SON DƏQİQƏ:

BİR ANIN SİMFONİYASI

  54147   |  
Şriftin ölçüsü  

O hər kəs üçün ola bilər

Açığını deyim ki, heç belə olmamışdım. Yəni elə bir durum, elə bir qəribə basqı içərisindəyəm ki, az qala həyatın bu an, bu dəqiqə bitəcəyini gözləyirəm. Düşünürəm ki, diktə etdiyim söz dilimin ucundan qopan kimi hər şey bitəcək. Və...…

Bəli, adətən insan təklənəndə, arxasız, köməksiz, umudsuz olanda və bir də çarəsiz dərdlə baş-başa qalanda belə olur. Mənim bildiyimə görə, məhz həmin məqamlarda gözün ən doğma, ən əziz insanı axtarır... gözlərinə baxmaq üçün... nəfəsini duymaq üçün... səsini eşitmək üçün. Bilmirəm, bu yazdıqlarımda, bu dediklərimdə yanılıram, yoxsa yox, amma tam əminəm ki, mən həqiqətən düşdüyüm durumun nə adını bilirəm, nə ölçüsünü, nə çəkisini, nə də onun nə qədər sürəcəyini. Bilməməyimin əsas səbəbkarı da təbii ki, könlümün, gözümün axtardığıdı. Gözüm, könlüm axtaran uzaqlaşdıqca, arxa plana keçdikcə mənə yönələn basqı da artır, sıxıntı da çoxalır. Görünür bu da təklənməyimin, kimsəsiz qalmağımın üzündəndir. Təklənənin üstünə əlibaltalı da gəlir, baltasız da... haqqı olan da gəlir, haqqı olmayan da. Odur ki, özüm özümü nə qədər toparlamağa, nə qədər ələ almağa çalışsam da, gördüyüm üzlər, eşitdiyim səslər, izlədiyim hərəkətlər mənə təklikdən çıxmağa imkan vermir. Və mən də məcburi qaydada bütün o üzləri, o səsləri, o hərəkətləri seyr edirəm. Bu seyretmə məqamında içimdən bir sual qopur: - Görəsən niyə belə olur? Görəsən bu insanların neçə min, neçə növ sifəti var?

Kaş bu sualın cavabını tapa biləydim. Onda heç olmasa nə ilə üz-üzə gəldiyimi, nə ilə qarşılaşdığımı anlayıb içimdəki sıxıntını rahatca boğub öldürərdim. Öldürərdim ki, o sıxıntı da, ürəyim də bir şeyi anlasın. Yəni anlasın ki, bu sifətlərə görə, ürəyin bu boyda sıxıntı çəkməsinə, bu boyda ağrımasına ehtiyac yox imiş. Nə isə...

Bəli, şəhərin tez-tez dəyişən havası kimi mənim də tez-tez kökdən düşən iç dünyam ruhumu yaşantılara təslim edir. Nə qədər yıxılmamaq, ayaqda qalmaq istəsəm də, mümkün olmur. Bax, indi daha çox anlayıram ki, təklənmək nədi, tək qalmaq nədi... Anladığıma görə də ürəyimin, gözümün axtardığı sənə ehtiyacım daha da artır. Sən isə heç nə olmamış kimi çəkilirsən, uzaqlaşırsan və məcbur edirsən ki, bu misraları yazım.

Ağlıma

gəlməzdi ki,

varlığımla

səni sıxacam

və sonra

günün birində

yadından çıxacam...

hətta

mənsiz

keçən anların

xoşbəxtliyin olacaq!..

ağlıma gəlməzdi ki,

telefonum susacaq...

ağlıma gəlməzdi ki...

eh,

nə deyim mən daha

bu da keçib gedəcək

sən

Yasini bilirsən

gəl salavat çevirək

ruhuma!..

***

Bütün cəmiyyətdə olduğu kimi, çalışdığım kollektivdə də, elə ailəmizdə də günün mövzuları həmişə diqqət çəkir. Adətən informasiyalar sürətlə yayıldığından hər bir qapını döyür, hər kəsə özünü sırıyır. Bax, elə mətbuat işçilərinə veriləcək mənzillə bağlı gündəmi zəbt etmiş xəbər də hər yerdə müzakirə olunur. Hətta ölkə sərhədindən kənarda yaşayan bir dostum da telefon söhbətimiz zamanı bu məsələyə toxundu. Doğrusunu deyim ki, mən bir anlıq susdum və özüm-özümə düşündüm ki, ölkədən kənardakıların bizlərə və bütövlükdə Azərbaycana laqeyd olması barədə söylənilən fikirlərin heç bir əsası yoxdur. Rusiyanın uzaq bir guşəsində alış-verişlə məşğul olan birinin əgər mətbuat işçilərinə ev verməsindən xəbəri varsa, deməli, bu ölkədə baş verən digər məsələlər də onun və onunla birlikdə qürbət yaşayanların diqqətindən yayınmaz. Bu bir tərəfdən sevindiricidi. Yəni bağlılıq baxımından, laqeydliyin olmaması baxımından təqdirəlayiqdir. Lakin kiçik məsələlərə vaxt ayırmaq, hətta münasibət bildirib şərhlər vermək zənnimcə yersizdi və buna ehtiyac da yoxdu. Necə deyərlər, hər kəs öz işi ilə məşğul olsa, bunun ölkəyə də, elə iş sahibinə də faydası daha çox olar. Çox təəssüf ki, biz hələ bu mərhələyə gəlib çatmamışıq. Qeybəti, söz gəzdirməyi informasiya ilə, xəbərlə qarışıq salırıq. Nəticədə də bir kampaniya, bir şou düzənlənir. Heç kimə gərək olmayan şou. Nə isə...

Bəli, mən boş zamanlar qazananda və yaxud belə bir fürsət əlimə düşəndə özüm-özümü divara söykəyib sorğu-sual edirəm. O sualların da əsas mahiyyəti doğulduğum yurdla, ailəylə, özümlə bağlı olur. Hətta belə anlarda yazı-pozumun da alt qatlarına bir fərqli formada işıq salmağa çalışıram. İstəyirəm ki, mənim üzümdən atılmış addımlar, görülmüş işlər kiminsə haqqına kölgə salmasın, kiminsə istəyini ayaq altda qoymasın. Təbii ki, bu bir insan olaraq mənim içimdən keçən hissdi. Və mənim də gücüm bir insan olaraq yalnız özümü qorumaq yox, həm də evimdə, yanımda, ətrafımda olanları qorumaqdı. Neyləyim ki, indi hətta özünü qorumaq belə çox ağır bir işə çevrilib. O qədər ağır bir işə çevrilib ki, bəzən onun altına çiyin verməyin özü yumşaq desək, ağılsızlıq kimi görünür. Belə olmasına baxmayaraq, ürək bildiyini edir. Onun mərhəməti, onun duyumu geri çəkilməyə imkan vermir. Nəticədə də daha çox ağrıyan yenə ürək olur. Və mən də bütün ağrılara az qala sınaq meydanı etdiyim ürəyin günahına bata-bata yenə üzümü sənə tuturam və yazıram ki:


Bir tarix söylə mənə

Sevinəcəyim tarix!

Yerlə, ya göylə sənə -

Yetişəcəyim tarix!..


Ümidimə od qatıb

İçimdə ocaq çatıb

Ruhumu göyə satıb -

Ötüşəcəyim tarix!..


Mən əslində bir zərrə

Gün biçirəm bir vərlə...

Sirdi, sən tək bəşərlə -

Görüşəcəyim tarix!..


Deməli, bu sirlə dolu dünyada (əslində informasiya sürəti indi sirləri sıfır həddinə endirir. Sadəcə ürəklərin döyüntüsü o həddi öz gücünə qorumağa çalışır - Ə.M.) nə qədər daldalanmaq, arxa cərgədə durmaq və yaxud da heç ortaya çıxmamaq istəsəm də mümkün olmur. Hətta sənin görmək istəmədikdərin də səni görür. Və sənə elə gəlir ki, onlar səni izləyiblər, səni axtarıblar. Amma bu heç də belə deyil. Əsl gerçək odur ki, səni görənlər sənin yaşadığın cəmiyyətin nümayəndələridi. Və sən də içərsində olduğun cəmiyyətin bir sıra nəfəri kimi bütün baş verənlərin mərkəzində dayanırsan, özü də istəmədən, bilmədən.

Mən bugünlərdə tələbə yoldaşlarımla bir araya gəldim. Bir toyda hamımız yığışıb şənləndik, deyib-güldük. Lakin hiss etdim ki, şirin tələbəlik xatirələri bizi nə qədər özündə kökləsə də hamımızın içində bir sıxıntı var, hamımızın içində bir nigarançılıq var. Üstəlik, hamımız bir soyuq hava axınını da öz canımızdan keçirməyə məcburuq, təbii ki, məclisə görə. Bax, o məclisdən sonra ağlıma gələn ilk sual, ilk fikir bu oldu ki, biz niyə bütün bunları özümüzə yaxın buraxdıq. Lakin sonra özüm- özümü təsdiq etdim. İçimdə etiraf etdim ki, birinci məclisə və məclisin sahibinə, ikincisi də zamanın reallığına görə biz məhz belə etməli idik. Deməli, qəbul etdiyimiz qərar doğru imiş. Ürəyimizə bir balaca yük salıb dözməklə biz o məclisin ovqatını qoruduq. Bunu deməkdə, yazmaqda məqsədim odur ki, sən də məndən qurtulmaq üçün təbii ki, dözməlisən. Axı, dözüm, səbir qalib gəlməni nisbətən asanlaşdırır. İndi sən özün fikirləş. Bax, elə bu şeiri oxuyub fikirləş. Gör mən qərarımda haqlıyammı?


Yordu məni yaşamaq

Yük olmaq ağırlığı...

Kədərə təslim olmaq -

Əyilmək fağırlığı...


Yordu məni içimdə

Boğulan səs, xırıltı...

Boğulan səslə birgə -

Ürəyim də qırıldı!..


Yordu məni gözümdə

Yuyulub sərilən gün...

Dincələrəm özüm də -

Yəqin ki, dərilən gün!..


***

Heç yazı havası deyil... heç yazı ovqatı da yoxdu bu günümdə. Bunu sizə ilk cümləmdə, ilk fikrimdə demişəm, çatdırmışam. Lakin ürəyimin ağrı yükünü bir balaca ələyib ələkdən keçirmək üçün mütləq düşüncələrimi kağıza köçürməliyəm, yazmalıyam. Bu mənim üçün bir növü nəfəslikdi. Mən vərəqlərin arasında qələmə söykənib bir az nəfəs dərirəm. Yazdığım hər sözlə sanki özümün tükənən səbrimi, budanan ümidimi bir az da yaşatmaq, bir az da qorumaq gücü tapıram. Bilmirəm, sizdə də belədir, yoxsa yox. Amma həqiqətən bu beşgünlük deyilən dünyada qələmi, sözü və səni hamıdan, hər kəsdən doğma bildim. Və günün indiki anında da sən, qələm və söz mənə hamıdan doğmasan. Hətta səhər dan üzünə söylədim ki:

Məndən qurtulmaq üçün

Çalışıb yol arama...

Özü kəfənin biçir -

İpəkqurdu-barama!

Hə, yazının bu nöqtəsində mənim fikirlərimə təkcə şərh yox, həm də münasibət bildirən bilgisayar yazarımız hörmətli Gülər xanım, yəni mənim gülüm dedi ki, bu qələm, söz və bir də həmin o Sən dediyiniz, görün sizin əlinizdən nələr çəkir, görün sizə nə qədər dözür? Təbii ki, mən Gülər xanımla razılaşdım. Amma onu da etiraf etdim ki, elə bu şairlik, bu qələm, bu söz və bir də onun özü məni mən olmaqdan məhrum edir. İndi görün günha kimdədi? Bilmirəm, Gülər xanım bunu fikirləşəcək, ya yox? Amma tam səmimi şəkildə deyirəm və Gülər xanım da bilgisayarda yazır ki:


Quşun da dilin öyrəndim

Daşın da dilin öyrəndim..

Quruya qarışıb yanan

Yaşın da dilin öyrəndim -

Danışdıq...


Gecəni dana caladım

Əvvəli sona caladım

Hər fikri cümlə elədim

Hər sözü ona caladım -

Danışdıq...


Bax orda mənim fərəhim,

Burda da sənin ümidin...

Dincəlsin deyə ürəyin

Mən ölüm! - səni unudum -

Danışdıq!


Bəli, bütün bunlar bəlkə də heç yazılmalı, deyilməli deyil. Amma gəlin etiraf edək ki, yaşadığımız həyat bizi soldan, sağdan, yuxarıdan, aşağıdan o qədər sıxır ki, ondan bir balaca qopub ayrılmaq, nəfəs almaq üçün adam bir dəliqanlılıq da edir, bir məcnunluq da, bir şairlik də, hətta... Nə isə...

Bunlar anlaşılan və başa düşüləndi. Mən də həmin o dediyim məqamdan qurtulmaq üçün bəzən nəyi necə edəcəyimin fərqinə varmıram. Təbii ki, bu fərqə varmamaq elə-belə ötüb getmir. Onun da ağrısı, onun da cəzası olur. Mən bunları da göz altına almışam. Elə göz altına aldığıma görə də həmişə üz tutduğum Allahıma və Sənə deyirəm:


Bacara bilmirəm daha

Ürək sözümü eşitmir...

Ha yalvarıram Allaha -

Düşdüyüm odu keçirmir!..


Tüstüm gözümü kor edir

Başqa kimsə görmür onu...

Ömrü büsbütün gor edir -

Nədir bu inadın sonu?!


Önündə gücsüz olduğum

Hər bir halından duyulur...

Yuyata götürülmüşəm -

Kiri, ürəyim yuyulur!..


***

Bəli, bütün bu yazı mənim içərisində olduğum ovqatın bir anıdı. Sizə isə xoş anlar diləyirəm!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK