adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Yer üzünün QARABAĞ düzü...  İradə TUNCAY yazır

İRADƏ TUNCAY
1641 | 2022-06-13 11:22

(I yazı)

Yazmağına yazdım – amma Nil çayını hardan alım bu balaca məmləkətdə? Bəlkə belə olsun “Şərq ekspressində qətl” – deyəsən, Kristi bacı məni aludə edib romanlarına. Əgər hamı ingilis olmaqdan ləzzət alırsa, mən niyə Kristi olmayım? Şərq mövzusu britaniyalıları həmişə maraqlandırıb. Eləcə də Aqata xanımı.

Belə fikirləşək, bir xanım Londonda restoranda bahalı şərablar içir və rəiyyət də bunu müzakirə edirsə davamı gələcək hadisələrin. Ərini ittiham edib həbsə atırlar. Lap əvvəl qaçırmışdılar xanımı... Sonra uzaq ölkədən xüsusi əməliyyat üçün vasitələr gətirib axtarıb tapdılar qadını. Qadını üzə çıxarandan sonra aləm dəydi bir-birinə. Əməliyyatın adı da vardı. Nəsə “Kəmər “ idi. Unutmuşam... Yadıma düşdükcə yazaram. Süjeti qurmaq lazımdı əvvəl. Ondan sonra düzələr...

Deməli, iki yazıçı ucsuz-bucaqsız məmləkətdə səfərə çıxır... Tamam, çıxır, həə sonra ... Bir sakvoyaj dollar yüklü maşın əlavə edək süjetə. Tamam... Bu da oldu, sonra... Əslində elə detektivlik mövzudu – bəlkə oxuyar məmləkətin zövqlü oxucusu? Bəlkə lap yüz ildən sonra oxuyar? Xələflər iştirak edər kitab təqdimatlarında, kitabı sinəsinə tutub foto da paylaşarlar və milyonlar qazanarlar. Təsəvvür edin, bizim ölkə və kitabdan milyon qazanmaq. Ola bilməz? Fərz edək ki, futboldan lap milyard qazanırıq. Fərz edək ki ,”manat”ın dəyəri dolları ötüb. Hmmm. Deyəsən, fantaziyam tavan yapır... Xüsusən də yazıçıların maşınında pul yükü məsələsində. Hər bir halda yol getməklə başlayıram. Və ...Və... Və mirvari boyunbağı haqqında fikirləşdim. Boyunbağı... Ucuzdu axı... Bundan ötrü kimsə qətl hadisəsini boynuna götürməz... Həəə... Süjet qırılır heç başlamadan... Görək də hansı müstəvidə birləşdirə biləcəm. Təki siz oxuyun...

 

***

 

Səfərlərə getməyi sevirəm. Getmişəm də zaman-zaman... Narazı qalmayım taleyin gərdişindən. Kiçik insan ömrünə nə sığışdıra bilmişəmsə planetin bizə pay verdiyi qitələrin bəzilərinə ayağım dəyib, havasını ciyərlərimə çəkmişəm. Öz məmləkətimi də addımlamışam... İndi çətin olub, amma –səbəblər isə bəlli... Neçə illərdi böhran tüğyan edir, xəstəlik qaynayır, müharibə partlayış verir... Ölüm var bir sözlə dünyada. Ölüm hər zaman labüd, insan fani dünyada var olmağa çalışır. Cəhd edir... Cəhd edib də xatirələrinə sığınır... Bu yazımda da yaddaşıma arxayın olacam. Nəyi xatırlaya biləcəmsə...

