SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: YALANLA DOĞRUNUN KƏSİŞMƏ NÖQTƏSİ

  7620   |  
Şriftin ölçüsü  

Diqqətli oxucuların yəqin ki, yadındadı. Mən çox böyük maraqla oxuduğum və müəllifi də Kamal Abdulla olan "Mənim Füzulim” kitabı barəsində bir neçə yazı yazmışam. Daha doğrusu, kitabdakı bütün esselər barəsində bir oxucu olaraq fikirlərimi ayrıca yazı şəklində ifadə etməyə çalışmışam. Bu, həmin esselərin sonuncusu olan "Məndə Məcnundan füzun aşiqlik istedadı var” barəsində düşüncələrimdi. Və mən onu digər yazılarımdan fərqli olaraq daha çox özümlə söhbət kimi qəbul etdim. Yəni hörmətli Kamal müəllimin dediyi paradoksa istinad edərək mən hardasa Füzulinin bir zərrəsi olmaq fikrinə düşdüm.

Bu nə boyda iddiadı? Onu kənara qoyub demək istəyirəm ki, bu elə həm də Füzulidən əxz elədiyim "Şair sözü, əlbəttə, yalandır” fikrinə birbaşa güvənməyimin nəticəsidir. O güvəncdən çıxış edərək mən də bu qənaətə gəlmişəm ki, bütün şairlərin sözlərini təkcə şah damarı deyil, elə nöqtə-vergülü də hardasa yalandır. Elə ona görə də şairə, şairliyə bir az fərqli münasibət var, olsun...

Bəli, qayıdıram mətləb üstünə. Yəni Füzulinin Məcnundan da artıq, böyük Məcnun olmasına. Və demək istəyirəm ki, burada söhbət məcnun-dəli yozumu yox, məhz Məcnun, yəni aşiq, sevdalı olan birisindən gedir. Həmin o Məcnun da sevənlərin, sevgilərin əlçatmazıdı. Necə ki, Leyli zərif cinsin sevən və sevginin qurbanı olan inanc yeridisə, Məcnun da bütün dövrlərdə öz zirvəsinə yüksələ bilmiş sevgi Tanrısıdır mənimçün. Amma mənim həmin sevgi Tanrım Füzulinin qələmiylə mənə sevdirildiyi kimi, Füzulinin özünün də sevə-sevə tanrılaşdırdığı və sonda da bununla barışmayıb özünü onun kölgəsindən daha yüksəyə qaldırmasıdır - bütün o məcnunluğun ifadəsi, təntənəsi. Yəni mən bir oxucu olaraq Kamal Abdullanın təqdimatında dərk etdim ki, Füzuli son məqama qədər Məcnunla ya yanaşı dayanır, ya özü Məcnunu kənardan izləyir. Yalnız Məcnin Leylinin anası vasitəsilə göndərdiyi məktubu oxuyub ona qovuşmaq üçün Ölümü seçib qəbul edəndən sonra Füzuli bir şair kimi sanki silkələnir. Hiss edir ki, Məcnun onu üstələdi, özünü sevgisinə qurban verdi. Leyliyə qovuşmaq üçün ölüm ona vüsal yolu oldu. Bax, burda Füzuli dözmür. Özünü artıq Məcnunu yaradan, idarə edən, təqdim edən müəllif hüququndan istifadə edərək vurğulayır ki, "Məndə Məcnunda füzun aşiqlik istedadı var”! Və ardınca da vurğulayır ki, aşiq elə mənim özüməm, Məcnunun isə adı var. Deməli, Füzuli bu etirafıyla həm müəllif hüququnu qorumuş olur, həm də özünün bir sevdalı qısqanclığını dilə gətirir. Oxucunun Məcnuna olan sevgisini özünə yönəldir, diqqəti özünə çəkir.



Bu yerdə yadıma Kamal müəllimin həmin essenin əvvəlində dediyi "Füzuli paradoksu” qədim yunanlardan gələn və özü də yunan olan Enimendisin bir fikrini salır. Bu yunan alimi vurğulayırdı ki, bütün yunanlar yalançıdır”. Əslində burda müəyyən mənada təhqir də var, həqarət də var, düşünməli məqam da. Ona görə ki, fikri səsləndirən milliyyətcə, əslən yunandı. Əgər bu onu dilə gətirirsə, deməli, yalanla həqiqəti üz-üzə qoyur, qarşılaşdırır. Bu, mümkün olmayan bir gerçəklikdi. Yəni bir millət bütünlüklə yalançı ola bilmədiyi kimi, bir millət də bütünlüklə dürüst ola bilməz. Bax, paradoks da burdan ortaya çıxır. Fikri dinləyən düşünməyə məcbur olur. Doğrudanmı, bütün yunanlar yalançıdır və yaxud əksinə?

Təbii ki, bu sualın özü uzun-uzadı müzakirələr tələb edən, fərqli yanaşmalar ortaya çıxaran bir fikrin sambalını göstərir. Elə Füzuli də məhz "İnanma, şair sözü yalandır” deyəndə və yaxud da "Məndə Məcnundan füzun aşiqlik istedadı var, söyləyəndə həmin o paradoksu o qədər incə bir şəkildə bizə təqdim edəndə istər-istəməz hamı sualın ətrafında birləşir və düşünür. Doğrudanmı, Füzuli kimi nəhəng bir şair bu fikri deyir və bütün şairlərin sözünü yalana yozur. Və yaxud özünü Məcnundan üstün tutur?

Bəli, mən Kamal Abdullanın "Mənim Füzulim” kitabındakı son esseni də dərk etdiyim səviyyədə həzm edərək bütövlükdə bu qənaətə gəldim ki, böyük sevgi və maraqla mütaliə etdiyim əsər mənə Füzulini bir daha tanıtdı. Onun bilmədiyim və bəzən də barəsində düşünmədiyim elə çalarlarını, elə qatlarını açıb göstərdi ki, bunun üçün ancaq və ancaq müəllifə minnətdar oldum.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK