SON DƏQİQƏ:

"Meyxana bizə cəmiyyətin savadsızlığından, boşluğundan soxuşdurulan bir şeydir" - MÜSAHİBƏ

  104589   |  
Şriftin ölçüsü  

Abşeron qrupunun üzvü Şəhriyar Məhərrəmov Adalet.az-a müsahibə verib.

- Şəhriyar, bir ildir ki, toy yoxdur, özün də müğənnisən. Nə ilə dolanırsan, necə gedir pandemik həyat? Yəqin ki, böyük təsir etməmiş olmaz..

- Düzdür, toylar yoxdur. Axırıncı dəfə toyda 2020-ci il martın 15- i oxumuşam, ondan bəri də bəlli məsələ. Amma heç bir əks təsiri olmayıb. Yəni, maddi baxımdan. Mənim başqa gəlir yerim də var. Biznes də deyə bilərik. Hətta əksinə, indi daha çox artıb. Bu işlə toylara görə çox məşğul ola bilmirdim. Amma mənəvi çətinlik, sıxlıq var təbii ki..

- Mənəvi sıxlıq dedikdə, toylar üçün darıxırsan? Həm də deyirsən, əksinə, indi daha çoxdur. Elə isə toylar başlayanda qayıtmamaq da olar, hə? Yoxsa bu da elə mənəvi aclıqdır?

- Yox, açığı. Mənəvi o idi ki, bu il çox planlarım var idi. Xaricə getməli idim. Maska bezdirir, idman edə bilmirəm. Restoranlar bəlli məsələ. Gah açılır, gah bağlanır. Dost-tanış ürəyin istəyir.. Nələr-nələr. Ağır keçdi. Sonra da müharibə başladı. Acı yaşadıq nə qədər. Müharibədə iştirak edən fiziki yara alır, biz də mənəvi. Hər gün nə qədər neqativ məlumatlar, insan ölümləri. Bəlkə də emosional insanam deyə belədir. Şəxsən mənə çox pis təsir elədi. Hər gün videolar görürük. Şəhidlərin son videoları, məktubları, şəhid ailələrinin ağrı əzabı və.s. Mən bunlara görə çox əzab çəkdim. Həmişə demişəm, müharibə əxlaqsızlıqdır. İlk gündən sülh tərəfdarı idim. Amma neyləmək olar ki, oldu, məndən asılı deyil. Tramva yaşadıq..

- Musiqi sahəsində bəs? Bu qədər musiqisiz qalmaq uzaqlaşdıracaqmı sənətdən? Səni "Abşeron" qrupundan tanıyırıq. Nə düşünürsən bundan sonrakı  musiqi fəaliyyətin haqqında. Davam, ya tamam?

- Musiqisiz qalmıram. Ən azı dinləyirəm. Amma oxumuram artıq uzun müddətdir. Necə ki, bir il idman eləməsən bədən yatır, eləcə də səs. İndi bu da öz təsirini göstərəcək. Amma toylar və işlər başlamağa bir ay qalmış məşq edəcəyik, düşünürəm ki, böyük çətinlik olmayacaq. Bir sözlə, davam.

 

"Qadınlar bütün ən gözəl geyimləri, zinət əşyalarını harda göstərir?"

 

- Şəhriyar, "Abşeron" qrupunda ifa etdiyiniz mahnılar çoxları tərəfindən ciddi qəbul olunur. Maraqlıdır, özün də daim bayağı mahnıları tənqid edirsən. Amma toyda sifariş olanda necə, heç olur ki, burda ciddi musiqidən danışıb, toyda "Can-cana" oxuyasan? Ümumiyyətlə, bayağı bilinən digər toy mahnılarını da..

