adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Yüz il sonra... - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
1821 | 2022-09-11 10:12

Hər səhər ayılıb xoş xəbərlərlə doyuruq... 21-ci əsrdi, təbii qarşılamaq lazımdı.

Hərənin öz fikri var bu barədə... Mənim öz fərziyyəm... Belə düşünürəm ki, yer kürəsində ümumilikdə rahatlıq yoxdusa, qan tökülürsə, nalə ərşə çıxırsa ayrı-ayrılıqda ölkələrin rahat yasamasi mümkün deyil... İnsan orqanizminə fikir verin – bir üzv sıradan çıxırsa başqa üzvlər də xəstələnir. Yer kürəsi də vahid orqanizmdi. Bir ölkədə bomba yağırsa – yağış yerinə, o biri ölkədə insanlar çörək yerinə bir-birinin ətin yeyirlərsə, bizim başımıza bomba yağmasa da faciələrdən uzaq qala bilməyəcəyik... Dənizdə boğulacağıq, balkondan düşəcəyik, maşınlarımızın qəzaları çoxalacaq, narkotik, alkol bağımlıları artacaq... Moya xata s krayu demək olmur... Dialektika... Haqlı olduğumu düşünürəm yenə də... Ən azından eyni problemləri yaşadıq bu aylarda.

Söz vaxtına çəkər. Sentyabr ayı idi o vaxt da, daha dəqiq desəm, 1973-cü ilin 11 sentyabrı. Dünya qarışdı. Çilidə dövlət çevrilişi oldu və prezident Alyende öldürüldü. Görünür, okeanın o tayında düz burunlarının dibində sol yönümlü, Sovetin dəstəklədiyi bir quruluşu istəmirdilər təbii olaraq. Yalnız prezidentin ölümüylə kifayətlənmədi olaylar. Bütün müxalif düşüncəli adamlar ölkədən qaçdı , mərkəzi stadiona toplanmış 3200 insanı güllələdilər.... Ağlasığmaz vəhşiliklər törədilmişdi. Elə həmin stadionda məşhur Çili şairini işgəncə ilə, əzabla öldürdülər. Bu qətl də dünyada böyük əks-səda yaratdı. Məmməd Arazın məşhur şeirlərindən biri həmin şairə həsr olunub – Viktor Xara oxuyur.... Və bu günlərdə Qan Turalı mənə bir link göndərib xatırlatdı həmin şairi. Sən demə, ailəsi uzun illərdi ədalət axtarırmış və 9 milyon dollar təzminat ala bilib. Ən ədalətli ölkə haradı??? Bəli, düz fikirləşdiniz... Okeanın o tayındadı bizim qəzetin adına olan ədalət... Neçə illərdən sonra dollar şəklində qayıdıb.... Bu da fəlsəfi məsələdi yəqin.

1989-cu ilin mayında Polşaya gedirdim. Marşrut belə idi ki, yol Lvovdan keçirdi. Təyyarədən düşdük, vaxt var idi deyin şəhərdə gəzdik bir az. Lvovu görənlər bilir – gözəl şəhərdi. Gəzməyə dəyir... Küçələrdə ianə qutuları qoymuşdular. Taras Şevçenkoya heykəl qoymağa yardım üçün. Biz də pul atdıq, qırmızı sovet əskinasından. ..

Başım möhkəm ağrıyırdı, dedim aptekdən ağrıkəsici alım. Başıma xeyir, dedilər ki , sənin bura propiskan yoxdu. Sənə dərman sata bilmərik. Dedim insafınız olsun... Yoxeee... Vermədilər... Ürəyimdə dedim haramınız olsun o onluq... Sovetin lap son vaxtları idi. Elə bilirdilər ayrılıb qüdrətli dövlət olacaqlar. ( hahaha). Sonra Gürcüstanda da belə hadisə gəldi başıma. Şampun satmadılar mənə. Propiskan yoxdu dedilər....

