adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Zibilxanalarda yatan mövzular - Emin Piri yazır

Emin Piri
1630 | 2022-01-17 11:55

Elə hadisələr olur ki, adama təsirini sözlə ifadə etmək çətin olur.İstər ədəbiyyat, istərsə film üçün möhtəşəm mövzudur...

Zibil atmağa getmişdim. Ətrafında iki uşaq eşələnir, butulka və.s yığırdılar. Zibili atanda səs gəldi, zibil yeşiyinə boylandım ki, nə səsdi, baxım. Bu vaxt uşaqlardan biri zibil yeşiyinin qabağına keçdi. Zibil yeşiyi ilə mənim aramda sərhəd qoydu:

-"Bura bizim yerimizdi."

Özünü o yeşiyin qabağına elə atmışdı ki, sanki vətənini, ən əzizini məndən qoruyurdu...

Elə bilmişdi onların qazancına şərik oluram, zibil yeşiyindən nəsə götürəcəm.

O zibil yeşiyi o uşaq üçün vətənləşmişdi. Elə qoruyurdu onu...

Sabahının ruzisi, evinin bərəkəti idi o zibil yeşikləri...

İndi o zibil yeşiyinə baxanda mənə toxunulmaz, müqəddəs görünür...

Müşahidə etdiyim bu mənzərini qeyd etmək səbəbi bir başqadır. Adətən bizdə mövzu yoxluğu baxımda şikayətlənirlər. Ya da oxşar mövzular, bayağı mətnlər. İstər film sənayemizdə, istərsə ədəbiyyatda. Əlbəttə, istisnaları bir kənara qoyaq.

Dünyanın hər yerində, hər cəmiyyətin özünəməxsus “n” qədər mövzuları var. Özü də orijinal.

Nədənsə biz bir-birinin kopyası olan, ya da bayağı mövzulara üstünlük veririk.

Hələ guya dünyaya çıxacaqmış kimi dünyadan mövzu axtarışı və ya onların bizim üzərimizdə təkrarlanması.

Bir neçə il öncə Bakıda keçirilən beynəlxalq konfransdan sonra ziyafətə dəvətli idim. Region siyasəti haqqında nitqim, izahım xoşların gəlmişdi. Qafqaz, Osetiya və Abxaziya məsələsindən mesxeti türklərinin problem yollarına baxış tərzimi söylədim. Çıxışdan sonra yaxınlaşdılar. Mənimlə ziyafətdə oturmaq istədiklərini bildirdilər. Əlavə bir dostumu da çağıra biləcəyimi dedilər.

Dostumuz Ramil Əhmədi də götürüb ziyafətə getdim. Holland, gürcü alimlər, tərcüməçi, mən və Ramil.

Yeyib-içməkdən sonra söhbət ədəbiyyatdan düşdü.  Uzunçuluq edərək, daha geniş söhbəti vermək istəməzdim. Holland qonağın təxmini belə izahı oldu

-Sizin kimi ölkələrin yazıçıları niyə dünya ədəbiyyatına çıxmaq istərkən məhz bizim ölkələrin həyat tərzinə uyğun mövzulara qaçır? Bununla dünya ədəbiyyatına çıxacaqlarını düşünürlər? Axı, biz Avropa, elə Hollandiya sizin bizə oxşamaq istədiyiniz mözvuları bir əsr öncə keçmişik. O mövzulara bizim ciddi oxucular toxdu. Bizə özünüz kimi maraqlısınız ədəbiyyatda. Məsələn, Azərbaycanda özünəməxsus, orijinal, cəmiyyətinizə uyğun həyat tərzlərinizi yazın. Bizə qəribə gələn, bizə xas olmayan. Təbii ki, bizim anlayacağımız tərzdə...

Yoxsa homseksuallıq və.s kimi mövzular avropanın ciddi oxucularına maraqlı deyil. Bu mövzularda on illərlə oxuyublar, toxdular...

Öncə qeyd etdiyim hadisə demirəm orijinaldır, bəlkə də bu kimi hadisələr çoxdur. Bu arada o uşaqlar təkcə butulka deyil, plastik torbalar da yığırdı. Bəzilərisə prezervativ də olur...

 

TƏQVİM / ARXİV