 

***
 

Səfər çantasını toplayıb maşına yığıram. Günorta saatlarıdı. Ya Allah, deyib yola çıxırıq. Maşın deyirəmsə məlumdu ki, daxili marşrutdu. Ölkə sərhədləri daxilində. Gecikmiş yaz özünü qaynar havalarla əvəzləyib. Görək də külli-Qarabağın abi-həyatı... Həə, Qarabağa gedirik... Nərmə-nazik bayatı ... Neçə illərdi bu yollarda varam? Sayını itirmişəm. Həyatımın yoldaşı da qarabağlıdı. Yəni orda doğma-böyümə. Sonrakı ömrü də mənimlə yanaşı keçib. Yanaşı olduğumuz bu illərdə QARABAĞ qırmızı xətt kimi keçib ömrümüzdən. QARA BAĞ... Qara bəxt bağ. Qara bəxt deməyim bəlkə? Tarixin oyunları çox olub hər bəxtin yazısında – hansı torpaqda olmayıb bu çırpıntılar ? Bakıdan aralanmamışıq hələ, düşüncələrimdən də ... Yaddaşımdan da ... (“Qarabağ” sözünün tələffüzündən xoşum gəlir. Bu tələffüzdə qətiyyən “qara” və “bağ” sözlərinin hibridləşməsini hiss eləmirəm.Başqa etimoloji çeşmə axtarıram... ”Qarabağ “ – “qara bax” – yəni ucalığa, vüqara bax! İndi hallanmaların Qarabağ üçün heç bir fərqi yoxdur. O, pasportunu alıb. Bu ad çox adların, çox şöhrətlərin ünvanıdır.) Kursivlə yazdığım bu sətirlər Məmməd Araza məxsusdu. Təbii ki, getdiyim yollarda onlar olub yoldaşlarım – ailə üzvlərim... Atam, ömür-gün dostum.

Yolu qarabağlı yoldaşla yol edəcəm. Müharibə başlayandan üçüncü dəfədi gedirəm. Xeyli vaxt idi getmirdim. İndi fürsət düşüb.

***

HAŞİYƏ
 

Əvvəllər atam aparardı bizi, qatarla gedərdik. Onunla getdiyimiz zaman maşınımız yox idi. Maşın... Bu maşın sözünə də öz yaddaş sözlərim var, açar sözlərim. Beynimdəki fayllar açılır? Taqqıltı gəlir yadıma və atamın “alırıq bir maşın, doluşuruq içinə və gedirik Göy-gölə ...” Niyə məhz ora? Halbuki ora getmədik ... Yay başlayan kimi şəhərin basırığından çıxarardı bizi atam. Ya Naxçıvana , ya da Qubaya gedərdik. Məmləkətin hər iki tərəfində ailə evlərimiz vardı. Amma bu dəfə qatarla Ağdama gedəcəkdik. Ordan da Kəlbəcərə. Yəni böyüklər belə deyirdi. Onların söhbətlərindən belə anladım. Qatar yerindən tərpənəndə biz də kupenin pəncərəsindən ötüb keçən mənzərələri seyr etməyə başlayardıq... Bacımla yuxarıdamı, aşağıdamı yatacağımızı müəyyən edəndən sonra. Adətən bacımın istəkləri həll edirdi davalarımızı....

***

Maşının pəncərələrində də ötüb keçən məmləkət mənzərələri dolur içimə. Yol yoldaşımdan arxayınam. Yolu yaxşı tanıyır. Amma hərdən naviqatora da baxıram. Məsafəni bilmək üçün. Doğrusu, bir dəfə cənub zonasına gedəndə yolu qarışdırmışdıq. Salyana dönmək əvəzinə “Ağdam” yazılan tərəfə getmişdik və sonra da nə qədər yolu geri qayıtdıq. Dedim səni qınamıramee, neçə illərdi Ağdam həsrəti ilə yaşamısan. İndi də qeyri-iradi oldu. Maşın özü döndü Ağdam yoluna. Amma naviqator çaşmağa qoymaz. Doğru səmtə dönürük. Ağcabədiyə gedirik. İstilər düşən kimi şəhərdən qaçmaq istəyir adam. Külli-Qarabağın “abi- həyatı” çağırır...

Zərdab yolu başlayır. Və kənd yoluyla irəlilədikcə indi adi olacaq mənzərələr başlayır. Şəhid portretləri... Qara mərmər və çiçəklər... Aşağı-yuxarı hamısı eynidi. Yaraşıqlı gənclər... Ah çəkirəm...

- Zərdab ... çox zəhmətkeş camaatı var. Bir də əliaçıq. “Sovet kəndi”ndə işləyəndə bura çox gəlmişəm komandirovkaya.

- İndi jurnalistlər də yer tapmır gəlməyə. Kolxoz yox, sovxoz yox...

- İndi də tikinti olacaq da. Qarabağ yenidən tikilir...

İçimdə səssiz düşünürəm – nə vaxt olacaq ? Böyük bir bölgə yenidən... Daşı-daş üstündə qalmayıb. Müharibə ağrıdı... Və ağırdı...

- Az qalıb Ağcabədiyə, amma əvvəl Seyidin qəbri üstə gedəcəyik. Həmişə elə gəlmişəm. Sonra Şahvəllərdə yemək yeyərik.

- Acamee...

- Bir az döz də...

Dözməyib nə edəcəm ki...

***
 

HAŞİYƏ

Qatar taqqıldayır və atam hündür bir kişi ilə kupeyə girir:

- Tanış olun, dostumdu, Zeynal müəllim.

Anam kupedə açdığı süfrəyə dəvət edir qonağı. O da söhbət edir bizimlə. Tam məzmunu yadımda deyil söhbətin. Amma Əli Kərim ismi xatirimdədir. Onun ailəsini də aparıram Şuşaya, deyir. Uşaqlar da var deməli – bu xoşuma gəlir...

Nəsə qatardan enəndə maşınla yaxın məsafəyə getdik. Yəni uzaq gəlmədi mənə. Tanımdığım adamların evidi. Səhər tezdən zəngin süfrə açılıb ... Dolma qalıb yadımda... Görünür, çox ləzzətli imiş. Və divarda bir mələfə asırlar, film göstərirlər bizə. Kinoproektor var evdə. Nəyə baxdığımız yadımda qalmayıb. Qəribə gəlir . Kinoya baxırıq. Söhbətlərdən qonağı olduğumuz adamın Əli Təbrizi olduğu anlaşılır... Xalçaçı rəssam... Biz axı Kəlbəcərə getməliydik... Niyə burdayıq?

(Süjet qarışdı, əziz oxucu. Britaniya yazıçısının adətlərinə sadiq qalıram deyəsən. Amma Əli Təbrizinin həyatında Britaniya siyasətinin xüsusi rolu olub axı . Təbrizli Əli... Və Ağdam... İndi olmayan Ağdam)

 

***

Qəribədi, heç getmək istəmədiyim bir yer idi ora... Amma ağrısını çox çəkdiyim... Yəqin ağrıdan bezmişəm. Ağrıdan qorxuram - başlayan kimi ağrıkəsici dərmanla qorunuram.

- Qarabağ Kiçik Qafqazdı. Ona görə fərqlənir iqlimi. Ağdamda yayın istisində sərin olurdu hava.

- Ağdamda? Mən həmişə istidən bişmişəm orda. Sərin nədi...

- Nə danışırsan eeyy? Suyu sərin, havası sərin...

- Şuşada sərin idi, hə. Ta Ağdamda yox ki.

- Nə bilirsənee sən..

- Niyə bilmirəm? Hər il aparırdın da. (Zornan apardığın demirəm. Durum gərgindi)

 

***
 

16 may 2021-ci il… Naftalan.

Səhər ayıldım, hazırlaşmağa başladım. 40 ili qeyd etmək, 40 ilin sərgərdanlığın silmək, 40 ilin olan-keçənlərini, ya da keçməyənlərini xatırlamaq... Ordan keçib harasa getdiyimi yadıma salıram. Sonra beynim imtina edir xatirələrdən.

Körpənin birini qucağıma götürüb, o birini arabaya otuzdurub dalan uzunu getdiyim də gəlir gözümün qabağına, qonşunun qapını açıb mənə baxdığı da.

Bayaq bu dağılmış küçənin, dağılmış dalanın, dağılmış barının, divarların yaxınlığında yol boyu gördüyüm şəhid şəkillərini də göz önünə gətirirəm. Üşəndirir bu mənzərə... Olmayan küçələr, olmayan evlər, olmayan şəhər. Adı qalıb ancaq... Bir də 40 illik ömür, toy günümüzdən bu günə qədər yaşatdığım, ya da içimdə dəfn etdiyim.

Əslində bu təsvirləri çox gördük, çox oxuduq. Olmayan olanlar...

Olanı sevməyə nə var ki? Olmayanı nə edək??? Yenidən yaranacaq, amma bu yeni şəhər olacaq. Yeni insan nəslinin yeni şəhəri. Hələlik isə dünyanın hər yerindən gələn qonaqlara köhnədən qalan türbələri, məbədləri göstərə bilirik. Deməli, tarix vacibdi. Tarixdə boşluq yarananda elə viranə evlərin boşluğundan bir fərqi yoxdu. Ağrı verir bu boşluq. Tarixin ağrısın kəsmək üçün qanın torpağa qarışmağı gərəkir... Ağ damır gözlərə ağrı çoxalanda...

Quzanlını görmüsüz? Kimin oralarda işi olubsa, ya da savaş vaxtı oralara köç etməyə məcbur olubsa, təbii ki, görüblər. Mən bu gedişimdə yenidən gördüm. Böyük, təmiz, səliqəli, şəhər tipli qəsəbə... Yeni şəhərdi əslində. Yeni Ağdam... Elə əvvəlkinə bənzəyir. İsrar eləmirəm. Təəssüratımı bölüşürəm. Ordan yol alıb köhnə şəhərə gedəndə, yəni olmayan şəhərə gedəndə müharibə deyilən ağrını ilk kilometrdə hiss edirsən. Pafos-filan olmadan deyirəm. Əvvəl tanımırsan, sonra cəngəllikdən çıxıb dağılmış yollarla daralmış, suyu sıxılmış, kiçilmiş bir məkana qədəm qoyursan... Göz baxdıqca dağıntı görürsən. Yaz vaxtıdır, yaşıllıq artıb və bu yaşıllıq sanki gizlədir xarabalığı... Utanır elə bil, ev yiyəsi... Neyləmək olar? Reallıq budur...

Abad görünən Quzanlıdan viranə Ağdama keçirsən, ordan Şahbulaq qalasına yol alırsan. Az əvvəl Şahbulaq qalasında erməni qızları şou göstərirdi, görmüşdük o görüntüləri...

İndi mən baxdım bu qalanın bürclərindən. Yenə uzaqdan abad erməni kəndləri görünür. Belə bir təzad... Allah bilir neçə dəfə dağılıb-qurulub bu yerlər?

Və beynimdə də eyni proseslər gedir... Erməni qızları şou göstərmir indi, amma mən burdayam. Və dinlədiyim söhbətlər inam yaradır ki, yeni, lap yeni şəhər qurulacaq burda. Dağıdıblar onsuz da, yenisin qurmaq, yeni şəhər salmaq ağır olmayacaq. Yəni fiziki çətinliyi deyirəm... Ağlamaq lazım deyil...

Yeni olacaqları, qurulacaqları düşünmək lazımdı...

Bəlkə elə ölkənin ikinci ən böyük şəhəri olacaq??? Zatən, ikinci paytaxt haqqında çoxdan söhbət gedir... Hələ ki bir müstəvidə birləşdirə bilmirəm fikirlərimi.

Gedişat göstərəcək... Bu ilk dəfə idi Ağdama gedişimin – yəni savaşdan sonra ilk dəfə… Sonra yenə getdim. Evə də baş çəkdim, vaxtilə gəzib-gəldiyim Gülablıya da dəydim.

(Ardı var)

 

TƏQVİM / ARXİV