İllər keçdi . Bunlar hamısı qüdrətləndilər. Yenə gedəsi oldum oralara. Lap xaraba gündə, lap kasıb. Amma quzu kimi idilər. Yalvara-yalvara satırdılar hər şeyi. Çünki bizim aldıqlarımızdan asılı idi həyatları... Sonuncu dəfə Lvovda olanda ərəfə idi – futbol üzrə Avropa çempionatının. Bunların aeroportunda bir miskin vəziyyət vardı ki. Baqajı əlimizdə apardıq təyyarəyə. Özlərinə dedim gömrükdə - Avropadan gələnlər bura gələcək? (yadınızdadı yəqin, ora salınmışdı ) Dedilər düzəldərik .

Ta bilmirəm. O vaxtdan sonra olmamışam orda... O vaxtdan dollarların gücü ilə oralar da dağılıb...

Nə deyirdim... Qüdrət forslanmaqla olmur. Ticarəti bacarmaq da lazımdı. Keçənlərdə futbola baxanda ağrıkəsici yadıma düşdü. Uduzdu Türkiyə Ukraynaya... Amma indi Türkiyənin dəstəyinə ehtiyacları var…

Görəndə ki ictimai müzakirələrin əhəmiyyəti yoxdu, hamı çəkilir fərdi müzakirəyə. Və bu da bir cür mübahisə-müharibə yaradır…

Ağrıkəsici dedim yadıma düşdü. Belə xatırlayıram, bəlkə səhv edirəm – əvvəllər bizim ucsuz-bucaqsız vətənimizdə farmasevtik zavod (fabrik) vardı. Ən azından lazım ola biləcək sadə dərmanları ala bilirdik... İndi... İndi ceyran belində, hər mənada. Həm qiymətdə, həm də tapılmır... Yəni məmləkətin tibb unisində farmasevtika fakültəsi də mövcuddur... Kim İstanbula, Ankaraya gedir, kim Moskvaya gedir onlardan xahiş edirik. Yəni bu da “Mersedes” istehsalıdı mümkünatsız olsun? Əvvəllər apteklərin özündə dərman düzəltmək üçün laboratoriyalar da var idi... İndi o da yoxdu ...Niyə? Niyəsini başbilənlər bilir mütləq. Hər işimiz kimidir... Bu qədər, hər mənada, xəstə toplum, dərdli toplum və əlac yox... Bu da gedir yol salmağa ???

***

Hətta ehtiyac olmayacaq məsələni məcburiyyətə çeviririk...

Heç bilmirəm necə deyim...Çalışım birtəhər ifadə etməyə... Məktəblilərin forma məsələsi gündəmdədir...Əvvəl atam alırdı Moskvadan, bəzən anam özü tikirdi. İndi yetim qızam... Atam-anam yoxdu. Yeni sezon gəlib və yeni libas ala bilmirəm...Kişi alsın desəniz – o da alır, yəni nəvələrə alır...Kitab alır ,dəftər alır və sairə... Bəs, biz yetimlərə yeni libası kim alsın ??? Elə köhnələri geyinək yenə??? Ağır dərddi...Məktəblilərdən danışmışkən müəllimlərin səhv yazmağın da xatırladaq? Başqa nəyi xatırladaq? Həə, jurnalistlər də həşirə düşüblər – vəzifə davası gündəmə gəlməkdədir. Davalı bir qəzet əlavəsini xatırladım...

Kitabı açdım və avtoqrafı gördüm – "Aqil Abbasa, alatoranda inci axtaran qəvvasa"... Müəllif Qabil idi... "Alatoran" isə o vaxtlar Aqil Abbasın "Ədalət" qəzetinə əlavəsi idi. Ədəbi əlavə...Xatırlayanlar var mütləq.

Oxudum və qəvvas sözünün mənasını xatırlamağa çalışdım. Çünki “Alatoran” bir çox yaşlı adamlarda qıcıq yaradan bir əlavə idi... Görünür, Qabil də nəyəsə əsəbi idi ki, belə tikanlı avtoqraf yazmışdı. O vaxt internet belə yayğın deyildi və burdan nəsə axtarıb tapmağa ümid olmazdın... Soraqlaşdım ahıl adamlardan – "inci" axtaran dedilər.

Suyun altına dalıb ordan mirvari çıxaran adamlara deyirlərmiş...

