adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Iyun 2021 12:05
166894
MƏMLƏKƏT
A- A+

Yay fəslində Qarabağ mətbəxinin vazkeçilməzi: Ayran və Qatıqlaş

Qarabağ zonasında ət və ət məhsulları, xəmir xörəkləri, eyni zamanda plov və digər "ağır” yeməklər demək olar ki, menyumuzun tərkib hissəsi olub. Bu səbəbdən də qatıq məhsulları: dovğa, ayran (atlama), qatıqlaş kimi həzmi yüngülləşdirən qida və içkilər süfrəmizin vazkeçilməzi idi. Ötən yazılarımızda dovğa haqqında məlumat verdiyimizə görə bu gün yalnız ayran və qatıqlaşdan söhbət açacağıq.

 

Ayran

 

Yay gəlib. İndi nəinki ancaq nahar süfrələrində, hətta adi saatlarda da ayrana böyük ehtiyac duyulur. Ayran həm içkidir, həm də çörəklə birgə qidadır. Qafqaz və türk xalqlarının icadıdır.

Havanın istiliyinin artması ilə əlaqədar tərləmə ilə orqanizmdə yaranan su və mineral itkisinin ayranla təmin ediləcəyi mütəxəssislər tərəfindən izah olunur. Ənənəvi içkimiz olan ayran stressə qarşı qidaların siyahısında ilk yerlərdə durur.

 

Yayda artan istilik, durğun hava və normadan artıq rütubətin olması orqanizmə mənfi təsir göstərdiyi açıqlanmışdır. İstiliyin orqanizmdə yaratdığı neqativ hallar "termal stress" olaraq tanınır. Bu narahatçılıq nəfəsin darlaşması, baş ağrısı, baş gicəllənməsi, zehni yorğunluq, əsəbilik və ya gec dərk etmə, halsızlıq, işə qarşı laqeydlik kimi simptomlarda özünü göstərir.

İstilik artdığı zaman damarların genişlənəcəyi, tərləmə ilə yaranan duz itkisi ilə təzyiqin (qan təzyiqi) aşağı düşəcəyi təyin olunub. Təzyiqin aşağı düşməsinin qarşısını almaq üçün, ürək normal halda nasosla vurduğu qan miqdarını artırmaq məcburiyyətində qalır və bu da ürəyin fəaliyyətində narahatlıq yaradır. Ürək və qan-damar dövranı problemlərindən uzaq, yay tətilini rahat keçirmək üçün ayran içkisi tövsiyə olunur. Ayran-qatıq , duz və sudan hazırlanır. Zövqə görə, bəzən ayrana şüyüd, keşnişdə əlavə edilir.

Qatıqlaş

 

Yayda qarabağlıların, xüsusən ağdamlıların sevdiyi "yüngülvari” yeməklərdən biridə qatıqlaşdı. Qatıqlaşı duru hala gətirib içki kimi də istifadə etmək olur. Dadı. Ləzzəti bütün yay yeməklərini kölgədə qoyacağınıza əmin olun və tərkibini dəftərçənizdə qeyd edin :
 
 
Tər-təravətli pərpətöyün bitkisini (çoxunuz ona "alaq”deyib keçirsiniz) yığıb-yuyub xırda-xırda doğrayırsınız. Doğranmış pərpətöyünün üzərinə bir ovuc düyü, xırda doğranmış soğan və su əlavə edib vam odda bişirirsiniz. Düyünün və pərpətöyünün həlimi düşəndən sonra onu ocaqdan götürüb soyumağa buraxırıq. Sonra isə hərəsindən 1dəstə keşniş, göy soğan, şüyüd, nanə (zövqə görə başqa bitkilərdə ola bilər) və s. göyərtilər yuyulub doğranır. Ona sarımsaq əzilib qarışdırılır. Artıq soyumuş yeməyin içinə qatıqda əlavə edildikdən sonra doğranmış göyərti də tökülüb möhkəm qarışdırılır. Zövqə görə duz vurulur. Soyuq halda süfrəyə verilir .

 

Əntiqə Rəşid