-Bilirsən, Orxan, mən həmişə demişəm, toy Azərbaycan xalqının milli mənəvi dəyəridir. Bu gün hamımız toydakı israfçılıqdan danışırıq. Bəyəm, bu, bugünün işidir? Bu adamlar dastan zad oxumayıb? Bizim xalqımızdır da. Gedib, 7 gecə, 7 gün, 40 gün məclis olub. Yəni, bugünki məsələ tarixi genefondumuzdur. Məişətimizə, xarakterinizə hopub. Müəyyən istisnalar çıxmaq şərti ilə bu həmişə belə olacaq. Çünki konrket olaraq bu xalq olaraq əsrlərdən süzülüb gələn ənənədir. Amma mən özüm də bunu bəyənmirəm, açığı. Nə edə bilərəm? İşin ikinci tərəfi. Toy Azərbaycan insanının istirahət yeri, əyləncəsidir. Xüsusən Azərbaycan qadınının. Etiraf edək, kişilər dominatdır. Patriarxal cəmiyyətik. Əksərən qadınlar işləmir, işləyən də işə gedir, evə gəlir. İşdən çıxma vaxtı da sıxma boğma olur. O, deyə bilərmi işdən çıxıb oturmuşam rəfiqəmlə? Yenə deyirəm, müəyyən istisnaları çıxmaqla. Məsələn, mənim olduğum Kürdəmir. Orda qadınların oturmağa kafesi belə yoxdur. İndi bu qadın neyləməlidir? Əyləncəni toyda görür. Yeganə yer buradır. Qadınlar bütün ən gözəl geyimləri, zinət əşyalarını harda göstərir? Toyda. Çünki başqa yeri yoxdur, başqa əyləncə yoxdur axı. Puba, kafeyə gedə bilmir. Toyda da ona görə 6 saat oynuyur. Bəzən bunu da lağa qoyurlar. Niyə? Bu insanın çıxış yolu budur axı. O insan toyda can-cana istəyəcək də. İçindəki yığılıb qalan hər şeyi boşaltmaq üçün nə gəldi oynayacaq. Məni toy sahibi çağırır, toy sahibinin istəyi ilə gəlirəm, pulu o verir. O deyirsə, bunu istəyirəm, onu istəyirəm, istək nəzərə alınır. Bu dövlət tədbiri deyil, müqavilə bağlamırıq. Toydu da. Oxumuşam bayağı mahnılar. Oxuyaram da. Amma bu, toyda bayağılıq deyil. İnsandır da, oynamaq istəyir. Burda nə var ki. Bəzi müğənnilər deyir, bütün toy ciddi mahnılar olmalıdır. Olmur axı. Opera konserti deyil axı bura. Ciddi mahnı da oxuyuram. O qədər şey oxuya bilərəm ki. Amma bütün toyu ciddi mahnı oxusan olmur. Amma bəzən elə toylar da olur. Kontingentə baxır. mən doğulduğum Kürdəmirin Yenikənd kəndində ciddi əsər oxusam, deyəcəklər, bala Nərgiz oxu, qara zurnada heyva gülü oxu və.s. Məsələn, Şimal zonası ləzginka ritmlərinə üstünlük verir, Cənub İran ritmlərinə, Yerazlar yallı üstündə, qara zurna havaları. Bunlar həm də ənənədir, folklordur. Mənim tənqid etdiyim məsələ insanların ümumi zövqüdür. Toy tamam başqa bir şeydir.

 

"Bayağı da yox e, çox iyrənc bir tərzlərə çevirdilər"

 

- Deyirsən ki, bütün bunlar folklordur, adət-ənənədir, dəyişmək çətindir və.s Bəs, onda meyxana deyənləri niyə sərt şəkildə tənqid edirsən? Toyda da meyxana deyilir. Bunu da istəyirlər axı. Həmin o cəmiyyətdir, adət-ənənəyə bağlı kütlədir də. Haqqları yoxdurmu? Varsa, niyə bu sənətin yerli-dibli yox olmasını istəyirsən?

- Bəli. Mən həmişə bunu demişəm. Meyxana bizim folklor deyil. Yaxşı araşdırsın belə deyənlər. Meyxana son 50 ildə, Sovetdən bəri yaranan bir küçə sənətidir. Heç sənət də demək olmaz. Kimsə deyə bilər ki, Nəsimidə meyxana zad deyib, amma xeyir, o, meyxana deyil, tamam başqa bir şeydir. Biri var, bunu Əliağa Vahid, Ağasəlim və digərləri şəklində davam etdirmək olardı. İndiki kimi yox. Bunu sənətə çevirmədilər axı. Bunu sözdən çıxardıb elədilər mərsiyyə fason İran ağlaşması. Bayağı da yox e, çox iyrənc bir tərzlərə çevirdilər. Bu, qəbul olunmazdır.  Deməyim odur ki, meyxana bizə son illərdə cəmiyyətin savadsızlığından, boşluğundan soxuşdurulan bir şeydir.

- Konkret olaraq deyirsən ki, meyxana bizə heç nə qazandıra bilməz, bunu birdəfəlik kəsib atmaq lazımdı? Kim istəyir istəsin, zövqü necə olur olsun, qəbul etməyək? Səncə, bu daha da radikal mövqe deyilmi? Milyonlarla insan meyxana dinləyir. Hamısı zövqsüzdürmü? Həm də, müasir meyxanada da kifayət qədər adını sadaladığın sənətkarların davamçıları var, ciddi sözlər deyə bilirlər. Məsələn, musiqili bayağı meyxanalardan uzaq...