...Dünən yenə xatırladım inci axtaranları...Əvvəl çox bahalı idi mirvari. Səbəb də çətinliklə tapılması, əmələ gəlməsi idi. Xatırlayıram, total defisit dövründə köhnə adı Zevin küçəsində komisyon dükan vardı, yəhudi qardaşlar işlədirdi. Orda bir neçə sap düzülmüş mirvari boyunbağılar vardı. Çoox baha... Elə hamı tamaşa edib gəlirdi... Mirvari taxmaq hər adamın hünəri deyildi...

Sonra çoxaldı – çay mirvariləri gətirdilər çox sayda və ucuzlaşdı...

Amma yenə də təbii yolla, dənizin dibindən çıxarılan mirvarilər baha olaraq qalır...Təbii olan hər şey bahadır.

Klassik ədəbiyyatımıza daxil olmuş qəvvas sözü unudulsa da...

"Ayrılıq gölündə, qəm dəryasında ,

Təzə qəvvas olub, üzən necoldu...”

Həyatımızdan bütün qiymətli nəsnələri sildilər. Yeni qəvvaslar gərəkir indi dalıb suyun altından çıxarsınlar...Ənənələr inci olub...

Köhnə filmə baxıram...Yəni sovetin köhnəsi, daha dəqiq desəm, Eldar Quliyevin filmi...

Maşınlar şütüyür... Fikirləşdim – bir “Jiquli” ilə xoşbəxt olduğumuz vaxtlar var idi...İndi ...İndi heç nə bizi xoşbəxt eləmir. Məsələ “Jiquli” deyildi, əlbəttə. Ona görə ki, kitab oxuyurduq, teatra gedirdik, əşşi kinoya gedirdik... İçimiz zəngin idi. Ona görə xoşbəxt idik... Hərtərəfli olmasa, natamam qalır insan.

Onlar deyir ki, bizə inanmırsız. Biz deyirik ki,inanırıq. Onlar da bizim inandığımıza inanmırlar... Belə qarşılıqlı inam şəraitində keçinib gedirik...

Nəzarət funksiyalarını kənara qoysaq, sosial şəbəkələr insanların sosiallaşmasını ehtiva edən bir nəsnədi. Bizim məmləkətdə yenicə təşəkkül tapmağa başlayanda burda indikindən çox rahat idi ünsiyyətdə olmaq. Şəkil də paylaşmaq olurdu , istədiyini public yazmaq da. Sonradan tam şəkildə keçdi qrupların nüfuz dairəsinə. Burdan kimlərisə vurmaq və kütləni yönləndirmək an məsələsinə çevrilib. Maarifçilik funksiyası qalmayıb. Özümüzə oxşadırıq xaricilərin icadlarını. Belə mənimsəyirik...

Əvvəllər necə olurdu ? Kimsə, harasa gedirdi və ordan səyahət kitabları yazırdı. Əyyami-qədimdən belə olub.... Və sonralar bu kitablardan mənbə kimi istifadə edirdilər. Hamı gedə bilmir, hamının getdiyi yeri anlayıb da izah etmək qabiliyyəti olmur ...

Burda hamı eyni bir listədə birləşə bilər. Amma bu o demək deyil ki ,hamının dərk qabiliyyəti, istedadı eynidi. Elə olsaydı dünya çox monoton olardı. Rəngsiz ... Sağ olasız rəng qata biləcək insanları məcbur eləyirsiz bir qabığın içində gizlənməyə...

Kef eləyin – artıq bura sosial yox, kütləvi olub ...

Belə oımağına səbəb isə indi yaxasını cıranlardı...Sifarişlə yaxa cıranlar... Mətbuat elə bir sahədir ki, hər kəsə açıqdır. Kimin imzasının hansı çəkidə olduğu da məlumdur. Təbii ki, oxuyan varsa... «Millət addım atdıqca ayaqlarının izi mətbuatda qalır…». 1916-cı ildə yazıb Yusif Vəzir Çəmənzəminli…

Elə qəribə ovqatdır ki, hətta özümlə dialoq alınmır...Hələ yüz il keçməyib...

Yüz ilin yoldaşı olan Kraliça da getdi…

TƏQVİM / ARXİV