adalet.az header logo
  • Bakı 21°C

UTANCAQ

VƏSİLƏ USUBOVA
47486 | 2008-03-08 02:47
...Avtobus birdən tərpəndi. Pəncərə qabağında oturmuş qızın kürəyinə tökülmüş xurmayı saçları ləpələndi. Avtobusa güclə çatıb təngnəfəs özünə yer eləyən oğlan yıxılmamaq üçün qollarını yana açdı, tutacaqdan yapışmaq istədi.Ancaq əlləri boş deyildi. Bir təhər özünü saxladı.Avtobus sağa-sola şütüyür, atıb-tuturdu. Yaxşı ki, adamlar gah onun qolundan, gah da kürəyindən tutur, dirsəkləri, çiyinləri ilə yıxılmağa qoymurdular.İstidənmi, utandığındanmı, əlləri yaman tərləmişdi... Pəncərə qabağında oturmuş qız arxayın-arxayın küçələri, adamları seyr edirdi. Kürəyində xurmayı saçları bərq vururdu. Oğlana elə gəldi ki, qızın saçlarında parıldaşan, oynaşan günəş şüaları deyil, ona zillənən baxışların alovudur. Əgər o, tərli əlləriynən bu səçlara bir dəfə sığal çəksə... Birdən... qız başını döndərdi... Gözləri də saçları rəngindəydi, parıldayırdı. "Bir gör ürəyindən nə keçir... Heç utanmırsan?" Oğlanın ürəyi düşdü. İnandı ki, qız ürəyindən keçənləri başa düşüb. İndicə... Qızın dodağı qaçdı. Gözlərinin, sifətinin parıltısı daha da artdı. Əlini bürmələnmiş çertyoj kağızlarına uzatdı.
   
   - Verin, saxlayım,- dedi.
   
   - Sağ olun, ağır deyil.
   
   - Nə olsun ağır olmayanda, axı, ayaq üstə dura bilmirsiz.
   
   Kağızı alıb sumkasının yanına-dizinin üstünə qoydu. Yenə də pəncərədən baxmağa başladı... Elə bil avtobusun ağır, boğucu havası ətirnən dolmuşdu.O baxışın, o saçların, o təbəssümün ətriynən. Daha heç kəs onu dürtmələmir,sıxışdırmırdı. Əslinə qalsa, daha belə şeyləri hiss edəcək halda da deyildi. Hər gün avtobusla on beş dəqiqəlik yol ona elə uzun görünərdi ki,.. Bu günsə... Nə tez çatdı?! Bu da işlədiyi idarə...
   
   İşdən qayıdanda yenə də rastlaşdılar. Qız həmin yerdə oturmuşdu Yenə də pəncərədən payız dumanına bürünmüş şəhərə baxırdı. Yenə də başını döndərib onu gördü, gülümsədi... və çertyojları alıb dizinin üstünə qoydu...
   
   Görüşləri adət şəklini aldı. Dayanacaqda gözləyirdi, qızı görməyincə avtobusa minmirdi. Külək də əssə, sazaq da kəssə gözləyirdi.Ayağının birini götürüb, birini qoyurdu, acınnan ürəyi gedirdi, amma qız olmayan avtobusa minmirdi... Avtobus gəlirdi, o da ayaqları əsə-əsə, ürəyi çırpına-çırpına minirdi. Elə bil ki, qızı görəndə ixtiyarını əlinnən alırdılar, dili-dodağı sözünə baxmırdı. Əvvəllər, heç olmasa, salam verir, arabir üzünə baxırdı. Günlər keçdikcə bunu da bacarmadıg İşdən qayıdanda daha yaxşı olurdu...
   
   Qış girmişdi,hava tez qaralırdı. Bayır qaranlıq olanda qızın əksi pəncərəyə düşürdü və oğlan da gözlərini o şüşədən çəkmirdi. Günlər ötürdü. Əslində ondan ötrü dünya bir dayanacaq idi və bu dayanacağa da cəmi bir avtobus gəlirdi. Bu avtobusda bir pəncərə şüşəsi vardı, bu şüşədə də bir cüt qonur göz həkk olunmuşdu... Daha qız onu görəndə başını döndərmirdi, bilirdi ki, salam verməyəcək. Elə bil küsmüşdü... Oğlanın sanki bədənində qanı dondu. "Bəlkə hər axşam onunla bir avtobusda getdiyimi də hiss eləmir"... Birdən şüşədəki gözlər ona çevrildi. "İlahi! Deyəsən, axı, dünyada tale deyilən şey var". Ətrafı bürümüş qaranlıq da, adamlar da, bu günədək qəlbində ona əzab verən, min cür xəyallara salan duyğular da harasa uzaqlara uçub getdi. Bir döyüntüsü çaşmış ürəyi qaldı, bir də o gözlər.
   
   - Axşamın xeyir!
   
   -Xoş gördük.
   
   - Pəncərədən baxmaqdan xoşun gəlir?
   
   -Niyə soruşursan?
   
   - Hər axşam bu avtobusnan işdən qayıdıram, sən də həmişə...
   
   - Mən həmişə səni görürəm...
   
   - Bəs, niyə bir dəfə də olsun dönüb baxmırsan?
   
   - Pəncərə şüşəsində səni görürəm.
   
   - Elə yox, düz üzümə bax.
   
   - Qorxuram.
   
   - Nədən?
   
   - Qorxuram gözlərim sirrimi açar.
   
   - Qoy açsın! Kimnən qorxursan?
   
   - Sənnən.
   
   - Mənnən? Mən ki...
   
   - Bəs, niyə mənə salam vermirsən
   
   - Bacarmıram.
   
   - Mən də elə bundan qorxuram, sənin "bacarmıram"ından.
   
   - Tanışlığımız neçə ay olar?
   
   - Onda payızdıg... İndisə qış qurtarır.
   
   - Deməli, beş aydır...
   
   - Cəmi beş ay? Mən ki, səni lap uşaqlıqdan tanıyıram.
   
   - Sənə elə gəlir.
   
   - Yadındadı, bir yerdə oynayardıq... Mən sənin saçlarını dartardım.
   
   - Bu nağıldı... Həm şirin, həm də acı bir nağıl.
   
   Qız qalxıb avtobusdan düşdü. Ayağı altında qarı xırıldada-xırıldada getdi...
   
   Bir həftə keçdi. Qızın addımlarından qopan o xırıltı oğlanın qulaqlarından getmirdi. Havalar günəşli keçsə də, qar ərisə də həmin xırıltı kəsilmək bilmirdi ki, bilmirdi.Günlərin birindəgYenə də özünü tərpənməkdə olan avtobusa güclə çatdırdı... Qız həmişəki yerində oturmuşdu.Yanında sarışın saçlarını xeyli uzadıb çiyinlərinə tökmüş yaraşıqlı bir oğlan da vardı.Oğlan qızın sağ əlini ovcunda tutmuşdu.Qız onun yaxınlıqda dayandığını hiss edib döndü, əlini sarışın oğlanın əlindən çəkib çertyoj kağızlarına uzatdı:
   
   - Verin saxlayım,-dedi.
   
   Gözlərini ondan çəkmədən susurdu. Qızın sifətindən zərif bir kölgə keçdi, zorla gülümsəyib soruşdu:
   
   - Ağır deyil?
   
   Oğlan sarışın saçların sahibinə baxdı.
   
   - Ağırdı,-dedi.
   
   Qız köksünü ötürüb üzünü pəncərəyə çevirdi. Xurmayı telləri yenə də ləpələndi, parıldadı. Elə bil bu saçlar da sahibinin ürəyi kimi od tutub yanacaqdı...
   
   

TƏQVİM / ARXİV