adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Fevral 2021 16:27
22125
MƏMLƏKƏT
A- A+

ŞƏHİD AİLƏLƏRİ DAİM DİQQƏT MƏRKƏZİNDƏ OLACAQ

Azərbaycan Respublikası Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımız erməni terrorçularından azad edildikdən sonra ölkəmizdə quruculuq işləri davam etdirilir. İşğal nəticəsində dağıdılmış ərazilərin bərpa-quruculuq işlərinə başlanması ilə yanaşı, torpaqlarımızın azad olunması zamanı şəhid olan və yaralanaraq əlil olan qəhrəman əsgərlərimizin ailə üzvlərinin qayğısı da ölkə başçımızın daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.

Bu kompleksdə 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Açılış zamanı şəhid ailələri və müharibə əlilləri ilə görüşən prezident İlham Əliyev çıxışında bildirdi ki, “Bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksi istifadəyə verilir. Bu münasibətlə sizi təbrik edirəm. Burada otuz bina inşa edilib. Binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib, mənzillər də çox genişdir, işıqlıdır. Uşaq bağçası, 1200 nəfərlik məktəb inşa edilir. Yəni yaşayış üçün bütün imkanlar var və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib".

Şəhid ailələri və müharibə əlillərinə qayğı hər bir istiqamətdə cənab prezidentin diqqət mərkəzindədir. Şağan qəsəbəsindəki reabilitasiya mərkəzi əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Bu mərkəzdə minlərlə qazi müalicə alacaq, sağlamlığını bərpa edəcək. Eyni zamanda müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş olunub. Ayağını itirmiş qazilərimizin bir çoxu protezlərlə təmin olunub və onlar artıq normal həyata dönə biliblər. Bu kateqoriyadan olan insanlara göstərilən qayğıdan danışan ölkə başçısı, Azərbaycanın bu sahədə dünyada ən qabaqcıl yerlərdə olduğunu bildirdi: “Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib. Onu da bildirməliyəm ki, Ermənistan ordusunda da itkilər olub və İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumatlara görə, təqribən 6-7 min işğalçı məhv edilib. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir... Bizim bu sahədəki siyasətimiz birmənalıdır".

Həqiqətən də, erməni KİV-lərinin və saytlarının, sosial şəbəkə istifadəçilərinin məlumatlarında, nəinki Ermənistan dövləti tərəfindən heç bir qayğı göstərilmədiyinin, hətta öldürülmüş və ya itkin düşmüş erməni əsgərlərinin tapılıb ailələrinə təhvil veriməsi istiqamətində heç bir iş görülmədiyinin şahidi oluruq. Minlərlə ölmüş və itkin düşmüş ailə üzvlərinin müxtəlif aidiyyatı nazirliklər qarşısında toplaşaraq imdad gözləməsini müşahidə edirik. Hətta ölkə rəhbərliyinin bu ailələrə biganəliyi üzündən onların bəziləri rusiyalı reportyorlara verdikləri müsahibələrdə - artıq ümidlərini köməklik üçün yalnız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etməyə bağladıqlarını bildirirlər.

Müharibə itkisiz olmur. Ulu öndər və onun varisi cənab İlham Əliyev 30 ilə yaxın sürən işğal dövründə dəfələrlə məsələnin müharibə yolu ilə deyil, siyasi danışıqlar yolu ilə həllinə çalışsa da, qarşı tərəf hər dəfə bir bəhanə ilə məsələnin danışıqlar yolu ilə həll olunmasına mane olurdu.

 

Rüstəm Hacıyev