- Yox, kəsib atmayaq, amma onu əsl söz yarışması olaraq inkişaf elətdirə bilsək, əla olardı. Biz meyxananın üslubunu dəyişdik. Yəni, müasir meyxana deyənlər. Elədilər nə? Dilənçilik. Gəldilər 5 nəfər toya, söz deyişməsi qaldı kənarda, getdilər bəyin əmisinin adı, dayısının adı və.s yığdılar, bir-bir başladılar onların şəninə söz deyib pul yığmağa. Bu, sənət deyil axı. Dilənçilik deyilmi bu? Ya da yığıldılar palatkaya, iyrənc şəkildə narkotika, içki, başladılar heç bir faydası, təsiri olmayan cümlələri, söz yığınları deməyə. Deyirlər, baxırsan, mahiyyət yoxdu. Qafiyə uyğun gəlsin, onunla da bitdi. Bu da oldu meyxana.

 

"Bizdə yaxşıya az, pisə çox baxırlar"

 

- Bəs, təklifin nədir? Ümumi olaraq musiqini necə inkişaf elətdirə bilərik?

- Musiqi nəinki hansısa cəmiyyətdə, ucqar adada da inkişaf etdirmək olar. İnsanı apar qoy idmançıların kruquna, bir neçə aya o da başlayacaq. Maraq oyanacaq. Ya da kitab oxuyanların. Bir müddət sonra başlayacaq. Musiqi də belə bir şeydir. Sən xalqa bütün günü axmaq-axmaq musiqi dinlədəndə əlbəttə belə olacaq. Birinci televizordan başlamaq lazımdır. Baxırsan, 4 meyxana deyən paçasını aralayıb meyxana deyir. Ora baxanın nə zövqü olacaq? Sadə bir məntiqdir bu. Yəni, söhbət yetişməkdən gedir. Azərbaycan kanallarının hamısında musiqi bu cürdür. Musiqili meyxana zad. Bununla nə zövq formalaşacaq ki? Ona baxan uşaq da düşünür ki, musiqi elə budur. Gözünü açıb rakadaçiko görən nə eləsin? Sən bu cür uşağa Elza İbrahimova, Aygün Səmədzadə və.s dinlədə bilərsənmi? Yox. Digital pratforma inkişaf etməlidir. Avropanın heç bir ölkəsində heç bir mahnını mp3 lə yükləmək olmur. Mən gedib görürəm. Ayda pul ödəyib almalıyıq. Müğənni mahnısını satmalıdır. Niyə? Toydan əlavə öz əsərindən alternativ pul qazanmalıdır. Bizdə bu da yoxdu. Təkcə toyun umuduna qalmayacaq, məcbur qalıb toy mahnıları oxumayacaq. Toy tutmaq üçün toy mahnıları yazır. Neyləsin, ac qalsın? Qaldı Trendlərə, belə deyil. Yaxşıya da baxırlar, pisə də. Bizdə bir az fərqlidir. Amerikada Maykl Cekson. Ona da 2-3 milyard baxırlar, səviyyəsizə də. Yəni, yaxşı hər yerdə var. Bizdə yaxşıya az, pisə çox baxırlar. Problem budur.

- Şəhriyar, sən musiqidən kənara başqa məsələlərdə də gündəmə gəlmisən, tənqid və təhqir olunmusan. Məsələn, qadın azadlığı, azad seks. Deyirsən ki, qadın evli olsa da istədiyini etmək də azaddır. Məsələn, bara getmək istəyirsə, getsin, istəyir çox qısa geyinsin. Subaylar da istədiyi ilə yatıb azad seksi formalaşdırsın. Aydındır ki, bizim cəmiyyətə yad bir şeydir bunlar. Təbii olaraq da sərt qarşılanır. Səncə, dediklərin nə vaxtsa mümkün olacaq?

- Azadlıq mənim ən yaralı yerimdir, xüsusi ilə Azərbaycan adamı barədə. Nəinki belə, ümumən azadlıq. İnsanın genetikası azadlıq tələb edir. Mən ilk əvvəl insan azadlığı istəyirəm, amma bizdə kişilər nisbətən azaddır, amma qadınlar məhduddur. Ona görə də mən qadınları daha çox istəyirəm. Azad insan yaradıcı olur, insanı inkişaf etdirir, proqressiv olur, kreativ olur. Məşhur filosof Aleksandır Sojinetsın. Onun kitabı var. Bütün alimlərin professorları həbsxanaya yığıb onlardan nəsə tələb eləməkdən gedir söhbət. Mümkün deyil axı. İnsanın, ümumilikdə fərdin hər mənada azadlığı vacibdir. "Səhra çiçəyi" əsərində qadının Somalidəki vəziyyəti və azad avropada vəziyyəti. Orda necə inkişaf edir, burda necə edir. Mühit adamı hardan hara gətirir. Amma bizimkilər mən azadlıq deyəndə elə bilirlər sırf sekslə bağlıdır. Bunlar sadəcə detallardır. Göstərirəm ki, məsələn, pub disko çox sadədir, paltar elə, paltar belə, ailəli qadın ərindən icazəsiz harasa getməz zad. Hələ də bunlarda ilişib qaldığımızı deyirəm. Mən məcburam ki, ancaq bunları deyəm. Çünki bundan çıxa bilməmişik. Siqaret çəkəni fahişə kimi qələmə verirlər. Heç amma fahişəlik də qınaq obyekti olmamalıdır. O da şəxsi bədənini satır. Ona görə azadlıq deyəndə mahiyyəti anlamırlar deyə ilişib qalırlar xırda detallarda.

 

"Hər şeyi kişilər təyin edir, idarə edir"

 

- Bəs niyə azadlıq deyəndə ilk olaraq seks düşünürük? Tək bizim cəmiyyətdədir bu səncə? Nədi səbəb? Mütləq azadlıq seksdən keçməlidir?

- Çünki Azərbaycan adamı uşaqlığını, gəncliyini seksual tramva ilə keçirir. Seks aclığı, həsrəti ilə keçirən Azərbaycan insanı üçün bu bir tabudur. Belə adam üçün seks sözü tabudur. Seks yaşaya bilməyən insan aqressiv də olacaq. Niyə bizdə açıq geyinəndə onu qınayırıq? Bu namus deyil a. Özü yaşaya bilməməkdir. Oğlan əldə edə bilmir həmişə, o cür ola bilməyən başqa qız da əsəbiləşir ki, mən niyə ola bilmirəm belə. İnsan təbiətdə milyonlarla canlının bir növüdür. Biz özümüzə çox qadağa və çərçivələr qoymuşuq. Bu çərçivələrə məruz qalan Azərbaycan qadınıdır. Kişi yenə gedir orda-burda bazlığını edir. Biz patriarxal cəmiyyətik. Hər şeyi kişilər təyin edir, idarə edir. Hər şey kişinin əlində olanda cəmiyyəti də bədbəxt edir. Həm qadını, həm də elə ümumi cəmiyyəti. İdarəçilik qadının əlində olsa başqa cür olardı. Kişiyə nisbətən onlar liberal, humanistdir.  Burda çox amil var. Hətta din amili, islam amili var.

- Şəhriyar, son olaraq müsahibəni oxuyanlar sənin hansı musiqinə qulaq asa bilər ki, tanımırsa tanısın, dediyin ciddi musiqi ilə tanış olsun?

- Biz o vaxt qrupu yaradanda dedik ancaq ciddi mahni oxuyacayıq. Getdik, Telman Hacıyevin Abşeron mahnısını yazdırdıq. Qulaq asan olmadı. Sonra Eldar Mansurovun bəxt üzüyü saundtrekində musiqini aranjiman elədik. O da eyni reaksiya. Min baxış oldu. Bizdə başladıq kommersiya oxumağa. Deməzdim bayağı, amma xalqın ruhuna yaxın oxuduq. İnsan pul qazanmalıdır. Sovet bizi məcbur edirdi simfonik olaq. Skiripka, saksafon zad. Amma bizim folklorumuz saza, oynamağa bağlıdır. Opera bizlik deyil. Ruhumuza yaddır. Mirzə Babayev kimi sənətkar oxuyanda hamı deyirdi kəpənək uçurdan kişi. Rayonlarda heç bilmirdilər Tofiq Quliyev kimdir. 90-lardan sonra düzəldi. Onda da olduq meyxana sevər xalq. Çünki bunu xoşlayırıq. İndi bizdə, ancaq ciddi oxusaq kim qulaq asacaq, necə pul qazanacağıq? Başladıq qara zurnada da oxumağa. Son  çıxartdığımız mahnılardan biri " o bilmədi"-dir. 6 milyon baxış var. Qulaq asa bilərlər. Mən tək oxumuram. Qrup şəklində oxuyuruq deyə, qrupun adından danışdım. Mənim özümə qalsa, tamamilə başqa bir şeylər oxuyaram. Bizdə insanlar üçün oxuyuruq. Bəzi şeylərə məcbur oluruq. Xalq artistlərinin 99 faizi görürsən necə savadlıdır, haranı bitirib, muğam falan amma gedib başqa şey oxuyur. Niyə? Çünki camaat bunu istəyir, o da məcburdur ki, istəniləni oxusun. Qazanmalıdır axı.

- Müsahibə üçün təşəkkür edirik.

- Buyurun. Mən də.

 

Orxan Saffari

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK