsən, vəssalam. Oxucuların sayını artırmaq məsələsinə gəldikdə isə təbii ki, hər bir şair istəyər oxucusu çox olsun, şeirləri dildən-dilə düşsün. Amma bir çox hallarda belə olur ki, sən peşəkarlaşdıqca, səviyyən yüksəldikcə ətrafın və oxucuların seyrəlir. Bilirsən bu nəyə oxşayır?

- Yox, bilmirəm, şair...

- Elə bil sən hündürə qalxırsan və qalxdıqca, ətrafın yavaş-yavaş, mərhələ- mərhələ aşağıda qalır. Məsələn, indi Əli Kərimi yox, ədəbiyyata dəxli olmayan bir çox cızma-qaraçıları cani-dildən təbliğ edirlər. Və bunu ürəkdən, səmimi şəkildə edirlər. Çünki səviyyələri budur. Əli Kərimi və başqa bu kimi şairlərimizi gerçəkdən anlamaq üçün ilk növbədə hökmən səviyyə lazımdır.

- Dostlarınız sizi çətin adam kimi xarakterizə edirlər. Bu xarakterlə sözlə yola getmək çətin deyil ki?

- Sənin də yaxşı tanıdığın dostlarım düz deyirlər, mən çətin adamam. Sonda deyiləsi sözü əvvəldə deyirəm. Çünki yalanı sevmirəm, nəinki sevmirəm, yalana nifrət edirəm. Bu da bir çoxlarını incidir. Amma mən xasiyyətdə olan adamlar insanlarla ünsiyyətdə çətinlik çəksələr də, sözün qəlbinə girməyi, sözü qılıqlamağı bacarırlar, bütün ömürləri boyu sözün nazıyla oynayır, sözlərinin ağası, sözün qulu olurlar:

...Üyüdürəm dən kimi

Kəlmə-kəlmə "un” alım.

Canımın ağrısıdı,

Sözün ağrısın alım.

Tanrım, SÖZ dəlisiyəm,

Məskənimi çöl elə,

Məni bir də yaratsan,

Yenə SÖZƏ qul elə.

- Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyəndiyi imzaların sırasında sizin də adınızı çəkib. Bu, yəqin ki, təkcə qohumluq əlaqələri ilə bağlı deyil...

- Gəl, əvvəlcə bir düzəliş edək. Səlim Müslümov deyib ki, Sabir Sarvanın yazdıqları ruhən ona daha yaxındır. Etiraf et ki, bəyəndiyi imzaların sırasında ad çəkməklə bunun xeyli fərqi var.

- Etiraf edirəm...

- Qohumluq məsələsinə gəldikdə isə bizim Ağsu rayonunun Pirhəsənli kəndində hamı bir-biri ilə qohumdur, biz az yaxını, uzağı var. Zaman- zaman qız veriblər, qız alıblar, qaynayıb-qarışıblar. Amma Səlim müəllimlə məni bir-birimizə qohumluq əlaqələri yox, təmənnasız dostluq telləri bağlayır. O, bir gözəl misradan, bir gözəl sənət əsərindən bihuş olacaq qədər həssas insandır. Sənəti, ədəbiyyatı duyur, bilir və sevir. Görünür yazdıqlarımda nəsə onu tutub, yoxsa mənim yaxşı tanıdığım Səlim Müslümov nə dostluğa, nə də qohumluğa görə boğazdan yuxarı söz deməz.

- Yazıçılar Birliyinin Sumqayıt bölməsini sizin övladınız sayırlar. Bu arada "övladınız” böyüyüb 20 yaşına çatdı...

- İnan ki, 20 ilin necə gəlib keçdiyini heç hiss eləmədim. Bölməni qurub- yaratmaq, maliyyə məsələlərini həll etmək, yerlə, təchizatla təmin etmək və sair və ilaxır işlər başımı qatdı. Düz deyirsən, bu elə övlad böyüdüb araya- ərsəyə gətirmək kimi bir işdir. Amma bu "övladın” barı-bəhəri də az olmayıb. Keçirilən saysız-hesabsız tədbirləri, görüşləri sadalayıb səni və oxucuları yormaq istəmirəm. İkicə faktı qeyd edim, Sumqayıt bölməsi yaranmamışdan Azərbaycan Yazıçılar Birliyinin şəhərdə təxminən 8-10 üzvü var idi, indi isə üzvlərimizin sayı 80 nəfərdən çoxdur. Bölmə tərəfindən nə az, nə çox, düz 34 kitab nəşr edilib. Məncə, bu rəqəmlər fəaliyyətimiz haqqında nəsə deyir.

- Şair Sabir Sarvanın 60 yaşı tamam oldu. Bəs bir vaxtlar aktyor kimi çalışan Sabir Məlikov indi neçə yaşındadı?

- İxtisasca aktyor olmağıma işarə ilə bir vaxtları yaxşı dedin, amma səhnədən uzaqlaşmaq hələ bu sənətlə vidalaşmaq demək deyil. Məsələn, indi də bir tamaşaya, yaxud bir filmə baxarkən oradakı hansısa aktyorun oyunu xoşuma gəlməyəndə mən bunu necə edərdim? - deyib, qapını arxadan bağlayıb aynanın önünə keçirəm. Belə vaxtlarda mənim "monotamaşam” başlayır. Səhnə aynanın qabağı, aktyor və tamaşaçı özüm oluram. Hətta şeirlərimdə də birdən özümdən asılı olmadan bu sənətə aid sözlər işlədirəm. Bütün bunları nəzərə alsaq, şair Sabir Sarvanın yaşı ilə aktyor Sabir Məlikovun yaşı elə eyni olar məncə.

- Yaşın 60-cı mərtəbəsindən irəli baxanda nə görünür?

- İlk növbədə hər kəsə, o cümlədən sənə arzu edirəm ki, 60-ın, 70-in, 80-in, 90-ın "mərtəbələrini” bir-bir fəth edəsən. Kim hansı "mərtəbədən” hara baxacaq, onu deyə bilmərəm, mən yaşın altmışıncı "mərtəbəsindən” irəli yox, geri baxıram. Çünki:

Qarşıda

Heç nə gözə dəymir,

Gözləmir bizi

nə bir ümid közərtisi,

nə bir möcüzə

Güzgülərdə gəzirik gəncliyimizi,

Güzgülər

özgələri göstərir bizə.

Geriyə daha çox ona görə baxıram ki, həm geridə çox şey qoyub gəlmişəm, həm də səhvlərimi, günahlarımı düzəltmək üçün bir daha ora qayıtmaq imkanım yoxdur. Adam ağrıyan yerinə baxar. Vaxtında zamanı düzgün dəyərləndirməmişəm. Mən etmək istədiyinin yüzdə birini belə eləyə bilməyən adamlardanam:

Qocalıq gözümə zülmət çökdürür,

Yükü karvan-karvan daşınmazmola?

Ah, necə fürsətlər çıxdı əlimdən

Təzədən bu ömür yaşanmazmola?


ETİBAR CƏBRAYILOĞLU

ÇIXARIŞ:

"Adam ağrıyan yerinə baxar”

"Mənim "monotamaşam başlayanda səhnə aynanın qabağı, aktyor və tamaşaçı özüm oluram”






İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK